"Arzum ali təhsil
alıb elə
bu uşaq evində
çalışmaqdır"
Bakıdakı 2 nömrəli uşaq evinin sakini Gülara Seyidova ilə söhbət
Uşaq evinin yetirməsi
Seyidova Gülara Fərhad qızı ilə boya-başa
çatdığı "ev"in kitabxanasında
görüşdük. Əvvəlcə qəti olaraq
müsahibə vermək istəmədi:
- Heç nə
yazmayın barəmdə, xahiş edirəm - dedi.
Sonra
razılaşdı. Söhbətimiz boyu bu qızda elə bir
doğmalıq, elə bir alicənablıq gördüm ki,
Gülaranın mülayim, təmkinli səsi hər gün
yadıma düşür...
Gülara ilə
söhbətimiz oxucularımız üçün də
maraqlı olar:
- Qızım,
hansı ildənsən?
- 1990-cı ilin iyul
ayının 19-danam.
- Harada doğulmusan?
- Deyilənə görə, Ağsuda. Amma
kəndin adını bilmirəm.
- Burada olduğun illərdə kimsə, nə vaxtsa
yanına gəlib?
- Heç vaxt, heç kim! Bundan sonra gəlsələr nə mənası var?
Artıq öz ayaqlarımın üstündə
dura bilirəm. İşləyirəm,
özümü müdafiə edirəm. Kimsəsiz
də deyiləm. Azərbaycan dövləti
kimi, Sevda anam kimi himayədarlarım var.
- Müəllimlərindən soruşmamısan səni
buraya kim gətirib?
- Eşitmişəm ki, mənim üç
yaşım olanda elə indiki adım-soyadımla ata tərəfimdən
"Uşaq evi"nə gətirilmişəm...
- Bilmirsən, bacın-qardaşın da varmı?
- Bilmirəm. Ailəmiz haqqında
heç bir məlumatım yoxdur. Buraya tək
verilmişəm.
- İstərsən ki, nə vaxtsa
bacını, qardaşını tapasan?
- Əgər onlar da hansısa uşaq
evindən tapılsa, mənə daha böyük bir dərd
olar. Özümün problemlərim azmış kimi, bir də
onları düşünsəm...
- Mən o mənada demədim. Yəni evinizdən gəlib
səni tapsalar...
- Bilirsiniz, mən əvvəlcə "Gənclik"dəki
uşaq nevroloji dispanserində olmuşam. Dispanserə
hansı səbəbdən aparıldığımı bilmirəm.
Oradan bu uşaq evinə verilmişəm. Əziyyətimi də çəkənlər
çəkiblər. Üzləri ağ
olsun. Şükürlər olsun Allahıma ki,
bu gün heç bir xəstəliyim-filan da yoxdur. Vallah
adicə soyuqlayanda, ya qripə yoluxanda bizə elə
qayğıkeşliklə, elə yüksək səviyyədə
baxıblar ki... Yəni ehtiyac, diqqətsizlik,
biganəlik nədir, biz burada hiss etməmişik, bilməmişik,
görməmişik.
Artıq böyümüşəm. Ona görə də bu gün əsl valideynlərimlə
qarşılaşsam, onları nədəsə ittiham etmərəm.
Sadəcə qınayaram ki, axı, insan öz
balasından, ürəyinin bir parçasından necə
imtina edə bilər?
- Günlərin birində xəstə, əlsiz-ayaqsız,
köməksiz bir qadın yanına gəlib sənə desə
ki, bax, Gülara, mən sənin doğma ananam, amma öz gələcəyin,
yaxşılığın, təminatın naminə
zamanında mən səni uşaq evinə verməyə məcbur
oldum. Qəbul edərsənmi onu?
Dərindən ah çəkir:
- Ürək ki, var, daşdan deyil axı, bir parça ətdir
də... yumşaq bir əzələ kütləsidi...qəbul
edərəm...
Axırıncı iki kəlməni az
qala pıçıltı ilə deyir. Ani bir sükutdan sonra
isə yenə söhbətinə davam edir:
- Mən Allahın yaxşı bəndəsiyəm
ki, hər zaman başımın üstündə Allahım və
dövlətim olub. Sevda xanım da sanki həqiqətən
bizim anamızdır. Özünün bir
qızı, bir oğlu var, ancaq o, buradakı uşaqların
hamısını öz doğma balalarından seçmir.
- Orta məktəbi nə zaman bitirmisən?
- Mən doqquzuncu sinifdən çıxıb texniki kollecə
getdim, dizayn fakültəsində oxudum. Ağlıma belə gəlməzdi
ki, kolleci bitirdikdən iki-üç ay sonra məni üzvü olduğum
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında
təlimatçı vəzifəsinə işə dəvət
edəcəklər. İndi də elə orada təlimatçı
işləyirəm.
- Keçən dəfə gələndə uşaqlar
mənə dedilər ki, burada hamımızın ad günlərini
keçirirlər.
- Doğru deyiblər. "Uşaq
evi"ndə bu, bir ənənə halını alıb.
Ad günləri mənim üçün elə
bir önəm daşımasa da, Sevda anam əvvəllər
olduğu kimi indi də mənim ad günlərimi qeyd edir.
Əslində 18 yaşımız tamam olandan
sonra biz bu evimizlə vidalaşmalıyıq. Amma gedəcək bir yerim, üz tutacaq bir kimsəm
olmadığından Sevda anam məni heç hara
buraxmadı.
- Gülara, sənin buradakı yaşıdlarının taleyi 18 yaşları tamam
olduqdan sonra necə oldu?
- Valideyni, qohum-əqrəbası olanları gəlib
apardılar. Bir də ki, doğmalarının adama 18 yaşından sonra sahib
çıxması elə də bir hünər deyil. Hünər
odur ki, bir isti nəfəsə, bir təbəssümə, bir
sığala, bir şirin
sözə, bir doğma baxışa ehtiyacımız
olanda, bir rezin əmziyə aldanıb kiriyəndə bizə
yiyə duraydı doğmalarımız, bizdən imtina etməyəydilər!
- Qızım, bəs qohum-əqrəbası olmayan
uşaqlar 18 yaşdan sonra haraya gedirlər?
- Oğlanlar təbii ki, əsgər gedirlər. Ali məktəbə qəbul olunan oğlan və
qızlarımız da oxuduqları təhsil ocaqlarının
yataqxanalarında məskunlaşırlar. Qalanları
da müstəqil həyata atılır, kimə nə tale
yazılıbsa, o həyatı yaşayırlar. Alın yazısına inansam da, insan özü də
öz həyatını normal səviyyədə qurmağa cəhd
etməlidir.
Bütün söhbətimiz boyunca
Gülara dəfələrlə kövrəlsə də təmkinini
saxlamağı, qəhərini udmağı bacarır.
- Otaq şəraitin necədir? Burada sənin
üçün çətin deyil ki?
- Xeyr, elə əvvəlki yerimdə, uşaqlarla birlikdəyəm.
Mənə belə çox xoşdur. Hazırda burada olan uşaqlardan ən böyüyu mən
olsam da, hamısı doğmalarımdır,
özümünkülərdir. Üzüm-gözüm
elə öyrəşib ki, işə gedəndə də bu
böyük ailəm üçün darıxıram. Burada həqiqətən hamını-uşaqları
da, işçi kollektivini də çox istəyirəm.
Kollecdə oxuyanda dərsdən qayıdıb otağa girən
kimi balacalar sevinclə
qışqırışırdılar: "Gülü gəldi,
Gülü gəldi".
İndi havalar soyuqdur da...hərdən
uşaqlardan kimsə xəstələnəndə tərbiyəçilərlə
bahəm mən də onların keşiyini çəkirəm.
- Bu "ev"də neçə
bacı-qardaşsınız?
- Təxminən 150 nəfər. Hamısını
bircə-bircə adıynan, soyadıynan, hətta xasiyyətiynən
əzbərdən tanıyıram. İşdən
çıxıb buraya qayıdanda doğrudan çox sevinirəm.
Elə bilirəm dünya mənimdir. Deyirəm ay Allah, mən bunları nə qədər
sevirəm?! İnanın ki, haçansa mənim
geniş imkanlarım olarsa, əlimdə olan son qəpiyimi də
bu uşaqların yolunda sərf edərəm.
- Gülara, burada böyüyən qız
uşaqlarının yemək hazırlamaq, ev
işləri görmək vərdişi necə
formalaşır? Onların bu barədə təsəvvürləri,
daha dəqiqi, bacarıqları olurmu?
- Əlbəttə! Əvvəla müxtəlif
dərnəklərdə uşaqlara toxumaq, tikmək, rəqs
etmək, mahnı oxumaq və s. öyrədilir. Sonra da hansısa bir tədbir, ad günləri,
bayramlar olanda biz qızlar da hərəmiz bir işin qulpundan
yapışırıq. Süfrənin
düzəldilməsində, salatların, yeməklərin
hazırlanmasında biz də kömək edir, əlimizdən
gələni əsirgəmirik. Mən
özüm müxtəlif növ salatlar hazırlamağı
bacarıram və ehtiyac olanda bu işi məmnuniyyətlə
yerinə yetirirəm.
- Hansı yeməyi daha çox xoşlayırsan?
-Yemək mənim üçün önəm
daşımır. Allahın verdiyindən nə
olsa yeyirəm və bunu bizə nəsib etdiyi
üçün Allahıma şükür edirəm.
- Nə cür geyimlərə üstünlük verirsən?
- Klassik üslubda olan ciddi geyimləri xoşlayıram.
- Kitab oxumaqla aran necədir?
- Kitab oxumaq daha çox sevdiyim məşğuliyyətdir.
Kollecdə oxuyanda bizə kompüter proqramlarını da
öyrədiblər...sağ olsunlar.
- Gənc Azərbaycan qızı olaraq,
xarakterində hansı xüsusiyyətlər var?
- Özüm barədə nə desəm, təvazökarlıqdan
kənar görünər. Sadə olmağı
çox dəyərləndirirəm. Heç
bir dəbdəbəli əşya, bahalı geyim,
daş-qaş gözümdə deyil. Kosmetikadan,
makiyajdan istifadə etmirəm. Allah məni
necə yaradıbsa, belə də qəbulumdur. Ağlım kəsəndən də,
qoymamışam hörüklərimə qayçı
vurulsun.
- Hansı dilləri bilirsən?
- Təbii ki, öz ana dilimizi lazımi səviyyədə
bilirəm. Rus və ingilis dillərindən isə
məlumatlıyam.
- Özünü hansı sənətdə təsəvvür
edirsən?
- Ancaq və ancaq müəllim. Bağça
müəllimi, ibtidai sinif müəllimi. Nə
olur-olsun, təki balaca uşaqların əhatəsində
olum. Onların başına sığal
çəkim, onlara savad verim, həyat dərsi öyrədim.
Kolleci bitirdikdən sonra sənədlərimi TQDK-ya təqdim
etmişdim, ancaq ali məktəbə qəbul
ola bilmədim. İndi hazırlaşıram,
növbəti qəbulda yenə özümü
sınayacağam.
- Zəhmətin itməz inşallah, qəbul olarsan.
- Amin.
- Dedin ki, müəllim peşəsini çox sevirəm.
Sənə kim sevdirib bu sənəti?
- Əslində mən gözümü
açıb müəllimi həyatımda iki ampluada
görmüşəm. Həm ana kimi, həm də
dərs öyrədən kimi. Uşaq evlərində,
uşaq bağçalarında işləyənlər həqiqətən
iki vəzifə daşıyırlar, həm ana, həm də
müəllim vəzifələrini... Burada bizə
elə öyüd-nəsihət veriblər ki, bəlkə də
heç bəzi ailələrdə o cür öyüd-nəsihətlərə
ehtiyac duymurlar.
Mən özüm məhz ona görə
müəllim olmaq istəyirəm ki, uşaq evində işləyim,
buradakı uşaqların qayğısına qalım, onlara
ehtiyacı olan nəvazişi göstərim. Mənim üçün ən müqəddəs, ən
dəyərli vəzifə müəllim işləməkdir.
Burada bizim zəhmətimizi çəkən Məxmər
xanım, Aynurə xanım var. Könül müəllim isə
elə bilirəm əsl anamdır.
Hərdən düşünürəm ki, Allah qismət
eləsə, ali təhsil ala bilsəm, yenə
də bu uşaq evindən, buradakı doğmalarımdan ayrıla
bilmərəm. Ona görə də gələcəklə
bağlı ən ümdə arzum ali təhsil
alıb elə bu uşaq evində çalışmaqdır.
- Gülara, bu dünyada xoşbəxtliyin neçə
rəngi, neçə növü varsa, mən sənə
onların hamısından arzulayıram. Yeni ilin bu ilk
ayında bəs sənin ürəyindən hansı arzular keçir?
- Mən ali təhsil almağa
çox böyük önəm verirəm. Təhsilsiz, elmsiz
inanın ki, dünya başıma dar gələr...
Gecə-gündüz özümə dua edirəm ki,
heç bir maneə mənim qarşımı kəsməsin,
Allah
qapılarımı açsın ki, bu il ali məktəbə
daxil ola bilim, yəni ən böyük arzuma çatım.
- Gülara, gözlədiyin hansısa hədiyyə
varmı?
- Ürəyimdən keçən hədiyyələr
olur. Ancaq ən böyük hədiyyəni uca
Allahımdan gözləyirəm.
- Azərbaycan qadını, Azərbaycan anası
savadlı olmalıdır ki, onun böyütdüyü, tərbiyə
verdiyi uşaqlar respublikamızı hər yerdə layiqincə
təmsil edə bilsinlər.
- Təhsil almaq sahəsində dövlətimizin
atdığı addımlar göz qabağındadır. Yeni
Azərbaycan Partiyasının sıravi bir üzvü kimi
partiyanın xətti ilə mən də müəyyən tədbirlərə
qatılır, Prezidentimizə hər an dəstək
durmağa çalışıram. Uşaq
müəssisələrinin, qocalar evlərinin sakinlərinə,
qaçqın və məcburi köçkün
uşaqlarına diqqət və qayğı göstərdikləri
üçün hörmətli Prezidentimiz cənab İlham
Əliyevə və ölkəmizin birinci xanımı Mehriban
Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
Söhbəti yazdı:
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.8.