Tanınmış şirkət və təşkilatların

adları necə yazılmalıdır?

 

Nizami Cəfərov: "Əgər bir yazı, bir forma hər hansı bir şirkətin, müəssisənin, təşkilatın, qurumun brendidirsə, yəni, onun gerbidirsə, onun nişanıdırsa, o, necə varsa, elə o cür də yazılmalıdır"

 

Son illərdə başqa xalqların dilindən Azərbaycan dilinə çoxlu  alınma sözlər keçmişdir. Azərbaycan dilində tez-tez işlədilən firma, şirkət, sosial şəbəkə adlarının, reklamların dilimizə tərcümə edilib-edilməməsi, yaxud  onların Azərbaycan dilində necə yazılması bu gün də mütəxəssislər arasında müxtəlif fikir ayrılıqlarına səbəb olur. Bir çox dilçilərin fikrincə, alınma sözlərin yerinə öz sözlərimizin gətirilməsinə çalışmaq lazımdır. Təbii ki, dilimizdə "telefon", "televizor" kimi artıq qəbul olunmuş sözlər istisna olmaq şərti ilə.

Bu gün Azərbaycan dilində qarşılığı olmayan sözlərin tam ekvivalentini tapmaq o qədər də asan məsələ deyil. Bu məsələ öz həllini zamanla tədricən tapa bilər.

Firmaların, şirkətlərin, mağaza və restoran adlarının, reklamların kütləvi şəkildə xarici dildə yazılması o dilləri bilməyənlər üçün ciddi problem yaradır.

 Maraqlıdır, görəsən, İngiltərədə də Azərbaycan dilində yazılara, reklamlara rast gəlmək olurmu?

Azərbaycan dilində ifadəsi mümkün olan sözlərin əcnəbi sözlərlə əvəzlənməsi yolverilməzdir və belə halların qarşısını almaq əslində bizim hamımızın vətəndaşlıq borcumuzdur. Müstəsnalıq təşkil edən sözlər də var ki, onların ingilis dilində  yazılması normaldır.

O ki qaldı addımbaşı rast gəldiyimiz reklamlara. Reklam özü hər millətin dilini, dinini, irqini, mədəniyyətini nümayiş etdirmək üçün əlverişli bir vasitədir. Azərbaycan Respublikasının Reklam haqqında Qanununa görə, reklamda dövlət dili işlənilməli və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə olunarsa, onların tutduğu sahə Azərbaycan dilindəki yazılışın  tutduğu sahədən böyük olmamalı və əcnəbi dildə yazı Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Hər hansı bir sahibkar öz reklamını həyata keçirərkən yazışmaların mütləq milli dildə olmasına riayət etməlidir.

Azərbaycan dilində işlənən bəzi alınma sözlərin necə yazılması məsələsi tez-tez  gündəmə gəlsə də, problemlər hələ də öz həllini tapmayıb. Ona görə də bir çox alınma sözlərin dilimizdə bu gün də müxtəlif cür yazılış formalarına təsadüf edirik. Tanınmış şirkət, firma, təşkilat, qəzet-jurnal, telekanal adları kütləvi informasiya vasitələrində gah ingilis, gah da Azərbaycan dilində yazılır.  "Evrovision",  "Facebook", "Wikipediya", "Wikileaks", "Twitter", apostrof işarəsi ilə yazılan "LTOreal" qəbildən olan sözlərin yazılışında bir neçə fərqli variantlar mövcuddur.

Bəs, bu kimi sözlər əslində necə yazılmalıdır?

Mütəxəssislərin qənaətinə görə, bəzən Avropa mənşəli həmin sözlər dilimizdə tələffüz formasına əsaslandırılaraq yazılır. Bu sözlərin yazılış forması zamanı səslənmə əsas götürülür. Bu gün hər kəs "wikipediya" sözünü Azərbaycan əlifbasında "w" hərfi olmadığından "vikipediya" kimi yazır. Bu qəbildən olan  sözləri biz tələffüz etdiyimiz hərflə yazmalıyıq. Apostrofla yazılan bəzi əcnəbi adlar da səsləndiyi kimi yazılmalıdır. Azərbaycan dilinin qanunları belə sözlərin tələffüz  edildiyi  kimi  yazılmasını  tələb edir.

Mütəxəssislərin  əksəriyyəti "Facebook", "Twitter", "İnstaqram", "Linkedin" kimi kəlmələrin Azərbaycan dilinə tərcümə edilməsinin effektiv olmadığını düşünür və belə kəlmələrin səlis tərcümə olunmadığını və gülməli səsləndiyini əsas gətirirlər.  Məsələn, "twitter" - "cikkilti"; "googol"- "10 üstü 100"(riyazi termin); "Yahoo!" Conatan Sviftin "Qulliverin səyahəti" kitabındakı insanabənzər varlıqlar irqinin adı; "Zynga.com"- Amerika buldoqu "Zinga"nın şərəfinə verilmiş ad mənasındadır.

Əksər dilçilərimiz isə bu fikirdədirlər ki, alınma sözün orijinaldakı kimi yazılışı normal hal deyil. Hər bir alınma  söz dilimizə uyğun  yazılmalı və tələffüz edilməlidir. Əgər dilimizin qayda-qanunlarını başqa dilin qayda-qanunlarına uyğunlaşdırsaq, onda Azərbaycan dili inkişaf edə bilməz.

Milli Məclisin  Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun da bu mövzuda fikirləri maraqlıdır:

- Bizim "Dövlət dili haqqında Qanun"umuzda çox aydın şəkildə yazılıb ki, əgər bir yazı, bir forma hər hansı bir şirkətin, müəssisənin, təşkilatın, qurumun brendidirsə, yəni, onun gerbidirsə, onun nişanıdırsa, o, necə varsa, elə o cür də yazılmalıdır. Məsələn, "Coca-Cola" dünyanın harasında olursa-olsun, o yazılışla tanınır. "Coca-Cola" artıq yazılış deyil, şəkildir, görüntüdür, onu dəyişmək olmaz. Adını çəkdiyim qanunumuzda da var ki, bu qəbildən olan adlar olduğu kimi saxlanılmalıdır. Bir çox firma, şirkət, mağaza adları var ki, onların üzərində adama elə gəlir ki, ad yazılıb. Əslində isə, o yazı deyil, bir görüntüdür, şəkildir. Əlbəttə, hər sahədə daha məqsədəuyğun olar ki, dilimizə  münasib olan sözlər işlədilsin. Mən yenə də bu qəbildən olan sözlərin dilimizə gəlməsində bir təhlükə görmürəm. Amma bizim imlamızla yazılmaq şərti ilə.

Hər kəs öz dilini qorumalıdır. Əgər öz dilini qorumursansa, bu o deməkdir ki, sən ana dilinə, dövlət dilinə qarşı çıxırsan. Bu, yalnız mədəni məsələ deyil, həm də çox ciddi siyasi məsələdir və bu sahədə icraedici orqanlar məsuliyyət daşımalıdırlar. Küçə adları, afişareklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez təsadüf edirik. Bu kimi halların qarşısını almaq məqsədilə qanunvericilik orqanından başlamış elmi idarələrə qədər ən müxtəlif səviyyələrdə daim tədbirlər görülür. Hər dəfə müəyyən tövsiyələr edilir, tədqiqatlar ortaya çıxır, müzakirələr aparılır. Burada əsas məsələ icra orqanları ilə bağlıdır. Onlar xüsusilə şəhər mərkəzlərində reklam örtüyündə, lövhələrdə adların düzgün yazılmasına görə məsuliyyət daşımalıdırlar. Azərbaycan dilində yazıların lazımi səviyyədə olması əsas şərtdir. Bəzən küçə adlarında eyni bir adamın adı müxtəlif formalarda yazılır. Məsələn, "Bülbül" sözünün defislə "Bül-bül" kimi yazılması  normaların pozulması deməkdir. Müəyyənləşdirilmiş normaların pozulmamasına şəhər icra hakimiyyətləri tərəfindən ciddi nəzarət olunmalıdır.

Son vaxtlar mağazalar, kafelər və bu qəbildən olan digər belə yerlərdə ədəbi dilin normalarının pozulması hallarına daha çox rast gəlmək olur. Bir də görürsən,  kifayət qədər milli  iaşə mağazasına və ya çay evinə xarici dildə olan bir ad verilib. Bu, doğru deyil, çünki bu, milli xüsusiyyət daşıyır və ona Azərbaycan dilində ad verilməlidir. Əgər Türkiyə vətəndaşı gəlib burada bir mağaza yaradıb və onun adını Türkiyə türkcəsində yazdırıbsa, mütləq azərbaycanca da yazdırmalıdır. Ümumiyyətlə, dilimizdə tez-tez işlənən bir çox əcnəbi sözlər də ingilis əlifbası ilə yox, Azərbaycan əlifbası ilə yazılmalıdır.

Yuxarıda qeyd etdiyim kimi, dünya miqyaslı böyük şirkət adları isə burada istisnadır. Dünya miqyaslı brend şirkətlər var və Bakı da dünyaya inteqrasiya olunan bir şəhərdir. Belə şirkətlərin özünün modelə çevrilmiş adı varo adlar dünyanın hər bir yerində o cür yazılır. Bayaq misal çəkdiyim "Coca-Cola" dünyanın bütün yerlərində bu cür yazılır. Dünyada qəbul olunan belə  adlara qanunda da etiraz yoxdur. 

 

Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 204.- 31 yanvar.- S.6.