"Risk - uğurun əsasını

təşkil edən amillərdən biridir"

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və

ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva ilə müsahibə

 

- Arzu xanım, necə oldu ki siz məhz təhsil sahəsində çalışmağa başladınız?

- Təsadüfən, amma mən inanıram ki, bütün təsadüflər əslində zərurətdən doğur. Mən məhz burda işləməyi planlaşdırmırdım, lakin həmişə bilirdim ki, mənim işim dövlət sektoru ilə bağlı olacaq və mütləq insanlarla iş üzrə sahəni əhatə edəcək.

- Bəs harda təhsil almısınız?

Bakalavr və magistr pilləsini Azərbaycanda bitirmişəm - əvvəl Bakı Dövlət Universitetinin regionşünasliq fakültəsini, sonra isə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr fakültəsini. Təhsilimi bitirdikdən sonra mən iki il dövlət strukturlarından birində - ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışmışam.

Lakin bir müddətdən sonra anladım ki, mənim daha çox biliklərə ehtiyacım var, çünki işimdə peşəkar olmaq istəyirdim, bunun üçün də biliklərimi artırmağa ehtiyacım var idi. Bundan əlavə, mən təhsilimi xaricdə davam etdirmək istəyirdim, bu isə yüksək təhsillə yanaşı dünyagörüşünün də artması deməkdir.

- Bu hansı biliklərdir?

- Tarixi və mədəni irsin qorunması və inkişafı üçün lazım olan biliklər. Bəzi tarixi və mədəniyyət abidələrinə zərər gətirmədən, onları qoruyub saxlamağa imkan verən məqamlar.

- Siz təhsil almaq üçün niyə məhz Şotlandiyanı seçdiniz?

- Mən məhz Britaniyada təhsil almaq istəyirdim, çünki ingilis təhsil sistemi dünyanın ən güclü təhsil sistemlərindən biridir. Mən Londonda yerləşən bir neçə universitetə və Qlazqo Universitetinə dəvət almışdım. Baxmayaraq ki, London dünyanın ən gözəl şəhərlərindən biridir, mən başa düşürdüm ki, bir il ərzində bu cür böyük meqapolisdə yaşaya bilməyəcəm. Mən gözəl təbiəti olan, şəhərdən uzaq olan bir yerə getmək istəyirdim.

Şotlandiya məni yalnız təbiəti ilə deyil, həm də mədəniyyəti ilə cəlb etdiyi üçün çox düşünmədən mən İngiltərənin və həmçinin dünyanın ən yaxşı universitetlərindən biri olan Qlazqo Universitetini seçdim. Baxmayaraq ki, bizim tədris aldığımız korpus Qlazqo şəhərindən iki saatlıq məsafədə yerləşirdi. Orada təhsil almaq   mənim üçün mükəmməl biliklərə yiyələnmək, həmçinin bu sehrli ölkənin təbiətinə, həyatına səyahət etmək üçün fürsət oldu. Və mən deyə bilərəm ki, şotlandlar mənim avropalılar haqda mövcud olan  stereotiplərimi dağıtdılar. Ondan başlayaq ki, oradaki kişilər çox nəzakətlidirlər, onlar feminizmin qurbanına çevrilməyiblər. Onlar qadınlarla gözəl davranmağı bacarırlar: həmişə qapını açarlar və yaxud başqa bir şəkildə öz diqqət və qayğılarını göstərərlər. Bir sözlə, onlar bu cəhətdən bizim kişilərə oxşayırlar.

Bundan əlavə, şotlandlar çox istiqanlı, mehriban və qonaqpərvər millətdir. Mən, həqiqətən də, bu ölkəni çox sevdim və ora yenidən dönməyi istərdim. Lakin əlbəttə, vətənimdən ayrı düşməyi heç bir zaman düşünməmişəm, mən köklərimə çox bağlıyam.  Və təhsil prosesindən əldə etdiyim xoş təəssüratlara baxmayaraq, ailəm və dostlarım, Bakı üçün çox darıxırdım.

- Sizdən başqa universitetdə Azərbaycandan olan tələbələr var idi?

- Əlbəttə. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı tələbələrin sayı daim artır. Bu Proqrama əsasən, mənimlə birgə Qlazqoda daha bir neçə azərbaycanlı təhsil alırdı.

- Demək olarmı ki, bu Dövlət Proqramı nəticəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının artması ilə bütün dünya ölkəmiz haqqında daha çox məlumatlanır?

- Şübhəsiz. Hətta, deyə bilərəm ki, dünya bizi müsbət tərəfdən tanımağa başlayır, çünki Dövlət Proqramı ilə xaricə təhsil almağa göndərilənlər çox savadlı, bacarıqlı və müasir gənclərdir. Bundan əlavə, onlar müəyyən şəxsi və mənəvi keyfiyyətləri ilə seçilirlər və bu azərbaycanlı tələbələrin imicinə ən yaxşı şəkildə təsir edir.

- Siz qeyd etdiniz ki, xaricdə təhsil almaq insanın dünyagörüşünə də təsir edir. Sizin halda nə dəyişdi? Onların təhsil sistemi sizi nə qədər və nə ilə təəccübləndirdi?

- İlk növbədə, məni onların müəllimləri təəccübləndirdi. Onların tələbələrə münasibətini "valideyn-övlad"münasibətləri ilə müqayisə eləmək olar. Belə ki, dərslərdəki ciddiyyət, hər bir kəsdən kifayət qədər sərt tələbkarlıq universitet xaricində inanılmaz səmimiyyətlə uyğunlaşır. Müəllimlər kömək edir, istiqamətləndirir və tələbələrdə güvən hissi yaradır. Onlar düşünməyi   öyrədir, hər bir tələbənin təhsilə marağını artırmaq üçün əlindən gələni edirlər. Bu isə çox vacibdir. Şəxsən mən bizim fakültənin dekanı, professor D.Klark və onun ailəsi ilə o dərəcədə dostlaşdım ki, onlar məni hətta ailə yığıncaqlarına və ad günlərinə dəvət edirdilər. Onun ailəsi bu günə kimi mənə və mənim ailəmə məktub yazır (gülür). Onlar hətta Azərbaycana gəlməyə hazırlaşırlar.

Ölkəmizə olan maraq həqiqətən də artır, o cümlədən xaricdə təhsil alan tələbələrin hesabına.

- Sizin Şotlandiyaya getməmişdən əvvəl ora ilə bağlı fikirləriniz ora getdikdən sonra yaranan fikirlərinizlə üst-üstə düşdümü?

- Yox, tamamilə. Mən britaniyalıların sərt olmaqları haqda mövcud olan stereotiplərə inanırdım, amma şotlandların səmimiyyətinə, xeyirxahlıqlarına, münasibətlərinə və həyat tərzlərinə heyran oldum. Düzdür, ilk zamanlar yağışlı hava mənim üçün çox sıxıcı idi. Amma indi o yağışlar üçün belə darıxıram.

- Yəqin ki, orada yeni dostlar əldə etdiniz?

- Bəli. Amma tək şotlandlarla deyil, başqa ölkələrdən olan tələbələrlə də dostlaşdım: Bolqarıstandan, Nepaldan, Pakistandan, Çindən, Avstraliyadan, Braziliyadan olan tələbələrlə. Yəni, mən onlarla ünsiyyət yaradaraq yalnız Şotlandiyanı deyil, həmçinin digər ölkələri tanıdım.

- Bakıya qayıtdıqdan sonra nə ilə məşğul oldunuz?

- Qayıtdıqdan dərhal sonra mənə bu vəzifədə çalışmaq təklifi gəldi, necə deyərlər, heç özümə gəlməyə vaxt olmadı.

- Qızğın islahat prosesləri gedən sahədə bu vəzifədə işə başlamaq sizdə qorxu hissi yaratmadı ki?

-Belə hiss var idi. Amma risk - uğurun əsasını təşkil edən amillərdən biridir.

- Əla. Bu uğur nə deməkdir?

- İnsanın sevdiyi işlə məşğul olmağı - uğurdur. Bir şəxs, yadımda deyil kim, belə bir fikir səsləndirib: "Səhər məmnuniyyətlə işə getmək, axşam isə eyni məmnuniyyətlə evə qayıtmaq - xoşbəxtlik deməkdir". Bu sözlərlə tam razıyam.

- Uğur formulunuz var? Həyat dəyişdikcə bu formul da dəyişə bilər?

- Formulu təşkil edən komponentlər dəyişə bilər. Lakin mahiyyət birdir: məqsəd qoyaraq ona nail olmaq üçün əlindən gələni etməlisən və onda səndən asılı olmayan məqamlar özü düzələcək. Nəticə hər zaman göstərilən səylərdən asılıdır.

- Bəs pozitiv yanaşma necə? Rol oynayır? Məsələn, siz çox pozitiv insansınız.

- Çox sağ olun. Siz doğru düşünürsünüz, pozitiv yanaşma çox vacibdir. Xüsusi ilə söhbət insanlarla iş barədə gedirsə. İnsanların münasibəti və problemlərin həll edilməsi hər bir problemə və yaxud xahişə pozitiv yanaşmaqdan asılıdır. Amma qeyd edim ki, bu hər bir halda və hər hansı bir problem üçün də keçərlidir (gülür).

- Sizin arzularınız və məqsədləriniz? Yoxsa onlar üst-üstə düşür?

- Həm o var, həm də o birisi və əksər hallarda onlar üst-üstə düşür (gülümsəyir). Hələ ki, bu, sevdiyim işlə məşğul olmaq və valideynlərimə kömək etməkdir. Mən Azərbaycanın ali təhsil ocaqlarından birində dərs deməyi çox istərdim. Bizim ölkədə kişilər üçün yaşamaq daha asandır, onların qayğısını həyat yoldaşları çəkir (gülür). Onlar işdən sonra dincələ bilər, TV-yə baxa bilər. Biz qadınlar isə evdə də nə isə etməliyik. Amma elə həyatın da gözəlliyi bundadır.

- Siz müasir Azərbaycan xanımının tipajısınız. Siz karyera qurmaq məqsədindəsiniz? Yoxsa ola bilər ki, ailə qurduqdan sonra bir evdar xanım olasınız?

- Hələ ki, mən öz adamımı tapmamışam. Mən bütün vaxtımı karyerama və valideynlərimə həsr edirəm. Amma ailə qurduqdan sonra iş və ailə arasında balansı tapmaq istərdim. Belə ki, nə işimi itirim, nə də ki, ailəmi diqqətsiz qoyum.

- Arzu xanım, təhsillə bağlı xəbərləri bizimlə bölüşə bilərsiniz...

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafi üzrə Dövlət Strategiyası" hazırda təhsil sistemində baş verən islahatların təməlini qoydu. Bəli, bizim sahədə bəzi problemlər mövcuddur və biz onları kompleks şəklində, bütün istiqamətlərdə həll etməyə çalışırıq. Bəlkə də ilk baxışdan bu yeniliklər elə də gözə çarpmır, amma inanın ki, qısa müddətdən sonra biz bu islahatların nəticələrinə şahid olacağıq. Təhsilin şəxsiyyətyönümlü məzmununun yaradılması strategiyanın əsas istiqamətlərindən biri olacaq. Sadə dillə desək, şagirdləri heç bir xüsusi qabiliyyəti və meyilləri olmayan fənləri öyrənməyə məcbur etməyəcəklər, əksinə onlara düşünməyi, öz istedadlarını və tədqiqat bacarıqlarını inkişaf etdirməyi öyrədəcəklər. Buna görə də tədris proqramları bu prinsipə uyğun inkişaf edəcək.

- Çox gözəl. Bəs müəllimlər üçün hansı xəbərləriniz var?  

- Bəli, ilk növbədə, onlara saat baxımından işləmək üçün daha çox vaxt verildi. Əgər əvvəllər saatların sayı 24 saat təşkil edirdisə və bu həddindən əlavə tədris edilən saatlar ödənişsiz qalırdısa, indi isə norma 36 saatdan ibarətdir və bütün saatlar ödənişlidir. Müəllim əməyinin maliyyə baxımından qiymətləndirilməsi üçün hər birinin işinə diferensial şəkildə qiymətləndirmənin aparılması haqqında məsələlər müzakirə olunur. Yeri gəlmişkən, məktəb idarəetməsinin yeni sistemində valideynlərə mühüm rollardan biri həvalə olunacaqdır. Əlbəttə, biz valideynləri hər həftə məktəbə gəlməyə məcbur edə bilmərik, amma biz onlara məktəbin fəaliyyətində iştirak etmək, öz təşəbbüslərini irəli sürmək üçün onlara bir kart-blanş vermək istərdik. Bu-tematik mühazirələr, məktəblilər üçün ekskursiyaların və bayram tədbirlərinin keçirilməsi və digər tədbirlər ola bilər. Bundan əlavə, məktəb direktorları və bu vəzifədə çalışmaq istəyən müəllimlər üçün təlim kursları təşkil edilir. Hazırda tədbirlərdə iştirak etmək istəyən namizədlər arasında seçim aparılır.

- Məktəblərin maliyyə təminatı ilə bağlı məsələlər həllini tapacaqmı?

- Bəli. Artıq 2013-cü ilin dekabr ayından məktəb direktorlarını cari xərclər üçün xüsusi plastik kartlarla təmin etmə praktikası həyata keçirilir. Hər ay xərclər üçün ayrılan maliyyə vəsaitlərinin məbləği 1000 nəfər şagird heyəti olan məktəblər üçün 400 manat, 1000 nəfərdən 1300 nəfərədək şagirdi olan məktəblər üçün 500 manat, 1300 nəfərdən artıq şagirdi olan məktəblər üçün isə 600 manat təşkil edir. Vəsaitlər xüsusi olaraq direktorlar üçün açılmış plastik kartlara köçürülür.

- Bu vəsaitlərin xərclənməsi ilə əlaqədar  nəzarət həyata keçirilirmi?

- Əlbəttə. Bundan əlavə, bu praktika bütün növ "sinif fondu" və məktəb xərcləri üçün vəsait toplanışının aradan götürülməsini təmin edəcək. Yeri gəlmişkən, valideynlərə bir də xatırlatmaq istərdim ki, bu qaydalar pozulduğu halda onlar istənilən vaxt Təhsil Nazirliyinin xüsusi "Qaynar xətt"inə zəng edə bilərlər. Təhsil naziri M.Cabbarovun qərarı qətidir: məktəblərdə maliyyə vəsaitlərinin toplanmasına son qoymaq!

- Bu gün gündəmdə olan məsələlərdən biri də məktəblərin qida məhsulları ilə təmin olunması məsələsidir...

- Bəli. Siz haqlısız. Şagirdlərin sağlamlığı, təhsil nailiyyətləri və ümumiyyətlə, gələcək nəslin sağlamlığı qidalanmadan çox asılıdır. Bu gün biz məktəblərin qida məhsulları ilə təminatı məsələlərini bir daha gözdən keçiririk. Həmçinin, təhsil müəssisəsi ilə imzalanan müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi və yaxud fiziki şəxslər təmin edəcək.

Qeyd edim ki, ilkin mərhələdə layihə Bakıda yerləşən 320-dən artıq dövlət təhsil müəssisələrini əhatə edəcək. Operatorlar isə təhsil müəssisələrini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 38 ¹-li (06.05. 2013-cü il tarixli) qərarına əsasən təsdiq edilən "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartları"na cavab verən qida məhsulları ilə təmin edəcək. Layihənin növbəti mərhələsində bu prosesə bütün təhsil müəssisələrinin də cəlb olunması nəzərdə tutulur. Məktəblərlə əməkdaşlıq imkanını əldə etmək üçün operatorlar pul vəsaitlərini məktəbin bank hesabına, şagirdlərin sayına mütənasib olaraq köçürməlidirlər. Bakı miqyasında bir il ərzində təhsil müəssisələrinin hesabına firma-operatorlar tərəfindən köçürülən vəsaitlər milyonlarla manat təşkil edir. Bu vəsaitlər məktəb rəhbərliyi tərəfindən məktəbin maliyyə ehtiyaclarının təmin edilməsinə sərf ediləcək, bu da, öz növbəsində, valideynlərdən pul vəsaitlərinin toplanmasını istisna edir.

Xüsusilə qeyd etmək istərdim ki, geniş yayılmış yanlış məlumatlara zidd olaraq, dövlət təhsil müəssisələrində qidalanmanı təmin etmək üçün heç bir vəsait ayırmır. Bu proses təhsil müəssisəsi ilə xidməti təmin edən operatorlar arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Qidalanma xidmətinin keyfiyyət ekspertizası Təhsil Nazirliyi,  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və yaxud digər dövlət strukturları tərəfindən keçirilə bilər.

- Mən elə başa düşürəm ki, təhsil sahəsində islahatlar doğrudan da bütün istiqamətlərdə aparılır. Bu ümidvericidir.

- Bəli, bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən Bakının orta məktəblərində cari tədris ilində aparılacaq islahatların əsas istiqamətlərini özündə əks etdirən bir sənəd nəşr edilib. Biz hər zaman valideynlər tərəfindən gələn təkliflərə və dialoqlara hazırıq. Bunun üçün  hər bir kəs həlli vacib olan problemlər haqqında bizim 146 "Qaynar xətt" nömrəsinə zəng vura bilər.

- Arzu xanım, müsahibəyə görə sizə təşəkkür edirik. Sizə bütün işlərinizdə uğurlar arzu edirik!

 

Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.5.