Təhsil Problemləri İnstitutunda "Pedaqoji
innovasiyalar" mövzusunda seminar keçirilib
Yanvarın 29-da Azərbaycan Respublikası
Təhsil Problemləri İnstitutunda "Pedaqoji
innovasiyalar" mövzusunda seminar keçirilib. Seminarda
TPİ-nin direktoru Qulu Novruzov, direktor müavinləri Ənvər
Abbasov, Rəfiq Qəndilov, Rəsul Əsgərov, Təhsil
Nazirliyinin nümayəndələri Nəbi Mahmudov və Nəzakət
Mehdiyeva, TPİ-nin şöbə və bölmə müdirləri,
elmi işçiləri, respublikanın Bakı, Sumqayıt və
Xırdalan şəhərlərindən, Siyəzən, Lənkəran,
Neftçala, İsmayıllı, İmişli, Göygöl,
Ağdam, Masallı, Laçın, Ağcabədi, Quba,
Füzuli, Qəbələ, Şəki, Biləsuvar,
Abşeron, Xızı, Cəlilabad, Lerik və Tovuz
rayonlarından gəlmiş 100 nəfərə yaxın məktəb
rəhbərləri, qabaqcıl fənn müəllimləri
iştirak etmişlər.
Tədbiri giriş
sözü ilə
açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu
Novruzov ayda bir dəfə aktual məsələlərə həsr
olunmuş bu səpgidə "Pedaqoji innovasiyalar"
seminarının keçirilməsinin
planlaşdırıldığını qeyd etmişdir. Natiq daha sonra kurikulum islahatının uğurla davam
etdirilməsinin məktəbdaxili qiymətləndirmənin
müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx
bağlı olduğunu bildirmiş, ölkədə bu
işin yüksək səviyyədə təşkilinin zəruri
olduğunu vurğulamışdır.
Sonra institutun şöbə müdiri,
dosent Elxan Bəylərov "Məktəbdaxili qiymətləndirmə:
problemlər, vəzifələr" mövzusunda təqdimat
etmişdir. Məktəbdaxili qiymətləndirmənin
aparılmasına dair beynəlxalq təcrübədən
danışan natiq, şagird nailiyyətlərinin qiymətləndirilməsində
rəqəmli qiymətin yazılmasına İsveçdə
və Norveçdə 8-ci sinifdən, Finlandiyada əsas (həftədə
2 saatdan az olmayan) fənlər üzrə 6-cı sinifdən,
Almaniya və Belarusda 3-cü sinifdən, Rusiyada 2-ci sinfin
ortasından, Azərbaycanda isə 1-ci sinifdən
başlandığını qeyd etmişdir.
O, uşaq şəxsiyyətinin
inkişafının psixoloji xüsusiyyətləri
baxımından rəqəmli qiymətin məqsədəuyğunluğu
barədə danışarkən bildirmişdir ki, həvəs
və ümidlə I sinfə gələn şagirdlər ilkin
hazırlıq, fərdi keyfiyyətlər, inkişafın
psixoloji xüsusiyyətləri, yaş dövrü, idraki,
emosional və hərəki sahələrin tam
formalaşmaması və dayanıqlı olmaması səbəbindən
təlim prosesində fərqli nəticələr göstərir.
I sinif şagirdləri qiymətin mahiyyətini,
onun nəyi ifadə etdiyini aydın şəkildə anlamadıqlarından
onlarda inamsızlıq, psixoloji komplekslər yaranır. Bəzi müəllimlər şagirdin fəaliyyətinə
verdikləri qiyməti onun şəxsiyyətinə də
şamil edir və şagirdlə münasibətini bu zəmində
qurur.
Rəqəmli
qiymətlər, əsasən,
valideynlərə formal nəzarət,
müəllimlərə isə təsir vasitəsi kimi
lazımdır. Rəqəmli qiymət məzmundan
kənarda olan stimuldur. Şagird
üçün mahiyyəti izah edilməyən "2",
"5" qiyməti "şallaq - şəkər"
kimidir. Bu
üsulla şagird və ya valideyn qiymətə
alışdırılır. Əslində
şagirdlərə lazım olan "5" deyil, "5"-lə
bağlı ona göstərilən münasibətdir.
Ş.A.Amonaşvilinin
1950-ci illərdə qiymətsiz
təlim təcrübəsi ilə bağlı
apardığı eksperimentlərin nəticələrinə
görə, rəqəmli qiymət şagirdlərin yalnız
20-30%-ni stimullaşdırır, qalanlarını isə stimullaşdırmır. Rəqəmli qiymət psixoloji damğaya çevrilərək
şagirdlərin inkişafa cəhdlərini əngəlləyir,
bəzən müəllimlər də onun təsirindən
qurtula bilmir.
Rəqəmli qiymətləndirməyə
dünyada müxtəlif
münasibətlərin olmasından
danışan natiq görkəmli alimlər L.V.Zankov və Ş.A.Amonaşvilinin qiymətsiz
təlim təcrübəsi
sahəsində uğur
qazandıqlarından bəhs
etmiş, V.A.Suxomlinskinin
təcrübəsində isə
şagirdlərin ancaq
müsbət nəticələrinin
qiymətləndirildiyini, V.F.Şatalovun
sistemində "açıq
hesabat vərəqləri"ndən
istifadə olunduğunu
vurğulamışdır.
E.Bəylərov
daha sonra müasir məktəbdaxili
qiymətləndirmənin xüsusiyyətlərindən
danışmışdır. Qiymətləndirmənin aparılmasında müəllimləri narahat
edən məsələlər,
məktəbdaxili qiymətləndirmənin
növlərinə uyğun
müəllim fəaliyyətinin
qurulması, bu zaman müvafiq təlimatlardan istifadə barədə qənaətlərini
seminar iştirakçıları ilə bölüşmüşdür.
Bu işin daha
səmərəli qurulması
üçün müvafiq
təkliflər irəli
sürmüşdür.
Daha
sonra seminar işgüzar
şəraitdə davam
etmiş, mövzu ətrafında iştirakçılarla
fikir mübadiləsi aparılmışdır.
Müzakirədə
Təhsil Nazirliyinin əməkdaşları
Nəbi Mahmudov, Nəzakət Mehdiyeva, İmişli rayon Aranlı kənd 2 nömrəli məktəbin
direktoru Malik
Aranlı, Azərbaycan Müəllimlər İnstitutunun
kabinet müdiri
Dilguşə Süleymanova, institutun əməkdaşı Hüseyn
Hüseynov, Milli Konservatoriya nəzdindəki Respublika
İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Təranə Əliyeva,
Laçın rayonu İmanlar
kənd ümumi orta məktəbinin
riyaziyyat-informatika müəllimi Lalə
Pirəliyeva, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin riyaziyyat fənni üzrə
metodisti Sədaqət Musayeva,
Bakı şəhəri 255 nömrəli tam
orta məktəbin informatika
müəllimi Roza Qasımova, 9
nömrəli tam orta
məktəbin fizika müəllimi Sona Hacılı, 238 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Bayramova,
Neftçala rayonu
Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru
Ülvi Fərzəliyev, Ağdam
rayonu 36 nömrəli orta
məktəbin biologiya müəllimi Xəyalə
Məmmədova, Cəlilabad rayonu Dövlətəlibəyli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi
Fəxrəddin Səfərov, Tovuz rayonu Çobanqışlaq kənd tam orta məktəbinin kimya müəllimi Talıb Mahmudov
çıxış edərək seminarın praktik
əhəmiyyətini qeyd etdilər,
problemlə bağlı rəy və təkliflərini
bildirdilər.
İlham
CAVADOV,
Təhsil
Problemləri İnstitutunun
Kurikulum
Mərkəzinin koordinatoru,
pedaqogika üzrə
fəlsəfə doktoru,
dosent
Azərbaycan müəllimi.-
2014.- 31 yanvar.- S.4.