1971-ci il oktyabrın 29-da Azərbaycan
KP MK plenumunda Azərbaycan KP MK-nın
birinci katibi H.Ə.Əliyev yoldaşın məruzəsindən
Azərbaycan
müəllimi" - 80
Ümummilli lider
Heydər Əliyev
Azərbaycanda hakimiyyətə gəldiyi
ilk
vaxtlardan təhsilin inkişafına
böyük diqqət yetirib
Ötən nömrələrimizdə qeyd etdiyimiz kimi, qəzetimizin 80 illik yubileyi ilə əlaqədar oxuculara "Azərbaycan müəllimi"nin tarixi haqqında daha geniş məlumat vermək üçün əməkdaşlarımız araşdırmalar aparır. Müxtəlif illərdə dərc olunmuş nömrələrlə tanışlıq göstərir ki, qəzetimiz "Qommunist Məarifi" adı ilə nəşrə başladığı ilk vaxtlardan təkcə təhsil məsələlərini deyil, ölkənin ictimai-siyasi həyatını da geniş işıqlandırıb, bütün dövrlərdə ölkə rəhbərlərinin, rəhbərlikdə təmsil olunan nüfuzlu partiya, dövlət xadimlərinin, hökumət üzvlərinin məruzə və nitqləri qəzetdə müntəzəm dərc olunub.
Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyevin də Azərbaycanda hakimiyyətdə olduğu illərdə qəzetimizdə çoxlu çıxış, məruzə və nitqləri dərc olunub.
Ulu öndərin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin ilk illərində - 1971-ci ildə qəzetimizdə dərc olunmuş bir məruzəsi xüsusilə diqqəti cəlb edir. Həmin məruzəsində Heydər Əliyev ölkədə təhsilin vəziyyətinin geniş təhlilini vermiş və qarşıda duran vəzifələri göstərmişdir.
Məruzənin təhsillə bağlı hissəsindəki bir çox məsələlərin bu gün də aktuallıq kəsb etdiyini və oxucularda maraq doğuracağını nəzərə alıb qəzetimizin 1971-ci il 3 noyabr tarixli 88-ci nömrəsində dərc olunmuş həmin məruzədən bəzi məqamları təqdim edirik.
...Məktəblərin şəbəkəsi
ildən-ilə genişlənir, şagirdlərin sayı
artır. İndi respublikada təqribən
1 milyon 700 min adam bütün təhsil növləri ilə əhatə
olunmuşdur; 80 mindən çox müəllim və istehsalat
təlimi ustası, ali məktəb və texnikum müəllimlərinin
6 min nəfərlik dəstəsi böyüməkdə olan nəslin
tərbiyəsi ilə məşğuldur.
...Məktəblilərin
təlim və tərbiyəsinin keyfiyyətində ciddi
nöqsanlar vardır. Bəzi rayonlarda, məsələn, Kəlbəcər,
Laçın, Qusar, Qutqaşen, Sabirabad rayonlarında sinifdə
qalanların sayı bütün məktəblilərin 5-7
faizini təşkil edir. Şagirdlərin sinifdə qalması
pedaqoji kollektivlərin işində ciddi qüsurdur. Bu,
şagirdlərin məktəbdən yayınmasına,
onların təhsilinin yarımçıq qalmasına səbəb
olur, bəzən də uşaqları bədbəxt edir.
Bir sıra məktəblərdə
şagirdlərin faktik bilik səviyyəsinin hesabat məlumatlarına
uyğun gəlməməsi bizi çox narahat edir. Bu il
respublikanın ali məktəblərinə qəbul
imtahanları vermiş abituriyentlərin xeyli hissəsinin
qeyri-kafi qiymət alması faktı məgər bunu sübut
etmirmi?
Medal və
fərqlənmə diplomu alanların bir çoxunun ali məktəblərə
qəbul imtahanlarında əla qiymət ala bilməməsi, bəzilərinin
isə, hətta iki alması faktı da məktəblərin və
maarif orqanlarının işində ciddi nöqsanlar
olduğunu göstərir.
Təşviş hissi doğuran cəhət
budur ki, medal alan, ali məktəblərə qəbul imtahanlarında
yarıtmaz cavab verən gənclərin bir çoxunun valideynləri
xalq maarif şöbələrinin işçiləri, məktəb
direktorları və müəllimləri, şəhər və
rayon təşkilatlarının rəhbər
işçiləridir. Yoxlama nəticəsində Zaqatalada,
Şamxor, Abşeron, Balakən, Xanlar və başqa rayonlarda
belə faktlar aşkara çıxarılmışdır.
Bu işi diqqətlə
araşdırmaq və layiq olmadıqları halda şagirdlərə
medal və diplom verilməsində müqəssir olanların
hamısını ciddi cəzalandırmaq lazımdır.
Məktəblilərin
bilik səviyyəsinin aşağı olması və qeyri-müvəffəq
oxuması müəllimlərin bir qisminin zəif
hazırlığının və yarıtmaz işləməsinin
nəticəsidir. Ayrı-ayrı müəllimlərin elmi və
metodiki sahələrdə geri qalması, biliyini artırmaq istəməməsi
faktlarına göz yummağa pedaqoji kollektivlərin, ictimaiyyətimizin
haqqı yoxdur. Keçən il ümumtəhsil məktəbləri
müəllimlərinin biliyinin yoxlanması nəticəsində
onların bəziləri orta məktəb proqramı həcmində
yoxlama yazı işlərində qeyri-kafi qiymət
almışlar. Bu cür müəllim şagirdə nə verə
bilər?
...Müəllimlər
hazırlanmasının planlaşdırılması işindəki
səhvlər, ali məktəb məzunlarından bir qisminin
öz borcunu yerinə yetirməməsi - təyinat
aldığı yerdə işləməməsi nəticəsində
bir çox məktəb pedaqoji kadrlarla tam təmin
olunmamışdır.
Halbuki Bakıda, başqa şəhərlərdə, bəzi
rayon mərkəzlərində müəllimlərin əksəriyyəti
öz ixtisası üzrə işləmir. Onlar çox vaxt
mağazalarda, yeməkxanalarda və bufetlərdə işləyir
və ya xalq maarifi orqanlarında illərlə
uçotdadırlar.
Orta təhsil verən
texniki peşə məktəbləri sisteminin inkişaf
etdirilməsi ən perspektivli formalardan biridir. Texniki peşə
məktəbləri öz şagirdlərində yüksək
istehsalat - texnika mədəniyyəti tərbiyə etməklə
yanaşı, onların geniş ümumtəhsil
hazırlığını da təmin etməyə borcludur.
Son iki ildə respublikada 19 məktəb
yaradılmışdır. Həmin məktəblərdə
9 min adam ixtisasa yiyələnir və orta təhsil
alır. 1975-ci ildə bizdə 48 texniki peşə məktəbi
yaradılmalı və bu məktəblərdə 40 mindən
çox adam təhsil almalıdır.
...İctimai elmlərin öyrənilməsi
gələcək mütəxəssisin ideyaca mətinləşməsində
və təşəkkülündə ciddi rol oynayır. İctimai elmlər sahəsində
çalışan bir çox müəllim mühazirələri,
seminar məşğələlərini yüksək səviyyədə
keçirir, öyrənilən fənni həyatla, mütəxəssislər
hazırlanması profili ilə bağlayır, bu işi tələbə
gənclərin tərbiyəsi ilə bacarıqla əlaqələndirir.
Eyni zamanda ali məktəblərdə,
texnikumlarda və məktəblərdə ictimai fənlərin
tədrisində ciddi nöqsanlar da vardır. Ötən
dərs ilində gündüz şöbələrinin 2.495 tələbəsi
yay imtahan sessiyasında ictimai elmlərdən qeyri-kafi qiymət
almışdır. Axşam şöbələrində
və qiyabi şöbələrdə təhsil alan tələbələrin ictimai elmlər, o
cümlədən başqa fənlər üzrə bilik səviyyəsi
aşağıdır.
Bir çox orta ixtisas məktəbində
ictimai elmlər və başqa elmlər üzrə müvəffəqiyyət
göstəriciləri qeyri-qənaətbəxşdir.
Tədrisin aşağı səviyyədə
olması, tərbiyə işinin başlı-başına
buraxılması, məsələn, S.M.Kirov adına
Bədən Tərbiyəsi İnstitutunda dövlət
imtahanlarında özünü aydın göstərmişdir.
Onu demək kifayətdir ki, bu il dövlət
imtahanlarına buraxılan 280 tələbənin 43 nəfəri
və ya hər 7 tələbədən biri kəsilmişdir.
Bir sıra tələbələrin cavabları
onların adi məsələlərdən xəbərsiz
olduqlarını göstərmişdir.
...Bir sıra digər ali və orta
ixtisas məktəblərində də tərbiyə işinin
daha da yaxşılaşdırılmasına ehtiyac vardır. Tələbələr arasında bəzən ideyaca
yetkin olmamaq hallarına və əxlaq normalarına zidd hərəkətlərə
təsadüf edilir. Bəzi tələbələr
ictimai işə biganə yanaşır, əməyə
hörmət bəsləmir, öz vəzifələrini
başa düşmürlər.
Məsələn, tələbələrin
bir qisminin təhsilini bitirib təyinat aldıqdan sonra işləməli
olduğu yerə getməkdən boyun qaçırması bunu
sübut edir. Ötən beşillikdə ali məktəblərin
2.534 məzunu təyinat aldığı yerə - respublikanın
ümumtəhsil məktəblərində işləməyə
gəlməmişdir. Son 3 ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirən 195 məzunun yalnız 46 nəfəri
respublikanın rayonlarına göndərilmiş, məzunların
cəmi 10 nəfəri təyinat aldığı yerdə
işləməyə gəlmişdir. Halbuki,
yerlərdəki musiqi məktəblərinin müəllimlərə
böyük ehtiyacı vardır.
Bununla yanaşı, respublikanın bir çox nazirliklərində
və idarələrində pedaqoji və başqa ali məktəblərin məzunları texniki və
digər ikinci dərəcəli vəzifələrdə
çalışırlar. Onlar özlərinin
yüksək vəzifəli himayədarlarının sayəsində
Bakıda məskən salmışlar. Bu vəzifəli
şəxslər gənc mütəxəssislərdən
istifadə olunması haqqında dövlətin müəyyən
etdiyi qaydanı pozaraq onları işə
götürmüşlər.
Biz bu işdə möhkəm qayda yaratmalı, ona nail
olmalıyıq ki, ali və orta ixtisas təhsili
məktəblərinə rəhbərlik edən nazirliklər
və idarələr ali məktəbin, texnikumun, məktəbin
hər bir məzununun iş yerinə gəlməsi
üçün məsuliyyət daşısınlar. Bununla
yanaşı, qanunu pozan, başqa şəhərlərə və
rayonlara təyinat almış ali məktəb
məzunlarını işə götürən
"xeyirxah" rəhbər işçiləri ciddi məsuliyyətə
cəlb etmək lazımdır.
...Demək lazımdır ki, bu yaxınlaradək
respublikada ali məktəblərdə qəbul
imtahanlarının məktəblərdə düzgün,
obyektiv keçirilməsinin ictimai-siyasi əhəmiyyəti
lazımınca qiymətləndirilmirdi. Bu iş
düşünülmədən və qeyri-mütəşəkkil
aparılırdı, çox vaxt imtahan və qəbul
komissiyalarının tərkibinə səriştəsiz, bəzən
də natəmiz adamlar daxil edilirdi. Onlar tam nəzarətsizlik
üzündən, bəzən də ali məktəblərin
ayrı-ayrı rəhbərlərinin köməyi sayəsində
özlərinin vəziyyətindən sui-istifadə edib müəyyən
olunmuş qəbul qaydasını pozur, çox vaxt bunun
üçün rüşvət alırdılar.
Azərbaycan KP MK belə bir vəziyyətə
dözə bilməzdi. MK imtahanların hazırlanması və
keçirilməsi üçün ali məktəb
rektorlarının partiya təşkilatları katiblərinin,
Ali və Orta İxtisas Təhsili Nazirliyi rəhbərlərinin
şəxsi məsuliyyətini artırmaq üçün tədbirlər
gördü, bu işi nəzarət altına aldı.
Qəbul imtahanlarının keçirilməsində
qayda yaradılması, abituriyentlərin biliyinin obyektiv qiymətləndirilməsi
öz nəticəsini verdi: tələbələrin
ictimai tərkibi yaxşılaşdı, indi bir qayda olaraq, ali
məktəblərə və texnikumlara doğrudan da tələb
edilən biliklərə malik olan oğlan və qızlar daxil
olurlar. Lakin bu işdə qaydanın pozulması, sui-istifadə
və prinsipsizlik hallarını tamamilə ləğv etmək
üçün hələ çox iş görülməlidir.
...Azərbaycan Dövlət Universitetində və bəzi
başqa ali məktəblərdə dərslərin
rus dilində keçildiyi şöbələrdə müəllimlər
arasında rus dilini pis bilənlərə təsadüf edilir
ki, bu da gələcək mütəxəssislərin
hazırlanması işinin keyfiyyətinə mənfi təsir
göstərir.
Politexnik İnstitutu, Lenin adına və
Axundov adına pedaqoji institutları orta qiymətlərlə
bitirmiş olan və hazırda bu institutlarda dərs deyən
müəllimlər tələbələrə nə kimi
bilik verə bilərlər?
Azərbaycan KP MK belə hesab edir ki, Ali və Orta
İxtisas Təhsili Nazirliyi, ali məktəblərin
rektorluqları və partiya təşkilatları bu məsələləri
dərindən araşdırmalı, ali məktəbləri səriştəsiz,
təsadüfi, ficdansız adamlardan xilas etməlidirlər.
Müsabiqələr və attestasiyalar
müəllimlərin tərkibini möhkəmlətmək və
yaxşılaşdırmaq üçün təsirli
formalardan biridir. Bu işdəki formalizmə
və qaydaların açıqca pozulması hallarına son
qoymaq lazımdır. Sirr deyil ki, çox vaxt müsabiqələr
haqqında yalnız
zahiri rəsmiyyət xatirinə məlumat verilir, əslində
isə namizədlərin məsələsi qabaqcadan həll
edilir. Bəzi ali məktəblərdə
illərlə attestasiya keçirilmir. Keçirildikdə
də çox vaxt bu və ya digər müəllimin işinə
obyektiv qiymət verilmir.
Kafedraları keyfiyyətcə təzələmək və
möhkəmlətmək üçün müsabiqələrdən
və attestasiyalardan lazımınca istifadə etmək, ali məktəblərin qapılarını
yalnız həqiqətən layiq olanların üzünə
açmaq lazımdır.
Ali və Orta İxtisas Təhsili Nazirliyi, bir çox ali məktəblərin və elmi tədqiqat
institutlarının rəhbərləri əvəzçiliyi
məhdudlaşdırmaq haqqında müvafiq qərarlardan irəli
gələn vəzifələri hələ heç də
tamamilə yerinə yetirməmişlər. Bir
sıra hallarda əvəzçiliklə işləməyin
dövlət nöqteyi-nəzərindən məqsədə
uyğun olub-olmadığını nəzərə almadan
ona icazə verilir. Əvəzçilik gənc elmi
kadrların və müəllim kadrlarının irəli
çəkilməsinə çox zaman əngəl törədir,
ayrı-ayrı alimlərin bu və ya digər elm sahələrini
inhisara götürməsinə doğru aparır...
"Azərbaycan
müəllimi",
3 noyabr
1971-ci il, ¹ 88
Azərbaycan
müəllimi.- 2014.- 31 yanvar.- S.3.