İqtisadi inkişafa
nail
olmaqda təhsilin rolu
Diqqətlə izləsək, Azərbaycan təhsilinin
inkişafı barədə müzakirələr heç bir
zaman səngimir. Həm bu sahədə ardıcıl iş gedir, ciddi
dövlət proqramları və layihələr həyata
keçirilir, həm də daha yaxşı nəticələrə
nail olmaq üçün axtarış və müzakirələr
davam etdirilir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət
və qayğısı təkcə onun təhsillə
bağlı sərəncamlarında, dövlət
proqramlarında ifadə olunmur. Tək bir
fakta nəzər yetirmək bunu aydın təsəvvür etməyə
bəs edərdi. Cənab Prezident bəzən bircə məktəbin
təmirinə, problemlərinə və uğurlarına
baxış keçirmək, bu sahədə çalışanları
dinləmək üçün özünün iş
gününü ayırır.
Bilirsiniz ki, təhsilimizin inkişafı sahəsində
Dövlət Proqramları bir-birini əvəz edir və
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
inkişaf kursu uğurla davam etdirilir. Söhbət təkcə
təhsil müəssisələrinin maddi bazasının
artırılmasından getmir, təhsilin məzmunu dəyişir
və müasir tələblərə
uyğunlaşdırılır, üstəlik, Azərbaycan
dünyanın ən məşhur universitetlərində
oxumağa öz övladlarını göndərir və bu
sahəyə ciddi sərmayə qoyur. Amma
görürsünüz ki, biz yenə də
axtarışdayıq və ən yüksək göstəricilərə
nail olanadək əzmlə çalışmalıyıq.
Çünki
bu sahədə də inkişaf etmiş dünyanın bir hissəsi
olmaq istəyirik və sevinclə qeyd edə bilərik ki,
hazırda vətənimiz təkcə idman, musiqi və ictimai
sahələrə aid beynəlxalq tədbirlərə ev sahibliyi etmir. Bu ənənə
artıq təhsil, elm və humanitar sahələri də əhatə
edir.
2014-cü il oktyabrın 3-də Bakıda
keçirilən IV Beynəlxalq
Humanitar Forumu çərçivəsində "dəyirmi
masa"lardan biri təhsil sahəsinə həsr olunmuşdu və
tədbirdə biri Nobel mükafatı laureatı olmaqla
dünyanın müxtəlif
ölkələrindən gəlmiş nüfuzlu alim və
mütəxəssislər iştirak edirdi. Azərbaycan nümayəndə
heyəti də bir qayda olaraq dünyadakı nüfuzlu tədbirlərdə
təhsil müzakirələrinə qatılır. Bu, Azərbaycanın
aydın strategiyasıdır: inkişaf etmiş
dünyanın bir hissəsi olmaq və önə
çıxmaq. Heydər Əliyevin siyasi xəttini
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham
Əliyevin həyata keçirdiyi islahatların məqsədi
də budur.
Tarixə nəzər salsaq görərik ki, bütün
xalqlar təhsil və maarif üçün ağır
yollardan keçmişdir. Nə vaxtsa sadəcə oxuyub-yaza
bilmək böyük uğur sayılmışdır və hər
bir xalq özünün savadsızlıq dövrünü
adlamaq üçün gerçək bir mücadilə aparmışdır. Bunun üçün ciddi ictimai şərtlər,
öyrədənlər nəsli və təhsil strukturu şəbəkəsi
tələb olunurdu. Həm də hər
xalq bu sahədə tərəqqini çox fərqli zamanlarda
keçib. Bəzən arada 100 illərlə
fərq olub. Amma indi bütün bəşəriyyət
üçün hədəf eynidir: müasir dövrün tələblərinə
cavab verən təhsil sisteminə nail olmaq, elm və təhsil
müəssisələri qurmaq, peşə və ixtisas məktəblərinə
sahib olmaq. Şərtlər və imkanlar fərqli olsa da
hamı ən yüksək standartlara can atır. Doğrudan da tarixi fərqlər var, lakin sakitcə
oturub onlarla razılaşmaq da olmaz, çünki bütün
çətinliklərə baxmayaraq öndə olan
dünyanın bir hissəsi olmalısan. Yaşadığımız
dövrün tələbi budur. Axı indi təhsil təkcə
maarifli insan amalı ilə yola çıxmır, yüksək
səviyyəli kadrlar
yetişdirə bilmək də son məqsəd
deyil. Yekun nəticə
olaraq təhsil ölkənin mənəvi, iqtisadi və sosial
inkişafında özünün müstəsna rolunu
oynamalıdır. Elə bir roldan söhbət
gedir ki, onu heç nə ilə əvəz etmək
mümkün deyil.
Azərbaycan ikinci müstəqilliyinin gənc
dövrünü yaşasa da seçimini düzgün
etmişdir. Biz anlayırıq ki, yeni dövrün tələblərinə
uyğun təhsilə sahiblənmədən dinamik inkişafa
nail olmaq çətindir. Ölkə
başçısı bu zərurəti hədəf
seçdiyi üçün "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nı
qəbul etmişdir. Bu möhtəşəm
proqramın mənası odur ki, biz öz təhsilimizi yeni tələblərə
uyğun qurmaq istəyirik və bunun üçün aydın
strategiyamız var, uğurlu nəticə olacağına da
şübhə etmirik. Amma zaman gözləmir
- iqtisadi və sosial inkişafımız bütün
dünyanın qəbul etdiyi standartlara cavab verən, ən
yüksək səviyyədə yetişdirilmiş peşəkarların
olmasını və artmasını tələb edir.
Çünki
təhsil indi sadəcə savadlı insanlar yetişdirmək
demək deyil,
ölkə iqtisadiyyatının inkişafında
onun birmənalı rolu var. Biz təhsillə bağlı tamam
yeni anlayışlar dövrünə gəlmişik. Məsələn, "insan kapitalı" ifadəsini
götürək. Bu, təhsilin
özünə iqtisadi sərmayə kimi baxmaqdır. Həm də hansısa təhsil müəssisələrinə
yatırım etmək və bunu iqtisadi sektora çevirmək
nəzərdə tutulmur.
İnsan kapitalı ümumilikdə iqtisadiyyata və ölkənin
iqtisadi inkişafına qoyulan sərmayədir. Təhsil
artıq mənəvi və mədəni inkişaf olmaqla kifayətlənmir,
o, iqtisadi inkişafın, sosial tərəqqinin amili kimi
çıxış edir. Bunsuz
ardıcıl və geridönməz iqtisadi irəliləyiş
mümkün olmur.
İndi təkcə biliklərin əhəmiyyətindən
danışılmır, bizim dövrdə hətta ayrıca
bilgi iqtisadiyyatı var. Biliyin rolu dəyişmiş və
böyümüşdür. Bilik durmadan innovasiyalar və yeni istehsal
məhsulları yaradır. Bilik ümumilikdə
yeni həllər və tətbiqetmələr deməkdir, bu isə
hazırda proqram yazılışından tutmuş gen mühəndisliyinə
qədər müxtəlif seqmentləri əhatə edən və
bir çox ölkələrin iqtisadiyyatında ciddi xüsusi
çəkiyə sahib olan bilgi iqtisadiyyatına yol
açmışdır. Dünyanın ən
böyük şirkətləri və zəngin insanları
arasında bilgi iqtisadiyyatının təmsilçilərini
görmək mümkündür. Yalnız
Bill Qeyts nəzərdə tutulmur, nə də Appl, Google,
Facebook yaradıcılarının biznes uğurları. Bu sahədə faydalı və uğurlu işlər,
müxtəlif fəaliyyətlər böyük bir iqtisadi
seqmenti təşkil edir.
Təhsilin birbaşa və bilavasitə iqtisadi
inkişafa təsiri artıq statistikaya, indikatorlara çevrilməkdədir. Ona görə də "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"na təkcə
xaricdə oxuyan vətəndaşlara kömək kimi baxmaq
kifayət qədər yanlış olardı. Cənab
Prezident bu proqrama bütünlüklə ölkənin
inkişafına, gələcəyinə,
iqtisadiyyatımızın güclənməsinə qoyulan sərmayə
kimi baxır. Bu sərmayə həmin
proqramdan yararlanan insanlarla məhdudlaşmır. Bu vacib dövlət proqramı ondan heç bir dəstək
almayan insana da dəstəkdir, onun da xeyrinədir. Yəni yuxarıda dediyimiz kimi, bütünlüklə
ölkəni və xalqı əhatə edir, həm də təkcə
2007-2015-ci illərə yönəlməyib,
bütövlükdə gələcəyimiz üçün
əvəzsiz və qiymətli hazırlıqdır.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev 24 oktyabr
2013-cü ildə
"Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nı təsdiq etmişdir. Bu mühüm sənədin
girişində deyilir: "Ölkə qarşısında
duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın
daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq
təcrübəyə uyğunlaşdırılması yolu
ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və
əhalinin həyat səviyyəsinin yüksəldilməsindən
ibarətdir. Müasirləşdirmə, ilk
növbədə, qabaqcıl texnologiyaların və idarəetmə
üsullarının, elmi nailiyyətlər əsasında
yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına
uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiyasının sürətləndirilməsi ilə
yanaşı, ölkədə insan kapitalının
inkişafı, şəxsin müasir bilik və bacarıqlara
yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı
iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və
ölkənin beynəlxalq rəqabətdən daha effektli
faydalanması prosesində ən mühüm şərtlərdən
olub ölkənin təhsil sisteminin başlıca vəzifəsini
təşkil edir".
Diqqət
yetirdikdə görürük ki, ölkə
başçısı qarşıya aydın vəzifələr qoyur və dəqiq strategiya müəyyən
edir:
-
Sosial-iqtisadi modernləşmə;
- Beynəlxalq
təcrübəyə uyğunlaşmaq;
-
Qabaqcıl texnologiya və elmi nailiyyətlərə yiyələnmək;
- İnsan kapitalının inkişafı və fərdin
bilik və bacarıqlarının yüksəldilməsi.
Bunlar isə davamlı və güclü iqtisadi
inkişafın şərti kimi dəyərləndirilir.
Xatırladaq ki, bu cür yanaşma artıq ən qabaqcıl
ölkələrin tutduğu yolu əhatə edir. Azərbaycan
da məhz bu yolu tutmuşdur. Təhsilin
davamlı iqtisadi yüksəlişdə rolu indi bütün
dünyanın əsas gündəmində aparıcı yer
tutur. Son illərdə bir çox beynəlxalq
tədbirlərdə qəbul edilən qərarlar da bunu
sübut edir.
1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya)
"İnkişaf və ətraf mühit" adlı beynəlxalq
sammiti keçirildi və burada ölkə və hökumət
başçıları təhsilin inkişaf
üçün həlledici faktor olması barədə
ümumi razılığa gəldilər. 2002-ci ildə isə Yohannesburqda
(CAR) keçirilən sammitdə davamlı inkişaf sahəsində
təhsilin əsas prioritetlərdən biri olması barədə
qərar qəbul edildi və bunun nəticəsində BMT
davamlı inkişaf üçün təhsil üzrə
2005-2014-cü illəri əhatə edən dekada elan etdi. Sözsüz
ki, bu sahədə təşəbbüslər davam edəcək.
Bu da ölkəmizin düzgün seçim
etdiyini, öz strategiyasını uğurla qurduğunu göstərir.
Biz bu sahədə beynəlxalq əməkdaşlığı
davam etdiririk, nüfuzlu və faydalı tədbirlərdə,
sammitlərdə iştirakla kifayətlənməyib,
qabaqcıl təcrübələri öyrənirik, öz təcrübəmizi
də mübadilə edirik.
Mütəxəssislər hesablayıb ki, bəşəriyyətin
nail olduğu biliklərin 90 %-i son 30 ildə bizim müasirlərimiz
tərəfindən yaradılıb. Bu sahədə elə
böyük sürət var ki, onunla ayaqlaşmaq
üçün düzgün strategiya vacibdir. Qabaqcıl ölkələrdə təhsil və elmə
ayrılan xərclər, qoyulan sərmayələr son illər
yenə də artmaqdadır. Təhsilə
qoyulan sərmayə isə həmin ölkələrin
Ümumi Daxili Məhsulunun artımında özünü
göstərir. Məsələn, ABŞ-da ÜDM-də
təhsilə ayrılan xərclərin payı XX əsrdə
iki dəfə artmışdır, bunun nəticəsində
isə ABŞ dünyanın ən nəhəng iqtisadi
güclərindən birinə çevrilmişdir. Bu da faktdır ki, ən yaxşı universitetlərə
sahib olan ölkələr ən davamlı və
dayanıqlı iqtisadi inkişaf tempinə sahiblənirlər.
Təhsilin iqtisadi inkişafda rolu artıq
mübahisələndirilmir. Bu sahənin
uğurlu göstəriciləri həm də iqtisadi
inkişafın amili və indikatorları kimi
götürülür. Məsələn, bu gün
Yaponiya fəxr edir ki, onun gənclərinin 55 faizi ali təhsil alır. Bu keyfiyyətin
rolu Yaponiyanın dinamik iqtisadi tərəqqisində də
özünü göstərir.
Təhsil sahəsində hər bir irəliləyiş
iqtisadi tərəqqiyə təsir edir. İqtisadi Əməkdaşlıq
və İnkişaf
Təşkilatının hesablamalarına görə,
hər bir ölkədə istənilən
təhsil pilləsi üzrə təhsil müddətinin bir il
artırılması ölkədə Ümumi Daxili Məhsulun
3-6 faiz artımına gətirib çıxarır. Məşhur
Amerika iqtisadçısı L.Turou qeyd edir ki, XXI əsrdə bilik əvvəllər
sahib olmadığı yeni xüsusiyyət
qazanmışdır: o, zənginliyin mənbəyinə
çevrilmişdir. Əsrlər öncə ingilis filosofu
Frensis Bekon isə deyirdi ki, bilik hakim olmaq deməkdir. Biz bilirik ki, "Bilik gücdür" - deyimi də
var. Amma biliyin rifah və zənginlik kimi qiymətləndirilməsi
bizim müasir dövrün gəldiyi nəticədir. Bu da rəqəmlərlə, statistika ilə,
indikatorlarla təsdiq olunur. Təhsilin
bütün sahələrə təsiri, mənəvi və mədəni
rolu onun iqtisadi inkişafa təsiri ilə bütövləşir
və bizə öz vəzifəmizə məsuliyyətlə
yanaşmağı diktə edir.
Rəqabətə bacarığı olan milli
iqtisadiyyatlar da təhsilin inkişaf etdiyi ölkələrdə
mümkündür. Xatırladım ki, Ümumdünya İqtisadi Forumu hər
il özünün nüfuzlu "Qlobal rəqabətə
davamlılıq" hesabatını açıqlayır və bu vacib
indikator üzrə ölkələrin reytinqini müəyyən
edir. Çox
maraqlıdır ki, bu indikatorun müəyyən edilməsində
ölkənin təhsil potensialı da nəzərə
alınır. Təhsil artıq iqtisadi
durumun da göstəricilərindən birinə çevrilib.
Həm də ona iqtisadi inkişafın və
durumun ardıcıllığına,
dayanıqlığına, rəqabət gücünə təsir
edən bir göstərici kimi baxılır.
Çox sevindirici haldır ki, Azərbaycan
özünün düzgün inkişaf modeli ilə
Ümumdünya İqtisadi Forumunun "Qlobal rəqabətə
davamlılıq" hesabatında durmadan irəliləyir. "Qlobal rəqabətə
davamlılıq 2014-2015" reytinq siyahısında Azərbaycan
ötən ilə nisbətən 1 pillə irəliləyərək
38-ci pillədə qərarlaşıb. Qonşu
ölkələrdən Türkiyə 45-ci, Rusiya 53-cü,
Gürcüstan 69-cu, Ermənistan 85-ci, İran isə 83-cü
pillədə özünə yer tapıb. Bu göstəricilərə görə, Azərbaycan
öz regionunda birincilik əldə edib. Göründüyü
kimi, ölkəmizin bu uğurunda təhsil sahəsində
görülən işlərin də rolu vardır. İstər ölkə təhsilində aparılan
islahatlar və bu sahəyə qoyulmuş sərmayə, istərsə
də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində mütəxəssislərin
yetişdirilməsi uğurlu bir model kimi özünü
göstərməkdə və nəticə verməkdədir.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda başqa bir əhəmiyyətli rəqəm
də diqqəti cəlb edir: "Birləşmiş Millətlər
Təşkilatının 2010-cu il üzrə İnsan
İnkişafı Hesabatına əsasən, 2005-ci illə
müqayisədə Azərbaycan 34 pillə irəliləyərək
169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş,
"orta insan inkişafı" qrupundan "yüksək
insan inkişafı" qrupuna daxil olmuşdur. Azərbaycan
iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun
azaldılması və orta ömür uzunluğu göstəricisinin
artması baxımından böyük nailiyyətlər əldə
etmişdir.
Təhsil strategiyasını müəyyən edən
vacib sənəddə belə bir göstəriciyə istinad
edilməsi təsadüf deyil və hər şeydən
öncə ölkədəki hərtərəfli inkişafda
təhsilin roluna verilən yüksək qiymətdir. İnsan İnkişafı
İndeksi 1990-cı ildən başlayaraq hər il BMT-nin İnkişaf Proqramı tərəfindən
açıqlanan "İnsan İnkişafı
Hesabatı"nda dünya ölkələrində əhalinin
rifahını əks etdirən göstəricidir. Bu göstəricini
hesablamaq üçün elmi yanaşma və əsaslı
metodlar var. Mütəxəssislər hesab edir ki, bu indeks əhalinin
rifahını digərlərindən daha geniş şəkildə
ehtiva edir.
İnsan
İnkişafı İndeksi insan inkişafının
üç göstəricisini nəzərə alır:
Birinci
göstərici: - İnsanın uzun və sağlam
ömür sürməsidir. Bu göstərici orta ömür
uzunluğu əsasında hesablanır;
İkinci
göstərici: - Təhsil səviyyəsidir,
bu da böyüklər arasında savadlılıq, həmçinin
ibtidai, orta və ali məktəblərdə
təhsil alanların say nisbəti əsasında hesablanır;
Üçüncü
göstərici: - Layiqli yaşayış
standartlarıdır, bu isə alıcılıq qabiliyyəti
və gəlirlər əsasında hesablanır.
Göründüyü kimi, İnsan İnkişafı
İndeksi kimi nüfuzlu bir göstərici içərisində
də təhsil 3 komponentdən biridir. Müasir standartlara cavab verən təhsil
sistemi qurmadan rifah və inkişafı təmin etmək
mümkün deyil.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, biz gələcəyimizi
neft amili üzərində qura bilmərik. Çünki bu, təbii
resursdur və tükənə bilər, ölkə
iqtisadiyyatı isə əbədi sərvət olan elm və təhsil
üzərində qurulmalıdır. Bu yerdə Bakıda məktəb
binasının yenidənqurmadan sonra
açılışı zamanı möhtərəm
Prezidentin söylədiyi çıxışdan sitat gətirmək
istəyirəm: "Müəllimlər də öz vəzifə
borcunu şərəflə yerinə yetirməlidir ki, Azərbaycan
cəmiyyəti üçün gözəl, yeni, peşəkar,
bilikli kadrlar yetişsin. Uşaqlarımız
bilikli, savadlı olmalıdır. Çünki
müasir dünyada hər bir insanın və hər bir
ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir.
İndi biz XXI əsrdə yaşayırıq.
XXI əsr yüksək texnologiyalar əsridir.
Bu əsrdə hansı ölkə biliyə,
savada, yeniliyə daha meyllidirsə, o ölkə öz
maraqlarını təmin edəcəkdir. Çünki
müasir texnologiyalar elə inkişaf edibdir ki, bəlkə də
on il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək
mümkün deyildi".
Ona
görə də dövlət başçısı
dünya elm və təhsilində inteqrasiya məqsədlərini
əsas götürən dövlət proqramları qəbul
etmiş, bu
məqsədlərə doğru uğurlu addımlar
atılmasına rəhbərlik etməkdədir.
Həmin uğurlu addımlara qısaca nəzər
yetirək.
"Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
qeyd edilir ki, son illərdə ölkədə təhsilin
inkişafı istiqamətində mühüm addımlar
atılmışdır. Təhsilin maddi-texniki təminatı
istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları
əsasında geniş tədbirlər həyata
keçirilmişdir. Həmin məqsədlə
müxtəlif şəhər və rayonlarda 2500-ə
yaxın məktəb binası tikilmiş və mövcud təhsil
obyektlərində əsaslı təmir-bərpa işləri
uğurla aparılmışdır. Təhsil
müəssisələrində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə
genişlənmiş, ümumilikdə 1 milyondan artıq
şagirdin təlim şəraiti
yaxşılaşdırılmışdır. 2004-cü ildə hər
1063 şagirdə bir kompüter düşdüyü halda,
2014-cü ildə hər 20 şagirdə bir kompüter nisbəti
təmin olunmuşdur. 2014-cü ildə ilk dəfə
olaraq Azərbaycanda maksimum adda və sayda, başqa sözlə
271 adda 7,8 milyon ədəd dərslik
çap olunub. 2014-2015-ci dərs ilindən Sağlam təhsil-sağlam
millət» adlanan
daha bir faydalı layihəyə start verilib.
Sadaladığımız
faktları hər kəs görür və Azərbaycan
xalqı bu sahədə yaranmış fərqi hər gün
öz həyatında hiss edir. Görülən işlər və
bu sahədəki uğurlar mübahisəsiz hala gəlmiş,
mühüm nəticələr
vermiş, ölkənin bütün regionlarında ümumi təhsilin
infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir.
Başqa bir istiqaməti götürək. Ölkədə
təhsilin müasir tələblərə cavab verən
normativ hüquqi bazası yaradılmışdır. Bu sahədə beynəlxalq təcrübə mənimsənilmiş
və beynəlxalq əməkdaşlıq ən yüksək
səviyyəyə qaldırılmışdır. Hələlik
bir neçə istiqaməti xatırladaq:
- Ali təhsildə
Bolonya Bəyannaməsindən irəli gələn
başlıca prinsiplər tətbiq edilmişdir;
- Təhsil
müəssisələrinin müasir informasiya və
elmi-metodiki təminatı, təhsil infrastrukturu yenilənmişdir;
- Dərsliklə
təminatın yaxşılaşdırılması sahəsində
böyük miqyaslı işlər görülmüş və
davam etdirilir.
- Pedaqoji
kadr təminatı sahəsində problemlərin həlli ucqar
kənd məktəblərini də əhatə etmişdir;
- Peşə
təhsili xidmətinin müasir tələblər səviyyəsində
qurulması üçün dövlət proqramları qəbul
edilmiş, bu gün də layihələr həyata
keçirilməkdədir.
- Məktəbəqədər
təhsil müəssisələrinin infrastrukturunun
inkişafı və təminatı şəxsən ölkə
başçısının diqqət və
qayğısı sahəsində başlıca hədəflərdən
birinə çevrilmişdir.
Əlbəttə,
təhsil sahəsində problemlər də vardır və dövlətimiz bu sahədə
durmadan çalışır. Hər bir Azərbaycan vətəndaşı
bilməlidir ki, təhsilə ayrılan dövlət xərcləri
yalnız son beş ildə 1,3 dəfə
artmışdır. Bu isə gələcəyə
hesablanıb. Həm də təkcə təhsil
sahəsinin uğurları üçün deyil, ölkənin
iqtisadi inkişafının dinamikasını təmin etmək
üçün bunun böyük əhəmiyyəti
vardır. Bu, həm də sabahımıza
qoyulan sərmayədir.
Görülən
mühüm işlərdən biri də "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"dır.
Bu sənədə yalnız bir təhsil proqramı kimi
baxmaq doğru deyildir. Möhtərəm Prezidentimiz "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nı təsdiq etməklə
maddi sərvətlərimizin insan kapitalına çevrilməsinə
start vermişdir. Proqramın əsas məqsədlərini
qısaca xatırlatmaq istəyirəm. Çox maraqlıdır ki, o məqsədlərdən
birincisi belə adlanır:
"ölkədə rəqabət qabiliyyətli iqtisadi
sistemin formalaşdırılması".
Ölkəmizin də ən vacib hədəflərindən
biri budur. Buna milli hədəf
kimi də baxmaq bəs etmir.
Davamlı iqtisadi inkişafa nail olmaq bəşəri
uğurdur, başqa sözlə, qlobal problemlərin həlli
yolunda həm də bir ölkənin bəşəriyyətə
verdiyi töhfədir.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın digər hədəflərinə baxaq.
Onlardan biri belə adlanır: "Davamlı inkişafın təmin
edilməsi baxımından ölkənin müasir tələblərə
cavab verən kadrlara ehtiyacının ödənilməsi". Əsrlərlə ənənəsi
olan, yaxud artıq böyük elmi və maddi bazası olan ali məktəblər var dünyada. Onları
bütün bəşəriyyətin resursları saya bilərik və
heç kimə onlardan faydalanmağa məhdudiyyət yoxdur. Sadəcə, düzgün dövlətçilik
siyasəti və təhsil strategiyası gərəkdir ki,
bundan faydalana biləsən.
Azərbaycan Prezidenti bunu hədəf
götürən dövlət proqramını qəbul
etmişdir və ölkə gəncləri də ondan
faydalanmaqdadır. Bu da təhsil sahəsində
işimizin tərkib hissəsidir.
Nəhayət,
bu dövlət proqramı Azərbaycan gənclərinin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi şəraitin
yaradılmasına xidmət edir, istedadlı gənclərin
dünyanın aparıcı ölkələrində təhsil
almaq imkanlarının genişləndirilməsi prosesinin
mütəşəkkilliyi və səmərəliliyini təmin
edir. Proqramın
yaratdığı daha bir imkan hökumətlərarası
müqavilələr və ali təhsil müəssisələri
arasında beynəlxalq tələbə mübadiləsi əsasında
mütəxəssis hazırlığı ilə
bağlıdır ki, bu da
ölkənin iqtisadi
inkişaf prioritetləri üçün çox gərəklidir.
Bu
proqramdan yararlanmaq tamamilə şəffaf qurulub və ən
yaxşılar onun sayəsində dünyanın ən
nüfuzlu ali məktəblərində təhsil
alaraq ölkəmizə dönməkdədir. Onlardan
bir hissəsi təhsilini davam etdirir, ölkəyə dönənlərin
təxminən 35 faizi dövlət, 65 faizi isə özəl
sektorda çalışır. Aparıcı beynəlxalq
təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin
beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin
və Azərbaycan Respublikasının ərazisində yerləşən
ali təhsil müəssisələrinin
reytinq səviyyəsinin yüksəldilməsinin zəruri
olduğunu göstərir.
Dövlət strategiyasında digər problemlər də
açıq şəkildə qeyd edilib və onların həlli
vəzifələr kimi müəyyən edilib. Ümumi təhsil
müəssisələrinin şagird və məzunlarının
keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması bu vəzifələrdən
biridir. Sənəddə deyilir ki, ali
və ümumi təhsil üzrə dərsliklərin elmi və
metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac
vardır. Həmçinin ali təhsil müəssisələri
məzunlarının tərkibi iqtisadiyyatın tələbatları
ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri
tələbələrinin yalnız 1,2
faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə
təhsil alır. 25-34 yaş arasında olan ali
təhsilli mütəxəssislərin 67 faizi dövlət
sektorunda cəmlənmişdir. Özəl
sektorda ixtisaslı işçi qüvvəsinin
çatışmazlığı problemi
yaranmışdır. Ən böyük
kadr çatışmazlığı xidmət sektorunda və
kənd təsərrüfatı sahəsində müşahidə
olunur. Hər 100000 nəfərə düşən ali məktəb tələbələrinin sayına
görə Azərbaycan Respublikası üzrə göstəricilər
əhəmiyyətli dərəcədə
artırılmalıdır. Əhali təbəqələri və
regionlar arasında xüsusən ali təhsilə
çıxış imkanları genişləndirilməlidir.
Strategiya
sənədində iqtisadi inkişaf üçün vacib olan peşə-ixtisas
təhsili müəssisələrinin işinə də
xüsusi yer ayrılır. Bildirilir ki, bu müəssisələrin
infrastrukturunun inkişafı sahəsində işlər
görülmüş, özəl sektor, işəgötürənlər
və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri
qurulmuşdur. Lakin bu sahədə həlli vacib
olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini
bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı
ilə üst-üstə düşmür. Son illər
ümumi təhsil müəssisələrini bitirən məzunların
yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini
seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların
cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə
ilk peşə-ixtisas təhsilinə marağın
aşağı olduğunu göstərir.
Strategiya sənədində məktəbəqədər
təhsilin problemləri qeyd edilir və bildirilir ki, ölkənin
yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər
təhsil müəssisəsi yoxdur. Bu da əhalinin məşğulluğuna
və iqtisadi fəaliyyətinə də mənfi təsir
edir.
Təhsilin
məzmunu ilə bağlı problemlər, ilk peşə-ixtisas və
orta ixtisas təhsili kurikulumlarının müasir tələblərə
cavab verməməsi, hələ də səriştəsiz
kadrların mövcudluğu, idarəetmədəki problemlər,
təhsildə şəffaflıq
və bir çox başqa məsələlərlə
bağlı çatışmazlıqlar da sənəddə
yer tapıb və bizim həll edəcəyimiz vəzifələrə
çevrilib.
Samir VƏLİYEV
Təhsil Nazirliyinin İlk peşə
və
orta ixtisas təhsili şöbəsinin müdiri
Azərbaycan müəllimi.- 2015.- 4 aprel.- S.7.