"İtaliyada
Azərbaycan
dilini tədris edirəm"
Ka Foskari Universitetində təhsil alan Məryəm
Mehdiyeva ilə söhbət
Bakıda dünyaya göz açıb. 27 yaşı var.
2005-2009-cu illərdə Azərbaycan
Dillər Universitetinin
tərcümə fakültəsində
(italyan dili) təhsil alıb. Hazırda İtaliyanın
Peruca Universitetinin beynəlxalq
münasibətlər və
reklam fakültəsində
bakalavr pilləsində
oxuyur. Həm də Venesiyanın Ka Foskari Universitetində Azərbaycan dilini tədris edir. Bundan əlavə, həftədə iki saat "Kitabi-Dədə Qorqud" mövzusunda
seminar keçir. Oğlaq
bürcündəndir, inadkar
və ciddi, özünə qarşı
tələbkardır. İncəsənəti, musiqini,
təbiəti və həyatına yeniliklər
gətirməyi sevir. Təşkilati işlərdə fəaldır. "İnter"- "Qarabağ"
oyununda tərcüməçi
olub, amma bu onun futbolla
bağlı ilk tərcüməsi
deyil.
- Necə oldu ki, xaricdə
oxumağa qərar verdiniz?
- Səbəblər
çox idi. Universitetdə oxuduğum müddətdə
dəfələrlə İtaliyaya
dil kurslarına getmişdim.
O zaman oradakı
təhsil imkanları ilə maraqlanırdım.
İtaliyada təhsil almaq
üçün cəhd
etdim. Bir neçə ay ərzində
sənədlərimi toplamaq
üçün universitetə,
tərcümə üçün
notariusa, səfirliyə
müraciət etdim.
Amma o vaxt indiki kimi
deyildi, daha çətin idi. Sənədləri hazırlayıb tərcümə
etdirmək böyük
enerji və maddi vəsait tələb edirdi. İtaliyadan istənilən bəzi sənədləri Azərbaycanda
almaq asan deyildi. Çətinliklə də olsa alındı. Bundan sonra
həyatım və gələcəyim dəyişdi.
İlk iki il İtaliya
dövlətindən təqaüd
aldım, amma hazırda öz vəsaitimlə təhsil alıram.
- Bəs necə oldu ki, İtaliyada Azərbaycan dilini tədris etməyə başladınız?
- Ani oldu hər
şey. O müddətdə
daimi olaraq İtaliyada yaşamağım
da ən vacib amillərdən biri idi. Bu işə
böyük şans kimi baxsam da,
deməliyəm ki, təsadüflə heç
bir əlaqəsi yoxdur. İtaliyanın ən məşhur
universitetlərindən birində
Azərbaycan dilinin tədrisi ideyasının
reallığa çevrilməsində
bir çox insanın əməyi var.
Bildirmək istərdim
ki, fakültə
2013-cü ildə açılıb
və Azərbaycan Respublikası tərəfindən
maaliyyələşdirilir. Ka Foskari Universitetində
təkcə dilimiz tədris olunmur, daimi seminarlar, konfranslar keçirilir, Azərbaycan haqqında araşdırma aparanlara isə hər zaman böyük dəstək göstərilir.
Mən də iki ildir ki, Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm.
- İtaliyada
Azərbaycan dilinə
maraq hansı səviyyədədir?
- Azərbaycan dili universitetdə məcburi fənn olmasa da dilimizə maraq göstərən tələbələr kifayət
qədərdir. Kimi Erasmus proqramı
ilə Azərbaycana gələcəyi, kimi magistratura təhsilini Azərbaycanın öndə
gedən universitetlərinin
birində davam etdirmək istədiyi, kimisi də öncəki illərdə
dərsə gələn
tələbələrin məsləhəti
ilə bu seçimi edir. Bu işdə kəmiyyətdən
çox keyfiyyətə
üstünlük vermək
lazımdır. Tələbələr
dərsdən razı
qalmalı, gələcəkdə
Azərbaycanla təhsil
və ya iş sahəsində bir əməkdaşlıq
qurmağa çalışmalıdırlar.
- Dili öyrədəndə
hansı çətinliklərlə
qarşılaşırsınız?
- İşini sevən
çətinlik sözünü
dilinə gətirməz. Tələbə
bu sevgini müəllimin gözlərində
hiss etməsə dərsə
maraq göstərməz.
Sinfə
daxil olan kimi bütün çətinlikləri, yorğunluğu
qapının arxasında
qoyub təbəssümlə
tələbənin qarşısına
çıxmaq lazımdır.
Hər dərsin əvvəlcədən
planını tuturam, veriləcək suallara hazır olmağa, təkrarlamamağa, dinləyənləri
darıxdırmamağa və
tələbəylə dialoq
qurmaq yolu ilə dərs keçməyə çalışıram.
- İtalyan və Azərbaycan dillərini bilən biri kimi, necə düşünürsünüz, hansı dili öyrənmək daha çətindir?
- İkisi də
eyni dərəcədə
asan və eyni dərəcədə
çətindir. Ünsiyyət qurmaq üçün
öyrənilən elementar
səviyyə asan görünə bilər,
ancaq bir dilə mükəmməl
səviyyədə hakim olmaq,
fikirlərini sərbəst
şəkildə ifadə
etmək üçün
uzun illər lazımdır. Bəzi italyan
tələbələr birinci
dil kimi türk dilini öyrənir.
- Çox maraqlıdır,
italyanların Azərbaycan
haqqındakı bilikləri
nədən ibarətdir?
- Heç tanımayan, yanlış fikirləri olan və daha çox
məlumatlı insanlar
da var. Ölkəmiz, Azərbaycana sərhəd
ölkələr və
dinimiz haqqında soruşurlar. Çalışıram ki, Azəbaycan
həqiqətləri, ölkəmizin
tarixi və sürətli inkişafı
barədə onlara dəqiq və dolğun məlumatlar verim. İş sferasında məlumatlı
insanlar çoxdur.
Azərbaycanla əməkdaşlıq edirlər, biznes imkanlarını qiymətləndirirlər,
ölkəmiz haqqında
elmi- tədqiqat işləri aparırlar.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2015.- 4 aprel.- S.16.