Amerikalı musiqiçi tar, ud və kamançada
Azərbaycan
muğamlarını ifa edib
Azərbaycan
Milli Konservatoriyası tərkibində Musiqi Kollecində IV Beynəlxalq
Muğam Festivalı çərçivəsində
amerikalı musiqiçi Cefri
Verbokla görüş keçirilib. Kollecin direktoru, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov tədbirdə çıxış edərək
bildirib ki, ölkəmizdə ənənəvi olaraq iki ildən
bir keçirilən beynəlxalq muğam festivalı
böyük maraq doğurur. Ölkəmizin mədəni həyatında
böyük əhəmiyyət daşıyan bu möhtəşəm musiqi
bayramı təkcə paytaxt
Bakıda deyil, Azərbaycanın bütün bölgələrində
geniş şəkildə qeyd olunur. Muğam
festivalının böyük əhəmiyyəti olduğunu
vurğulayan N.Kazımov onun Azərbaycan
xalqına məxsus qədim və zəngin musiqi irsinin daha
geniş təbliğində, bu milli sərvətimizin
bütün dünyada tanıdılmasında, eləcə də
onun ümumbəşəri əhəmiyyətinin elmi cəhətdən
araşdırılmasında mühüm rol
oynadığını söyləyib. Muğam sənətinin
müxtəlif mədəniyyətlər arasında dialoq
musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi
irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın əvəzsiz
xidmətləri olduğunu xüsusi qeyd edən Nazim
Kazımov məhz onun fəaliyyətinin
nəticəsi olaraq, artıq dördüncü dəfədir
ölkəmizdə Beynəlxalq Muğam Festivalının
keçirildiyini diqqətə çatdırıb. Bildirib ki,
kollecdəki budəfəki tədbirin qonağı da
festivalın iştirakçısı, amerikalı
musiqiçi Cefri Verbokdur. O, dəfələrlə musiqi
kollecində çıxış edib. Amerikalı
ifaçı bizim milli muğamlarımızı bir
çox ölkələrdə
böyük məmnuniyyətlə təbliğ edir.
Sonra
öz konsert proqramını təqdim edən Cefri Verbok tarda,
udda və kamançada Şur, Segah və Şüştər
muğamlarını ifa edib. Onun ifası tədbirdə
iştirak edən qonaqlara,
müəllim və tələbələrə xoş təsir
bağışlayıb. Cefri Verbok
çıxışında
bildirib ki, ilk dəfə olaraq, 1972-ci ildə 20
yaşında Amerikada Azərbaycan muğamını eşidib
və ona çox xoş gəlib. Qərara gəlib ki,
muğamları ifa etməyi öyrənsin. Xalq artisti Zamiq
Əliyevdən tarda, əməkdar artist Ədalət Vəzirovdan
kamançada çalmağı öyrənib. Sonra öyrənməsini
videokassetlərə baxmaqla davam etdirib. Müntəzəm
olaraq Azərbaycana gəlməyə və burada konsertlər
verməyə başlayıb. "Azərbaycan musiqisinə,
xüsusilə muğamlarına sevgim sonsuzdur. Mən fəxr
edirəm ki, bu muğamları öyrənib başqa xalqın
nümayəndələrinə də
çatdırıram", - deyə Cefri Verbok bildirib. Sonda o tələbələrə
tövsiyə edib ki, Azərbaycan muğamlarının sirlərini
daha dərindən öyrənməyə
çalışsınlar və Azərbaycan milli musiqisini,
muğamlarını dünyada layiqincə təmsil etsinlər.
Daha
sonra musiqi kollecinin Xanım Qaradağlının rəhbərlik
etdiyi konsertmeyster şöbəsinin
tələbələri konsert
proqramı ilə çıxış ediblər. Tələbələr
Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz
Mirişli və başqa görkəmli bəstəkarların
əsərlərini səsləndiriblər.
Konsertin
sonunda Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov Cefri Verboka
kollektiv adından təşəkkürünü bildirib və
ona milli musiqi alətlərimizin təsvirlərindən ibarət
fotoalbom bağışlayıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 4
aprel.- S.14.