Mart soyqırımında ermənilər
30 minə
yaxın azərbaycanlını qətlə
yetiriblər
Tarixçi alim Nəsiman Yaqublunun 1918-ci il mart soyqırımı ilə bağlı müsahibəsi
- Nəsiman müəllim, mart soyqırımı niyə törədildi?
- Mart hadisələri XX əsrdə azərbaycanlılara qarşı ermənilərin kəmiyyət baxımından törətdiyi ən böyük soyqırım hadisəsidir. Çünki həmin hadisələrdə 30 minə qədər günahsız vətəndaşımız qətlə yetirilib. Ona görə də biz bu hadisəni soyqırım kimi qeyd edirik. İkinci bir tərəfdən isə bu, ermənilərin azərbaycanlılara qarşı həm də ərazi iddialarının nəticəsidir. Məlum olduğu kimi, 1917-ci il oktyabr inqilabından sonra Rusiyada hərc-mərclik yaranmışdı. Çünki hakimiyyətə gələn bolşeviklər, başda Lenin olmaqla, bəyan etmişdilər ki, Rusiyada yaşayan xalqlar ayrılıb öz müstəqil dövlətlərini qura bilərlər. Lenin "Xalqların hüquq bəyannaməsi" deyilən sənəd də hazırlamışdı. Məsələn, həmin sənəd əsasında Finlandiya, Polşa, Ukrayna, Latviya, Litva öz müstəqilliyini elan etdilər. Belə bir vəziyyətdə Qafqazda mövcud olan Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seymi əməli addımlar ata bilmədi. Nəticədə Qafqaz xalqlarının müstəqilliyi gündəmə gəldi. Leninin müəyyən dərəcədə zəifliyi, Rusiyada vətəndaş müharibəsi bu prosesi sürətləndirdi. Məlumdur ki, bolşeviklər hakimiyyətə gələndən sonra Qafqaz cəbhəsində müharibə dayanmışdı. Burada vuruşan ordu Rusiyaya qayıtmışdı. Həmin vaxt Qafqaz cəbhəsində türklərə qarşı vuruşan silahlı ermənilər var idi. Çünki I Dünya müharibəsində çox sayda könüllü erməni dünyanın müxtəlif ölkələrindən gəlib çar Rusiyasının ordusuna qoşulur və Türkiyənin müxtəlif ərazilərində- İğdır, Qarsda qətliamlar törədirdilər. Həmin o silahlı erməni dəstələri, təxminən 4 minə yaxını gəlib Bakıya yerləşdi. Soyqırımın əsas təkanverici qüvvəsi bu yerləşmə oldu. Çünki 4 minə qədər silahlı erməni artıq yerli əhaliyə ciddi təhlükə yaradırdı. Həmin vaxt Lenin Stepan Şaumyanı Qafqaz üzrə fövqəladə komissar təyin etdi. Lakin Şaumyan Gürcüstana gedib orada özünə dayaq qazana bilmədi. Bakıya gəldi və özünün qondarma səlahiyyətlərini, planlarını işə saldı. Nə üçün, ona görə ki, Bakıda azərbaycanlıları çar Rusiyası dövründə orduya götürmürdülər. Bakıda Şaumyanın sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait var idi, digər tərəfdən də 4 minə yaxın erməninin Bakıda olması Şaumyanın sərbəst hərəkət etməsinə yol açırdı. Belə bir gərginlik yarandığı anda Rusiyada təhsil alan azərbaycanlı ziyalılar vəziyyətin gərginliyini görüb silahlı dəstələr yaratmağa başladılar ki, xalqı müdafiə etsinlər. Məsələn, həmin dəstənin tərkibində xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev də var idi.
- Həmin dəstənin fəaliyyəti nədən ibarət idi?
- Nargində türk zabit və əsgərləri
saxlanılırdı. Bu tələbələr
ora gedib bir qrup türk
zabitini qaçırıb (xilas edib) gətirirlər
Bakıya. Burada o
zabitlər azərbaycanlılara silahdan
istifadəni öyrədirdilər. Bu əsasən
İsmailliyyə binasında və indiki Salyan kazarmasının yanında məktəbdə
öyrədilirdi. Lakin bir
qədər keçəndən sonra ermənilər
və ruslar bundan xəbər
tutdular. Silahlı dəstə təlimi Lənkəranda
davam etdirməli oldu. Orada Məhəmməd Tağıyev silahla ehtiyatsız davrandığı üçün dünyasını dəyişdi.
Onun nəşini azərbaycanlı
silahlı dəstə (onların sayı az
idi) Bakıya gətirəndə Şaumyan əmr etdi ki, onların hamısı gəmidə
silahsızlaşdırılsın. Dəstə və eyni zamanda yerli
əhali buna etiraz etdi və küçəyə
çıxıb nümayiş keçirdi. Hətta İsmailliyyə
binasında əhali müzakirəyə başladı ki, nəyə görə azərbaycanlılar
silahsızlaşdırılır. Bundan istifadə edən erməni-daşnak
birləşmələri Şaumyanın əmri ilə dinc əhaliyə divan tutmağa başladı. 30, 31 mart
və 1 aprel tarixlərində Bakıda olan əksər mətbəələri, mətbuat
idarəxanalarını, məktəbləri, xəstəxanaları,
məscidləri və hətta İsmailliyyə binasını
da yandırdılar. Hazırda Mirzə
Ələkbər Sabirin heykəli olan yerdə (heykəlin yanında) o dövrdə Kaspi mətbəəsi
yerləşirdi, onu da
dağıtdılar. Artıq bolşevik və
ermənilərin bu hərəkətləri
onlara inamı olan Nəriman
Nərimanovda da bir
şübhə yaratdı. O vaxtlar o, "Hümmət" qəzetində
yazırdı ki, siz vətəndaş
müharibəsini milli qırğına çevirirsiniz.
Bu hadisələrdə ermənilər
azərbaycanlılara qarşı çox
amansızlıq etdilər. Qocaları, körpələri,
qadınları amansızcasına qətlə yetirirdilər.
1918-ci il iyul
ayının 15-də Ələkbər bəy Xasməmmədovun
başçılığı ilə Fövqəladə Təhqiqat
Komissiyası (FTK) yaradıldı. İstintaq
materiallarından məlum olur ki, ermənilər xalqımıza qarşı
nə qədər qətliamlar törətmiş və
amansızlıqlar etmişdilər. Məsələn, həmin komissiya 5 cilddən ibarət materiallar topladı. Mən o materialları
görmüşəm. O dövrdə əhalinin çoxu savadsız olduğundan imza əvəzinə barmaqlarını
mürəkkəbə batırıb
kağıza basırdılar.
Bununla da təsdiq edirdilər ki, doğrudan da ermənilər bizə qarşı bu vəhşiliyi törədib.
- Bu qətliamlar təkcə Bakıda deyildi...
- Məsələ bundadır
ki, bu hadisə
təkcə mart ayında
Bakıda baş verənlərlə yekunlaşmadı.
Bir qədər keçəndən
sonra ermənilər digər bölgələrdə
də belə qətliamları həyata
keçirdilər. Şamaxının
53 kəndində mart-aprel
aylarında Stepan Lalayevin başçılığı
altında 8027 nəfər
qətlə yetirildi, onlardan 4190-ı kişi,
2560-ı qadın, 1277 nəfər
isə körpələr
idi. Ölkəyə vurulan maddi zərər
o vaxtın pulu ilə 339,5 milyon
manata çatmışdı.
Qubada Hamazaspın erməni cəza dəstələri
hücuma keçdi.
O zaman Qubada 20 minə yaxın insan yaşayırdı. Mayın 1-dən
9-na qədər bu qırğınlar davam etdi. 200-ə yaxın
ev tamamilə
dağıdıldı. Təkcə mayın
1-də 713 nəfər qətlə
yetirildi. 122 müsəlman kəndi dağıdıldı. 2800-dən
çox insan qətlə yetirildi.
Eyni zamanda Qarabağ bölgəsində, Şuşada,
Cavanşir və Cəbrayıl qəzalarında
bu hadisələr törədildi.
Şuşanı mühasirəyə almışdılar və
əhaliyə zülm
edirdilər. Bu mühasirə türklərin
Azərbaycana gəlməsinə
qədər davam etdi. 1919-cu il
yanvarın 29-da Xosrov bəy Soltanov oraya general-qubernator təyin edildikdən sonra situasiya sakitləşdi.
FTK-nın verdiyi məlumata görə, təkcə Zəngəzur
bölgəsində 115 müsəlman
kəndini tamamilə dağıtmış, 3257 kişi,
2276 qadın, 2196 uşaq
qətlə yetirilmiş
və ölkəyə
1 milyard manat ziyan vurulmuşdu. Qətliamlara
sentyabrın 15-də türklərin
Bakını azad etməsindən sonra tamamilə son qoyuldu.
Əgər Bakı şəhəri
azad edilməsəydi,
bu qətliamlar davam edəcəkdi. Xalq Cümhuriyyəti dövründə
belə Qarabağ, Zəngəzur bölgələrində
silahlı ermənilər
qətllər törətməyə
meyillənirdilər. Amma Azərbaycan
ordusu bu hadisələrin qarşısını
ala bilirdi.
- Belə bir fakt
var, Britaniya hökuməti Şaumyana maddi yardım edib? Bu fakt nə dərəcədə
doğrudur?
- Əlbəttə, Bakı
Sovetinə, Bakı Xalq Komissarları Sovetinə ingilislər də, ruslar da dəstək verirdi. Amma soyqırımında əsas dəstək Rusiyadan gəlmişdi.
İngilislərin isə Şaumyana
yardımı Bakının
türklər tərəfindən
azad olunması uğrunda gedən döyüşlərdə idi.
- Lenin Şaumyana yazdığı
məktubda bildirir ki, biz yalnız siyasəti fikirləşməliyik.
Amma Şaumyan onun məktubuna məhəl qoymur və qırğınlara başlayır.
Səbəb nə idi?
- Təbii ki, belə məktub var. Amma onun heç
bir əhəmiyyəti
yoxdur. Şaumyanı Zaqafqaziya komissarı
təyin edən Lenin idi. O səlahiyyətləri
Şaumyana elə
Lenin özü vermişdi.
İkinci tərəfdən ermənilərin bir sözü var, hər bir erməni
həm də daşnakdır. Yəni ermənilər
birinci olaraq tapşırığı Daşnyaksütyun
partiyasından alırdı.
- Bu hadisənin kökündə
nə dayanırdı?
- Birincisi, ermənilərin Azərbaycan ərazilərində
özlərinə dövlət
qurmaq istəyi. Çünki onlar bu dövləti Türkiyə
ərazilərində qura
bilmədilər. XIX əsrin sonlarında Zonquldağda, Vanda çoxlu
üsyanlar törətdilər.
Amma oradan torpaq əldə
edə bilməyəcəklərini
başa düşdülər.
Yalnız Daşnyaksütyun partiyasının proqramında
XX əsrin əvvəllərində
edilən dəyişiklikdən
və oraya bir maddə yazılandan sonra (biz yalnız Qafqaz, xüsusilə də azərbaycanlılar yaşayan
bölgədə özümüzə
dövlət qurmalıyıq)
belə hadisələr
sürətlənməyə başladı. 1905-ci ilin fevral ayında
ermənilər türk-müsəlman
soyqırımını törətmişdilər.
1918-ci il onun davamı idi. İkinci bir tərəfdən
isə ermənilər
hər vasitə ilə Rusiyanın təhdidi altında çalışırdılar ki,
Bakı şəhəri
Rusiyanın təsirində
qalsın. Yəni Şaumyanın
Leninlə gizli yazışmaları bunu bir daha sübut
edirdi ki, ermənilərə gizli dəstək verənlərdən
biri də bolşeviklər idi.
Ona görə türklərin 15 sentyabrda
gəlib Bakını
azad etməsi artıq bu hadisələrə
son qoydu, ermənilər
başa düşdü
ki, onlar Bakıda heç bir gücə malik ola
bilməyəcəklər.
-
1919-20-ci illərdə AXC həmin
günü matəm elan etdi. Bəs bu
hadisələri dünyaya
tanıtmaq üçün
hansı işlər görmüşdü?
- O zaman Versal sülh
konfransına gedən
nümayəndə heyətimiz
özləri ilə
mart hadisələrini əks
etdirən yüzə
qədər foto aparmışdılar. Beynəlxalq təşkilatlara
təqdim etmişdilər.
Bu yaxınlarda həmin fotolar Fransadan gətirilib.
- Siz bu hadisələri
araşdıranlardan birisiniz.
Soyqırımı görən insanların
xatirələrini toplaya
bilmisinizmi?
- Mən soyqırımı
görən insanların
bir neçəsi ilə 1988-89-cu illərdə
şəxsən danışmışam.
Bakının kəndlərində yaşlı insanlardan faktlar toplayırdım.
Məsələn, yazıçı Aqşin Babayevin atası Əlisəttar Babayevlə görüşdüm.
O hadisəni görmüşdü,
danışanda nə
qədər həyəcanlanırdı,
ağlayırdı. Deyirdi ki,
biz o vaxtlar uşaq idik. Amma gözümüzün qarşısında atalarımızı,
yaxın adamlarımızı
öldürürdülər. Mən hələ də o qoca kişinin hönkürtülərini unuda
bilmirəm.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2015.- 4 aprel.- S.12.