"Qadın və uşaqların naləsi
dəhşətli idi"
Kəlbəcərin
işğalı ilə bağlı şahidlərin təəssüratları
Azərbaycanın
qədim yaşayış məskənlərindən biri Kəlbəcər rayonunun
ermənilər tərəfindən işğalından
artıq 22 il ötüb.
Zəngin təbii ehtiyatları, müalicəvi mineral suları, buz
bulaqları, uca dağları, gözoxşayan çiçəklərlə
bəzənmiş dağ çəmənlikləri,
nadir ağaclı meşələri ilə
canlı təbiət muzeyi olan Kəlbəcərdən didərgin
düşən yerli
əhali respublikamızın dörd bir yanına səpələnmişdir. Hər
gün vətən həsrəti, vətən
nisgili ilə yaşayan
kəlbəcərlilər ümidlərini üzmür,
doğma dədə-baba yurdlarına
qayıdacaqlarını səbirsizliklə gözləyirlər.
Rayonun işğal ildönümü ərəfəsində Kəlbəcər
təhsil işçiləri ilə söhbətləşməyi,
onların təəssüratlarını öyrənməyi
özümüzə borc bildik.
Mirzə Kərimov,
Kəlbəcər rayon 17
nömrəli
tam
orta məktəbin direktoru
Kəlbəcərdə yerli əhalinin yaxşı tanıdığı şəhər 1 nömrəli orta məktəbdə direktor işləmişəm. Kəlbəcər şəhər 1 nömrəli orta məktəbi, onun fəaliyyəti ilə tanış olan insanların adından deyə bilərəm ki, bu təhsil ocağı respublikanın öndə gedən məktəbi kimi yaddaşlarda qalıb. Axırıncı dəfə işğaldan bir gün əvvəl - aprelin 1-də məktəbə getdim. Ermənilərin atdığı mərmi məktəbimizin bir küncünü tamamilə dağıtmışdı. Bu mənzərə mənə çox pis təsir etmişdi və əfsuslar olsun ki, doğma məktəblə vidalaşmalı olduq. Çox təəssüf ki, müvəqqəti olsa da, belə bir bölgəni itirmişik.
1993-cü ilin aprel ayının 2-si mənim ömrümü sanki yarıda qoyan bir gün kimi həyatıma daxil olub. Həmin gün Kəlbəcər şəhərindəki vertolyot meydançasındakı əhalinin köçürülməsi, dəhşətli ab-hava heç vaxt yaddan çıxan deyil. Erməni hərbçiləri şəhərin Ermənistanla sərhəd hissəsində Qara Qaya adlanan yüksəklikdən top və qrad qurğularından arası kəsilməyən atəşlər edirdilər. Əhali rayondakı vertolyot meydançasına yığışmışdı və çarəsiz insanların köçürülmə prosesi gedirdi. Aprel ayının 2-si günü meydançadakı qadın və uşaqların naləsi ağlasığmaz və dəhşətli idi. Həmin anlar indi də tez-tez yada düşür, yuxularımda gözümün qabağında öz dəhşəti ilə canlanır.
Rayonumuz işğal olduqdan sonra müxtəlif yerlərə səpələndik. Çətinliklə də olsa məktəblərimizi bərpa etdik. Bu gün Bakının Nəsimi rayonunda yerləşən məktəbimiz bir çox uğurlara imza atıb. Məzunlarımız yüksək ballar toplayaraq ali məktəblərə daxil olur. Çalışırıq ki, Kəlbəcərdə qoyduğumuz 1 nömrəli məktəbin ənənələrini burada da davam etdirək.
Bütün kəlbəcərlilər kimi mən də doğma torpaqlarımızın işğaldan azad olması gününün yaxınlaşdığına inanıram. Bu inam ordan doğur ki, güclü ordumuz, yüksək tərəqqi yolunda olan dövlətimiz, öz xalqına arxalanan İlham Əliyev kimi Prezidentimiz - Ali Baş Komandanımız var.
Məhin
Mikayılova,
Kəlbəcər rayon 117
nömrəli tam orta
məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Mən Kəlbəcərin çörəyi, suyu ilə böyümüşəm. Elə əmək fəaliyyətimə də anadan olduğum Nadirxanlı kəndində başlamışam. İşğal gününə qədər də həmin məktəbdə işləmişəm. Qulu Xəlilovun bir sözü var: "Əgər Azərbaycanı bir qızıl üzüyə bənzətsələr onun brilliant qaşı Kəlbəcərdir". Doğrudan da Kəlbəcər əsrarəngiz təbiəti olan bir yerdir.
Ermənilər elan edilməyən müharibəyə başlayana qədər biz çox dinc yaşayırdıq. Müharibə dövründə isə nə qədər ağır şəraitdə yaşasaq da hər bir çətinliyə dözürdük. Beş il mühasirə şəraitində yaşadıq, amma bir gün də olsun işimizi dayandırmadıq. Daim müəllimlər, yuxarı sinif şagirdləri əsgərlərin yanında olurdu. Heç kəsin xəyalına da gəlməzdi ki, bir gün Kəlbəcəri tərk edəcəkdir. Əgər məndən soruşsalar ki, sənin ən ağır günün hansıdır, fikirləşmədən cavab verərəm, Kəlbəcərdən çıxdığım gün. Kəndin 2-3 km yaxınlığında müharibə gedirdi, ancaq heç kəs kəndi tərk etmək istəmirdi. Amma bizim üçün nə qədər çətin olsa da Kəlbəcəri tərk etmək məcburiyyətində qaldıq. Əhali müxtəlif rayonlara paylandı. Biz də Bakıya gəldik. Çox çətinliklərlə qarşılaşdıq, ancaq hər çətinliyə dözdük və bu gün Kəlbəcərə qayıtmağı səbirsizliklə gözləyirik. Hazırda Kəlbəcər rayon 117 nömrəli məktəbdə işləyirəm. Şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə edir, onlara Kəlbəcər haqqında xatirələrimizi danışır, torpaqlarımızın qaytarılacağını deyirik. Bəzən şagirdlərimiz sual verir: "Müəllim, bəs nə vaxt?". Biz bu suala "o gün uzaqda deyil" deyirik.
Şəfi Murtuzayev,
Kəlbəcər rayon 20
nömrəli tam
orta məktəbin direktoru
Kəlbəcərin Zivel kəndində böyüyüb boya-başa çatmışam. Elə həmin kənddə də pedaqoji fəaliyyətə başlamışam. Zivel kəndində 1992-ci ilə qədər məktəbimiz natamam orta tipli idi. Hər gün kəndin üstündən erməni vertolyotlarının uçmasına baxmayaraq, kənd camaatı öz zəhmətləri hesabına bir neçə sinif otağı tikib, həmin məktəbin orta məktəb statusu almasına nail oldular. Lakin cəmi bir il orta məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı öz məzunlarına attestat verə bilmədi. Biz öz doğma kəndimizdən, məktəbimizdən didərgin düşmək məcburiyyətində qaldıq. Həmin günləri ürək ağrısı ilə xatırlayıram. Biz çox çətinliklə də olsa doğma torpaqlarımızdan aralı düşdük. Lakin buna baxmayaraq daim həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayırıq. İşgaldan sonrakı dövrlərdə bir çox çətinliklərlə üzləşmişik. İlk illər bizim üçün daha çətin idi. Belə ki, yeni yaşayış yerlərinə öyrəşə, adaptasiya ola bilmirdik. Lakin bu çətinliklərə sinə gərməyə çalışırıq. Vətənə qayıtmağın yolunu təhsildə, elmdə, inkişafda görürük. Bu məqsədlə Azərbaycanımızın digər bölgələrində kəlbəcərli şagirdlər üçün məktəblər təşkil olunub ki, o məktəblərdən biri də hazırda Abşeron rayon Xırdalan şəhərində fəaliyyət göstərən 20 nömrəli Kəlbəcər rayon tam orta məktəbidir. Həmin məktəbin fəaliyyət göstərməsi üçün vaxtı ilə müəyyən çətinliklərimiz olsa da, yeni məktəb binası tikildi, şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şərait yaradıldı. Bunun nəticəsində bir çox nailiyyətlərimiz, uğurlarımız olub. Lakin bizim ən böyük arzumuz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Kəlbəcərimizi azad edib ora qayıtmaqdır.
Kamil Əsədov,
Kəlbəcər rayon 12
nömrəli
tam orta məktəbin direktoru
Soyuq mart ayının
sonları idi. Kəndimizin camaatı
vəhşi ermənilərdən
canlarını qurtarmaq
üçün Murov
dağını keçməli
idi. Çətinliklə də olsa
biz Murov dağını
aşdıq. Amma
bu bizim üçün həyat
yolu deyildi. Bu yol bizi həsrətə, nisgilə
aparırdı. Artıq 22 ildir
ki, bu gəldiyimiz
yolla geri qayıda bilmirik. Lakin bütün bunlara baxmayaraq sabaha ümidlə baxırıq.
Yaxşı yadımdadır, dərs ilinin axırıncı rübü idi. Bütün müəllimlər
kimi mən də IV rübün başlamasını səbirsizliklə
gözləyirdim. Amma bu belə olmadı, həmin dərs ilimiz də bütün ümidlərimiz,
arzularımız kimi yarımçıq qaldı.
Sonra isə respublikanın müxtəlif yerlərində
məskunlaşdıq. Bizim kimi məktəblərimiz
də diyar-diyar gəzdi. 1993-cü ildə Suraxanı rayonu Yeni Günəşli
qəsəbəsində 12 nömrəli Kəlbəcər
rayon tam orta məktəbi
təşkil edildi və sentyabrdan orada yeni şagird
və müəllim kollektivi ilə işə başladıq.
Sonra isə yerimizi Bülbülə qəsəbəsinə
dəyişdik.
Həyat mübarizə meydanıdır
deyirlər, biz də bütün çətinliklərə
sinə gərib öz şagirdlərimizin
təhsil almasına çalışırıq. Yüksək nəticələr əldə
etmişik.1994-cü ildən indiyə qədər Kəlbəcər rayon 12 nömrəli
tam orta məktəbin
11-ci sinfini 137 nəfər
şagird bitirib attestat alıb. Bunlardan 80 nəfəri ali təhsil
müəsisələrinə qəbul olunub, təhsilini başa vurmuşdur. Kəlbəcərli şagirdlər qaçqınlıqdan
əvvəlki ənənəni
saxlayaraq təhsilə
böyük maraq göstərirlər. Ali təhsil
alan məzunlarımızdan
hazırda 5 nəfər
müəllim bizimlə
çiyin-çiyinə çalışır.
Möhtərəm Prezidentin siyasi xəttini dəstəkləyirik və ümid edirik ki, onun apardığı siyasət nəticəsində torpaqlarımız azad olacaqdır. Biz Kəlbəcərə qayıdıb, 1993-cü ilin yarımçıq qalmış IV rübünü orada bərpa edəcəyik. Buna inanırıq!
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2015.- 4 aprel.- S.12.