Vətəndir

 

Sevdim ümmanların dərinliklərin,

Sonsuz səmaların ənginliklərin,

Vəsf etdim dünyanın gözəlliklərin

Özüm də bilmədim axı nədəndir?

Hər gözəl şerimin ətri Vətəndir.

 

Əzablı yolları keçənlər bilər,

Köhnə yurdun qədrin köçənlər bilər.

Ayrılıq dərdini çəkənlər bilər.

Bülbüllər gül üçün necə ötəndir?

Qürbətdə bir gülün ətri Vətəndir.

 

Aldanma heç zaman mala, dövlətə,

Nə quru bir ada, şana, şöhrətə

Ömrünü bağışla elə, millətə

Dünyanın hər işi gəlib gedəndir

Sərvət də, qeyrət də, şan da Vətəndir.

 

Məni o torpaqlar yandırıb yaxır,

Alışan qəlbimdə  şimşəklər çaxır.

İçimdən şəhidlik qanları axır.

Sevgisiz bir ürək ruhsuz bədəndir

Sevgim də, ruhum da ancaq Vətəndir!

 

Elbəyi MAQSUDOV,

Naxçıvan Dövlət Universitetinin

kafedra müdiri, professor

 

Azərbaycan müəllimi.- 2015.- 4 aprel.- S.13.