Qısa təmsillər

 

Lovğalıq

 

Lovğa pişik tullanıb

Özünü pələng sandı.

Köpəyi görən kimi,

Tez ağaca dırmandı.

  

Asılı qələm

Pencəyin üst cibində,

Qələm gəzdi, öyündü.

...Mürəkkəbi qurtardı,

Artıq əşyara döndü.

 

Başqasının hesabına

Dəvənin ayağında

Səfər etdi qarışqa.

Dedi: - Bu qədər yeri

Kim gəzib məndən başqa?!

 

Qeybət

Məclisdə soğan dedi:

-Sarımsaq acıdildir,

Acı sözü qəlbimdən

Getmir gör neçə ildir!

 

Yağışdan çıxıb...

Baltanın əvəzinə

Meşəbəyi mişardı,

Ağaclar böyrü üstə

İndi səssiz aşırdı.

 

Tağ unuduldu

Vaxtında su verildi,

Qulluq edildi tağa,

Qarpız şişdi, yetişdi,

Tağ salındı tapdağa.

 

Dənizi görəndə...

Dağ çayı kükrəyərək

Özünü qaxdı, çaxdı.

Dənizə qovuşarkən

Bacardıqca lal axdı.

 

Kölgə

Kölgə öz sahibini

Hər addım izləyirdi.

Kölgənin əməlini

Kölgələr gizləyirdi.

 

Ehtiyatlı kenquru

Kenquru balasını

Qoynunda gəzdirərək

Deyir: - İgidin malı

Göz qabağında gərək.

 

Güzgü gileyi

Güzgü deyirdi: - Hər kəs,

Məndə görür özünü.

Gəl ki, görə bilmirəm

Heç vaxt özüm-özümü.

 

Qurd baxışı

Bir gün qurd maskalanıb

Qoyun cildinə girdi.

Onun qurd olduğunu

Baxışları bildirdi.

 

Qayğanağın gileyi

-"Çox tez bişirəm" - dedi

Qayğanaq ona-buna -

"Bəs üçün düşmürəm

Rekordlar kitabına?!".

 

Yalqız  əsa

Evdəki qocaları

Yola salmışdı əsa,

Artıq gərək deyildi

O bu evdə heç kəsə...

 

Mehrəli QULİYEV,

Xaçmaz rayonundakı  Bostançı

kənd tam orta məktəbin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 4 aprel.- S.13.