23 yaşlı dahi
Görkəmli bəstəkar
Asəf Zeynallı barədə qardaşı qızı Elmira Zeynallının təəssüratları
Bu dəfə
"Ömrün gizli
səhifələri"ndə görkəmli bəstəkar
Asəf Zeynallının 23 illik həyatının
və 7 illik
yaradıcılığının səhifələrini vərəqləyəcəyik.
Onu da qeyd
edim ki, aprelin 5-də mərhum bəstəkarın anadan olmasından 106 il ötür. Bəstəkarın qardaşı
qızı ilə görüşməyə gedirəm. Milli
Konservatoriyanın nəzdində Musiqi
Kollecində görüşürük Elmira Zeynallı ilə. O, üzünü
görmədiyi, lakin valideynlərindən,
əmisindən, bacılarından eşitdiyi
mərhum bəstəkarın həyat yolunun
maraqlı məqamlarını
bizimlə bölüşməyə çalışır.
Kollecdə boş auditoriyaların birində
söhbət edirik. Digər otaqlardan birində tarda ifa edirlər. Elə tarın müşayiəti
ilə bu kollecin
müəllimi olmuş Elmira
Zeynallı ilə söhbətə başlayırıq.
- Bildiyim qədər əminizi görməmisiniz...
- Xeyr, o, 1932-ci ildə rəhmətə gedib, mən 1940-cı ildə doğulmuşam. Mənim 3 bacım var idi, onlar əmimi görmüşdülər. İndi hamısı dünyasını dəyişib.
- Asəf Zeynallı Dərbənddə doğulub, sonra Bakıda
yaşayıb. Necə olub ki, Bakıya
gəlib?
- Atamgil 3 qardaş olub, ən kiçiyi
Asəf idi. Asəfin 1 yaşı olanda ataları Zeynalabdin dünyasını dəyişir.
Ataları dünyasını dəyişəndən sonra
nənəm Əsbənd
ailəni çətinliklə
dolandırır. Atam 19-20 yaşında gənc ikən bütün ailənin yükünü götürüb
üzərinə. 1920-ci
ildə atam ailə ilə birlikdə Bakıya köçür. Hələ Dərbənddə
olarkən Asəf peşə məktəbində
oxuyurdu.
- Bəs onda musiqi
istedadı hardan idi?
- Nənəmin gözəl
musiqi duyumu var imiş, özü də yaxşı qarmon çalırmış. Nənəm qarmonda
xalq mahnılarını
ifa edəndə Asəf bütün iş-gücün atıb
ona qulaq asırmış. Bakıda yaşayanda
da keyfi olmadığı zamanlarda
Asəf anasına deyirmiş ki, çal. Ona xoş gəlirdi.
Ona görə də musiqiyə uşaqlıqdan
alışmışdı. Dərbənddə "Realnıy uçiliş"də
(peşə məktəbində)
oxuduğu zamanlarda klarnetdə ifa edirdi.
- Nənəniz və babanız nə işlə məşğul
idi?
- Babam bağban, nənəm evdar xanım olub.
- Asəf Zeynallının
digər qardaşları
da musiqi ilə məşğul olurdu?
- Atam və əmimin musiqi anlayışları yox idi. Əmim hərbiçi olub. O mənə danışırdı ki, bir dəfə Asəflə Təzəpir məscidinin yanından keçirdik. Azan veriləndə, dayanıb qulaq asırdı. Əmim soruşub ki, Asəf, nə oldu? Deyib ki, dayan, sən başa düşməzsən. Deyir ki, azan bitəndən sonra soruşdum ki, niyə durmuşdun. Cavab verib ki, mən onu yazırdım, nota alırdım.
Bir dəfə də deyirdi ki, evdə oturmuşduq. Bayırda bərk külək əsirdi. Tez-tez şahidi olduğumuz güclü Bakı küləklərindən idi. Birdən pəncərə açıldı və pəncərənin şüşəsi gurultu ilə sınıb yerə düşdü. Asəf bu səsi də tez nota aldı və dedi ki, simfoniya yazanda mənə lazım olacaq. Doğrudan da həmin səslərdən Asəfin sonralar orkestr üçün yazdığı 7 süitadan ibarət "Fraqmentlər"də istifadə olunub. Həmin "Fraqmentlər"ə qulaq asarkən bunu ayırd etmək olur. Mən özüm də bunun şahidi olmuşam. 1969-cu ildə Asəf Zeynallının 60 illiyi keçiriləndə rəhmətlik maestro Niyazi bu münasibətlə filarmoniyada Asəfin əsərlərindən ibarət çox gözəl bir konsert təşkil etmişdi. Həmin konsertdə simfonik orkestrin ifasında Asəfin "Fraqmentlər"i də səsləndirildi. Onun bir yerində sanki şüşə qırılıb yerə tökülürdü...
- Bəs Dərbənddən Bakıya köçəndən sonra həyatları necə olub?
- Qardaşının musiqiyə olan marağını görən atam deyir ki, gedək Bakıya, Asəfi Üzeyir bəyə (Üzeyir Hacıbəylini nəzərdə tutur) göstərim. Bakıya gəlirlər, əmimi 9 illik məktəbə qoyurlar. Orda oxuyur, həm də eyni zamanda əsər də yazır. Atam gətirir onu Üzeyir bəyin yanına, onun da xoşuna gəlir. Deyir ki, gəlsin musiqi kollecində oxusun. Asəf truba üçün əsər yazır, konsertdə ifa edir və hamı tərəfindən bəyənilir. Kolleci bitirəndən sonra konservatoriyaya daxil olur. İlk peşəkar bəstəkardır ki, konservatoriya bitirib. Orda da müəllimlər onun istedadına heyran idi. Leopold Rostropoviçdən (Mstislav Rostropoviçin atası) dərs alıb. Pianinoda, klarnetdə, trubada, tarda, violençeldə çalırdı. Tələbə ola-ola özü də konservatoriyada dərs deyirdi. Onun tələbələrindən Tofiq Quliyev, Cövdət Hacıyev, Qara Qarayev, Əminə Dilbazinin adını çəkə bilərəm.
- Tofiq Quliyev, Qara Qarayev Asəf Zeynallı barədə nə danışırdılar?
- Tofiq Quliyev
deyirdi ki, Asəf müəllimi çox
sevirdik. Asəf müəllim hara gedirdi, onun dalınca
gedirdim. Fəxr edirdim ki, onun tələbəsiyəm.
- Ən yaxın
dostları kimlər idi?
- Ən yaxın dostları aktyor Hüseynqulu Sarabski, həkim Fuad Əfəndiyev, dirijor Əşrəf Həsənov,
bəstəkar Səid
Rüstəmov, violençel
çalan Ələkbər
Daşdəmirov olub. Bülbül
ilə çox yaxın idi, "Ölkəm" romansını
demək olar ki, Bülbülə həsr edib. Cəfər Cabbarlı ilə münasibəti olub.
Asəf onun əsərlərinə
musiqi yazırdı və teatrda tamaşaya qoyurdu.
- Bəstəkar olaraq hansı ilklərə imza atıb?
- Təhsil ala-ala əsərlər yazırdı. Azərbaycanda romans, uşaq süitası janrlarının banisi Asəf Zeynallıdır. Skripka üçün əsəri də ilk dəfə o yazıb. 1928-1931-ci illər onun yaradıcılığının ən gözəl illəridir. "Fraqmentlər süitası" simfonik əsərini o dövrdə yazır. Leninqrada konsertə gedirlər, onun da əsərləri çalınır, eyni zamanda əsərlərinə dirijorluq da edir.
- Eşitdiyimə görə, Asəf Zeynallı o dövrdə tarı müdafiə edənlərdən biri olub. Buna görə onun üçün hansısa problemlər yaranıbmı?
- Elədir, Asəf o zamanlar tarı çox tərifləyib. Hətta "Tarın müdafiəsi" adlı məqalə də yazıb və burada tarı ləğv etmək istəyənlərə ciddi etirazını bildirir. Xalq Komissarlığına gedir və çıxış edir. Evdə ailəsi də qorxur ki, gedərsən sənin üçün pis olar. Amma əmim heç kimin sözünə baxmır, gedir. Anam rəhmətlik danışırdı ki, o müdafiədən gələnə qədər nə çəkdik, bir Allah bilir. Amma çıxışı çox yaxşı keçir. Onu da deyim ki, 1937-ci ilə qədər yaşasaydı, yəqin repressiya qurbanı olardı.
- Nəyə hirslənərmiş?
- Düzgünlük olmayanda əsəbiləşirmiş. Ailəyə çox mehriban adam olub. Dərbənddə bizim üzüm bağlarımız olub. Qızları (bacılarımı) aparırdılar ora. Ələkbər Daşdəmirova yazdığı məktubda əmim deyirdi ki, qızlara baxıb elə sevinirəm. Anam danışırdı ki, o pianinoda çalanda kimsə mane olurdusa əsəbiləşirdi. Qapını bağlayırdıq ki, uşaqlar mane olmasın.
- Musiqidən kənar nə ilə məşğul olurmuş?
- İdmanla məşğul olur, çimərliyə gedib üzməyi sevərmiş. Universitetə girmək, dil, fəlsəfə öyrənmək istəyirmiş. "Musiqi nəzəriyyəsi" kitabının 3 müəllifindən biri idi.
- Bəs ölümünə səbəb nə idi?
- 1932-ci ildə Bülbül əmimə deyir ki, gəl gedək Qarabağa, orada xalq mahnılarını nota alaq. Mən oxuyum, sən nota al. Əmim getmək istəmir, çünki vaxtı yox idi. Teatrda əsərlərə musiqilər yazırdı. Həm də ictimai işlərlə məşğul idi. Sonra onu konservatoriyadan Qarabağa göndərirlər, onlarla birlikdə Bülbül də gedir. 50-dən çox xalq mahnısını nota alırlar. Ordan qayıdanda yolda xəstələnir, qarın yatalağına tutulur. Gəlir xəstəxanaya, amma xəstəxanadan çıxmır.
- Bülbül onunla Qarabağdaki səfərindən nə danışıb?
- Heç nə demirdi. Bircə onu deyirdi ki, nəsə yeyib, ona toxunub.
- Son günlərini necə xatırlayırdı ailəniz?
- "Bakı" simfoniyasını yazmaq istəyirdi. Fraqmenti yazmışdı, qalmışdı simfoniya. Xəstəxanada olduğu zamanlarda divara notlar yazırmış, soruşanda deyirmiş ki, bu mənim simfoniyam olacaq.
- Ölümündən sonra nənəniz...
- Nənəm çox pis keçirib onun vəfatını. Bacılarım deyirdi ki, onun vəfatından sonra səs sala bilmirdik. Nənəm qoymurdu. Xeyli vaxtdan sonra, qardaşım doğulanda nənəm təskinlik tapdı. Amma 1942-ci ildə dünyasını dəyişdi. Hələ anam danışırdı ki, dostları onun ölümünə inanmırdı. O, rəhmətə gedəndən sonra Hüseynqulu Sarabski özünü saxlaya bilmirdi, elə hey ağlayırdı. Asəf gənc qızların da sevimlisi olub. Kövkəb Səfərəliyeva (Milli Konservatoriyanın nəzdində Musiqi məktəbinin direktoru) ilə yaxın dost olublar. Hətta deyilənlərə görə Kövkəb xanımın ondan çox xoşu gəlib, sevib Asəfi.
- Elə mən də onu soruşmaq istəyirdim ki, Asəf müəllimin istədiyi xanım olub?
- Kövkəb xanım, Marqarita Yepifanova, Xurşid Ağayeva, daha bir çox xanımların Asəfdən ötrü ürəyi gedirdi. Amma Kövkəb xanım onu istəyirdi. Ona görə də heç bir zaman evlənmədi. Asəfin vəfatından sonra bizə tez-tez gələrdi. Asəfə gəldikdə isə Leninqrada konsertə gedəndə bir rus qızından xoşu gəlmişdi. Nənəm o qızla evlənməsinə icazə vermirdi.
- Bəs o qızın adı, sənəti nə idi?
- Musiqiçi idi, nədə ifa edirdi, bilmirdik. Amma dəfninə gəlmişdi.
Anam deyir ki, görən
kimi başa düşdük həmin qızdır. Yaxşı qarşıladıq.
- Bildiyim qədər konservatoriya bir müddət onun adını daşıyıb
- O rəhmətə gedəndən
sonra Üzeyir bəy belə qərara gəldi ki, konservatoriyanı Asəf Zeynallı adına eləsinlər.
Konservatoriya 1948-ci ilə qədər
- Üzeyir bəyin vəfatına qədər
əmimin adını
daşıdı. Sonra
gəlib atamdan icazə istədilər ki, konservatoriya Üzeyir bəyin, onun nəzdindəki musiqi kolleci isə Asəf Zeynallının adına
olsun. Atam dedi ki, söz
ola bilməz,
elə də olmalıdır.
- Sizə ondan nələr qalıb?
- Ağ-qara şəkilləri,
notları, tamamlanmamış
simfoniyası, fraqmenti.
- Ailənizdə adını
daşıyan varmı?
- Bəli, əmimoğlu Asəf onun adını daşıyır.
Amma təəssüf ki, heç biri musiqi sənətini davam etdirmədilər.
- Dərbənddəki evdə
olmusunuz?
- O evdə indi başqaları yaşayır.
Mən Dərbənddə olanda gedib o evə də baxdım. Onun 60 illiyində Dərbənddə
konsert verdik. Təəssüf ki, orada ata tərəfdən qohumlarımız qalmayıb.
Bu yerdə müsahibəmiz
yekunlaşır. Elmira xanıma
təşəkkür edib,
sağollaşıram.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2015.- 4 aprel.- S.11.