"Universitetimizdə tələbələrin
tədqiqatçılıq fəaliyyətinə
cəlb olunması
yüksək səviyyədədir"
Niderland Krallığının
Eyndhoven Texnologiyalar
Universitetinin tələbəsi Emin
Ələsgərov ilə söhbət
Emin Elmar oğlu Ələsgərov 1991-ci il
fevralın 12-də Bakı şəhərində anadan
olub. "Dədə
Qorqud" Özəl Türk Liseyini bitirib. Ali məktəblərə qəbul
imtahanlarında I qrup üzrə 591 bal toplayaraq Bakı Dövlət
Universitetinin informatika ixtisasına qəbul olunub. Bir il bu universitetdə təhsil
aldıqdan sonra "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Cənubi Koreyanın Yüksək Elm və Texnologiyalar
Universiteti (KAİST)
üçün keçirilən müsabiqəyə
qatılıb və seçilmiş 9 namizəd arasında yer
alıb. 2009-2014-cü
illər ərzində həmin universitetdə kompüter elmləri
üzrə bakalavr təhsilini müvəffəqiyyətlə
başa vurub. Hazırda Dövlət
Proqramı çərçivəsində Niderland Krallığının Eyndhoven Texnologiyalar Universitetində
kompüter elmləri ixtisası üzrə magistr təhsili
alır. E.Ələsgərovla
söhbətimizə orta məktəb illərindən
başladıq.
"Gələcəyimi
bu sahədə görürdüm"
Orta təhsilimi əla
qiymətlərlə bitirmişəm. Mənim
üçün bu prinsipial əhəmiyyət
daşıyırdı. Bir sıra fənlər üzrə tərifnamələrlə
təltif edilmişəm. Riyaziyyat, fizika və tarix fənlərini
digər fənlərə nisbətən daha çox oxuyardım. İxtisas seçimi mənim üçün
çətin deyildi, çünki gələcəyimi
informasiya texnologiyaları sahəsində görürdüm və
mənə bu seçimdə valideynlərim çox
böyük bir dəstək olub.
İxtisas
seçimi zamanı
Cənubi Koreyanın İKT sahəsində son illər
ərzində əldə etdikləri nailiyyətlər və
bu ölkədə həmin sahəyə olan maraq mənim
üçün həlledici amil oldu.
Dövlət Proqramı çərçivəsində
bu ölkənin İT sahəsində bir nömrəli
sayılan KAİST
Universitetinə müsabiqə elan olunanda bunu
gözəl bir şans olaraq qəbul etdim və fürsəti
qaçırmadım. Ailəm elmə olan sevgimi daima dəstəkləyib
və mənim xaricdə təhsilimi davam etməyimi çox gözəl
qarşılamışdı.
Niderland
Krallığının Eyndhoven Texnologiyalar Universitetində
magistr təhsilimi davam etdirməyi, kompüter elmləri sahəsinin
müəyyən aspektləri üzərində tamamilə
profilləşmək imkanı kimi görürəm və bir daha mənə
yaradılmış bu fürsətə görə dövlətimə
böyük təşəkkürümü bildirirəm.
Dövlət Proqramına müraciətim
çox operativ və rahat keçdi
Magistr pilləsi üçün Dövlət
Proqramına müraciətim 2014-cü ilin iyun ayında
baş tutdu. Əvvəlki illərə
nisbətən sənəd qəbulu artıq internet üzrə
aparılırdı, biz namizədlər, sadəcə tələb
olunan sənədləri düzgün şəkildə tərtib
edib vaxtında Proqram üçün yaradılmış
internet səhifəsinə göndərməliydik.
Göndərdiyim sənədlər qısa müddət ərzində
Təhsil
Nazirliyinin müvafiq şöbəsi tərəfindən
nəzərdən keçirildi və növbəti,
müsahibə mərhələsinə dəvət aldım. Müsahibə zamanı bir sıra psixoloji və
texniki suallar aldım. Hər
birinə dəqiq və hərtərəfli cavab verməyə
müvəffəq
oldum. Müsahibədən sonra 3 saat ərzində Dövlət Proqramına qəbul
olunduğumu internet səhifəsindən öyrəndim.
Seçim prosesi şəffafdır və mən əminliklə
söyləyə bilərəm ki, layiq olan namizəd mütləq
öz şansını əldə edəcək. Dövlət
Proqramına müraciətim şəxsən mənim
üçün çox operativ və rahat keçdi.
Cənubu Koreyadan Niderland
Krallığına
Özümü çox şanslı tələbələrdən
hesab edirəm.
Çünki bakalavr təhsilimi Cənubi Koreyanın İKT
sahəsində ən güclü universitetində almışdım və
hazırda Niderland Krallığının həmin sahə
üzrə iki ən güclü universitetindən biri
sayılan Eyndhoven Texnologiyalar Universitetində təhsilimi davam
etdirirəm.
Eyndhoven Texnologiyalar Universitetini seçəndə bir
sıra amillərə fikir vermişdim. İlk
növbədə, kompüter elmləri ixtisasında tədris
olunan dərslər, universitetin İKT sahəsi üzrə
dünyada reytinqi və professor heyəti, tələbə
şəhərciyi və mövcud olan elmi-tədqiqat
bazası. Eyni zamanda qeyd etmək istərdim ki, bu
universitet dünyanın 7 ən innovasiyalı regionlarından
biri sayılan "Brainport" ərazisində yerləşir
və təhsil alan tələbələr
üçün həmin regionda fəaliyyət göstərən
bir sıra dünya səviyyəli şirkətlərdə
geniş imkanlar yaradır.
Xaricdə təhsil alırsansa, aktiv tələbə həyatına
hazır olmalısan. Ölkədəki həyat tərzi səni
bir çox məsələləri paralel görməyə məcbur
edir, ona görə gündəlik, həftəlik qurduğum cədvəllər
mənim işimi daha rahat edir. Semestr boyunca,
vaxtımın əsas hissəsini ev
tapşırıqlarına, proyektlərə sərf edirəm.
Həftənin müəyyən günlərində idmanla məşğul
oluram, xarici tələbələrlə müxtəlif mövzularda fəal
tədbirlər keçiririk. Tətil zamanı
Avropanın görmək istədiyim tanınmış şəhərlərini
gəzirəm.
Eyndhoven əsl tələbə şəhəridir. Elmi-tədqiqat
və sənaye müəssisələrinin sayı kifayət
qədər çoxdur. Türkdilli icma burada böyük bir sayda təmsil
olunur, ona görə bizə doğma sayılan bir çox ərzaq,
sursat asanlıqla tapıla bilər.
"Bolonya prosesi Avropada
özünü doğruldub"
Bolonya prosesi Avropada özünü kifayət qədər
doğruldub. Tələbənin obyektiv qiymətləndirilməsi
burada prioritet məsələ hesab olunur və Bolonya sistemi
buna tam şərait yaradır. Digər tərəfdən,
Avropa təhsil mərkəzləri bu sistemə intellektual, mədəni,
sosial və elmi-texniki potensialın formalaşması və
möhkəmlənməsi kimi baxırlar. Məzunların
işlə təmin olunması bu sistemin əsas məqsədlərindən
biridir və ali təhsili başa vurduqdan
sonra bir çox proqramlar qısa müddət ərzində
iş tapmağa imkan verir.
Xaricdə
təhsilin əsas üstünlüyü bir insanın bir
şəxsiyyət olaraq hərtərəfli özünü inkişaf etdirə bilmək imkanıdır. Xarici tələbələrlə daima münasibətdə
olmaq, ünsiyyət qurmaq bizə
bir çox məsələlərə fərqli bucaq
altında baxmağı öyrədir. Onlar ilə
apardığın diskussiyalar, debatlar səndə müəyyən
fikirlər və özünəməxsus prinsiplər
formalaşdırır.
Mühazirələrə qatılmaq
məcburi deyil
Tədris mühiti kifayət qədər sərbəstdir. Burada heç
kəs sənin arxanca qaçmayacaq və oxumağa məcbur
etməyəcək. Əgər burdasansa,
demək bu təhsil müəssisəsindən nə istədiyini
dəqiq bilməlisən. Mühazirələrə
qatılmaq məcburi deyil, amma qaçırdığın hər
bir mühazirə
tədris olunan mövzunu anlamağı daha da
çətinləşdirir. Bu, magistr pilləsində özünü daha
qabarıq şəkildə büruzə verir. Mühazirə materialları, hər bir fənn
üçün ayrıca açılmış və
universitetin ümumi portal sisteminin bir parçası olan
internet səhifələrdə yerləşdirilir və
asanlıqla əldə oluna bilər. Eyndhoven Texnologiyalar Universitetində
tədris ili 4 rübə bölünüb və hər bir
rüb 2 aydan ibarətdir. Hər rübün
sonunda imtahan sessiyası təşkil olunur və rüb boyunca
tədris olunan fənlərə beləcə yekun vurulur.
Elə fənlər də var ki, onlardan aldığın qiymət
yalnız rüb boyunca yerinə yetirdiyin ev
tapşırıqlarının, qrup proyektlərinin ortaq qiymətinə
əsaslanır.
Prosesə
nəzarət üçün
fənni tədris edən bir nəfər müəllim və
2-3 digər ixtisaslı professor
heyəti dəvət
olunur. İmtahan keçirilən otaqlar adətən kamera və
mikrafon ilə təchiz olunur və kimdənsə yardım
almaq,
köçürtmək kimi məsələlər
ciddi nəzarətdə saxlanılır və
araşdırılır. Plagiatizm Avropada
heç bir şəkildə qəbul olunmur. Universitetimizdə tələbələrin
tədqiqatçılıq fəaliyyətinə cəlb
olunması yüksək səviyyədədir. Qeyd edim ki, tələbələrin
elmi tədqiqat işlərinə cəlb olunmasına görə
Eyndhoven Texnologiyalar
Universiteti ölkənin tədris mərkəzlərinin
reytinqində top mövqedə qərarlaşıb. Bir çox halda tələbələr
tərəfindən yazılan tezis və dissertasiyalar müəyyən
tədqiqat mərkəzlərinin birində apardıqları
elmi işlərə söykənir. Universitetin kampus ərazisində
bir sıra
laboratoriyalar tələbələrin
ixtiyarına verilib. Eyni zamanda, "Philis Research",
"Philips Healthcare", "ASML Research" və s. kimi tədqiqat
mərkəzləri bizim universitet ilə çox gözəl
münasibətdədir və tələbələr
üçün bir sıra imkanlar yaradır.
"Ölkəmizi hərtərəfli təmsil
etməyə çalışıram"
Azərbaycan
gənci dünyanın hansı ölkəsində olur-olsun, diasporamızın fəaliyyətində,
ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq
birliyə çatdırılmasında, təbliğində fəal
olmalıdır. Müsahibimiz
istər Koreyada, istərsə də Niderland
Krallığında bu sahədə aktiv fəaliyyət göstərən
tələbələrimizdəndir.
Azərbaycan diasporası ilə əlaqələrim hər
zaman gözəl olub. Cənubi Koreyada oxuduğum müddət ərzində,
"BUTA" tələbə təşkilatında iki il
ərzində idarə heyətinin
üzvü, daha sonra bir il sədr müavini vəzifəsində
çalışdım və bu müddət ərzində Cənubi
Koreyadakı Azərbaycan səfirliyinin dəstəyi ilə
keçirilmiş tədbirlərdə, ölkəmizin zəngin
tarixi və mədəniyyəti haqqında yerli ictimaiyyətə
hərtərəfli məlumat çatdırmışdıq.
Bundan əlavə, oxuduğum hər iki universitetdə
keçirilən bütün mədəniyyət, elmi festival və
sərgilərə qatılıb
ölkəmizi hərtərəfli təmsil etməyə
çalışmışam. Mənimlə bərabər bu işlərdə
çalışan və əlindən gələni əsirgəməyən
sadə və gözəl azərbaycanlı tələbə
yoldaşlarıma öz dərin təşəkkürümü
bildirirəm.
Təhsildə uğur və gələcək
planlar barədə
İlk
növbədə qarşıya dəqiq və real məqsəd qoymaq vacibdir. Bu məqsədə
çatmaq üçün bütün resursları
araşdırmaq və məqsədə doğru aparan yolda qarşına
çıxacaq əngəllərdən qorxmamaq,
eyni zamanda çoxlu sual vermək və aldığın
cavabları analiz edib alternativ variantlar ilə müqayisə
etmək gərəkdir. Amma hər şeydən
öncə, tələbə oxuduğu sahədən və fənlərdən
zövq almalıdır, əks halda, heç bir motivasiyadan
söhbət gedə bilməz.
Magistr pilləsini əla qiymətlər ilə bitirmək
üçün çalışıram. Məzun olduqdan sonra Azərbaycana
qayıdıb, əldə etdiyim nəzəri bilikləri real sənaye mühitində
praktiki nəticələrə çevirmək istərdim. Hər
iki xarici ölkədə əldə etdiyim bilikləri və
təcrübəni Azərbaycanda təhsil alan
tələbələr ilə bölüşməyi
özümə bir növ borc bilirəm, bunun
üçün tədris müəssisələrində dərs
deməyi də planlaşdırıram. İxtisasım
üzrə maraqlı və innovasiyalı mövzu üzrə
müdafiə işi yazıb PhD dərəcəsini qazanmaq gələcəkdə
qarşıma qoyduğum əsas məqsədlərdən
biridir.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 4 aprel.- S.6.