Psixologiya elminin korifeyi
Görkəmli psixoloq Əbdül Əlizadə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
fərəhli uğurlarında, vüsətli
inkişafında və mənəvi həyatında
özünəməxsus yeri olan nadir
alim-pedaqoqlarımızdan biri olmuşdur. Mənalı həyatını
ilhamlı əməksevərliklə qeyri-adi
bir elmə həsr etmiş
bu elm fədaisi Azərbaycanda
psixologiya elminin
inkişafında əvəzsiz rol
oynamışdır.
Onun həyat yolunun ilk mənalı mərhələsi 1950-ci ildən - Azərbaycan Dövlət Universitetinin tələbəsi olmaq şərəfinə nail olduğu gündən başlayır. 50-ci illərdə Azərbaycan Dövlət Universiteti öz həyatının müharibədənsonrakı qaynar günlərini yaşayırdı. Ə.Əlizadə hörmətli müəllimlərini - respublikanın elm korifeylərini - Mir Cəlal Paşayevi, A.Qarayevi, A.O.Makovelskini, F.Qasımzadəni, M.C.Cəfərovu, B.Vahabzadəni, M.Təhmasibi, M.Hüseynzadəni, A.Zamanovu, M.Məhərrəmovu həmişə minnətdarlıq hissi ilə xatırlayırdı.
Sözügedən görkəmli alimlərlə unudulmaz görüşlər Əbdül Əlizadə üçün bir məktəb idi. Bu məktəbdə o, böyük ziyalı mədəniyyətinin qaynaqlarını mənimsədi və bütün həyatı boyu onun ab-havasında yaşadı. Tələbələri elmə çağırış və elmə məhəbbət ruhunda tərbiyə etmək bu "məktəbin" müqəddəs məramı idi.
Əbdül Əlizadənin elm dünyası da ilk növbədə, bu qeyri-adi mühitdə yaranmışdı. O, III kurs tələbəsi ikən özünün ilk sanballı əsərini yazmışdır və bu əsər universitetdə TEC-in əsərlərində nəşr olunmuşdur.
ADU-nu fərqlənmə diplomu ilə bitirəndən sonra o, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində psixologiya və pedaqogika müəllimi kimi fəaliyyətə başlamışdır. Məktəbdə qaynar yaradıcılıq mühiti gənc müəllimin elmə olan marağını daha da artırırdı. Onun yaradıcılıq psixologiyası haqqında ilk məqalələri də elə rəssamlıq məktəbində yazılmışdır.
1957-ci ildə Ə.Əlizadəni "Azərbaycan məktəbi" jurnalında işləməyə dəvət etdilər. Onun həyat yolunda mahiyyətcə yeni mərhələ başladı. Redaksiyada işlədiyi müddət ərzində bir tərəfdən elmi yaradıcılığın metodologiyası və metodikasını mənimsədi, digər tərəfdən respublikanın seçilən alim-psixoloq və pedaqoqlar mühitinə qovuşdu. Əbdül Əlizadənin akademik M.Mehdizadə, A.Abbaszadə, Ə.Seyidov, M.Muradxanov, A.Abdullayev, Ş.Ağayev, R.Hüseynov kimi görkəmli alim və jurnalistlərlə elmi-yaradıcılıq əlaqələri özü-özlüyündə təsirli yaradıcılıq amilinə çevrildi.
Beləliklə, 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Azərbaycan psixologiya elminə öz dəst-xətti, öz nəfəsilə seçilən istedadlı və əməksevər bir alim gəldi. Onun uğurlarını elm aləmində layiqincə dəyərləndirməyə başladılar.
Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ - təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı.
Bu gün iftixarla demək olar ki, 60-cı illərdə koqnitiv psixologiyanın müəyyən səhifələri məhz Azərbaycanda yazılmışdır və bu işdə görkəmli psixoloq-alim Əbdül Əlizadənin xidmətləri böyükdür.
Ə.Əlizadə yaradıcılığın sirlərini arayıb-araşdırırdı. Bu yolda onun diqqətini ilk növbədə XX əsrin böyük psixoloqu Z.Freydin əsərləri cəlb etdi. O zaman, ideoloji meyarların hökm sürdüyü bir şəraitdə Z.Freydin əsərlərinə müəyyən qadağalar qoyulsa da, istedadlı psixoloq bu tilsimi sındırdı və onun axtarışlarında Freyd səhifələri açıldı. O, Z.Freydin şah əsərlərini "Leonardo do Vinçi", "Yuxuların yozulması" və s. səylə öyrəndi. Onu tədricən psixoseksual inkişaf məsələləri maraqlandırmağa başladı. Bu öz-özünə pöhrələnən maraq sonralar onun yaradıcılığının başlıca səhifələrindən birinə çevrildi. 60-cı illərdə Ə.Əlizadənin bu problemə həsr olunmuş bir neçə kitabı nəşr olundu.
Psixoseksual inkişaf problemi, bir qayda olaraq, tibbi fizioloji kontekstdə araşdırılırdı. Ə.Əlizadə problemə yeni baxımdan, psixoloji baxımdan yanaşdı və onu şəxsiyyət psixologiyası kontekstində tədqiq etdi. Bu, Azərbaycan psixologiyasının uğurlu nailiyyətlərindən birinə çevrildi.
1975-ci ildə Ə.Əlizadə "Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi. Ə.Əlizadənin doktorluq dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə idi. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət - cinsi fərqlər psixologiyası istiqaməti yarandı və uğurla inkişaf etməyə başladı. Bundan başqa, onun çoxcəhətli araşdırmaları nəticəsində psixi (psixoloji) cins konsepsiyası formalaşmışdı. Bu problem dünya psixologiyasının aktual problemləri sırasında xüsusi yer tutur. Müasir şəraitdə geniş tədqiq olunan gender probleminin, onun sosioloji, psixoloji və pedaqoji məsələlərinin öyrənilməsi məhz bu araşdırmalara söykənir.
Ə.Əlizadə özünün nəzəri-eksperimental axtarışlarını məharətlə praktika ilə, ilk növbədə, məktəb təcrübəsi ilə üzvi surətdə əlaqələndirmişdir.
1964-cü ildə dövrün psixoloji fikrini sistemli əks etdirən sanballı "Psixologiya" dərsliyi nəşr olunmuşdur. Onun altı müəllifindən üçü respublikanın qocaman psixoloqları (Ə.Zəkuzadə, F.İ.İbrahimbəyov və M.Məhərrəmov), üçü isə istedadlı gənc psixoloqlar (Ş.Ağayev, Ə.Bayramov və Ə.Əlizadə) idi. 1968-ci ildə Ə.Əlizadənin professor Y.Ş.Kərimovla birlikdə yazdığı "İlk addımlar" (məktəbəqədər uşaq müəssisələri üçün), 1986-cı ildə Ə.S.Bayramovla birlikdə yazdığı "Sosial psixologiyanın aktual məsələləri", 1989-cu ildə isə fundamental "Psixologiya" dərsliyi (professor Ə.S.Bayramovla birlikdə) nəşr olundu. Ə.Əlizadə IX və X siniflər üçün "İnsan və cəmiyyət" dərsliyinin də həmmüəllifidir. Bu dərslik Azərbaycan və rus dillərində iki dəfə nəşr olunub.
80-ci illərdə Azərbaycan məktəblərində psixoloji xidmətin təşkili sahəsində eksperimentlər aparılırdı. Azərbaycan psixologiyası salnaməsində bu eksperimentlər Bakı eksperimentləri kimi məşhurdur. Professor Ə.Əlizadə Bakı eksperimentlərinin elmi məsləhətçisi kimi onların təşkilində yaxından iştirak etmişdir. Onun böyük səyi nəticəsində bu gün respublikanın təhsil müəssisələrində psixoloji xidmətin geniş şəbəkəsi yaradılmış və uğurla inkişaf etməkdədir. 80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir fənn - "Ailə həyatının etikası və psixologiyası" fənni tədris olunmağa başlandı. Yeni fənnin komissiyası yaradılmalı idi. Professor Ə.Əlizadə professor A.Almazovla birlikdə bu önəmli elmi-psixoloji vəzifəni uğurla həll etdilər. Onlar Azərbaycan ailəsinin xüsusiyyətlərini araşdıraraq qısa müddət ərzində fənnin tədris-metodiki kompleksini - fənnin orijinal proqramını, dərslik, müntəxəbat və tədris metodikasını yaratdılar. Bu, Azərbaycan təhsilinə müəlliflərin böyük elmi-metodik töhfəsi idi.
90-cı illərin əvvəllərində "Azərbaycan müəllimi" qəzetində professor Əbdül Əlizadənin müasir təhsil konsepsiyasına həsr olunmuş silsilə məqalələri dərc olundu. Məqalələrdə müasir təhsil nəzəriyyəsinin paradiqmaları ilk dəfə ətraflı açıqlanmış və elmi-nəzəri təhlilini tapmışdır. Bu məqalələrin materialları əsasında Ə.Əlizadənin "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri" monoqrafiyası nəşr edilmiş və sonsuz maraqla qarşılanmışdır. Sözügedən dövrdə onun "Yeni pedaqoji təfəkkür" (Bakı, 2001) monoqrafiyası da işıq üzü görmüşdür.
Əməkdar elm xadimi Ə.Əlizadənin elmi-pedaqoji fəaliyyəti çoxcəhətli olsa da, o, həmişə özünü təvazökarlıqla psixologiya müəllimi hesab edirdi. Bir fakt şəksizdir: professor Ə.Əlizadə Azərbaycanın xarici ölkələrdə tanınmış görkəmli psixoloq-alimi idi. Onun elmi fəaliyyəti pedaqoji fəaliyyəti ilə qırılmaz tellərlə bağlıydı.
Ə.Əlizadənin müəllim kimi fəaliyyəti son dərəcə səmərəli olmuşdur. Onun mühazirələrinin elmi-nəzəri və metodik səviyyəsi özünün intellektual yükü, parlaqlığı ilə həmişə seçilmişdir.
Əbdül müəllim psixologiya elmini sevimli tələbələrinə ilhamla öyrədirdi. Onun tələbələri sırasında tanınmış psixoloq-alimlər və pedaqoqlar, əməkdar müəllimlər, elmlər doktorları və fəlsəfə doktorları var.
Professor Ə.Əlizadə universitetin "Elmi xəbərlər"inin (psixologiya və pedaqogika seriyası) baş redaktoru, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvi kimi də səmərəli fəaliyyət göstərmişdir. O, psixologiya üzrə nəşr edilmiş onlarla kitabın redaktoru və rəyçisi olmuşdur. Əbdül Əlizadənin bənzərsiz şəxsiyyəti onun çoxcəhətli səmərəli elmi-pedaqoji fəaliyyətinin başlıca qaynağıdır. O, bir şəxsiyyət kimi təkrarolunmaz idi. Onun şəxsiyyətinin polifoniyası nəinki zəngin elmi yaradıcılığında, həm də, ilk növbədə, insanlarla - həmkarları, dostları və tələbələri ilə ünsiyyətə bütün aydınlığı ilə əks olunurdu.
Əbdül müəllimin istedadı kimi maraqları da çoxcəhətli olmuşdur: Azərbaycan ədəbiyyatı... Azərbaycan dili... Azərbaycan tarixi... milli psixologiya... insan psixologiyası...
Həyatının nə az, nə çox, düz 58 ili bilavasitə ADPU ilə - respublikamızın bu adlı-sanlı ali məktəbi ilə bağlıdır. Əməkdar elm xadimi, təhsilin nəzəriyyəsi və praktikası ilə məşğul olan görkəmli pedaqoq, professor Əbdül Əlizadə ADPU-da fəaliyyət göstərdiyi illəri - neçə-neçə igidin ömrü qədər əzəmətli olan bu illəri həyatının qızıl səhifələri hesab edir, Azərbaycan psixologiya elminin inkişafı və çiçəklənməsini özünün ülvi missiyası sayırdı.
Vilayət
ƏLİYEV,
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
elmi işlər üzrə
prorektoru, professor
Azərbaycan müəllimi.- 2015.- 4 aprel.- S.8.