Azərbaycan aliminin
obrazını
yaradan üç
saatlıq çıxış
Ustad Şəhriyarın həyat hikmətindən və şair qənaətindən qaynaqlanan belə bir məşhur beyti var:
"Könül verdiyin iş ucaldar səni,
Könül vermədiyin qocaldar səni".
İnsanla onun seçdiyi
peşə, sənət, özünü
həsr etdiyi fəaliyyət sahəsi arasındakı
uyğunluğun, bir növ, fəlsəfəsini əks etdirən
bu sözlərdə böyük həqiqət var. Doğrudan
da, insan özünün istedad və qabiliyyətlərinə
uyğun peşə-sənət seçdikdə,
xoşladığı işlə məşğul olduqda onun
uğur şansı yüksək olur. Çünki
həyatda özünütəsdiqə, uğurlu karyeraya, sənətinin
kamil bilicisi kimi tanınmağa, sevilməyə gedən yol
sevib-seçdiyin, "könül verdiyin" işə, sənətə
məhəbbətdən keçir. Əgər
bu məhəbbət güclüdürsə, daimidirsə həmişə
insanı irəliyə aparır, ona sərf etdiyi əməkdən
məmnunluq gətirir. Bu mənada öz
işini, sənətini sevənlər və bu sevgi fonunda həyatda
ucalanlar xoşbəxt insanlardır. Belə
insanlardan biri haqqında söz açmaq istəyirik.
Onun adı, soyadı Rahim Hüseynov, sənəti müəllimlik,
iş yeri Bakı şəhər 193 nömrəli tam orta məktəb,
vəzifəsi isə direktorluqdur. Şairin təbirincə
desək, könül verdiyi müəllimlik sənəti,
müəllim kimi, elmi-pedaqoji araşdırmaçı kimi
seçdiyi fəaliyyət sahələri onu ucaltmış,
yaxşı müəllim, təhsil təşkilatçısı,
alim kimi tanıtmışdır.
Hər birimizin
tərcümeyi-halında önəmli
hadisələr, tarixlər olur. Rahim müəllimin də bioqrafiyasında
yaddaqalan məqamlar çoxdur. Onlardan birini xüsusi
qeyd etmək istərdik. 1989-cu ildə Belarusun
Qomel şəhərində ümumittifaq elmi-praktik
konfransı keçirilirdi. Konfransda
iştirak edən Azərbaycan nümayəndə heyətinin
tərkibində gənc alim Rahim Hüseynov da var idi.
Tanınmış pedaqoq-alim, professor Əjdər Ağayev
özünün də iştirakçısı olduğu həmin
konfransı R.Hüseynov haqqında bir yazısında belə
xatırlayır: "Konfransın birinci günü proqram
üzrə digər alimlərin məruzələri dinlənildi,
yarımsaatlıq sual-cavabla yekunlaşdırıldı. Konfransın ikinci günü saat 10-dan 11-dək Azərbaycan
nümayəndələrinin çıxışlarına
vaxt ayrılmışdı. Rahim Hüseynovun
beynəlxalq təcrübəni, xüsusilə Avropa, Amerika təcrübəsini
təhlil edən məruzəsindən sonra bu müddət
saat 14-dək uzadıldı. Ona müxtəlif məzmunlu
suallar verildi. Rahim Hüseynovun ətraflı, yeni məlumatlarla
zəngin cavabları konfrans iştirakçılarını
heyrətdə qoymuşdu. O üç saat yarımlıq
şərh və izahları ilə
Azərbaycan alimi obrazının parlaq simasını
yaratdı".
Rahim Həsən oğlu Hüseynov 1955-ci il
martın 15-də Bakı şəhərində müəllim
ailəsində dünyaya gəlib. 1972-ci ildə Sumqayıt
şəhər 12 nömrəli tam orta məktəbi bitirdikdən
sonra indiki Azərbaycan Dillər Universitetində ali təhsil
alıb. 1976-cı ildə universitetdən ingilis dili müəllimi
ixtisası üzrə məzun olan R.Hüseynov 1976-1977-cı
illərdə Sumqayıt Kimya Birliyində texniki tərcüməçi
işləyib. Elə buradan da ordu sıralarına xidmətə
gedib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra
1979-1983-cü illərdə indiki Sumqayıt Dövlət
Universitetində ingilis dili müəllimi işləyib, eyni
zamanda universitetin Komsomol Komitəsinin katibi olub.
Təhsilini artırmaq arzusu və elmi-tədqiqatlara həvəsi
1983-cü ildə onu Azərbaycan Dövlət Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutuna gətirib. İnstitutun pedaqogika üzrə
əyani aspiranturasında oxuyub. Aspirantura illəri Rahim müəllimi
həm də fəal araşdırıcı kimi
tanıdıb. O, texniki peşə məktəbi şagirdlərinin
vətəndaşlıq tərbiyəsi mövzusunda
apardığı tədqiqatın nəticələri barədə
dövri mətbuatda bir sıra maraqlı məqalələrlə
çıxış edib.
1986-cı
ildə aspiranturanı
bitirib elə həmin institutun
pedaqogikanın nəzəriyəsi və tarixi şöbəsində
elmi işçi vəzifəsini daşıyıb.1988-ci ildə
isə tədqiqat apardığı mövzu üzrə
yazıb hazırladığı dissertasiyasını
uğurla müdafiə edərək pedaqoji elmlər namizədi
elmi adına layiq görülüb. Elə
həmin ildən Azərbaycan Dillər Universitetinin pedaqogika
kafedrasında baş müəllim, dosent vəzifələrində
işləyib.
Ölkəmizin ictimai-siyasi həyatında
fəallıq, milli oyanış
dövrü kimi xarakterizə edilən ötən əsrin
80-ci illərinin sonu müasir təhsil, pedaqoji fikir tariximizə
də yeni yanaşmaların meydana gəlməsi illəri kimi
düşüb. Həmin illərdə respublika üzrə istedadlı
uşaqların aşkara çıxarılması və
inkişaf etdirilməsi üçün "İstedad"
Assosiasiyası yaradılmışdı. Onun təsisçilərindən
biri də Rahim Hüseynov idi. Rahim müəllim yeni qurumda
pedaqogika sahəsi üzrə rəhbər vəzifədə
çalışıb.
Yeri gəlmişkən
qeyd edək ki, indi
ölkəmizin ən yaxşı ümumtəhsil müəssisələrindən
biri kimi tanınan Bakı Avropa Liseyi də məhz
"İstedad"
Assosiasiyasının təşəbbüsü ilə
yaradılmış, liseyin ilk tədris proqramını Rahim
müəllim yazmışdır.
İstedadlı uşaqlarla aparılan
iş və toplanan təcrübə
tezliklə öz təsirini göstərmiş, R.Hüseynov
1994-cü ildə Təhsil Nazirliyində istedadlı
uşaqlarla iş sektorunun müdiri vəzifəsinə irəli
çəkilmişdir.
Çoxları Rahim Hüseynovu həm də Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının işçisi kimi
tanıyır və xatırlayır. Bu da təsadüfi deyil.
Çünki onun ömrünün və elmi-pedaqoji fəaliyyətinin
11 ili məhz bu dövlət qurumu ilə bağlı olub. Rahim müəllim 1995-2006-cı illərdə
burada test metodikası şöbəsinə rəhbərlik
edib, bu müddətdə fənlər üzrə 18
seminarın yaradılması və inkişaf etdirilməsini təşkil
edib. Onun təşəbbüsü və iştirakı ilə
5-11-ci siniflər üzrə test kitabçaları
yaradılıb. R.Hüseynov eyni zamanda TQDK-nın təşkil etdiyi bir
çox layihələrin rəhbəri olub.
Rahim müəllimin
tərcümeyi-halının önəmli tarixlərindən birini də
2006-2009-cu illər təşkil edir. Bu dövrdə o, ölkənin ən
böyük özəl ümumtəhsil müəssisələrindən
olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin
baş direktoru vəzifəsində işləyib. Liseydə
keçirilən və ölkədə böyük rəğbətlə
qarşılanan intellekt olimpiadalarının, bir sıra digər
layihələrin də təşəbbüsçüsü
və müəllifi Rahim Hüseynov olub.
Rahim müəllim
təhsil kompleksinə
rəhbərliyi zamanında qazandığı təcrübəni
2009-cu ildən Bakı şəhər 193 nömrəli tam
orta məktəbdə tətbiq edir. Onun direktor işlədiyi 6 ilə
yaxın dövr ərzində məktəb bir sıra
uğurlara imza atıb. Belə ki, 2011-ci ildə "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinini
qalibi olub, ötən il isə məktəbin məzunlarından
6 nəfəri ali məktəblərə qəbul imtahanlarında
600-dən yuxarı bal toplayıb.
Yazımızın əvvəlində Rahim müəllimin ölkəmizi böyük beynəlxalq
elmi-metodik məclislərdə necə ləyaqətlə təmcil
etdiyini göstərən bir fakt vermişdik. Belə faktlar isə
çoxdur. Belə ki, Rahim Hüseynov işlədiyi müddət
ərzində Avropa, Asiya, Amerikada keçirilən 20-dən
çox elmi konfransın iştirakçısı olub, məruzələr
etmişdir. Onlardan Boston (2000), Honq-Konq (2002), Moskva (2004), Filadelfiya (2004),
Budapeşt (2004), Kiyev (2005), Dublin (2005), Sinqapur (2006), Astana (2006),
Tiflis (2006), Stokholm (2007) və başqalarında ingilis və
rus dillərində çıxışlarını isə
xüsusi qeyd etmək olar.
Məhsuldar tədqiqatçı olan Rahim Hüseynov 40-dan çox elmi məqalə,
tezis və kitabın müəllifidir.
Rahim Hüseynovun könül verdiyi bir sahə də var: bədii
yaradıcılıq. Çoxlu şeiri, hekayəsi, bir
neçə povesti və romanı var. Povest və romanları
mətbuatda çap olunub. Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür.
Ustad Şəhriyarın yazımızın
əvvəlində sitat gətirdiyimiz beytinin davamı
olan başqa bir beyti də var:
"Sevdiyin
sənəti intixab etsən,
Yoruldum deməzsən,
nə qədər
getsən".
60
yaşı bu yaxınlarda tamam olmuş Rahim müəllimə də
yorulmaq sözü yaddır. Çünki o, ömrünü
sevdiyi sənətə, işə həsr edib. Belə insanlar
isə, şairin dediyi kimi, nə qədər getsələr də
yorulmurlar. Rahim müəllimə arzumuz da elə budur:
heç vaxt yorulmayasan.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 4
aprel.- S.8.