122 yaşlı məktəb

 

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 tam və 1 ümumi orta məktəb fəaliyyət göstərir. Onlardan biri Sədərək kənd orta məktəbidir.  Məktəb qədim tarixə malikdir. Belə ki, onun əsası 1893-cü ildə qoyulub. Həmin il kənd məscidindəki bir otaqda mədrəsə açan müctəhid Qara Mirkazım Seyid 13 il bu mədrəsədə işləmişdır. 1893-cü ildə həmin mədrəsədə Hacı Həsən, Hacı Mehdi, Kərbalayi Qasım, Səfəralı oğlu  Məhərrəm,  Mirəziz  Seyidov,  Baba  Seyidov dərs almışlar. Məktəb1896-cı ildən rus-tatar məktəbi kimi fəaliyyətini davam etdirmişdir.

1916-cı ildə sədərəkli Rza Bəyzadə Qori Müəllimlər Seminariyasını bitirib doğma kəndi Sədərəyə dönərək öz evində bir otaqlı sinifdə dərs demişdir. 2 il sonra - 1918-ci ildə Sədərək erməni təcavüzkarlarının hücumuna məruz qalmış, adamlar doğma kənddən didərgin düşərək İranda sığınacaq tapmışlar. Rza Bəyzadə isə Gürcüstana getmişdir. O yalnız 1923-cü ildə Sədərəyə dönmüşdür. O illərdə kənd sovetinin sədri olan Həsən Şahverdiyev Sədərəkdə maarifin inkişafında fəal rol oynamışdır. Belə ki, Həsən Şahverdiyev öz evində Rza Bəyzadəni şagirdlərə dərs keçməsini təşkil etmiş, öz oğlu Qulu, eləcə də Ələkbər Sadıqov, Həsən Qasımov, Vəli Hacıyev və Cəlil Əliyev məktəbin ilk şagirdlərindən olmuşlar. Həsən Şahverdiyevin təşəbbüsü və köməyi ilə 1928-29-cu illərdə Sədərəkdə ilk məktəb binasının təməli qoyulub. Bu işdə Həsən Şahverdiyevlə yanaşı,  Mirqafar Seyidovun, Həsənqulu Hacıhəsən oğlunun, Nəcəf Əliyevin, Həsən Qasımovun, Zellabdı Əsədovun və İbrahim Hacıhüseyn oğlunun da mühüm xidmətləri olub.

1928-29-cu illərdə işə başlayan Sədərək kənd natamam orta məktəbində ilk müəllimlərdən Rza Bəyzadənin, Əhməd Rəsulovun, Tovuz Əsgərovanın, Molla Vəlinin, Nargilə Kələntərlinin, Firuzə Kələntərlinin, Zellabdı Hüseynovun, Heydər Sadıqovun, Behbud Şahtaxtinskinin, Hüseyn Hüseynovun, Hüseyn İbrahimovun (yazıçı), Eli Haşımovun, bir az sonra işləmiş Əli Əliyevin, Abbas Sadiqovun, Şuşa Həsənovanın, Laləzər Hüseynovanın, Xəlil Sadıqovun və Sultan Qədimovun adları bu gün də iftixarla çəkilir. Məhz belə qiymətli və əvəzsiz xidmətləri olan müəllimlər təbaşir əvəzinə kömürdən, lövhə əvəzinə parçadan istifadə edərək bir xalq müəllimləri kimi ömürlərini şagirdlərin yolunda şam kimi əritmişlər. Bu baxımdan ulu öndər Heydər Əliyevin lMüəllimlər həmişə xalq, insanlar arasında, ictimaiyyətdə hörmət, ehtiram qazanmışlar. Müəllim adı şərəflidir. Vətənə, xalqına bağlı olan hər bir adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir» sözlərini bu müəllimlərə də aid etmək olar.

Sədərək natamam orta məktəbinin ilk məzunları Məmməd Seyidov, Pənah Əli oğlu Əsədov, Cəfər Cəfərov, İbrahim Babayev, Allahverən Məmmədov, Abdulla Axundov, Yusif Əbilhəsənov olmuşlar. Sonra isə Xəlil Sadıqov, Sultan Qədimov və Əli İsmayılov Naxçıvan Müəllimlər İnstitutuna daxil olmuş və ali təhsil alaraq Sədərək məktəbində müəllimlik etmişlər.

1948-49-cu illərdə Naxçıvan MSSR maarif nazirinin sərəncamı ilə Sədərək yeddiillik məktəbi orta məktəbə çevrilmişdir.

1950-ci il Sədərək məktəbinin tarixinə yüksəliş ili kimi daxil olub. Belə ki, həmin ildə Sədərək orta məktəbini 26 nəfər məzun bitirib.

1960-cı illərdə Sədərək məktəbinin məzunlarının sayı artdıqca, məktəbdə xeyli irəliləyiş olub. Yəni Sədərək məktəbinə ali təhsil almış Sultan Məmmədov, Tağı Əliyev, Vəli Kərimov, Tofiq Seyidov, Bayram Rzayev, Sabir Tağıyev, Teymur Quliyev, Əli Əliyev, Vilayət Həsənov, Vaqif Abdullayev, Əhməd Sədərəkli, Qadir Rəhimov, Novruz Əlirzayev, Əmir İbrahimov, Şəfı İbrahimov, Nüşabə Əsədova, Paşa Əbilov, İsa Əliyev, Qələndar Məmmədhəsənov, Novruz Cəfərov, Sultan Rzayev, Allahverdi Babayev, Kamil Mehdiyev, Vaqif Məmmədov kimi müəllimlər gələrək doğma məktəblərində işləyiblər. Onlar gənc nəslin təlim-tərbiyəsi yolunda öz müəllimlərinin ənənələrini  şərəflə davam etdiriblər.

1976-cı ildə Sədərək məktəbinin tarixinə, demək olar ki, qızıl hərflərlə yazılıb. Belə ki, həmin il Sədərək məktəbi üç məktəbə çevrilib. Onlardan biri olan Sədərək 1 nömrəli məktəbə o vaxt  Bayram Abdullayev direktor təyin edilmişdir.

Sədərək məktəbinin qazandığı uğurlara görə bir çox müəllimlərə fəxri adlar verilmiş, məktəbin rus dili müəllimi Venera Məmmədova SSRİ Ali Sovetinə deputat seçilmişdir. Məktəb təzə binaya köçürülmüş, burada zəngin tarix-diyarşünaslıq muzeyi yaradılmışdır.

Sədərək orta məktəbinin müəllimlərindən gənc nəslin təlim-tərbiyəsi sahəsində qazandıqları uğurlara görə 11 nəfəri Azərbaycanın və Naxçıvan MR-in əməkdar müəllimi fəxri adına, 9 nəfəri "Tərəqqi" medalına, 2 nəfər metodist müəllim, 2 nəfər baş müəllim adına layiq görülüb. 2 nəfər sədərəkli məzun SSRİ XTNS-nin gümüş medalı, 4 nəfəri Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı, bir neçə müəllimi Azərbaycan və Naxçıvan maarif nazirliklərinin fəxri fərmanları ilə təltif olunub.  Bunlardan başqa, məktəbin məzunlarından  2 nəfər SSRİ Ali Sovetinə, 2 nəfər Azərbaycan Respublikasının və 12 nəfər Naxçıvan MR-in ali sovetlərinə deputat seçilmişlər. Bir nəfər isə Azərbaycan Dövlət mükafatı almışdır. Sədərək məktəbinin məzunlarından 5 nəfəri professor, 24 nəfəri elmlər namizədidir. Xatırladım ki, məktəbin  iki dəfə "Lenin" ordeni ilə təltif olunan məzunu da var.  

Sədərək orta məktəbində 14 il  direktor işləmiş əməkdar mədəniyyət işçisi Vaqif Məmmədov və ustad müəllimlərin işini ləyaqətlə davam etdirən Tofıq Seyidovun, eləcə də  Samil Kazımov, Məhərrəm Seyidov, Əmir İbrahimov, Yaşar Hacıyev kimi məktəb direktorlarının, təhsil şöbəsinin müdirləri Əli Abbasovun, Sabir Tağıyevin, Sultan Rzayevin adlarını iftixarla çəkmək olar. Qocaman müəllimlərdən  Teymur Quliyev, Şəfı İbrahimov, Arif Həmzəyev, Allahverdi Babayev, Yalçın Bayramzadə, Sabirə Əliyeva, Nizami Qədimov, Elxan Cəfərov, Eyvaz Əliyev və başqaları öz işlərini bu gün də ləyaqətlə davam etdirirlər.

Başqa kənd və rayonlardan gəlmiş müəllimlərdən İlyas Səfıyevin, Nemət Novruzovun, Abuzər Sadıqovun, Qəzənfər Abdullayevin, Mirabdulla Seyidovun, Bəhlul Hacıyevin, Zülfüqar Hacıyevin, Əliyar Yusiflinin, Firudin Xudiyevin, Hüseyn Hüseynovun, Abbasəli Bağırovun, Adil və Lətifə Fərəcovların, Bəhlul Şaxtaxtinskinin, Əminə və Mehdi Nəcəfovların  da Sədərək  məktəbinin inkişafında xüsusi xidmətləri olub. Onlar Sədərək məktəbinin ən çətin dovründə müəllim kimi gecələrini gündüzə qataraq sədərəkli balalara dərin bilik vermişlər.

Böyük qürurla qeyd etməliyəm ki, Sədərək kənd orta məktəbi qədim təhsil ocağı olmaqla, həm də dəyanət məktəbidir. Bu məktəbdə gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan rəngarəng tədbirlər keçirilir. Məktəbin məzunlarından həm Böyük Vətən müharibəsində, həm də 1990-cı ildə Sədərək torpağına hücum edən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş və şəhid olmuş 109 nəfərin 48-i Sədərək məktəbinin məzunları olub. Müəllimlər belə məzunları ilə fəxr edir.

Sədərək tam orta məktəbində bu gün 112 müəllim öz fəaliyyətini davam etdirir. Onlar öz əziz müəllimlərinin işinə sadiqdirlər.

Bu gün Sədərək məktəbinin pedaqoji kollektivi bu tədris ocağının yubileyini qeyd etmək arzusundadır. Bu yubiley tədbiri biz məzunları çox sevindirər.

 

Hacı Tofiq SEYİDZADƏ

Sədərək məktəbinin məzunu

 

Azərbaycan müəllimi.- 2015.- 11 aprel.- S.10.