"Ən gənc və fəal

Windows eksperti"

 

Hüseyn Hacıyev 2003-cü  ildə Bakıda anadan olub. Yaşıdlarından öz ağlı, zəkası, maraq dünyası ilə seçilən Hüseyn üç yaşında sərbəst oxumağı və riyazi tənlikləri həll etməyi bacarıb. 2009-cu ildə Bakı Avropa Liseyinin birinci sinfinə daxil olub və ilk günlərdən liseyin ictimai  işlərində fəal iştirak edib, dərslərindən əla qiymətlər alıb.

2013-cü ildə Hüseyn ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakı Avropa Liseyində keçirilən riyaziyyat olimpiadasında I yeri tutub.  Həmin ildə  liseyin Gənc Eruditlər klubunun elmi-praktiki konfransına təqdim etdiyi "İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə rolu" adlı elmi işi I yerə layiq görülüb.

2013-cü  ildə  yeniyetmə təhsil aldığı liseyin ICT Masters Organization təşkilatının Junior master səviyyəsinə üzv seçilib. Həmin təşkilatın təşəbbüsü ilə keçirilən bütün tədbirlərdə, həmçinin inklüziv təhsil alan uşaqlar üçün təşkil olunan vebinarlarda fəal iştirak edib. Qeyrı-adi istedad sahibi olan Hüseyn 2013-cü ilin dekabrında "Microsoft Azerbaijan" şirkətinin  təşkil etdiyi  müsahibəni də uğurla başa vurub. Bakı Expo Mərkəzində keçirilən "BakuTel-2013" sərgisində (Telekommunikasiya və İnformasiya Texnologiyaları adlı XIX Beynəlxalq sərgi) demo promouteri seçilib və  "Microsoft Azerbaijan" şirkətinin Ən gənc və fəal Windows eksperti sertifikatına sahib olub.  Hüseyn Bakı Avropa Liseyinin  ICT masters organization təşkilatının advanced master səviyyəsinə keçirilib. O, 2014-cü ildə keçirilən UNESCO LFF layihəsi çərçivəsində Digital Learning Weeks in Baku European Lyceum adlı vebinarda iştirakı üçün sertifikat alıb.  Həmçinin həmin ildə Hüseyn Qloballab (UNESCO) layihəsində də  fəal iştirak edərək qalib olub. Onlardan biri "Qloballab yay ekspedisiyası 2014" idi. Bu layihədə Hüseyn kompüterində video, audio və qrafik ilə işləmə bacarıqlarını nümayiş etdirib. Bakı Avropa Liseyinin "Baku Junior Einsteins" komandası ilə birgə birinci yeri tutub və "Qloballab yay ekspedisiyası 2015" layihəsinin siması seçilib.  2014-cü ildə  Qloballab (UNESCO) layihəsi çərçivəsində Qloballab ekspedisiyasının nəticələri adlı vebinarda iştirak edərək  sertifikat alıb.

İstedadlı yeniyetmə eyni zamanda təsviri incəsənət, musiqi və rəqs ilə məşğul olur.   Bakıdakı 33 nömrəli  musiqi məktəbinin fortepiano şöbəsində təhsil alır.  2014-cü ildə Toyota şirkətinin təşkil etdiyi "Toyota  Dream Car Art Contest" adlı müsabiqəyə qatılan  paytaxt məktəblisi ən yaxşı ideya diplomu ilə təltif olunub.  Yeniyetmə "Fine Colors" adlı beynəlxalq uşaq yaradıcılıq festivalında  da  uğurla iştirak  edərək II  yerə layiq görülüb.

Hazırda Hüseyn Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının XX konfransına təqdim etmək üçün "Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi işlə məşğul olur və bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi ilə bağlı liseyin müəllimləri üçün proqram  hazırlayıb.

 

 Azərbaycan müəllimi.- 2015.- 11 aprel.- S.11.