15 yaşlı pianoçu ikinci dəfə
Qran-pri mükafatı
qazanıb
20-23 mart 2015-ci il tarixlərində Estoniyanın Narva şəhərində keçirilən gənc musiqiçilərin növbəti beynəlxalq İ.S.Bax adına müsabiqədə bir çox ölkələrin müxtəlif yaş qrupları üzrə musiqiçiləri iştirak ediblər. İki nominasiya üzrə keçirilən müsabiqədə hər yaş qrupu üzrə ilk üç yer mükafatlandırılıb. Bütün yaş qrupları üzrə ən yaxşı ifaçı üçün isə Qran-pri mükafatı təyin edilib. Sevindirici haldır ki, bu müsabiqənin tarixində ilk dəfə həmin mükafata məhz azərbaycanlı pianoçu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi Nəzrin Abbaslı layiq görülüb. Bu, gənc pianoçunun ikinci Qran-pri mükafatıdır. Birinci Qran- pri mükafatını isə Nəzrin 2012-ci ildə Dağıstan Respublikasında keçirilən beynəlxalq musiqi festivalında qazanmışdı.
Yeniyetmə pianoçu 2012-ci ildə Y.Haydnın anadan olmasının 280 illiyinə həsr olunmuş festivalda, həmin il keçirilən gənc pianoçuların ikinci Respublika müsabiqəsində laureat, 2013-cü ildə isə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən pianoçuların Dinu Lipatti XX beynəlxalq müsabiqəsində diplomant, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən ikinci Respublika müsabiqəsində isə qaliblərdən biri olmuşdur. 2013-cü ildə görkəmli pedaqoq və pianoçu H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər festivalında və 2014-cü ildə Bakı şəhərində keçirilən Barokko musiqi festivalında uğurlu çıxışına görə Nəzrin diplomla mükafatlandırılıb.
15 yaşlı istedadlı pianoçu respublikanın əməkdar müəllimi Adilə Rəhimovanın sinfində dərs alır.
Azərbaycan müəllimi.- 2015.-
11 aprel.- S.11.