Qızıl, gümüş,
bürünc
medalların sahibi
Bakı Avropa Liseyinin şagirdləri beynəlxalq idman arenalarında yüksək nəticələr əldə
edərək böyük
uğurlar qazanıblar. Onlardan biri də Mehparə
Mansurovadır. O, 1999-cu ildə
Bakıda anadan olub. Dörd yaşından bədii gimnastika ilə
məşğul olur. İlk
uğurlu
çıxışı
2007-ci ildə bədii gimnastika üzrə Neftçi
İSM-in açıq birinciliyində olub və hakimlərin rəğbəti
nominasiyasında diplomla təltif olunub. 2008-ci ildə Bakı şəhər
birinciliyi və kubokunda II, həmin
il Almaniyanın Paterborn şəhərində
keçirilən beynəlxalq turnirdə IV, 2009-cu ildə Bakı
çempionatında III yerlərə layiq görülüb.
Mehparə bədii gimnastika üzrə XV Azərbaycan çempionatında
çoxnövçülük üzrə II, Özbəkistanın
Daşkənd şəhərində keçirilən beynəlxalq
birincilikdə I yerə layiq
görülərək qızıl medalla, Azərbaycan birinciliyində isə
gümüş medalla təltif olunub. 2010-cu il Mehparənin idman
tarixçəsində yaddaqalan izlər buraxıb. O,
açıq Bakı birinciliyində çıxış edərək III
yeri tutub və bürünc medalla
mükafatlandırılıb. Həmin ilin mart ayında
Moskvada keçirilən
festivalda Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü
ilə ölkəmizin yeniyetmə komandasında
çıxış edərək II pillədə yerini
möhkəmlədib. Mehparə Daşkənd şəhərində
keçirilmiş "Xrustalnıye baboçki" adlı
birincilikdən 1 gümüş, 2 bürünc medal
qazanıb, Tbilisidə təşkil olunmuş Nelli Saladze Cup
birinciliyində isə II yeri tutaraq Ən texnikalı gimnast
adını alıb.
2011-ci ildən Azərbaycan milli yığma
komandasının üzvlüyünə qəbul olunan yeniyetmə gimnast 2012-ci ilin
fevralında Estoniyanın Tartu şəhərində
keçirilən "Miss
Valentine" XVIII beynəlxalq
turnirdə II yeri tutub. Həmin ildə o, idman
ustalığına namizəd dərəcəsi alıb.
İdmanda əldə etdiyi yüksək nailiyyətlərə
görə 2013-cü ilin martında Bakı şəhər Gənclər
və İdman Baş İdarəsi
tərəfindən fəxri fərmanla təltif olunub.
2005-ci ildə
Bakı Avropa Liseyinin I sinfinə
qəbul olunan istedadlı gimnast hazırda X sinifdə təhsil
alır. Bu günədək liseyin rəhbərliyi tərəfindən
5 dəfə Liseyin ulduzu adı, 7 dəfə fəxri fərmanı və 3 dəfə
də tərifnamə ilə təltif olunub. M.Mansurova Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən də diploma layiq
görülüb.
İdmanda
saysız uğurlar qazanan, eyni
zamanda dərs əlaçısı olan M.Mansurova hazırda Bakı Avropa
Liseyində Kiçik Elmlər Akademiyasının prezidentidir.
2014-cü ildə liseyin
Kiçik Elmlər Akademiyasının IX
elmi-praktik konfransında fizika fənni üzrə I yeri tutduğuna görə diplomla
mükafatlandırılıb.
Söhbət
zamanı söylədiyi fikirlər onun parlaq gələcəyinə olan ümidlərimizi birə-beş
artırdı.
"Hər
bir idmançı yarış meydanına qələbə
qazanmaq üçün çıxır. Çəkdiyin əziyyətin
bəhrəsini görmək çox xoşdur. Uğurlarım şübhəsiz məni çox sevindirir.
Qarşıda daha məsul
yarışlarım var.
İnanıram ki, o yarışlarda
da uğur qazanacağam".
Azərbaycan
müəllimi.- 2015.- 11 aprel.- S.11.