Ali və orta təhsil:
koordinasiya
və inteqrasiya problemləri
Uzun illər
həm orta, həm də ali məktəbdə
çalışmış və hazırda da
respublikamızın aparıcı universitetlərindən
birində fəaliyyətini davam etdirən təhsil
işçisi, təhsilimizin idarə olunması, bu prosesə
kreativ və innovativ yanaşmaların gətirilməsi cəhdlərinin
vacibliyini anlayan bir şəxs olaraq diqqəti bir məsələyə
yönəltmək istəyirəm. Hər gün valideynlər,
şagird və tələbələrlə ünsiyyətdə
olan adam, orta məktəblərimiz üçün proqram, dərsliklər,
fənn kurikulumunun müəllifi, eləcə də dərsliklərin
qiymətləndirilməsində iştirak etmiş ekspert, vaxtilə
TQDK-da test proqramı və banklarının
yaradılmasına cəlb olunan müəllim kimi hesab edirəm
ki, təhsilin optimal idarə edilməsi üçün
çəkilən zəhmətin nəticəsi artıq
göz qabağındadır. Düzdür, köklü dəyişikliklərin
zamana ehtiyacı var... Universitetlərimizdə SABAH
qruplarının yaradılması ilə bağlı
nazirimizin təşəbbüsü reallaşmaqdadır. Orta
təhsildə istedadların üzə
çıxarılması məqsədilə
yaradılmış pilot layihələr sektoru, liseylərin fəaliyyətinə
nəzarətin artırılması da gözəl təşəbbüsdür.
Hörmətli
nazirimiz Mikayıl Cabbarov dəfələrlə söyləyib
ki, təhsil işçilərindən təkliflər
gözləyir. BSU nəzdində Məktəb-lisey kompleksinin
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsində prezentasiya zamanı bu təhsil müəssisəsinin rəhbəri
kimi mən orta və ali təhsilimizin koordinasiyası,
universitetlərimizin potensialının orta məktəblərimizə
ünvanlanması, aparıcı orta məktəblərimizin
kampusları, texnoparkları, tədris kombinatları, bilim mərkəzləri
olmayan universitetlərimizin (xüsusən pedaqoji kadr
hazırlayanları nəzərdə tuturam) baza məktəblərinə
çevrilməsi istiqamətində təkliflərimi təqdim
etmişdim. Sonuncu dediklərimi mən Budapeştdə,
Londonda, Frankfurtda, Moskvada, Ankarada (fürsətdən istifadə
edib, Ankaraya bizi ezam etdiyinə görə cənab nazirə
bir daha minnətdarlığımızı çatdırıram;
təəssürat və təkliflərimi "Azərbaycan
müəllimi" qəzetinin 31 yanvar 2015-ci il tarixli
sayında söyləmişəm) görmüşəm. Elə
BSU nəzdində liseyin yaradılması, hörmətli
akademik Kamal Abdullayevin Bakı şəhərinin 190 nömrəli
orta məktəbində (indiki 189-190 nömrəli məktəb)
Ali və orta təhsilin koordinasiyası kafedrasının təşkili
təşəbbüsü, onun təklifi və səyi ilə
on ildən artıq bir müddətdə tələbələrimizin
bölgələrdəki qaçqın məktəblərinə
təcrübəyə göndərilməsi, universitetimizin
Şuşa Rayon Təhsil Şöbəsi, Məktəb-liseyimizin
Malıbəyli kənd orta məktəbi ilə sıx əməkdaşlığı
da bu işin yaxşı nəticələr verdiyini təsdiqləyir.
İrəli sürdüyümüz təklifləri burada bir
daha səsləndirmək, istedadların yetişdirilməsində,
müəllim hazırlığı proqramlarının nəticəyönümlülüyünə
nail olunmasında ali və orta təhsilin tandemi mexanizmini ifadə
etməyə çalışırıq. Fikrimizcə, Təhsil
Nazirliyinin özündə bu layihəni həyata keçirən
qurumun yaradılmasına ehtiyac var. İnandırıram ki, bu əməkdaşlıq
və inteqrasiya hərtərəfli fayda verər. Biz orta məktəb
məzunlarımızın ixtisas seçimi, pedaqoji təcrübənin
təşkili (gələcəkdə bütün təcrübələrin
eyni vaxta - bakalavriat səviyyəsində son semestrə
keçirildiyini nəzərdə tuturam), istedadlı gənclərin
pedaqoji işə cəlb olunması, ali məktəblərdə
uyğun kafedra və şöbələrin, təsərrüfathesablı
qurumların yaradılması problemini həll edə bilərik.
Söylədiklərimin çoxu isə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı" Fəaliyyət planı"nda nəzərdə
tutulmuş bir sıra bölmə və bəndlərlə səsləşir.
Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası və
müasir standartlara uyğun qurulmasına yönələn bu
"Fəaliyyət planı"nda nəzərdə
tutulmuş layihə və tədbirlərin həyata
keçirilməsində yaxından iştirak etməyə bir
vətəndaş və təhsil işçisi olaraq
hamımız səy göstərməyə borcluyuq.
Ali və
orta təhsilin koordinasiyası və inteqrasiyası istiqamətində
təklif və mülahizələrimizi
aşağıdakı kimi formalaşdırmaq istərdik:
1. Milli
Kurikulum islahatının gedişi, məktəblərimizdə
reallaşması prosesi kütləvi informasiya vasitələrində
daha geniş işıqlandırılmalı, bu islahatın
vacibliyini motivləşdirən sosial-iqtisadi və elmi-pedaqoji
şəraitin geniş ictimaiyyətə, valideynlərə,
elə pedaqoji kollektivlərin özünə anlaşılan
tərzdə izah edilməsi üçün yeni yollar
axtarmağa ehtiyac var. Milli Kurikulumun tətbiqi ilə əlaqədar
yaranan baryer təkcə pedaqoji-psixoloji amillərlə
bağlı deyil, bu, sosial-psixoloji və dərin ictimai məsələdir,
bir siyasi-ideoloji, elmi-pedaqoji platformadan, sosial-iqtisadi bazaya
söykənən təfəkkür tərzindən və
yanaşmadan digərinə keçidlə bağlıdır.
Universitetlərin, xüsusilə də pedaqoji kadrlar
hazırlayan ali təhsil ocaqlarının uyğun
kafedraları öz elmi-tədqiqat işlərini bu istiqamətdə
qurmalı, buraxılış kursu tələbələrinin
məktəblərə üz tutması və burada işləyə
bilmələri üçün tədbirlər planı
olmalıdır.12 illik təhsilə keçidlə
bağlı təşkilati, tədris-təlim, sosial-psixoloji
sorğuların cavablandırılması məsuliyyəti təkcə
Təhsil Nazirliyinin müvafiq strukturlarının, Təhsil
Problemləri İnstitutunun çiyninə düşməməlidir.
Universitetlər məktəb üçün müəllim
hazırlayırsa, məzunlarının işləyəcəkləri
ünvanın bütün problemləri onların
çoxsaylı kafedra və elmi-tədqiqat
laboratoriyalarının fəaliyyətinin prioritet istiqamətinə
çevrilməlidir.
2. Klassik
gimnaziya və liseylərin təcrübəsi, dünya təhsil
modelləri ilə tanışlıq göstərir ki,
şagirdlərin yaş xüsusiyyətlərini nəzərə
alıb, yaxın gələcəkdə ümumi orta təhsil
pilləsinin məzmun və strukturuna yenidən baxmaq məcburiyyətində
olacağıq. Ümumi orta təhsil pilləsində dillərin,
məntiq və riyaziyyatın tədrisi önəmli yer
qazanmalıdır. Əgər 12 illik təhsil sisteminə
keçid zamanı, deyək ki, 4+6+2 modelini üstün tutsaq,
hər bir təhsil pilləsinin fəlsəfəsi həm
şagirdə, həm müəllimə, həm valideynə, həm
də ölkənin təhsil sistemi ilə təmasda olan istənilən
şəxsə aydın olmalıdır. İndiki şəraitdə,
elə növbəti dərs ilinədək tam orta təhsil
pilləsi üçün pilot layihəsi statusunda
diferensiallaşdırılmış
tədris planları təklif etməliyik ki, bu da gələcəkdə
tətbiq edəcəyimiz modelin ilkin aprobasiyasına xidmət
edər. Bunun üçün artıq indidən təcrübəli
məktəb rəhbərləri, Təhsil Problemləri
İnstitutu, universitetlərin müvafiq kafedraları tədris
planları üzərində işə cəlb edilməlidirlər.
Paytaxtımızda
və ayrı-ayrı bölgələrdə vüsət
almış və orta təhsil pilləsinə ciddi ziyan
vurmaqda olan kütləvi repetitorluğun
qarşısını almaq məqsədilə yeni dərs ili
ərəfəsində (təcili olaraq, on iki illik təhsilə
keçidi gözləmədən) tam orta məktəb pilləsinin
tədris standartlarını və planlarını nəzərdən
keçirmək, məktəb və siniflərin təmayülü
nəzərə alınmaqla dərs saatlarının 50 faizə
qədərinin diferensiallaşdırılmış tədris
planları üzrə bölgüsünə şərait
yaratmaq lazımdır.
3. Tədrisdə
ciddi problemlərdən biri rus bölmələri üçün
dərsliklərimizdir ki, onların məzmun və dil keyfiyyəti
qənaətbəxş səviyyədə
olmadığından çox vaxt müəllim və
şagirdlərimizi digər ölkələrin tədris vəsaitlərindən
istifadə etməyə təhrik edir. Xarici dil dərslikləri
(o cümlədən, tədris Azərbaycan dilində olan məktəblər
üçün rus dili dərslikləri) müasir şəraitə
uyğun, birinci və ikinci xarici dil üçün fənn
kurikulumlarının tələbləri əsasında
yazılmalıdır ki, şagirdlərimiz dərs prosesində
sərbəst danışma və ünsiyyətqurma imkanı
qazansınlar. İkinci xarici dil 5-ci sinifdən öyrədilməyə
başlandığından bu sinif üçün tərtib
olunan rus və ingilis dili dərslikləri şagirdlərin
ibtidai siniflərdə bu dillərdən yalnız birini öyrəndiyini
nəzərə almalıdır. 5-ci sinif üçün
hazırkı dərsliklər bunu nəzərə
almadığından bəzən dərslik müəllimi
köməksiz vəziyyətdə qoyur. Bakı Dövlət
Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi ali məktəblərin
potensialının Təhsil Nazirliyi tərəfindən buna
yönəldilməsi, yəqin ki, öz bəhrəsini verəcək.
Xarici dillərin
fəal mənimsədilməsi prosesinin şagirdlərin
yaş xüsusiyyətlərindən birbaşa
asılılığını və uşaqların 7-8
yaşlarının dilöyrənmə üçün ən
münbit dövr olduğunu əsas götürərək,
ibtidai siniflərdə xarici dilə ayrılan saatların
miqdarını həftədə ən azı 2-3 saata
qaldırmağa ehtiyac duyulur. Bu məqsədlə də tədris
planları ibtidai təhsil pilləsində xarici dil fənn
kurikulumunun məzmun xətlərinə və standartlarına
uyğunlaşdırılmalıdır.
4.
Hazırkı şəraitdə şagirdlərin davamiyyəti
ilə bağlı konkret təlimatın olmaması 10-11-ci
siniflərdə davamiyyətdəki sui-istifadə hallarına
şərait yaradıb. Şagird hər yarımildə bir
neçə dəfə məktəbdə görünürsə
və bir-iki qiymət alırsa (nəzərə alaq ki,
repetitorla məşğul olduqlarından onların əksəriyyəti
dərsə cavab verməkdə çətinlik çəkmirlər),
məktəb rəhbərliyi onu qiymətləndirməli,
yuxarı sinfə keçirməli və ya
buraxılış imtahanına buraxmalıdır. Eyni şəraiti
1-4 və 5-6-cı siniflərdə yeni qiymətləndirmə
meyarları da yaradır. Ümumiyyətlə, buraxılış
siniflərində dərsə davam etməyən və
buraxılış imtahanına "qeyri-kafi" qiymətlərlə
gedən şagirdlərin TQDK tərəfindən keçirilən
imtahan üçün "Şagird-məzun" sisteminə
daxil edilməsi, buraxılış imtahanından
"qeyri-kafi" qiymət alanlara belə şəhadətnamə
və attestat verilməsi hazırkı şəraitdə orta
məktəblərin üzərinə ciddi məsuliyyət
qoyur. Hazırda orta məktəblərin buraxılış
imtahanları tam başqa bir şəraitdə aparılır,
burada neqativ hallara rast gəlinməsi artıq
mümkünsüzdür. Bununla belə, məzunlara ümumi
orta və tam orta təhsil haqqında sənədin verilməsi
üçün maksimum imkanın yaradılmasından
doğan problemlərlə orta məktəblərimiz
üz-üzə qalmamalı, digər tərəfdən də,
orta ixtisas və ali məktəblərimizə
hazırlıqsız abituriyent kütləsi
axınının qarşısı alınmalıdır.
Nəzərə
alsaq ki, şagirdin davamiyyət məsələsi
bütövlükdə onun sağlamlığı, gələcək
həyat tərzi və mövqeyi, fiziki, psixi-mənəvi-ictimai
cəhətdən formalaşması üçün vacib
şərtdir, "Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində tədrisin
təşkili Qaydaları"nda davamiyyətlə
bağlı tələbələr üçün nəzərdə
tutulmuş hal müəyyən mənada ümumtəhsil
müəssisələrinin fəaliyyətinə də tətbiq
edilə bilər. Ölkəmizdə icbari təhsilin
gerçəkləşdirilməsi şəraitində
şagirdlərin davamiyyətinə nəzarət məsələsinə
kompleks yanaşma mexanizminin işləməməsi və məsuliyyətin
yalnız məktəblərin üstündə qalması
problemi haqlı olaraq ümumtəhsil müəssisələri
rəhbərləri tərəfindən dəfələrlə
qaldırılıb.
5. Tam orta
təhsil haqqında attestat almış məzunların
hamısına Azərbaycanın ali məktəblərinə
orta təhsil sənədi ilə qəbul olunmasına şərait
yaradılması ilə bağlı təhsil nazirinin müəllimlərin
14-cü qurultayındakı təklifi
vaxtında irəli sürülmüş olduğundan onun
ölkə rəhbərliyi tərəfindən dəstəklənməsi
və eyni zamanda geniş ictimaiyyət, valideynlər və məzunlar,
orta və ali məktəblər tərəfindən adekvat
qarşılanması üçün israrlı şəkildə
tədbirlər görülməli, ölkənin insan
resurslarının xaricə axınının gur
kanallarından birinin (hələ maliyyə cəhətini
demirəm) qarşısı alınmalıdır. Bunun
üçün ölkə universitetləri öz elmi-pedaqoji
potensialı və maddi-texniki bazasının sahmana
salınması və gücləndirilməsi barədə
düşünməli, planlı qəbuldan sərbəst tələbə
qəbuluna keçid şəraitinə
uyğunlaşmalıdırlar. Bu zaman bazar iqtisadiyyatı tələbləri
öz yerində, universitetlər də orta məktəb məzunlarının
ixtisas seçimində mühüm rol oynamalıdırlar.
Bizdə hələlik Qafqaz Universiteti bu işi öz
maraqlarına uyğun qura bilir.
6. Etiraf
eləməyə məcburuq ki, yeni təlim
texnologiyalarının, pedaqoji yanaşmaların, interaktiv və
inteqrativ metodların tətbiqində, İKT-nin tədrisə
sistemli və məqsədli şəkildə gətirilməsində orta məktəblərimiz ali məktəblərdən
öndədir. Orta məktəblərlə ünsiyyət ali
məktəb auditoriyalarındakı süstlüyü,
konservativliyi, ənənəvi yanaşma və metodlardan
azadolma meyillərini sürətləndirə bilər. "Fəaliyyət
planı"na görə, ali təhsildə ayrı-ayrı
istiqamət, ixtisaslar üzrə fənn kurikulumlarının,
onların məzmun xətləri, standart və
alt-standartlarının hazırlanması prosesi qarşıda
durur. Burada da orta və ali təhsil müəssisələrinin
qarşılıqlı fəaliyyətinə ehtiyac duyulacaq.
Xüsusilə də pedaqoji ali məktəblər öz fənn
kurikulumlarını artıq fəaliyyətdə olan orta məktəb
fənn kurikulumları ilə uzlaşdırmalıdırlar.
Həm bu
istiqamətdə əməkdaşlıq, həm də pedaqoji
təcrübənin səmərəli və planlı şəkildə
təşkili məqsədilə aparıcı orta məktəblərimizdə
pedaqoji ali məktəblərimizin uyğun kafedralarının
filialının yaradılması, ali və orta təhsil pillələrinin
fəaliyyətinin sıx koordinasiyası, aparıcı
universitetlərimizin elmi potensialını və
bazasını orta məktəblərə yönəltməkdən
ötrü ərazi üzrə məktəblərin
müvafiq universitetlərimizin baza məktəblərinə
çevrilməsi məsələsi də, fikrimizcə,
çoxdan gündəlikdə durmalıdır. Bütün
dünyada geniş yayılmış bu təcrübə təhsilimizə
ciddi xeyir gətirə bilər.
7.
Ayrı-ayrı təhsil şöbələri, universitetlər
tərəfindən dəstəklənən şagird
konfranslarına ənənəvi illik respulika şagird elmi
konfransı statusu vermək lazımdır. Bu tədbir
respublikamızın elmi potensialının orta məktəblərə
ünvanlanmasına, orta və ali təhsil pillələri
arasında əlaqələrin genişlənməsinə,
yuxarı sinif şagirdlərinin düzgün peşəyönümünə
xidmət etməklə yanaşı,
istedadlı orta məktəb məzunlarımızın
xarici universitetlərə axınının
qarşısını ala bilər.
Digər
tərəfdən, hazırda fənn kurikulumlarının tələblərinə
görə, şagirdlərin öz bilik, bacarıq və vərdişlərini
nümayiş etdirməsi müasir dərsin əsas qayəsidir.
Hər hansı interaktiv (müasir) dərsin strukturunda
"Yaradıcı tətbiqetmə" mərhələsinə
ciddi önəm verilir. Müxtəlif səviyyələrdə,
xüsusən də universitetlərin təşkilatçılığı
ilə keçirilən şagird elmi konfransları əsl
yaradıcı tətbiqetmə meydanı, şagird elmi layihələrini
təqdimetmə kürsüsü rolunu oynayar.
8.
Yuxarı sinif şagirdlərinin tam orta təhsil pilləsində
diferensiallaşdırılmış tədris proqramları,
planları və dərslik vəsaitləri ilə məşğul
olmaları üçün ali məktəblərimizin və
AMEA-nın ayrı-ayrı institutlarının elmi
potensialının və maddi-texniki bazasının orta məktəblərə
yönəldilməsi. Burada söhbət təkcə
elmi-metodiki dəstəkdən getmir, ali məktəblər və
elmi-tədqiqat institutları öz bazasını yuxarı
sinif şagirdlərinin istifadəsinə verməyə
hazır olmalıdırlar. AMEA-nın prezidenti, hörmətli
akademikimiz Akif Əlizadənin müəllimlər
qurultayında söylədiyi fikirlər buna hamımızda əminlik
yaradıb.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı "Fəaliyyət Planı"nın 1-ci
bölməsində ölkə ali təhsil müəssisələrinin
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə
çevrilməsi, 3-cü bölməsində universitetlər
üçün kampusların yaradılması, 5-ci bölməsində
dövlət büdcəsi vəsaitindən istifadə
olunmadan məqsədli kapital fondlarının
yaradılmasının stimullaşdırılması nəzərdə
tutulur. Fikrimizcə, paytaxtda və iri şəhərlərimizdə
müxtəlif yönümlü universitetlərin bazasında
yaradılacaq təhsil-tədqiqat-innovasiya mərkəzləri
və kampuslara təmayüllü lisey və
gimnaziyalarımızın şaquli və üfiqi
inteqrasiyası barədə ciddi düşünməliyik. Bu
inteqrasiya və koordinasiya məsələlərinə
hazırlığa "Fəaliyyət Planı"nda
göstərilən müddətləri gözləmədən
start verməliyik. Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu Himayədarlar şurasının
yaradılacaq təhsil-tədqiqat-innovasiya mərkəzləri
və kampuslarda yaradıcı gənc nəslin tərbiyəsi
və formalaşdırılmasına xidmət edə bilən
Bilim mərkəzlərinin təşkilinə dəstək
verəcəyinə inanırıq.
9.
Bölgələrdə və elə paytaxta yaxın ərazilərdə
yerləşən qaçqın məktəblərinin
aparıcı Bakı məktəblərinin və universitetlərimizin
himayəsinə verilməsi və onlarla tərəfdaşlığın
təmin olunması da vacibdir. Bu yönümdə Bakı
Slavyan Universitetinin və son bir ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti
diqqəti cəlb edir. İstedadlı şagirdlərin elmi
konfrans və layihələrə, məktəblərin isə
"Qardaşlaşmış məktəblər" layihəsinə
qoşulmasına dəstək, alimlərin, diplomatik
korpusların nümayəndələrinin bölgələrin ümumtəhsil müəssisələrinə
göndərilməsi, rayon məktəbləri şagirdləri
üçün videomühazirələrin təşkili
gözəl təşəbbüsdür.
Bu il
möhtərəm Prezidentimizin təşəbbüsü ilə
yuxarı sinif şagirdləri üçün "Ölkəmizi
tanıyaq" layihəsi reallaşdı. Universitetlərimiz
bölgələrin icra hakimiyyətləri ilə birgə
analoji "Universitetlərimizi tanıyaq" layihəsi təşəbbüsündə
olsalar, bundan yaxşı
faydalanarlar. Məncə, intensiv fəaliyyəti ilə
seçilən Bilik Fondu bu layihənin koordinatoru ola bilər.
Bu, həm də ötən dərs ilinin sonunda Təhsil
Nazirliyi tərəfindən universitetlərə tövsiyə
olunan "İxtisas seçimi" layihəsinin gerçəkləşməsinə
xidmət edər.
10. Son illər
sinif otaqlarına test vəsaitlərinin fəal yol tapması,
müəllimlərin özlərinin də repetitorluğa
meyilliyinin çoxalması xüsusən yuxarı siniflərdə
şagirdlərin sinifdənxaric oxu və yazılı nitq vərdişlərinin
zəifləməsinə səbəb olduğundan bu sahədə
ciddi addımlar atmaq zərurəti gündəmə gəlib.
Hörmətli nazirimizin dəstəklədiyi "110 kitab
layihəsi" buna bariz sübutdur. Fikrimizcə, fakültativ
və fərdi məşğələlərdən birinə
dərs statusu verməklə "Sinifdənxaric oxu və bədii
qiraət" fənninin tədrisinə ehtiyac yaranıb. Nəzərə
alsaq ki, "Ədəbiyyat" kurikulumunun tətbiqi məktəblər
üçün vahid "Ədəbiyyat"
proqramını istisna edir və hələ ki, bu fənn
üzrə dərsliklər yazan müəlliflərə əsərlərin
təxmini və ya dəqiq siyahısı ilə bağlı
hər hansı bir tövsiyə edilməyib, bu şəraitdə
yuxarıda verdiyimiz təklifin gündəliyə gəlməsi
başadüşüləndir. Elə qonşu Rusiyada da
prezident tərəfindən orta məktəblər
üçün bədii ədəbiyyat siyahısının
təklif olunması təsadüfi deyil.
11. Orta məktəblərimizə
əlavə təhsil xidmətləri göstərmək
hüququ verildiyindən dərsdənsonrakı vaxtlarda
hazırlıq kurslarının təşkili kütləvi
repetitor xidmətinin qarşısını ala və
şagirdlərin əlavə hazırlığının məktəb
proqramına uyğun təşkilinə şərait yarada bilər.
Bu xidmətlərin təşkilində məktəblərə
təşkilati və maliyyə sərbəstliyinin verilməsi
pedaqoji kadr potensialının məktəb rəhbərliyi tərəfindən
düzgün istifadəsinə, müəllimlərin sosial
şəraitinin yaxşılaşmasına, eyni zamanda
universitetlərin qabaqcıl alimlərinin məktəb və
liseylərimizin istedadlı şagirdləri ilə məşğələlərə
cəlb olunmasına xidmət edər.
12. Son
günlər Təhsil Nazirliyinin təşəbbüsü ilə
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin məsul işçiləri
pedaqoji ixtisaslar verən ali məktəblərimizin
buraxılış kurs tələbələri ilə
görüşlər keçirir, hazırlıqlı məzunların
(söhbət xüsusilə rus bölməsinin "İbtidai
sinif müəllimi" ixtisasından gedir) məhz məktəblərə
üz tutması üçün universitetlərlə əməkdaşlıq
etməyə çalışırlar. Fikrimizcə, bu
işin ardıcıl və sistemli şəkildə
aparılmasına böyük ehtiyac var; elə bu tədbirin
özü də Bakı təhsili və respublika universitetləri
arasında yaxşı bir körpüdür.
İcrası
2009-cu ildə tamamlanmış və istedadlı uşaqlara
qayğının artırılmasını hədəf
götürmüş Dövlət Proqramında
aparıcı ölkə universitetləri nəzdində
onların təmayüllərinə
uyğun lisey və gimnaziyaların təşkili planlaşdırılsa
da ali məktəblərimizin əksəriyyəti vaxtında
bu fürsətdən yararlana bilmədilər. Hazırda Təhsil
Nazirliyinin rəhbərliyi yenidən bu məsələni
gündəmə gətirdiyi bir şəraitdə Bakı
Şəhəri üzrə Təhsil İdarəsi ilə
universitetlərimizin sıx əlaqələrinə ehtiyac
artır.
Fikir və mülahizələrimiz müasir şəraitdə ali və orta təhsilimizin koordinasiyası üçün vacib olan bəzi məsələlərə toxundu. Bu canlı və çoxcəhətli prosesin tam əhatə olunması və praktiki şəkildə realizasiyası isə yeni yanaşmalara və innovasiyalara qadir təcrübəli və gənc mütəxəssislərin səylərinin bir məcraya yönəldilməsindən çox asılıdır.
Telman CƏFƏROV,
filologiya elmləri doktoru, professor,
Bakı Slavyan Universitetinin
tədris işləri üzrə
prorektoru
Azərbaycan müəllimi.- 2015.-
11 aprel.- S.8.