Ali məktəblərə daxil
olanların
neçə faizi diplom ala bilir?
Dünyanın tanınmış
universitetlərində tələbələrin 45-55 faizi,
Azərbaycanda isə 97-98 faizi 4 ilə
məzun olur
Ölkənin ali təhsil müəssisələrində apardığımız araşdırmalar zamanı məlum oldu ki, universitetlərimizə hər il neçə tələbə qəbul olunursa, ilk buraxılışda təxminən elə həmin sayda da məzun olur. Dünyanın bir neçə inkişaf etmiş ölkələrinin universitetlərindən aldığımız məlumatlarda isə nəticələr bizdəkindən tamamilə fərqli oldu. Əksər ölkələrdə universitetlərə daxil olanların ən yaxşı halda yalnız 50-55 faizi müəyyən olunmuş 4 il müddətinə ali məktəbi bitirib, diplom ala bilirlər. Təxminən 30-35 faizi 5-10 il müddətinə diplom almağa müvəffəq olsalar da, 15-20 faizi isə ümumiyyətlə ali təhsillərini başa vura bilmirlər. Ancaq maraqlıdır ki, Azərbaycan universitetlərinə qəbul olanların elə ilk buraxılışda 97-98 faizi diplom alır. Bəs görəsən, bunun səbəbləri nədir, tələbələrimizin yüksək istedadlı olmasımı? Necə olur ki, xarici universitetlərdən fərqli olaraq bizdə müəyyən edilmiş 4 il müddətinə bakalavr pilləsini bitirmək mümkün olur? Mövcud vəziyyətlə bağlı suallarımıza cavab tapmaq məqsədilə yerli mütəxəssislərlə və xaricdə təhsil alan həmyerlilərimizlə əlaqə saxladıq, məsələ ilə bağlı fikirlərini öyrəndik.
Ayrı-ayrı mütəxəssislərlə söhbət zamanı bildirildi ki, bizdə 4 il ərzində yalnız diplom almağı düşünən tələbələr bir mütəxəssis kimi yetişməyi ön planda tutmurlar. Bununla da cəmiyyətdə belə bir fikir formalaşır ki, əsas məsələ ali məktəbə daxil olmaqdır. Daxil oldunsa, deməli diplom da alacaqsan. Tələbələrdə olan bu əminlik hissi nəticədə onların yüksək səviyyəli mütəxəssis kimi yetişməsinə də mane olur.
Etiraf edək ki, mövcud vəziyyətlə bağlı ali təhsil müəssisələrinin üzərinə çox böyük vəzifə düşür. Bəzi ali məktəblərdə hələ də sovet dövründən qalan mental problemlər hökm sürür ki, bu da tələbələrin arxayınlaşmasına, onlarda necə olursa-olsun diplom alacağam kimi əminlik hisslərinin formalaşmasına gətirib çıxarır.
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bunun birinci səbəbi ondan ibarətdir ki, Azərbaycanda Sovet təhsil sistemi hələ də öz təsirini göstərir. Yəni ixtisas qazanacaq abituriyent konkret o ixtisas üçün ayrılmış müddətdə mütləq ali təhsilini tamamlamağı qarşısına məqsəd qoyur. Bu, ona görə belədir ki, həmin təhsil sistemində ali məktəbdə kurslararası müddətdə yetirməyən tələbələr ya institutdan xaric edilir, ya da müəyyən səbəblə onlara akademik məzuniyyət verilir.
Baxmayaraq ki, hazırda Azərbaycan ali məktəbləri Bolonya prosesinə qoşulmuşlar, lakin ötən ənənə hələ də baxışlarda mühafizə olunmaqdadır. Bolonya prosesinin tələbinə görə, konkret təhsil müddəti müəyyənləşdirilsə də, tələbə ali məktəbi o müddətdən tez və ya gec bitirə bilər. Burada əsas tələb proqramların tələbə tərəfindən yerinə yetirilməsidir. Yəni əsas müddət deyil, keyfiyyətdir. Bolonya prosesində kursdaqalma halları da yoxdur. Əgər tələbə ikinci və ya üçüncü kursda bir və ya iki fəndən proqramı ödəməkdə tələb olunan bala müvəffəq olmayıbsa, o, həmin fənnin proqramını tamam öyrəndikdən sonra yuxarı kurslarda imtahan verə bilər. Beləliklə, Bolonya prosesi təhsil müddətində tələbəyə sərbəstlik verir, proqramın ödənilməsinin vaxtını tələbənin hazırlığı ilə müəyyənləşdirir. Eləcə də səhhətində, sosial həyat tərzində problemi olan, yaxud ezamiyyələrə gedən hər hansı tələbə bütün fənlər üzrə proqramları ilindən asılı olmayaraq ödədikdən sonra almaq istədiyi ixtisasın diplomuna nail olur. Bu təcrübə Avropa, ABŞ ali məktəblərində, eləcə də Türkiyə yüksək təhsil ocaqlarında mövcuddur. Lakin bu o demək deyildir ki, hər hansı tələbə istəyinə uyğun olaraq belə bir müddəti seçsin. Bu, yalnız problemi sübut olunan tələbələrə aiddir. Yaxud tədris fəallığı ilə seçilən hər kəs (təbii ki, bu da azdır), məsələn, dörd illik müddəti üç il müddətinə də bitirə bilər.
Düşünürəm ki, Bolonya prosesinin şəffaflığı, tələbə demokratiyası, prosesə qayda-qanunlara uyğun olaraq müstəqil yanaşma prinsipi Azərbaycan ali məktəblərində xarici təcrübə əsasında tətbiq olunmalıdır. Bu hal tələbələri müəllim asılılığından, dekanlıqların inzibati tələblərindən, hansı yolla olursa-olsun qoyulan müddətdə təhsili tamamlamaq zərurətindən və digər neqativ hallardan xilas edə bilər.
Yekun olaraq qeyd etmək istərdim ki, Bolonya prosesinə qoşulan ali məktəblərimiz bu prosesin tələblərini düzgün yerinə yetirsələr, tələbə müstəqilliyi və demokratiyasına, təhsildə şəffaflığa, ədalət və obyektivliyə üstünlük versələr, onların təcrübəsi beynəlxalq təcrübə ilə üst-üstə düşə bilər.
Buludxan XƏLİLOV,
ADPU-nun filologiya fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru, professor
Düşünürəm ki, bu istiqamətdə ali məktəblərimizdə fundamental işlər görülməlidir. Təkcə diplomlu kadrlar hazırlamaq təhsilin son məqsədi ola bilməz. Ali məktəblər elə bir sistem qurmalıdır ki, tələbələrdə təhsilə böyük həvəs yaransın. Diplom xətrinə deyil, ixtisasa yiyələnmək üçün universitetə gəlsinlər. Bunun üçün müəyyən istiqamətlər, sahələr ciddi bir sistemə salınmalıdır. Həmin sistem və onun tələbkarlığı kadr hazırlığı məsələsinin ən ümdə vəzifəsinə çevirməlidir. Qeyd edim ki, tələbə təhsil almağın çətinliyini, gələcəkdə yaxşı mütəxəssis olmağın məsuliyyətini dərk edə bilmir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Tələbələrin diplom almaq əminliyinə gəldikdə isə bunun arxasında mental prinsiplər durur. Lakin tələbələr dərk etməlidirlər ki, təkcə diplom hər şeyi həll etmir. Bundan başqa, ali təhsil müəssisələri bilməlidir ki, yüksək ixtisaslı peşəkarlar hazırlamasalar nüfuzdan düşə bilərlər. Bu mənada ali təhsil müəssisələrinə hazırladıqları kadrların peşəkarlığına görə status verilməlidir. Ən əsası ali təhsil müəssisələrində demokratikləşmə o səviyyəyə qədər getməlidir ki, tələbə hansı müəllimin mühazirəsini dinləməyin vacibliyini şüurlu və məqsədli bir işə çevirsin. Fəlsəfə doktoru, elmlər doktoru diplomlarını özləri üçün qalxan kimi istifadə edənlərdən - onların formal fəaliyyətindən əl çəkmək lazımdır. Onların elmi-pedaqoji xidmətləri praktik fəaliyyətləri ilə qiymətləndirilməlidir. Bundan başqa, ali təhsil müəssisələrində fənn proqramlarının və dərsliklərin, dərs vəsaitlərinin məzmunu yeniləşməlidir. Heç şübhəsiz ki, bəzi fənn proqramları, dərsliklər və dərs vəsaitləri zamanın tələbinə cavab vermir.
Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin
professoru
Mənim vaxtilə işlədiyim ABŞ-ın Kaliforniya
ştatının Berkli Universitetinə çox
hazırlıqlı tələbələr seçilərək
qəbul edilirlər. Bəzi
fakültələrə, məsələn, hüquq,
kompüter elmləri, iqtisadiyyat və s. fakültələrinə qəbul olunan tələbələrin
əksəriyyəti öncədən bakalavr dərəcəsini
almış tələbələr olur. Buna görə də
oradakı tələbələrin 80-85 %-i müəyyən
edilmiş 4 il müddətinə
universiteti bitirə bilirlər. Yalnız 10-15 % tələbələr
hər hansı səbəbdən- məsələn, tədris
prosesinin ağır şərtlərinə dözə bilmədikdə,
fiziki olaraq gücü çatmadıqda, sağlamlıq ilə
bağlı və s. universiteti bitirə bilmirlər. Amma
sonradan onlar həmin vermədiyi fənlər üzrə təkrar
dərslər götürərək və imtahan verərək
universiteti bitirməyə müvəffəq olurlar. Lakin bunu bütün universitetlərə şamil eləmək
olmaz. Belə ki, bir çox universitetlərdə tələbələr
müəyyən edilmiş müddətə, yəni 4 ilə
ali məktəbi bitirə bilmirlər. Bu
müddət bir çox hallarda 1-2, hətta 3-4 il
müddətinə uzana bilir.
Avropada, xüsusən Almaniyada tələbənin 10 ilə
qədər təhsil prosesini uzatmaq imkanı var. Lakin burda bir
məsələyə xüsusi diqqət yetirmək
lazımdır. Məsələn, orada bir fəndən 3 dəfə
qeyri-məqbul alan tələbə
universitetdən tamam xaric olunur. Sonradan həmin tələbənin
universitetə bərpa olunma imkanı olmur. Tələbələrin universiteti müəyyən
olunmuş müddətdə bitirmə faizi təxminən
50-55 % təşkil edir. Ümumilikdə isə,
yəni müddətsiz olaraq Almaniyanin Zigen Universiteti nümunəsində
təqribən 85-87%-dir.
Azərbaycanda təhsil prosesində tətbiq edilən
Bolonya sistemi tələbələrin dərsə davamiyyətinə
və fənn seçiminə azadlıq vermir. Qəbul olunan tələbələrin
təxminən 98 %-i universiteti müəyyən edilmiş 4 il müddətinə bitirirlər. Bunun ən başlıca səbəbi Bolonya sisteminin
respublikamızda tam şəkildə tətbiq edilməməsidir.
Mahirə
SƏFƏRƏLİZADƏ,
Kanadanın Toronto Universitetinin tələbəsi
Mənim təhsil aldığım
Toronto Universitetində bizim ali məktəblərdən
fərqli olaraq universiteti müəyyən olunmuş müddətdə
bitirmək elə də asan deyil. Çünki
burada çox tələbkar bir sistem var. Ona görə də
müəyyən edilmiş müddətdə, yəni 4 ilə
ancaq 40-45% tələbələr universiteti bitirə bilirlər.
Digərləri isə bu müddəti uzatmaq məcburiyyətində
qalırlar. Bunun bir çox səbəbləri
var. Burada tələbənin yüksək ixtisaslı mütəxəssis
kimi hazırlanması çox vacib amildir. Əgər
universitet yaxşı mütəxəssis hazırlaya bilməzsə,
bu, onun reytinqinə mənfi təsir göstərə bilər.
Dərslərin və proqramların çətinliyinə
gəldikdə isə bu əsasən fakültələrdən
asılıdır. Elə fakültələr
var ki, oranı bitirmək daha asandır. Məsələn,
mənim təhsil aldığım təbiət elmləri fakültəsində
ixtisas proqramları çoxdur. Fiziologiya,
immunologiya, toksikologiya, patobiologiya, genetika, hüceyrə
biologiyasi, sosiologiya, psixologiya və s. Proqram seçimi ikinci
kursda olur və hər proqramın xüsusi tələbləri
var. Ola bilər ki, tələbə təkamül
biologiyası proqramına qəbul olmaq istəyir. Amma proqramın tələbini
ödəmədiyi üçün başqa bir proqram, məsələn,
ekologiya proqramı seçmək məcburiyyətində
qalır. Əgər 3-cü il
ekologiya dərslərinə marağının
olmadığını və ya məqbul qiymət
almadığını gördükdə yenə də
proqramı dəyişə bilər ki, bu da təhsilin
uzanmasına səbəb olur. Mühəndislik
fakültəsində isə vəziyyət fərqlidir. Belə ki, orada tələbənin proqram seçmək
hüququ yoxdur. Dərslər universitet tərəfindən
seçilir. Əgər tələbə mexanika mühəndisliyi
fakültəsinə qəbul olubsa, artıq 4 illik proqram dərsləri
hazır olur və hər hansı bir imtahandan kəsilərkən
başqa proqram seçmə imkanı olmur. Bu
baxımdan, mühəndislik fakültəsində diplom almaq
daha çətindir. Lakin onu da nəzərə
çatdırım ki, burada universiteti yarımçıq
qoymaq adi bir haldır. Tələbələr
öz yollarını tapmağa çalışırlar.
Əgər qəbul olduğu ixtisas tələbənin
ürəyincə deyilsə, dərsləri, mövzuları dərindən
dərk etmirsə, tələbə başqa yol seçir.
Çünki tələbə fikirləşir ki,
yaxşı mütəxəssis olmasa, yüksək əməkhaqqı
olan iş tapa bilməz. Nəzərə
çatdırım ki, bu kimi ölkələrdə mütəxəssislər
bilik və bacarıqlarına görə işə düzəlir.
Buna görə də tələbə diplom
almağı yox, yüksək ixtisaslı mütəxəssis
olmağı daha çox düşünür.
Fərid ABBASOV,
İtaliyanın La Sapienza
Universitetinin tələbəsi
Burada təhsil almaq, universiteti bitirmək çox çətindir. İtaliyada 4
ildir ki, təhsil alıram.
Bu müddət ərzində bir çox məsələlərlə
bağlı müşahidələrim olub. Bunlardan biri də tələbələrin universiteti
yarımçıq qoyub getmələridir. Universitetə qəbul olanların demək olar ki,
ancaq 50-55 %-i buranı bitirə bilir. İlk illər bu mənə
təəccüblü gəlsə də sonralar səbəbini başa düşdüm. Universitetimizdə çox ciddi bir mühit
mövcuddur. Tələbələrə
qaydalardan kənar heç bir güzəşt olunmur. Tələbələr
istər bakalavr, istərsə də magistr dərəcəsində
müəyyən olunmuş krediti verdikdən sonra müstəqil
diplom işi yazmalıdırlar. Bu öhdəlikləri
yerinə yetirə bilməyənlər universitetdən ya xaric
olunur və ya dərs yükü asan olan fakültə dəyişdirmək
məcburiyyətində qalırlar. Yetərli qədər
bilik və bacarıqlarının olmaması, ixtisas fənlərinin
çətinliyi səbəbindən hər il çoxlu sayda
tələbə La Sapienza Universitetini tərk edir. Özü də bu, həmin
tələbələr üçün adi haldır. Onlar universitetdən xaric olsalar belə, bacara biləcəkləri
digər bir ixtisas seçir və həmin ixtisasa yiyələnməyə
çalışırlar.
Turanə QASIMLI,
Böyük Britaniyanın Nyukasl
Universitetinin tələbəsi
Təhsil aldığım Nyukasl Universiteti
dünyanın ən yaxşı universitetləri
siyahısındadır. Universitetimizə
ümumi qəbul olanlardan 91% tələbə diplom sahibi olur.
Lakin onların təxminən 40-45 %-i müəyyən
olunmuş 4 il müddətinə
universiteti bitirə bilir. Digərləri
hüquqlarından istifadə edərək təhsil müddətini
uzadırlar. Universiteti müəyyən olunmuş müddətə
bitirməyən tələbələrin çoxu yerli tələbələrdir. Onların göstərdikləri
səbəb sadəcə təhsildən bir müddət kənarlaşıb
öz işləriylə məşğul olmaq istəmələridir.
Universitetimizdə tədris materialları
ağır olduğuna görə birinci kursu bitirə bilməyənlər
də olur. Mən öz keçmiş qrup
yoldaşlarım və dostlarımın bəzilərindən
soruşanda ki, niyə Nyukasl Universitetini atdınız, verdikləri
cavablarda 1-2 il səyahət etmək və
ya başqa ölkədə təhsil almaq istədiklərini əsas
gətirirlər.
Araşdırmalarımız
göstərdi ki, bu tendensiya, yəni ali məktəblərə
qəbul olanların demək olar ki, hamısının diplom
ala bilməsi Azərbaycanda Sovet dönəmindən bəri
davam etməkdədir. Əsas fəaliyyəti
keyfiyyət deyil, kəmiyyət, yalançı plan üzərində
qurulmuş Sovet rejimi dağılsa da, bunun bəzi təzahürləri
alt-şüurumuzda hələ də qalmaqdadır.
Ölkə Prezidenti və Təhsil Nazirliyinin ali
təhsilin inkişafına göstərdikləri diqqət və
qayğıya, bu sahədə problemlərin həlli istiqamətində
görülən işlərə baxmayaraq universitetlərimizdə
hələ də bir çox çatışmazlıqlar
mövcuddur. Mütəxəssislərin və xaricdə təhsil
alan həmyerlilərimizin fikirlərindən
məlum olur ki, Bolonya sisteminin respublikamızda tam olaraq tətbiq
olunmaması, universitetlərimizdə bəzi hallarda tələbkarlığın
mövcud olmaması, hələ də sovet ideologiyasından
uzaqlaşa bilməməyimiz və əsasən ixtisaslı
kadr yox, diplomlu şəxs yetişdirmək təcrübəsi
nəticəsində tələbələrimiz müəyyən
olunmuş 4 il müddətinə ali məktəbi bitirir. Onlar dərs proqramlarını deyil, daha çox
universiteti bitirməyi düşünürlər.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.- 11
aprel.- S.1; 7.