Azərbaycan dilini
öyrənmək istəyən polyak
tələbələr
üçün hazırlanmış ilk kitab
Azərbaycanlı alimin
kitabının Polşada təqdimatı keçirilib
Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Fəridə Səfiyeva öz elmi nailiyyətləri ilə təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınan alimlərimizdən biridir. 50-dən artıq elmi məqalənin, bir sıra dərs vəsaitlərinin və monoqrafiyaların müəllifi olan alim həmçinin beynəlxalq elmi konfransların iştirakçısıdır. Onun elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada və digər xarici ölkələrdə çap olunub.
Fəridə Səfiyevanın elmi fəaliyyətində əldə etdiyi növbəti nailiyyəti onun bu yaxınlarda Varşava Universiteti üçün hazırladığı "Azərbaycan dili" dərsliyinin Polşanın "Olşinka" nəşriyyatında nəşridir. Bu xanımla görüşməyimizin əsas səbəbi də məhz Polşada geniş şəkildə təqdimatı keçirilən adıçəkilən dərsliklə bağlı oldu.
- Fəridə xanım, "Azərbaycan dili" dərsliyi haqqında məlumat verməyinizi xahiş edirik.
- İlk öncə onu qeyd edim ki, Azərbaycanın Polşadakı səfirliyinin və Varşava Universitetinin layihəsi olan, Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə hazırladığım "Azərbaycan dili" dərsliyinin Azərbaycan-Polşa təhsil əlaqələrinin genişlənməsində yeni bir pillə olacağına əminəm və bir müəllif kimi bundan qürur duyuram.
Dərslik Azərbaycan Dillər Universitetində hazırlanıb, elmi redaktoru professor Nizami Cəfərov, ön sözün müəllifi Azərbaycanın Polşadakı səfiri, professor Həsən Həsənovdur. Dərsliyə professorlar Adil Babayev, İkram Qasımov, dosentlər Faiq Şahbazlı, Fazil Əhmədov rəy veriblər. Dərs vəsaiti nəzəri materiallar (fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis), çalışmalar, dialoq və mətnlərdən ibarətdir. Nəzəri material sxemlərdə verilmişdir ki, bu da vizual yaddaşa əsaslandığı üçün mənimsəməni xeyli dərəcədə asanlaşdırır. Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatların əldə olunmasına yardım edir. Lüğət bölməsində kitabda verilən materiallara uyğun sözlərin tərcüməsi əksini tapıb.
- Bilirik ki, kitabın
ilk təqdimatı Azərbaycan
Dillər Universitetində
keçirilib.
- Bəli, düz qeyd etdiniz. Polşada
nəşr olunan
"Azərbaycan dili"
dərsliyinin ilk təqdimatı
ötən ilin dekabrın 5-də
Azərbaycan Milli
Elmlər Akademiyasının,
Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər qurumların nümayəndələrinin, millət
vəkillərinin, respublikanın
bir sıra ali təhsil müəssisələrinin alimlərinin,
mütəxəssislərinin iştirakı ilə Azərbaycan Dillər Universitetində keçirildi.
Universitetin rektoru, professor Səməd
Seyidov kitabı yüksək dəyərləndirərək
onun Azərbaycan dilinin tanıdılmasında,
Polşada Azərbaycan
dilinin tədrisində
bir vasitəyə çevriləcəyinə ümidvar
olduğunu bildirdi. Milli Məclisin Mədəniyyət Komitəsinin
sədri, kitabın elmi redaktoru Nizami Cəfərov, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri
Faiq Şahbazlı və digər natiqlər də çıxış edərək Polşada nəşr olunan dərsliyin Azərbaycan dilçiliyinin və elminin nailiyyəti olduğunu söylədilər.
Bilirsiniz, çalışdığım universitetdə Azərbaycan
dilinin dünyaya tanıdılması və
yayılması istiqamətində
əhəmiyyətli işlər
görülür. Dilimizi dünya
səviyyəsində təqdim
etmək üçün
universitetin beynəlxalq
əlaqələr üzrə
mütəxəssisləri xarici vətəndaşlar
üçün Azərbaycan
dilinin öyrədilməsi
istiqamətində dərsliklər
hazırlayırlar. Universitetimizdə 22 dil öyrədilir. Polyak dili də bu
dillər arasında çox uğurla öyrənilir. Rektorumuz,
professor Səməd Seyidovun təşəbbüsü
ilə polyak dilinin daha yaxşı
mənimsənilməsi üçün
Polşadan müəllimlər
dəvət olunurlar. Tələbələrimiz polyak dilini öyrənməklə yanaşı
Polşanın müxtəlif
universitetlərinə təcrübəyə
də göndərilir.
Ali təhsil ocağımızda
istər tələbələr,
istərsə də
professor-müəllim heyəti
üçün yaradılmış
sağlam elmi, yaradıcı mühit bizlərə elmi fəaliyyətimizi uğurla
davam etdirməyə, imkan və şərait
yaradır. Mən bunun üçün
ilk növbədə universitetin
rəhbərliyinə təşəkkür
edirəm.
- "Azərbaycan dili"
dərsliyinin Varşava
Universitetində təqdimatı
necə keçdi? Bu haqda bir qədər
geniş söz açmağınızı istərdik.
- Kitabımın təqdimatının
keçirildiyi fevralın
24-ü mənim yaddaşımda
xoş bir gün kimi qaldı.
Ən böyük arzuma çatmışdım. Hazırladığım
dərslik Polşanın
qədim ənənələrə
malik nüfuzlu bir ali təhsil müəssisəsində
-Varşava Universitetində
tədris olunacaqdır.
Kitab həmçinin Polşanın Mərkəzi
Kitabxanasına və bir sıra universitetlərin
kitabxanalarına göndərilib.
Azərbaycanlı alim kimi bundan qürur duyuram.
Varşava Universitetində professor-müəllim heyətinin və tələbələrin
iştirakı ilə
keçirilən təqdimatda
Azərbaycan Respublikasının
Polşadakı səfiri
Həsən Həsənov, səfirlik işçiləri, Varşava
Universitetinin Şərq
fakültəsinin Türk
və Mərkəzi Asiya xalqları Departamentinin müdiri, doktor Aqata Bareja-Stazynska,
fakültənin dekanı,
professor Pyotr Taraxxa, görkəmli türkoloq Tadeuş Mayda, kitabımı polyak dilinə uyğunlaşdıran
doktor Kamilla Barbara Stanek və digər şəxslər
iştirak edirdilər.
Çıxış edənlər
Azərbaycanla Polşa
arasında mövcud olan dostluq və
əməkdaşlıq əlaqələrindən
söz açdılar, Azərbaycan
dilini öyrənən
tələbələr üçün
bu kitabın əvəzsiz bir vəsait olduğunu xüsusi vurğuladılar.
Təqdimatda kitab,
onun strukturu, quruluşu, məzmunu haqqında da geniş məlumat verildi.
Onu da xüsusi vurğulayım ki, həmin təqdimatda Azərbaycanın
Polşadakı səfiri
Həsən Həsənovun
kitabla bağlı söylədiyi fikirlər
mənim üçün
xüsusilə qiymətlidir. Hörmətli
səfirimiz bunları
dedi: "Hesab edirəm ki, bugünkü tədbir təkcə "Azərbaycan
dili" kitabının
təqdimatı istiqamətində
deyil, həm də ana dilimizin
təbliğində böyük əhəmiyyətə
malikdir".
Bir alimin əməyinə məncə,
bundan yüksək dəyər verilə bilməz. Təqdimatda çıxışım zamanı fəxr hissi ilə qeyd etdim ki,
müəllifi olduğum
kitab vasitəsilə əcnəbi tələbələrə
Azərbaycan dilinin gözəlliyini çatdırmaq,
vətənimiz haqqında
müəyyən məlumatlar
vermək istəmişəm.
Ana dilimizi dünyaya
tanıtmaq və təbliğ etmək hər kəsin borcudur. Həmin tədbirdə mən
pedaqoji fəaliyyətlə
məşğul olduğum
Azərbaycan Dillər
Universitetinin bukletini, müasir bəstəkarlarımzın
klassik əsərlərindən
ibarət diski və ölkəmizlə bağlı suveniri Varşava Universitetinin rəhbərliyinə təqdim
etdim. İstədim ki, polşalı
həmkarlarımız doğma
Azərbaycanımızın elmi, tarixi ilə
yanaşı, incəsənəti,
musiqi mədəniyyəti
ilə bağlı müəyyən bilgilərə
də malik olsunlar.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-
2015.- 11 aprel.- S.14.