Bakı məktəblilərinin

mini-futbol çempionatı başa çatdı

 

Məktəb-lisey kompleksinin komandası qalib oldu

 

Aprelin 10-da "ABU Arena" İdman Kompleksində məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibinin müavini Sərxan Hacıyev idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Təhsil Nazirliyinin AFFA ilə birgə təşkil etdiyi yarışa paytaxtda yerləşən 305 məktəbdən 3660 nəfər VIII sinif şagirdi qatılıb.

Çempionatın məqsədi lAzərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»ndan irəli gələn vəzifələri yerinə yetirmək, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq mini-futbolun inkişafına dəstək verməkdən ibarətdir.

Yarışın nəticələrinə görə Bakının Nərimanov rayonunda yerləşən məktəb-lisey kompleksinin komandası I, Nizami rayonunda yerləşən 277 nömrəli idman təmayüllü tam orta məktəbin komandası II, Sabunçu rayonundakı 96 nömrəli tam orta məktəbin komandası isə III yeri tutublar. Komandalar Təhsil Nazirliyi tərəfindən kubok, medal, diplom qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2015.- 11 aprel.- S.3.