Məktəb direktoru necə
olmalıdır?
Avstraliyada məktəb direktorunun
peşə standartı
Müasir məktəb direktoru necə olmalıdır?
Dünyanın ən yaxşı təhsil sistemlərindən
olan Avstraliyada
hazırlanmış məktəb direktorunun peşə
standartı bu suala cavab tapmağa kömək edərdi. Oxuculara da maraqlı olacağını
düşünərək məktəb direktorunun peşə
standartının Avstraliya təcrübəsini onların diqqətinə
çatdırırıq.
Avstraliyada
məktəb direktorunun
peşə standartı onun fəaliyyətinə dair 5 sahə
və 3 əsas istiqaməti
özündə cəmləşdirən inteqrasiya olunmuş
modeli əks etdirir. Oxuculara
çatdırmaq maraqlı olardı ki, məktəb direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır, buraya özündə
müəyyən missiyaları, məqsədləri, məktəbin dəyərlərini
təcəssüm etdirən məktəbə rəhbərlik
(liderlik) və məktəbin cari fəaliyyətinin
təşkilini nəzərdə tutan menecment (müəllimlər
arasında dərs
yükünün
bölüşdürülməsi, müxtəlif
resurslardan istifadə, valideynlər və ictimaiyyətlə
iş) daxildir.
Giriş.
Avstraliyada məktəb direktorunun peşə standartı bu ölkənin təhsil sistemi
işçiləri və mütəxəssisləri ilə məsləhətləşmələrdən
sonra Təhsilin İdarə Olunması İnstitutu tərəfindən
təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi
və idarəetmənin yaxşılaşdırılması
məqsədi ilə işlənib hazırlanıb. Bu institut Avstraliya hökuməti tərəfindən
maliyyələşdirilir. Standart müəyyən edir
ki, direktorlar öz işlərində uğur əldə etməyin
vacibliyini başa
düşməli və buna nail olmağı bacarmalıdırlar. Standart 2011-ci ilin fevral-may aylarında
ölkənin ümumtəhsil müəssisələrində
sınaqdan keçirilib. Sınaq gedişində standartın səmərəliliyi, faydası,
dəyəri
yoxlanılıb və əldə olunan nəticələr
son variantda nəzərə alınıb. Bu ümummilli standartın
məzmunu regionlarda mövcud olmuş əvvəlki 50 standartın modelini nəzərə alır. Yeni standart ölkənin
bütün regionlarında və məktəblərində
istifadə üçün əsas hesab olunur.
Standartın məqsədi. Standart məktəb direktorunun rolunun müəyyən
olunması, ölkədə vahid yanaşmanın tətbiqi, məktəbdə direktorun
işinin əks etdirilməsi və şagirdlərin uğur səviyyəsinin yüksəldilməsi məqsədilə
məktəbin keyfiyyətli idarə olunması
funksiyasının müəyyən edilməsi
üçün hazırlanıb.
Sənəd peşəkar direktorların məktəb həyatına
cəlb olunmasının dəstəklənməsi və onların
peşəkarlığının artırılması aləti kimi çıxış edir. Bu dərin məzmunlu standartdır, o,
özündə tədris prosesinin
idarə olunmasında istifadə oluna biləcək
aşağıdakı informasiyaları cəmləşdirir:
- peşəkarlığın
artırılmasının əsası kimi;
- öz işinin nəticələrinin təhlili,
korrektə olunması və peşəkar inkişafa rəhbərlik üzrə;
- özünün və digər insanların
idarə olunmasına rəhbərlik.
Standartın gücü onun peşəkar cəmiyyət
tərəfindən tanınması ilə bağlıdır.
Standart direktora öz işinin və peşəkar inkişafının təhlilini aparmağa imkan verir.
Məktəb direktorunun aparıcı rolu. XXI əsrdə
məktəb direktorunun rolu cəmiyyətimizdə ən vacib
rollardan biridir. Direktor gələcəyin yaradılmasında
iştirak edir. Uşaq və
yeniyetmələrin inkişafı, onların uğurlu
şagird,
özünəinamlı yaradıcı şəxsiyyət
və fəal məlumatlı vətəndaş
kimi formalaşmasında məsuliyyət onun üzərinə
düşür.
Direktorlar
inanmalıdırlar ki, təhsil bu gün və
gələcəkdə cəmiyyətin və insanların həyatını
dəyişə bilər.
Direktorlar məktəblərdə tədris prosesində
aparıcı mövqelərdə durur. Onlar təhsil
ideyasını inkişaf etdirmək üçün
şagirdləri, müəllim və valideynləri öz arxasınca aparırlar.
Direktorlar
bütün şagirdlərin yaxşı təhsil nəticələri
almasını təmin etmək üçün vətəndaşların
geniş əhatə dairəsi ilə əməkdaşlıq
edirlər. Onlar məharətlə müəllimlər
arasında əməkdaşlıq
mühiti yaradır və dəstəkləyirlər.
Direktorlar yaradıcı və innovativ həllərin axtarışında həmkarları
ilə əməkdaşlıq etməyi, bütün şagirdlərin keyfiyyətli nəticələr əldə
etməsi üçün
mürəkkəb, qeyri-müəyyən, problemli
situasiyalarda işləməyi bacarmalıdırlar.
Standart həm
də
direktorların öz
işlərində səmərəli nəticələrə
nail olmaları üçün nələri bilməli, dərk
etməli və yerinə yetirməli
olması kimi tələbləri
müəyyənləşdirir. Bu isə direktorlardan
aşağıdakı sahələrdə böyük fədakarlıq tələb edir:
- Bütün səviyyələrdə
müxtəlif
yaşlı
şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi;
- Hamı
üçün
bərabər və yüksək keyfiyyətli təhsil
şəraitinin təmin edilməsi;
- Keyfiyyətli tədrisə imkan
yaradan şəraitin yaradılması;
- Təhsil
sahəsində dövlət siyasətinin və cəmiyyətin
gözləntilərinin həyata keçirilməsi;
- Yerli,
ümummilli və beynəlxalq səviyyədə XXI əsrin
təhsil sisteminin təkmilləşdirilməsində
iştirak etmək.
Standartın
özəyi olan direktor üçün tələblər aşağıdakı prinsiplərə əsaslanır:
-Direktor öz işində təhsil prosesinə
yanaşmaların və Avstraliya məktəblərinin müxtəlifliyini nəzərə almalıdır.
- Liderlərin qabiliyyət
və bacarıqları ixtisaslar
üzrə iş təcrübəsinin toplanması ilə
inkişaf edir.
-
Direktorun məktəbə rəhbərlik üzrə öz missiyasını həyata
keçirmək sahəsində
funksiyaları bütün əməkdaşlar
arasında bölünməlidir. Məktəb
qarşısında duran məqsədlərə nail olmaq
üçün bütün işlər təhsil ocağının
kollektivinin iştirakı ilə direktorun rəhbərliyi altında
görülməlidir.
- Demək
olar ki, bütün uğurlu liderlər eyni
idarəetmə sxemindən
istifadə edirlər. Məktəbə
rəhbərlik işində effektivliyə nail
olunmasının müxtəlif yolları təhsil dərəcələri
və şəxsi keyfiyyətlərin müxtəlifliyi ilə
izah olunur.
Direktorın
iş şəraiti. Məktəb direktoru
mürəkkəb, dəyişkən, tam problemli şəraitdə
müasir məktəbə rəhbərlik etməklə və
daima gələcəkdə təhsil sahəsinə irəli
sürüləcək tələbləri diqqətdə
saxlamaqla işləyir.
Yerli
ictimaiyyətin və hər bir məktəbin iş şəraitinin
unikallığı.
Bütün məktəblər konkret sosial və coğrafi
şəraitdə, yerli əhalinin
mədəniyyəti, tarixi, mentaliteti, dəyərləri nəzərə alınmaqla, bütün şagirdlər
üçün uğurlu bərabər təhsil imkanlarının təmin
olunması ilə işləyir.
Avstraliya:
hamı üçün təhsil. Direktorlar yerli əhalinin ənənəvi
hüquqlarının, inanc və mədəniyyətinin öyrənilməsi və öyrədilməsi
məqsədilə məktəbin təhsil birliyinin üzvləri
ilə birgə işləməyə borcludur. Avstraliyada istər
yerli əhalinin, istərsə də multikonfessiyalar və polimədəniyyətlərin
yaşadığı regionlarda, iri şəhərlərdə,
kənd yerlərində, uzaq rayonlarda bütün şagirdlər
yaradıcı, təhsilli, fəal və özünəinamlı
vətəndaşlar kimi yetişmək üçün təhsil
almaq hüququna malikdirlər. Bu hüquqlara, eləcə də
sağlamlıq imkanları məhdud olan şagirdlər və risk qrupuna aid uşaqlar
da malikdir.
Qloballaşma:
İqtisadiyyat və cəmiyyət. Müasir, sürətlə dəyişən
dünyada bütün insanlar
daha çox bir-biri ilə
bağlı və bir-birindən
asılı vəziyyətdə olurlar. Təhsil XXI əsrdə uğurlu vətəndaş
olmaq üçün
bütün insanlarda bilik,
anlama, bacarıq və dəyərlərin
formalaşmasında əsas və vacib yer tutur. Bir-biri ilə əlaqəli yerli,
ümummilli və beynəlxalq şərait - bu, məktəb
direktorlarının işlədiyi kontekstdir.
Avstraliyada
məktəb direktorunun
peşə standartı. Standartda
direktorun gündəlik işinin (menecment) təşkili və
məktəbə rəhbərliyi (liderliyi) üzrə verilən
tələblər təsbit edilib. Standart bütün liderlərin
ümumi keyfiyyətlərə malik olduğunu əks etdirən, özünü məktəb
direktorunun fəaliyyətinə
verilən 3 tələb kimi formulə olunmuş inteqrasiya
modelidir.
Məktəb direktorları öz peşəkar fəaliyyətinin
5 sahəsində bu tələblərə istinad etməlidir.
Standartda
məktəb direktorunun
işləməli olduğu mürəkkəb, dəyişkən
şərait, eləcə də onun gündəlik praktik fəaliyyətdə
üzləşdiyi müxtəlif situasiyalar nəzərə
alınıb. Məktəb direktorları standartda əks
olunmuş modelə əsasən zəif və güclü tərəflərini
müəyyən etmək üçün öz bilik, bacarıq, idarəetmə
keyfiyyətləri və təcrübələrini müqayisə
edə bilərlər. Bu
hamı üçün məhz vahid sənəd, ümumu
standartdır,
çünki o, əslində direktorun
qarşısında duran məqsəd
və vəzifələri
bütün mürəkkəbliyi ilə ümumiləşdirir. Standartın tələbləri
iş şəraiti və təcrübəsindən
asılı olmayaraq bütün direktorlara tətbiq oluna bilər.
Məktəb
direktorlarını standartın konkret aspektləri, onların
iş şəraiti, ixtisas və iş təcrübəsi
üzrə fərqləndirmək mümkün olacaq.
Standart liderə (direktor) qarşı üç tələb
irəli sürür:
*
Onların təhsilin dəyər və məqsədlərini
dərk etmələri;
* Peşəkar
biliklərinin yüksək səviyyəsi;
* Şəxsi keyfiyyətlər, sosial bacarıq və
şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bu tələblər
beş əsas peşəkar sahədə
həyata keçirilir:
* Tədris
prosesinə rəhbərlik;
*
Özünün və tabeliyində olanların peşəkar inkişafı;
*
İnnovasiyaların tətbiqi və liderlik məktəbinin təkmilləşdirilməsi;
* Məktəbin
idarə olunmasında liderlik;
* Məktəbin
idarə olunması işinə ictimaiyyətin cəlb
olunması.
Məktəb direktorunun peşə standartı -
inteqrasiya olunmuş model. Məktəb idarəçiliyinin yüksək
səviyyəsi. Standartda məktəb rəhbərliyinə
olan tələblərin ayrıca yazılmasına baxmayaraq,
onların qarşılıqlı surətdə bir-biri ilə bağlı olduğunu, bir-birindən
asılı olduğunu və
eyni dərəcədə vacib olduğunu qeyd etmək
lazımdır. Onların necə
tətbiq olunması isə məktəb direktorunun konkret iş şəraitindən
asılıdır. Rəhbərlərə qarşı tələblər
bütün peşəkar sahələrdə mövcuddur.
Onlar arasında fərq iş şəraiti və kontekstdən
asılıdır. Məktəb direktoru vəzifəsini tutmaq istəyən, eləcə də fəaliyyət
göstərən direktorlar üçün vahid standartda əksini
tapmış tələblərin
praktikada necə tətbiq olunmasını özləri
üçün müəyyən etmək zərurəti
mövcuddur.
Məktəb direktoruna qarşı 3 başlıca tələb. Direktor məktəbə rəhbərliyi
(lider olmaq) və
menecmenti (məktəbin gündəlik həyatı ilə məşğul olmaq) həyata
keçirməlidir. Rəhbərliyin (liderlik) həyata keçirilməsi məktəb
qarşısında duran bütün hədəflərin
direktor tərəfindən aydın başa düşülməsi, problemlərin aşkarlanması və
onların həlli, innovasiyaların tətbiqi və məsuliyyəti
öz üzərinə götürmək deməkdir. Menecment ortaya
çıxan problemlərin sayını azaltmağa imkan verən
sistemli yanaşmanı, təhsil
xidmətlərinin göstərilməsində proqnozlaşdırmanı
və davamlılığı
nəzərdə tutur.
Direktor aşağıdakılar
əsasında məktəbə rəhbərliyi və
menecmenti həyata keçirir:
- Dəyər və
məqsədlərin anlaşılması;
- Tədris
proseslərini dərindən
anlaması və bilməsi;
- Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və
şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bütün bunlar məktəb rəhbərinə
qarşı üç əsas tələbi təşkil edir.
1. Dəyər
və məqsədləri anlama. Direktor öz məktəbində
tədris proseslərinin məqsədli inkişafına rəhbərlik
edir. O, demokratik dəyərləri, ədalət
prinsipini, etik davranış normalarını, fasiləsiz təhsilin
vəzifələrini əldə əsas tutaraq özünü böyüməkdə olan nəslin
təlim-tərbiyəsinə həsr edir. Məktəb direktoru
təhsil prosesinin müxtəlif iştirakçıları
arasında lider, vasitəçidir və yerli ictimaiyyətin
maraqlarına xidmət edir.
Bu özünü direktorun məktəbdə həyata keçirdiyi strateji
məqsədlərdə, məktəb mədəniyyəti, ənənələri
və müsbət ab-havada
göstərir. Direktor məktəbdə tədrisin
yüksək səviyyədə dəstəklənməsinə
nəzarət edir və məktəb həyatında
qarşılıqlı hörmət mühitinin
yaradılmasına xidmət edir.
- Məktəb direktoru özünün peşəkar
fəaliyyətində
ömürboyu təhsil
prinsipini dəstəkləyir,
şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət ilə birlikdə
qarşılıqlı olaraq onun həyata keçməsinə
çalışır.
- Məktəb
direktoru təhsil prosesinin bütün iştirakçılarının təhsilin yüksək keyfiyyətinə
can atması üçün
şagirdlər, müəllimlər, valideynlər və
ictimaiyyət arasında motivasiyanın yüksəlməsinə
çalışır.
- Məktəb direktoru yüksək mənəvi,
əxlaqi
davranış nümayiş etdirməlidir. O, məktəb
həyatının təşkilində yüksək etik dəyərləri
rəhbər tutur. O, özündə fəal vətəndaş
mövqeyini əks etdirən demokratik dəyərlərə əsaslanır.
2. Tədris
proseslərini dərindən
anlamaq və bilmək. Məktəb direktorları müasir idarəetmə
nəzəriyyəsi və praktikası ilə yaxşı
tanışdır və rəhbərlik etdikləri məktəblərin
işinin yaxşılaşdırılması
üçün öz biliklərini tətbiq edirlər.
Məktəb
direktorları müasir elmi-pedaqoji tədqiqatlar, o cümlədən təhsilin
məzmunu və metodları,
şagird nailiyyətlərinin qiymətləndirilməsi
və hesabatlılıq sahəsində sərbəst surətdə
baş çıxarırlar.
Onlar təhsil
sahəsində dövlət siyasətinin əsas istiqamətləri, istər federal, istərsə də
ştatlar üzrə qanunvericiliyin əsas müddəaları
barədə yaxşı məlumatlıdırlar. Onlar uşaqların
sağlamlığı və təhlükəsizliyi, insan
resurslarının idarə edilməsi, maliyyə və
hesabatlılıq, ümumiyyətlə, yerli əhalinin və
cəmiyyətin tələbatına dair qanunvericiliyin və dövlət
siyasətinin tələbləri kimi problemlərin əhəmiyyətini
başa düşürlər.
- Direktorlar
uşaqların inkişafi və tədrisi üzrə pedaqoji elmin müasir nailiyyətlərindən
xəbərdar olmalı və məktəbin şagirdlərinin tələbatına
uyğun olaraq tədqiqatların
nəticələrini necə tətbiq etməyi bilməlidirlər.
Buradan da məktəbin nailiyyətlərinin
artırılması üçün təhsil
ocağının idarəçiliyində dəyişikliklər
edilməsi zərurəti ortaya çıxır.
- Məktəb
direktorları
öz məktəblərində tədrisin keyfiyyətinin
yaxşılaşdırılması üçün təhsil
siyasətində baş verən dəyişikliklər, həmçinin ətraf mühitin mühafizəsi
və sosial siyasətdəki tendensiyalarla bağlı bilikləri
öz məktəblərində tətbiq edirlər. Öz işlərində direktorlar məktəb
şuraları, idarəedici şuralar və başqa qurumlara
istinad edirlər.
- Direktorlar
təhsil ocağının gündəlik işinin və
strateji idarəetmənin təmin olunması üçün
məktəbin təşkili və rəhbərliyi prinsipi üzrə öz
biliklərini tətbiq edir.
3. Şəxsi keyfiyyətlər,
sosial bacarıqlar və şəxsiyyətlərarası
ünsiyyət vərdişləri. Bu tələb
özündə emosional keyfiyyətləri, məktəb həyatının
təşkili və kollektivə rəhbərlikdə
özünə əminliyi əks etdirir. Direktorlar mütəmadi olaraq öz kollektivinin fəaliyyətini yoxlayır, situasiyadan asılı olaraq məktəbin
idarəetmə üslubunda lazımi dəyişikliklər edirlər. Öz nüfuzundan, sosial
bacarıqlarından istifadə
etməklə onlar
münaqişələri
daha səmərəli həll etməyə
çalışırlar. Onlar məktəb kollektivində etimad mühiti, tədris prosesində
müəllimlər və şagirdlər arasında müsbət ab-hava yaratmağa
qabildirlər.
- Direktor
həm şəxsən, həm də həmkarlarının
iştirakı ilə yaranmış problemi dəqiq müəyyən
edə və
onun müsbət həlli yollarını tapa bilər. Direktorlar onların müdaxiləsinin nə zaman tələb
olunduğunu başa düşür və mümkün informasiyaların köməyi ilə
öz qərarlarını qəbul etməyi və
əməkdaşlarının nəzərinə
çatdırmağı
bacarırlar.
- Direktorlar səmərəli
ünsiyyət qurmağı, təhsil
birliyinin üzvlərini də əməkdaşlığa
inandırmağı və buna cəlb etməyi
bacarır. Onlar həmkarlarının
fikirlərini dinləməyi, onları istiqamətləndirməyi,
mübahisəli vəziyyətə birmənalı qiymət
verməyi, əks-əlaqəni təmin etməyi
bacarırlar.
-
Direktorlar işləməli olduqları sosial, siyasi və yerli şəraiti
nəzərə alırlar. Onlar daim öz
kommunikativ vərdiş və inandırmaq
bacarıqlarını təkmilləşdirirlər.
Məktəb direktorunun 5 fəaliyyət sahəsi. Məktəbə rəhbərliklə
bağlı tələblərlə
yanaşı, bütün liderlər
üçün ümumi olan, məktəb
direktorlarının spesifik işilə əlaqəli 5 peşəkar fəaliyyət sahəsi mövcuddur:
1. Tədris
prosesinə rəhbərlik.
2. Peşəkar
inkişaf (kollektiv üzvlərinin və özünün).
3. Məktəbin
təkmilləşdirilməsində liderlik və
innovasiyaların tətbiqi.
4. Məktəbin
işinin təşkilində liderlik.
5. Öz
işinə ictimaiyyətin cəlb olunması.
Fəaliyyətin
bu növləri planlaşdırma və onun yerinə yetirilməsi, iş
gedişində vəziyyətin təhlili və zərurət
yarandığı təqdirdə planın korrektə edilməsi
yolu ilə həyata keçirilir. Peşəkar
fəaliyyətin idarəetmə modeli dövri xarakter
daşıyır. Əgər bir mərhələ
başa çatırsa, o yenidən (planlaşdırma, vəziyyətin
təhlili və dəyişikliklər planının korrektəsi)
təkrarlanır.
Planın
tərtibi və
onun reallaşdırılması. Konkret vəziyyətin
qiymətləndirilməsi, planın işlənib
hazırlanması, ehtiyatların bölüşdürülməsi, məktəbin
dəyər və məqsədlərinə uyğun olaraq
planın həyata keçirilməsi.
Nəticələrin təhlili. Məlumatların
toplanması və təhlili, qərarların qəbul edilməsi.
Planın korrektə edilməsi. Planın necə həyata keçirilməsinin
qiymətləndirilməsi, qərarların
qəbulu prosedurunda və ya planda lazımi dəyişikliklərin edilməsi.
Məktəb
direktoru planlaşdırma, planın həyata keçirilməsi, nəticələrin təhlili və planda düzəlişlərin
aparılmasında kollektivin üzvləri ilə sıx əməkdaşlıq
edir.
1. Tədris
prosesinə rəhbərlik. Direktor öz məktəbində
müsbət ab-hava yaradır və tədrisin effektiv
üsullarının axtarışında məktəb
kollektivinə kömək edir ki, bu da məktəbdən sonra təhsillərini
davam etdirməyi planlaşdıran şagirdlərin həvəsini
artırır. Direktorun vəzifəsi - effektiv tədris mədəniyyətini inkişaf
etdirmək, tədrisin keyfiyyətinə
rəhbərlik etmək, həmçinin
şagirdlərin
inkişafını və yüksək müvəffəqiyyət
səviyyəsini təmin etməkdir. O, birgə
planlaşdırma, eləcə
də tədris nəticələrinin təhlili və onlara nəzarət yolu ilə
təhsil prosesinin bütün
iştirakçıları üçün ən yüksək
gözləntilər həddi müəyyən edir.
Direktor məktəbin özünüidarəçiliyində şagirdlərin fəal
iştirakını təşviq edərək onların
davranışları və davamiyyəti üçün
yüksək tələblər müəyyən edir.
Planın tərtib edilməsi və onun
reallaşdırılması. Strateji planlaşdırmada tədris prosesini birinci yerdə
qoymaq; əmin olmaq ki,
çeşidli və çevik təlim
proqramları tədrisə
yaradıcı yanaşmalar və səmərəli təlim
mühiti ilə dəstəklənir. Təlim prosesində
strateji planlaşdırmanı həyata keçirmək. Məktəbi təkcə
şagirdlər üçün deyil, eləcə də
onların ailələri və yerli icma üçün təhsil
mərkəzinə çevirmək üçün təhsilə
bərabər çıxış imkanlarını təmin edən təhsil
strategiyalarının işlənib hazırlanması.
Nəticələrin təhlili. Hər bir uşağın
inkişafını təmin etmək üçün məlumatlar,
normativ baza və müşahidənin istifadə olunduğu effektiv
tədris metodları və qiymətləndirməni tətbiq
etmək. Bütün məktəb çərçivəsində
hər bir şagirdin müvəffəqiyyət dərəcəsinə
görə ardıcıl və fasiləsiz nəzarəti təmin
etmək.
Planın korrektə edilməsi. Təhsilin bütün səviyyələrində
vicdanlı münasibəti qeyd etmək və
bütün vicdansız
yanaşma ilə mübarizə aparmaq. Tədris
prosesinə düzəlişlər gətirən və
uşaqların müvəffəqiyyət səviyyəsinə
reaksiya bildirən müəllimlərin səmərəli
işini dəstəkləmək. Direktor məsuliyyətin
bölüşdürülməsi strategiyasının tətbiqinə
imkan yaradır ki,
bu da bütün şagirdlərə fəal
olmağa və təhsildə öz imkanlarını maksimum
açmağa imkan verir.
2. Peşəkar
inkişaf (kollektiv üzvlərinin və özünün).
Direktor tədris prosesinin yaxşılaşdırılmasını
hədəf götürən peşəkar birliyin yaradılması
üzrə həmkarları ilə birgə işləyir.
Kollektivə rəhbərlik etməklə daim ixtisasın
artırılması və əks -əlaqənin
qurulmasına xidmət göstərir, yüksək peşəkarlıq standartları əldə etmələri və liderlik keyfiyyətlərinin
inkişafında bütün müəllimlərə dəstək
göstərir. Direktor öz qabiliyyətlərini maksimum inkişaf etdirmələrində müəllimlərə dəstək
göstərir, onların hər birinə qarşı eyni dərəcədə
ədalətlidir və onlara
hörmətlə yanaşır.
O, səmərəli liderlik keyfiyyətləri
nümayiş etdirir, daim özünütəhsillə məşğul
olur, bütün çətinlikləri ilə şəxsi və rəhbərlik
keyfiyyətlərinə olan tələblərə uyğun olmaq üçün öz
sağlamlığının
qeydinə qalır.
Planın tərtibi və onun
reallaşdırılması. Kollektiv üzvlərinin fəaliyyətini
səmərəli planlaşdırmaq, bölmək və qiymətləndirmək,
öz funksiya və vəzifələrinin yerinə yetirilməsini
dəqiq ifadə etmək və yoxlamaq. Effektiv strategiya
və pedaqoji kollektivin ixtisasartırma və peşəkar
inkişafı prosedurunu tətbiq və nəzarət etmək. Öz qarşısında şəxsi vəzifələr
qoymaq və onların həyata keçirilməsinə görə
məsuliyyət daşımaq.
İşin gedişi və nəticələrin təhlili. Müəllimlərin fəaliyyətini
təhlil etmək və qiymətləndirmək,
işdə daha yüksək nəticələr qazanmaq məqsədilə
rəhbərlik sistemi
yaratmaq. Öz
işlərinin nəticələrini mütəmadi təhlil
etmək. Kollektiv üzvlərinin fərdi fəaliyyətinə
qoyulan tələblərin aydın şəkildə ifadə
edilməsinə, başa düşülən olmasına və qəbuluna nail olmaq.
Planın korrektə edilməsi. Bütün kollektivin
və ayrı-ayrı müəllimlərin nailiyyətlərini
qeyd etmək.
Kollektiv
üzvlərinin liderlik keyfiyyətlərini inkişaf etdirməklə
kreativlik təzahürlərinin
və etimad mühitinin yaradılmasına xidmət göstərmək, məqsədli qruplar və əməkdaşlıq
mühiti formalaşdırmaqla məktəbin
qarşısına qoyduğu məqsədlərə
çatmaq və pedaqoqların peşə inkişafına
nail olmaq. İstedadları aşkara çıxarmaq,
qarşıya qoyulmuş vəzifələrin və problemlərin həllində
müxtəlif yanaşmaları dəstəkləmək. Məktəb
kollektivi üzvlərinin fəaliyyətinin qənaətbəxş
olduğu halda müvafiq tədbirlər görmək.
3. Məktəbin
təkmilləşdirilməsində liderlik və
innovasiyaların tətbiqi. Direktor məktəbdə tədris
prosesinin inkişafı və
yaxşılaşdırılması üzrə aydın planların
yaradılması zamanı həmkarları ilə vəziyyətin
təhlilinə əsaslanan sıx əməkdaşlıq
edir. O dərk edir ki, onun işinin ən vacib hissəsi - məqsədlərə
nail olmaq və
məktəbin strateji planının həyata keçirilməsi
üçün
innovasiyaların tətbiqi
və dəyişikliklər etməkdir.
Planın tərtib olunması və reallaşdırılması. Müxtəlif tədqiqatların nəticələrinə
əsaslanaraq məktəb kollektivi ilə birlikdə təhsil ocağının işini təkmilləşdirmək. Həmkarlarının köməyinə
arxalanaraq, dəyişən tələbləri və məktəbin
gözləntilərini
nəzərə almaqla innovasiyaların tətbiqini
və vaxtı çatmış dəyişikliklərin
aparılmasını təmin
etmək; məqsədlərə nail olunmasının səmərəliliyinin
yüksəldilməsi üçün layihələrdən
istifadə etmək. Yeni texnologiyaların tədris prosesinə tətbiqində
strateji rolu öz üzərinə götürmək.
Nəticələrin təhlili. İnnovasiyaların
effektivliyini və edilən dəyişikliklərin səmərəliliyini
aşkara çıxarmaq üçün tətbiq olunan
strategiyaların təhlilinin yüksək səviyyəsini təmin
etmək. Məktəbin gələcəyi ilə
bağlı bütün gözləntilərin bütün kollektiv tərəfindən eyni şəkildə
anlaşılması, dəstəklənməsi və həyata keçirilməsinə
nail olmaq.
Planın korrektə edilməsi. Həmkarlarını öz
planlarına cəlb etmək, onların yaradıcı
yanaşmasını, innovasiyalara can atmasını, tədris
prosesinin keyfiyyətinin yüksəldilməsi
üçün yeni texnologiyalar
və innovasiyaların tətbiqini dəstəkləmək. Strateji planlaşdırma, yaradıcı yanaşma və
problemlərin həlli prinsiplərindən yararlanmaqla məktəb
həyatının daim
yaxşılaşdırılmasında şəxsən
maraqlı olduğunu nümayiş etdirmək. Öz fəaliyyətində
başçılıq etdiyi məktəbin vəziyyəti və inkişaf
perspektivlərini nəzərə alan rəhbərlik
üslubuna düzgün riayət olunması.
4. Məktəbin
işinin təşkilində liderlik. Məktəbin resurslarının səmərəli
istifadə olunması, müəllim heyətinin isə öz
işində çətinlik hiss etməməsi, effektiv
və təhlükəsiz iş şəraitinin, həmçinin maliyyə vəsaitlərindən səmərəli istifadənin təmin
olunması üçün direktor
məktəbin qiymətləndirilməsinin
bir sıra metod və texnologiyalarından
istifadə edir. Bu isə özündə məktəb
kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin
verilməsi və onların fəaliyyəti üzərində
ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.
Direktor əməkdaşlarının fəaliyyətinin şəffaflığına
olan tələblərin onlar tərəfindən
anlayışla qarşılanmasına nail
olmalıdır. O, məktəb
şurası, idarəedici şura, valideynlər və ictimaiyyətlə
effektiv əməkdaşlığa əsaslanaraq məktəb həyatını daha
uğurlu etməyə
çalışır. Direktor məktəb işinin təşkilində səmərəli
peşəkar yanaşmalardan istifadə edir. Bu isə özündə məktəb kollektivinin
üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi
və onların fəaliyyəti üzərində ciddi nəzarətin
həyata keçirilməsini cəmləşdirir.
Planın tərtib edilməsi və onun reallaşdırılması. Məktəb
şurası və idarəetmə orqanları tərəfindən təsdiq
edilmiş proqram çərçivəsində tədris
prosesinin səmərəliliyini dəstəkləmək
üçün zəruri olan maliyyə vəsaitlərini xərcləmək.
Ayrılmış büdcənin məktəbin prioritetlərinin
dəstəklənməsi üçün istifadə
olunmasına nail olmaq. Məktəbin
dəyərlərini əks etdirən və qanunvericiliyin tələblərinə
müvafiq olaraq sistemin və idarəetmə prosesinin effektivliyinə uyğun olaraq təşkilati
struktur yaratmaq.
Nəticələrin təhlili. Məktəb siyasətinin və
strateji planların büdcə çərçivəsində
reallaşdırılması üçün resurslardan isifadə
işinin və əməkdaşların fəaliyyətinin effektivliyini qiymətləndirmək
və nəzarət etmək. Bütün
mövcud resursların keyfiyyətini daim nəzarətdə
saxlamaq. Şagird nailiyyətlərinin və
tədris prosesinin keyfiyyətinin artırılması
üçün resurslardan istifadənin səmərəliliyini
qiymətləndirmək.
Planın korrektə
edilməsi. Məktəbin qarşısında qoyduğu
prioritetlərə və təhsil hədəflərinə
nail olmaq üçün təhsil ocağının insani, maddi və tədris
resurslarını səmərəli
idarə etmək.
Müəllimləri
məktəbə cəlb etmək və onları dəstəkləmək,
təhsil ocağı qarşısında duran məqsədlərə
çatmaq üçün müəllimlərin dərs yükünü onlar arasında bölmək.
5. Öz
işinə ictimaiyyətin cəlb olunması. Direktor
inklüzivlik prinsiplərinə əsaslanır, yerli ictimaiyyətin
və təhsil sisteminin imkanlarının müxtəlifliyi və
zənginliyini nəzərə alan yüksək gözləntilər
mədəniyyətini yaradır.
O, şagirdlərlə, onların ailələri və
yerli ictimaiyyətlə müsbət əməkdaşlığı
inkişaf etdirir.
Direktor şagirdlərin
sağlamlığı və onların intellektual, mədəni, mənəvi, sosial
inkişafı üçün diqqət və
qarşılıqlı hörmət mühiti yaradır,
uşaqların məktəbəqədər yaş
dövründən başlayaraq yetkinlik dövrünə qədər
fasiləsiz təhsil prinsipini dəstəkləyir. Direktor Avstraliya
xalqının polimədəni təbiətini nəzərə
alır. Direktor
yerli əhalinin nümayəndələrinin
başa düşülməsinə kömək edir. O, məktəbin
şagirdlərinin bütün dil və mədəni
resurslarının zənginliyi və rəngarəngliyini
tanıyır və istifadə edir.
O öz həyatında mürəkkəb problemlərlə
üzləşən şagirdlərin və onların ailələrinin
tələbatlarını bilir və onları dəstəkləyir.
Planın tərtibi və reallaşdırılması. Təhsil imkanlarının
təmin olunması (aztəminatlı ailələrdən olan
uşaqlar da daxil)
üçün təhsil strategiyaları
hazırlamaq. Valideynlər,
ictimaiyyət və
biznes nümayəndələri, dövlət
orqanları ilə əməkdaşlıq etməklə tədris
prosesini təkmilləşdirmək. Bu əlaqələrin
reallaşdırılması üçün müvafiq strukturlar
yaratmaq.
Nəticələrin təhlili. Təlim prosesinin ictimaiyyətlə
bağlı olduğunu
inandırmaq, yerli cəmiyyət üzvlərinin məktəblilərin
təhsilində iştirakını
təmin etmək. Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri
ilə əlaqədar ictimaiyyət nümayəndələri
və şagirdlərin ailələri ilə fəal əlaqə
qurmaq.
Planın korrektə olunması. Məktəblilərin
şəxsi inkişafı və müvəffəqiyyət səviyyəsinin
yüksəldilməsi məqsədilə şagirdlərin ailələri
ilə effektiv əməkdaşlıq mühitini yaratmaq və
dəstəkləmək. Digər məktəblərlə
əməkdaşlıq etmək və onların direktorları
ilə təcrübə mübadiləsi aparmaqla təhsil sisteminin inkişafına
xidmət göstərmək. Uşaq və gəncliyin
müdafiəsi ilə məşğul olan müvafiq dövlət
orqanları ilə fəal əməkdaşlıq etmək.
"Uçitelskaya qazeta"dan
Azərbaycan müəllimi.- 2015.-
18 aprel.- S.1; 7.