Azərbaycan təhsili: uğurlar,
perspektivlər
Son illər Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə
təhsilin inkişafı və modernləşdirilməsi,
qloballaşmanın getdikcə genişləndiyi və dərinləşdiyi bir şəraitdə yüksək
rəqabət qabiliyyətinə malik təhsil sisteminin
yaradılması istiqamətində mühüm işlər
görülür, islahatlar həyata keçirilir. Təhsil
sahəsində görülən bütün bu işlər
haqlı olaraq ölkə ictimaiyyəti tərəfindən təqdir
olunur və təhsilin inkişafına göstərilən
diqqət və qayğı kimi qiymətləndirilir. Biz də
"Azərbaycan müəllimi" qəzeti olaraq, təhsil
sistemində görülən işləri, tətbiq olunan
yenilikləri diqqətdə saxlayır və onların
geniş ictimaiyyətə çatdırılmasına səy
göstəririk. Son 2 ildə təhsilimizdə atılan bir
sıra inkişafyönümlü addımlardan və əldə
olunan uğurlardan bəhs edən statistik məlumatları oxuculara təqdim edirik.
* Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və ölkə Prezidentinin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"təsdiq olunub.
* Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib.
* 2013-cü il dekabrın 14-də Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib.
* Ölkə Prezidentinin tapşırığı əsasında orta məktəbləri bitirən şagirdlərin hamısına attestatın verilməsi barədə Təhsil Nazirliyinin təklifi Hökumət səviyyəsinə çıxarılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 may tarixli Qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Bu qərara əsasən, XI sinfi bitirən 90 mindən çox məzunun hamısına attestat almaq imkanı yaradılıb.
* Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri qəbul olunub.
* Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb.
* Bu ildən
I siniflərə qəbulun yeni sistemi tətbiq olunur. Belə
ki, Təhsil Nazirliyinin 27 fevral 2015-ci il tarixli əmri ilə Bakı
şəhərinin ümumtəhsil məktəblərinə,
eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki
lisey və gimnaziyalara 2015-2016-cı tədris ili
üçün I sinfə şagird qəbulunun ərizələrin
onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilməsinə
başlanıb.
* Bu ilin
martında Bərdə rayonunda istifadəyə verilən
regional "ASAN xidmət" mərkəzində "ASAN məktəb"
bölməsi fəaliyyətə başlayıb. Bölmə
əsasən I siniflərə yeni qaydada qəbulu həyata
keçirəcək.
* Ölkəmizdə
sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil
müəssisələrinə inklüziv təhsilə cəlb
olunması üçün nəzərdə tutulan
"İbtidai təhsil səviyyəsi üzrə inklüziv
təhsilin tətbiqi" layihəsinə
başlanılıb.
*
2014-2015-ci tədris ilindən "Sağlam təhsil-sağlam
millət" layihəsi çərçivəsində
ölkəmizin 6 ümumi təhsil məktəbində 15
"Sağlam təhsil sinfi" fəaliyyət göstərir.
*
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə
şagirdlərin olimpiadalara mütəşəkkil və
davamlı şəkildə hazırlanmasını təşkil
etmək məqsədilə informatika üzrə Olimpiada Mərkəzi
açılıb.
*
2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum
adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap
olunub.
*
"Ümumi təhsil müəssisələrinə və
peşə liseylərinə müəllimlərin yerdəyişməsi
və işə qəbulu Qaydaları"na müvafiq olaraq
2014-cü ildə işləyən müəllimlərin bir
rayondan (şəhərdən) digər rayona (şəhərə)
yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən
mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə
həyata keçirilib. 2014-2015-ci tədris ilində ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə
müəllimlərin işə qəbulu üzrə
müsabiqənin nəticələrinə əsasən,
ümumilikdə 1692 nəfər işə qəbul olunub ki,
onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri
tətbiq edilib.
* Təhsil
Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər
Kabinetinin qərarı ilə "Pedaqoji profilli ixtisaslar
üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında
dəyişikliklər edilib.
* Məktəb
direktorları və məktəb direktoru olmaq arzusunda olan digər
şəxslər üçün müasir peşə
standartları əsasında təlimlər təşkil
olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən ümumtəhsil məktəblərində
təlim-tərbiyə işləri üzrə direktor
müavini (təşkilatçı) və laborant vəzifələrinə
işə qəbul olunmaq istəyənlər
üçün müsabiqəyə start verilib.
* Təhsil
Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən
məktəblərin ibtidai sinif müəllimlərinin əməyini
stimullaşdırmaq və peşəkarlığını
yüksəltmək üçün "Təməl" təqaüd
proqramına start verib.
* Ölkəmizdə
ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil
məktəblərində çalışan 28758 müəllimin
sınaq qiymətləndirilməsi həyata keçirilib.
* Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2015-ci
il tarixli sərəncamı ilə dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin həftəlik dərs
yükü norması 1,5 dəfə, aylıq vəzifə
maaşı orta hesabla 2 dəfə artırılıb.
* Təhsil
nazirinin əmri ilə "Müəllimlərin etik
davranış qaydaları" təsdiq edilib.
*
2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin
VIII siniflərində "Qarabağın tarixi" adlı
fakültativ kursun tədrisinə başlanılıb. Ölkənin
ümumi təhsil məktəblərinin XI sinif şagirdləri
üçün Heydər Əliyev mərkəzlərində
"Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə
dərslər tədris olunur.
* 50 pilot
ümumi təhsil müəssisəsinin hərbi kabinetləri
müasir standartlara cavab verən, təlim üçün nəzərdə
tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və
xüsusi proqram təminatı ilə təchiz olunub.
* Təhsil
Nazirliyinin "Mütaliə mədəniyyətinin və
oxuya motivasiyanın yüksəldilməsi" layihəsinə
start verilib.
* Bu il ilk
dəfə olaraq M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında 47-ci Beynəlxalq Kimya
Olimpiadası keçiriləcək.
* Azərbaycan
məktəbliləri beynəlxalq fənn olimpiadalarında 10
medal qazanıblar.
* Təhsil
Nazirliyi tərəfindən Elektron Tədris Resursları
Portalı (www.e-resurs.edu.az) istifadəyə verilib. Portalda
böyük həcmdə tədris və təlim
materialları (www.e-derslik.edu.az; www.e-test.edu.az; www.video.edu.az;
www.e-telim.edu.az; www.e-sinif.edu.az) bir mənbədə cəmləşdirilib.
Təhsil Nazirliyinin dərsliklər üzərində müəlliflik
hüququnu əldə etməsi elektron resursların
yaradılması işinə böyük təkan verib.
*
2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3
dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil
müəssisəsində əsaslı təmir işləri
aparılıb, 94 tədris ocağı isə cari təmir
edilib.
* Təhsil
Nazirliyi tərəfindən internat və idman məktəblərinə
7 ədəd "Hyundai County" markalı avtobus verilib.
*
2014-cü ildə təhsil müəssisələrinə 6000
ədəd kompüter, 3000 ədəd notebook, 1377 ədəd
elektron lövhə, 700 ədəd proyektor verilib, 200 təhsil
müəssisəsi genişzolaqlı internet xəttinə
qoşulub.
* Təhsil
Nazirliyi tərəfindən kənd təsərrüfatı
sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas
təhsili müəssisələrinin maddi-texniki və tədris
bazasının müasir tələblərə
uyğunlaşdırılması məqsədilə yeni
texnika, avadanlıq, əyani və texniki vasitələrin
alınması prosesinə start verilib.
* Avtomobil
nəqliyyatı ixtisası üzrə kadr hazırlayan
ilk-peşə ixtisas təhsili müəssisələrinə
11 ədəd "Renault Logan" markalı nəqliyyat vasitəsi
verilib.
* İlk
peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafına yönəlmiş və
dövlət-biznes partnyorluğuna əsaslanan "Müasir Azərbaycan
Peşəkarları" layihəsi həyata keçirilir.
* İlk
peşə-ixtisas təhsili müəssisələri
üçün müasir idarəetmə bilik və
bacarığına yiyələnmiş, informasiya
texnologiyalarına bələd, ölkəmizin təhsil və
sosial inkişafına töhfə verə biləcək
direktorlar yetişdirmək və onların
bacarıqlarını təkmilləşdirmək məqsədilə
"Liderlik və idarəetmə" təliminə
başlanılıb.
* "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasına uyğun olaraq regional kolleclərin
yaradılması işinə başlanılıb. Nazirlər
Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət
Regional Kolleci, eləcə də İsmayıllı Dövlət
Humanitar və Texnologiya Kolleci yaradılıb.
* Təhsil
Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata
keçiriləcək islahatların əsas prioritetləri qəbul
olunub.
* "Ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində təhsilalanların
köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsinə
dair müvəqqəti Qaydalar" qəbul edilib.
* Təhsil
Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə
ilk dəfə olaraq ali məktəblərdə təhsil alan,
xüsusi istedadı və təlim uğurları ilə fərqlənən
tələbələrdən ibarət SABAH qrupları
yaradılıb. 7 ali məktəbdə 34 ixtisas üzrə bu
qruplarda 755 tələbə təhsil alır. Ehtiyacı olan
200-ə yaxın tələbə yataqxana ilə təmin
edilib. Təhsil Nazirliyinin təşkilatçılığı
ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib.
*
2014-2015-ci tədris ilindən etibarən ali təhsilin
bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və
vərdişlərinə qoyulan kompetensiyaları özündə
əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil
proqramlarının və buna müvafiq hazırlanmış tədris
planlarının tətbiqinə başlanıb.
* Təhsil
Nazirliyi tərəfindən "Gələcəyin müəllimi
təqaüdü" təsis edilib. Təqaüd pedaqoji kadr
hazırlığı aparılan ali təhsil müəssisələrinə
qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan,
ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik
ixtisasını qeyd edən 300 tələbəyə şamil
olunub.
* Azərbaycan
Dövlət İqtisad Univeristeti dünyanın qabaqcıl
universiteti hesab olunan London İqtisadiyyat Məktəbi (LSE) ilə
əməkdaşlığa başlayıb. Əməkdaşlıq
çərçivəsində ADİU-da London İqtisadiyyat
Məktəbinin bakalavr dərəcə proqramının təşkili,
eləcə də Universitet Hazırlıq Proqramı
(University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya
proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək.
* Ölkənin
bir sıra ali təhsil müəssisələrində
aparılan elmi araşdırma və tədqiqatlarla
bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi
məqsədilə "Universitet qrantı" müsabiqəsinə
start verilib.
*
2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində dünyanın 33 ölkəsinin
544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə
müraciət etmək imkanı verilib. Müsahibələr nəticəsində
573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində
təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri
siyahısına daxil edilib.
* Dövlət
Proqramı çərçivəsində indiyədək
3185 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində
təhsil almaq imkanı qazanıb. Onlardan 1360 nəfəri son
2 il ərzində dünyanın nüfuzlu ali məktəblərinə
göndərilib.
* Təhsil
Nazirliyi tərəfindən məktəbdənkənar müəssisələrin
fəaliyyəti ilə bağlı İslahat Proqramı
hazırlanıb.
* Təhsil
Nazirliyi tərəfindən ictimai təşəbbüslərin
dəstəklənməsi üzrə layihə müsabiqələri
keçirilib.
* Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı"na uyğun olaraq
yaradılacaq "Təhsil"
onlayn televiziyası layihəsi çərçivəsində
"61" oyun-viktorinanın nümayişinə
başlanıb.
Azərbaycan müəllimi.- 2015.- 18 aprel.- S.2.