"Nəsir müəllimin bir zəngi ilə
mənə dörd otaqlı ev verdilər"
Bakı Dövlət
Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədlinin görkəmli ictimai xadim,
tanınmış jurnalist Nəsir İmanquliyevlə bağlı xatirələri
Dörd il təhsil
aldığım fakültəmə müəllimim, professor,
jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri Cahangir Məmmədlidən
müsahibə almağa gedirəm. O da mənə öz
müəllimi, həm də uzun illər Bakı Dövlət
Universitetində çiyin-çiyinə
çalışdığı bir insan barədə
danışacaq. Kafedrada
görüşürük, həmişə olduğu kimi
gülərüzlə qarşılayır. Deyir ki, mənə
ata qayğısı göstərən o insan barədə
danışmaq həm xoş, həm də çox çətindir. Bu dəfə "Ömrün gizli
səhifələri"ndə "Bakı" və
"Baku" axşam qəzetlərinin yaradıcısı,
professor Nəsir İmanquliyevin həyatının müxtəlif
məqamlarına toxunmağa çalışacağıq.
- Nəsir müəllimlə ilk tanışlığınız nə vaxta təsadüf edir?
- Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdum. Birinci dərsimizdə auditoriyaya hündürboylu, çox yaraşıqlı bir kişi daxil oldu. Jurnalı yazdı və dedi ki, gəlin tanış olaq. Mən "Bakı" qəzetinin redaktoru Nəsir İmanquliyevəm.
Universitetdə müəllim kimi ilk gördüyüm
insan Nəsir müəllim olub. Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi dərsini deyirdi. Onun bizə tədris etdiyi fənni bu gün mən
keçirəm. Ona görə də məni
Nəsir müəllimin tələbəsi hesab etmək olar
(gülür).
- Necə müəllim idi?
- Bir müəllim kimi çox ciddi,
amma tələbəyə qayğı göstərən adam idi. Onun ciddiliyi
qarşısında kimsə səsini çıxara, dərsdən
yayına bilməzdi. Eyni zamanda çox savadlı adam idi, fənnini sevdirə bilirdi. Niyə Nəsir müəllimin dərsləri
maraqlı idi? Ona görə ki, biz
birbaşa təcrübədən gəlmiş adamdan dərs
alırdıq. O həm də nəzəriyyəni
çox gözəl bilirdi. Elə müəllimləri tapmaq çox çətin
olur. Nəsir müəllim 1946-cı ildən
ömrünün sonuna qədər bu fakültədə dərs
deyib. 1958-ci ildən sonra "Bakı"
və "Baku" kimi o dövrün iki böyük,
nüfuzlu qəzetinin baş redaktoru olub.
- Dərs
dediyi zamandan hansı hadisə yadınızda qalıb ki, Nəsir
müəllim dedikdə o yadınıza düşür?
- Bir dəfə
Nəsir müəllimin dərsində nə etdiyimi tam
xatırlaya bilmirəm, amma mənə tərs-tərs
baxdı. Bildim ki, səhvim var. Durub gedəndə
tez qalxdım ayağa, ona yaxınlaşıb səhv etdiyimi səmimi
şəkildə boynuma aldım. Gülə-gülə
məni qucaqladı. Onda bildim ki, Nəsir
müəllim bağışlamağı da bacaran adamdır.
Adama əsəbləşərdi, ata kimi
danlayardı, səhəri gün dərsə gələndə
həmin tələbənin üzünə baxıb
danışardı. Ona təxminən
bildirərdi ki, heç bir şey olmayıb, darıxma.
- Onun
uşaqlığı, ailəsi barədə məlumatınız
varmı?
- Nəsir
müəllim əslən Cənubi Azərbaycanlıdır. Düzü, onun ailəsi, harada doğulduğu barədə
geniş məlumatım yoxdur. Amma onun
nitqində cənub ləhcəsi var idi. Cənubdan
olduğu üçün qəribçiliyi də
yaxşı hiss edirdi. Mədinə
Gülgün, Balaş Azəroğlu, Əli Tudə kimi
yazıçılar onun qəzetinin daimi müxbirləri idi.
Onlara çox böyük qayğı göstərirdi.
Mənim də cənubdan olduğumu bilirdi, bəlkə
elə ona görə də gəlib durardı yanımda.
Elə bilirdim başımın üzərində
atam durub. O, çox ailəcanlı
insan olub. Düzdür, mən onun evində
olmamışam. Nəsir müəllimin
qızı Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq
elmində öz sözünü deyən alim idi. Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva, filologiya elmləri
doktoru, professor Nərgiz Paşayeva onun nəvələridir.
O, nəvələrinin əlindən tutub fakültəyə
gətirirdi, onları hər kəsdən çox istəyirdi.
Onun çox qayğıkeş həyat
yoldaşı var idi. Həyat
yoldaşı vəfat edəndən sonra Nəsir müəllim
o itkini heç unuda bilmirdi.
- Tələbələrə
necə kömək göstərirdi?
- O hər
zaman tələbələri qoruyurdu. 60-cı
illər çətin zamanlar idi. Ona
görə də tələbələrin arasında,
xüsusilə bizim qrupda kasıb tələbələr
çox idi. Biri elə mən özüm.
Nəsir müəllim bizə
tapşırırdı ki, "Bakı" qəzetinə
yazı yazın. Sizi inandırıram ki,
bir qrankalıq yazıya 40-45 manat (bizim aldığımız
təqaüd qədər) qonorar verirdi. Məndən
həmişə yazı gözləyirdi, hətta müəllim
işlədiyimiz dövrlərdə də mənə
qonorarı çox yazırdı. Bəzən olurdu ara verirdim, yazmırdım. Deyirdi
ki, niyə yazmırsan? Utanırdım
tez-tez yazmağa, başımı salırdım
aşağı. Deyirdi yaz. Bu qədər xəbər var, get yaz gətir.
Xəbər dalınca get. Gedirdim yazıb gətirirdim,
iki-üç xəbərə görə 80 manat qonorar
yazırdı. Mən bəzən felyetonlar,
hekayələr yazırdım, guya yazıçılıq eləmək
istəyirdim. Nəsir müəllim mənim
bir neçə hekayəmi dərc etdi. Arada
yazmadım. Dedi niyə yazmırsan? Dedim Nəsir müəllim,
bilirəm ki, siz bu yazıları qonorara görə çap
edirsiniz. Məni inandırdı ki, sən yazıçı ola bilərsən. Amma mən
sonralar bu janrda yazmadım.
- O
dövrdə qəzet yaratmaq çox çətin idi. Necə oldu ki, Nəsir müəllim belə bir
nüfuzlu qəzet yarada bildi?
-
Düzdür, o zaman qəzet yaratmaq çox çətin idi.
Xüsusən də tipologiyası olan qəzeti.
Nəsir müəllimin qəzetləri axşam
qəzeti idi. Nəsir müəllim
Bakı Partiya Komitəsinin büro üzvü idi. Qəzeti yaratmaq üçün burdan Moskvaya dəfələrlə
məktublar gedir. O məktublaşmalardan sonra qəzetin
yaradılmasına icazə alınır. Bəzən
elə bilirlər ki, "Bakı" və "Baku"
bir-birini təkrarlayan qəzetlər olub. Əslində
isə belə deyildi. Onlar tipoloji xarakterinə,
informasiya siyasətinə görə eyni idi. Sadəcə olaraq, biri Azərbaycan dilli, digəri
rus dilli auditoriyaya ünvanlanırdı. Nəsir
müəllim qəzeti hansı oxucuya ünvanladığını
bilirdi. Həmin qəzetlər həm də
jurnalistika fakültəsinin ümid yeri olmuşdu. "Bakı" qəzeti elə bir yer idi ki,
oranın yetirmələri sonradan universitetin müəllimi
olurdu.
- Necə
redaktor idi?
- O, ən təmiz redaktorlardan biri
idi. Jurnalistika fakültəsinin təmiz
dünyasından bütün Azərbaycan xəbərdardır.
Bunun əsasını Nəsir İmanquliyev və
Şirməmməd Hüseynov qoyub. O həmin təmizliyi
öz redaksiyasında da yaratmışdı. Həyat
yoldaşım əyani təhsil aldığı
üçün uşağımı lap körpəlikdən
uşaq bağçasına vermişdim. Bağça
müdiri uşağa yaxşı baxsın deyə ona dedim ki,
jurnalistlərdən gəlib-eləyən, səni incidən
olsa mənə de. Günlərin bir günü müdir mənə
dedi ki, "Bakı" qəzetindən bir nəfər məni
incidir. Mən bu söhbəti Nəsir müəllimə
demədim. Bir dəfə həmin o
müxbiri redaksiyada gördüm. Ona dedim, Nəsir müəllim
bilsə sən
uşaq bağçasından təmənna ummusan, səni
buradan qovar. Sən bir də o bağçaya
getmə. Nəsir müəllimin qorxusundan
müxbir bir də o bağçaya getmədi.
- Nəsir
müəllimin yuxarı dairələrlə hər-hansı
problemi olmuşdumu?
- Nəsir
müəllim elə redaktor idi ki, onun yuxarı dairələrlə
heç bir problemi olmurdu. Çünki əvvəla çox
təmiz adam idi. Qəzetçilik
işini tam mənasıyla bilirdi, idarəetmədə də
olduqca professional idi. Ona görə də
onun bu sahədə hansısa bir problemi olduğunu
xatırlamıram.
- Bəs
onunla intriqa aparanlar var idi?
- İnanın ki, yox. Çünki Nəsir müəllim
bir adama acıqlananda, səhəri gün həmin adamla elə
səmimi söhbət edərdi ki, həmin adam
o əsəbiliyi unudardı. Nəsir müəllim
ona tapşırılan işi ləyaqətlə yerinə
yetirirdi, amma bəyənmədiyi şeyi də özündən
yuxarıdakılara deyə bilirdi.
- Kimlər
ilk imzalarını bu qəzetdən başlamışdı,
Nəsir müəllim kimlərə yol
açmışdı? Kimisə işdən
qovmuşdumu?
- Professor Famil Mehdinin ilk şeirləri "Bakı"
qəzetində çap olunub. Professor,
keçmiş millət vəkili Şamil Qurbanovun ilk
yazıları bu qəzetdə gedib. Jurnalist
Aqil Dadaşov da imzasını o qəzetdə tanıdıb.
Nəğməkar şairimiz Nüsrət Kəsəmənlinin
ilk şeiri "Bakı" qəzetində dərc olunub və
uzun müddət "Bakı" qəzetində
çalışıb. Nəsir müəllimin
çox qəribə xüsusiyyəti var idi. Adətən müdirlər adamı işdən
çıxaracağı ilə hədələyir, amma Nəsir
müəllim çıxarmayacağı ilə hədələyirdi.
Danlayanda deyərdi ki, sən ki, bu işi belə
elədin, mən sənə işdən getməyə icazə
verməyəcəyəm. Əslində
istedadlı adamı buraxmaq istəmirdi. Nüsrət
müəllim ilə də belə olmuşdu. Nüsrət Kəsəmənli
Yazıçılar İttifaqına getmək istəyirmiş.
Onun bu barədə Nəsir müəllimə
deməsi, Nəsir müəllimin ondan narazı
qaldığı məqama düşür. Nəsir müəllim deyib ki, səni heç yerə
buraxan deyiləm, dediyim işləri həll etməmisən.
Sonra Nüsrət Kəsəmənli xüsusi
xahiş edib Nəsir müəllimdən. O da onun
Yazıçılar İttifaqına getməyinə icazə
vermişdi. Çünki görürdü ki, o
şairdir.
-
Deyirsiniz ki, bir çoxlarının ilk imzalarının
tanınmasında kömək olub. Səhv etmirəmsə bir
çoxlarına ev almaqda da yardım
edib...
- Belə
köməklikləri artıq biz fakültədə bir yerdə
müəllim işləyəndə görmüşəm. Onun qəzeti çox nüfuzlu qəzet idi.
Çünki Nəsir müəllim informasiyanı heç
kimə, heç nəyə bağışlamazdı. Mənfi, tənqidi informasiyanı dərhal qəzetdə
dərc edirdi. Bizə də həmişə
deyirdi ki, informasiyanı heç kimə
bağışlamayın, varsa verin getsin. Belə
redaktor olduğu üçün onunla istənilən məsələlərdə
razılaşırdılar. O zəng edib hansısa ciddi
idarəyə bizim sözümüzü deyəndə dərhal
məsələ həll olunurdu. Təkcə
bizim fakültənin müəllimləri üçün o zənglər
yüzlərlə edilib. O illərdə bir az gənc idim. Özümə birtəhər ev tikmişdim və həmin ev gözlənilmədən
yol tikintisi planına düşdü. Mənə dedilər
ki, sənə Hövsanda ev verəcəyik.
Hövsan mənim üçün çox uzaq
idi. Onda mən Nəsir müəllimə dedim ki, məni
çox uzağa göndərirlər. Nəsir müəllimin
bir zəngi ilə mənə dörd otaqlı ev
verdilər. Mən iki-üç günə
yeni evimə köçdüm və ora mənim çox
xoşuma gəldi. Bir neçə il
əvvələ qədər o evdə yaşamışam. Nəsir müəllimin mənə aldığı
o evi yadigar kimi öz qızıma vermişəm. Mən o evi heç vaxt satmaram. O zaman mebel
tapmaq çox çətin idi. Nəsir müəllim
Bakı Şəhər Ticarət Palatasının sədrinə
zəng etməklə fakültənin müəllimlərinin əksəriyyəti
üçün mebel məsələsini həll edib. Bizim Akif Rüstəmov təzə evə
köçəndə Nəsir müəllim mebel
üçün zəng etdi. Mənim
üçün, Famil Mehdi üçün də belə zənglər
edilib.
- Nəsir
İmanquliyev müəllim və jurnalist kimi, hansı daha
üstün idi?
- Təcrübə.
İki möhtəşəm qəzetin redaktoru
olmaq asan deyildi. Onun fakültədə
iki-üç qoşa saat dərsi olurdu. Dərsini
deyən kimi tez gedirdi redaksiyaya. Əlbəttə,
o birinci növbədə redaktor idi.
- "Bakı" qəzeti niyə bağlandı?
-
90-cı illərdə dünya dəyişəndə, qəzetlər
yavaş-yavaş sıradan çıxırdı. Partiya Komitəsi ləğv olunandan sonra, onun
orqanı olan "Bakı" qəzeti də bağlandı.
- Yenidənqurma
və aşkarlıq və ya 90-cı illərdə baş verən
faciələrlə bağlı xatirələriniz varmı?
- 1988-ci
ildə kommunist partiyası yavaş-yavaş sıradan
çıxırdı. Necə oldusa, məni
partiya komitəsinin katibi seçdilər. Nəsir müəllim
əyri-əyri mənə baxdı və dedi ki, sənin nə
işin var katib vəzifəsində, işləyə bilməyəcəksən.
İki aydan sonra doğrudan da gördüm ki,
orda işləyə bilmərəm. Nəsir müəllim
dedi ki, mən sənə demişdim.
Nəsir müəllim çox həssas, Vətəninə,
millətinə olduqca bağlı bir insan idi. Xocalı faciəsi
zamanı Nəsir müəllim auditoriyaya gəldi və o
boyda insanın göz yaşlarını gördük biz.
O səhnə mənim heç cür yadımdan
çıxmır. Dedi ki, bu qədər ədalətsizlik
olar? Partiya, komitələr bizi aldatdı,
Qorbaçov bizi aldatdı.
Qızım, müəlliminin ağlamağını
görmək başqa bir hissdir (Cahangir müəllimin gözləri
dolur).
- Onunla
bağlı başqa hansı xatirələriniz var?
- Nəsir
müəllimin çox maraqlı zarafatları da olurdu. 90-cı
illərin sonu idi. Onun VAZ 2107 markalı avtomobili
var idi. Bir dəfə gəlib kafedrada danışdı
ki, səhər-səhər Əzizbəyov dairəsindən gəlirdim...
Soruşdum ki, maşını siz
sürürdünüz? Dedi ki, hə. Dedim onda
ardını deməyin. Dedi ki, niyə? Dedim sizin
maşını vurublar. Dedi, nə bildin? Dedim ki, səhər-səhər
Əzizbəyov dairəsindən siz keçə bilməzsiniz,
ora çox mürəkkəb yerdir. Dedi ki, Cahangir, həqiqətən
maşınımı vurublar, bir maşın vurdu keçdi,
amma heç bilmədim kimdir. Əslində
zarafatyana demişdim, amma düz çıxdı.
- Son günlərini necə xatırlayırsınız?
- Biz onu
heç vaxt xəstə təsəvvür etmirdik. Vəfatına 10 gün qalmışa qədər
fakültəyə gəlirdi. Bir gün
eşitdik ki, o, dünyasını dəyişib. Nəsir müəllimin vəfatından sonra bu
fakültənin bir çox müəllimi özünü
yetim, atasını itirmiş kimi hiss etdi. Elə
mən də (gözləri dolur və pəncərədən
bayıra boylanır).
Rüfanə GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 18 aprel.- S.6.