Təhsildə innovativ fəaliyyətin
təkmilləşdirilməsi problemləri
Müasir dövrdə
ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər aparılır, struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Bu məsələlər
başlıca tələblər kimi "Azərbaycan
Respublikasında təhsil sahəsində İslahat
Proqramı"nda, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət
Strategiyası"nda əksini tapmışdır. Yeni təhsil standartları hər
bir pillə üzrə təhsil fəaliyyətinin yeni
modelinin tətbiqi üçün əlverişli zəmin
yaratmışdır. Yeni standartlar təhsilin, tədris
prosesinin nəticələrinin keyfiyyətinə təminat
verir. Bu da ilk növbədə təhsilə
standartlar vasitəsilə sistemli yanaşmadan irəli gəlir.
Məlumdur
ki, ənənəvi təhsil modelinə (assosiativ-reproduktiv
model) görə təhsilalanlarda müasir standartlara
uyğun keyfiyyətlərin
formalaşdırılması mümkün deyil.
Araşdırmalar göstərir ki, bu gün təhsil sistemində
bilikyönlülükdən fəaliyyətyönlülüyə keçid mühüm əhəmiyyət
kəsb edir. Ənənəvi təhsil sistemi cəmiyyətdə
gedən proseslərdən mahiyyətcə geri qalır,
müasir dövrün tələblərinə cavab vermir.
Ənənəvilik, eyni zamanda səriştəli
mütəxəssislərin formalaşdırılması,
işçilərin ixtisasartırma səviyyəsinə
qoyulan tələbləri də ödəmir. Bu da nəticə
etibarilə hazırlanan mütəxəssislərin rəqabət
qabilliyinə, peşə səriştəliliyinin
inkişafına ciddi təsir göstərə bilmir. Məhz
buna görə hazırkı dövrdə təhsil müəssisələrinin
fəaliyyət mexanizminin yeni tələblər əsasında
qurulması üçün cəmiyyətin artan tələbatının
nəzərə alınması, təhsildə
innovasiyaların davamlı olaraq tətbiqi, şəxsiyyətyönlülüyə
xüsusi əhəmiyyət verilməsi, təhsilalanlarda və
təhsilverənlərdə təfəkkür mədəniyyətinin
formalaşdırılması vacibdir.
Təhsildə innovasiya fəaliyyəti ilə
bağlı son illərdə bir sıra elmi-nəzəri,
pedaqoji, metodik əsərlər çap olunmuşdur. Bu baxımdan tədqiqatçı
alimlər S.Xəlilov, Ə.Ağayev, A.Mehrabov, A.Abbasov, M.Mahmudov,
Ə.Abbasov, N.Almazova, N.Popova, L.Krılova, V.Şadrikov, A.Xutorski,
M.Boquslavski və
başqalarının əsərləri diqqəti cəlb
edir.
Araşdırmalardan
aydın olur ki, təhsildə
innovativ fəaliyyət məzmun problemləri ilə
yanaşı, digər məsələlərlə, o cümlədən
də idarəetmə məsələləri ilə də
sıx bağlıdır. Bu
gün təhsilin idarə olunmasında tənzimləmə,
idarəetmə və nəzarət funksiyalarının elmi əsaslarla təkmilləşdirilməsi,
təhsili idarəetmədə maraqlı tərəflərin
iştirakında milli və bəşəri dəyərlərin,
sistemli yanaşmanın nəzərə alınması
vacibdir. Eyni zamanda təhsil sahəsində
monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri
sisteminin davamlı, ardıcıl olaraq inkişaf etdirilməsi
də zəruridir. Bu, ilk növbədə
təhsilin keyfiyyətinin artırılması
baxımından əhəmiyyətlidir.
Təhsildə
innovativ fəaliyyət eyni zamanda dünya ölkələri
ilə, müxtəlif
təhsil müəssisələri ilə, konkret təhsilverən,
yaxud təhsilalanlar arasında əməkdaşlığın
tədricən genişləndirilməsi və inkişaf
etdirilməsidir. Təhsil müəssisələri
arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə
yönəldilmiş beynəlxalq layihələrin
hazırlanması, beynəlxalq konfransların, forumların və
simpoziumların keçirilməsi bu baxımdan mühüm əhəmiyyət
kəsb edir.
İnnovativ fəaliyyət təhsil sisteminə aid
bütün vəzifələrin həyata keçirilməsinə,
ayrı-ayrı məsələlərin məqsədəuyğun,
səmərəli həllinə və keyfiyyətin təminatına
ciddi təsir göstərir. İnnovativ fəaliyyət
əslində təhsil fəaliyyətinin inkişaf
formasıdır. Təhsil sistemində innovativ fəaliyyət
əsasən aşağıdakı məsələləri əhatə
edir:
- pedaqoji sistemdə
zəruri dəyişikliklərə, yeniliklərə tələbatların
öyrənilməsi, üzə çıxarılması;
- təhsilin
keyfiyyətinin yüksəldilməsinə kömək
göstərə bilən mövcud metodik işləmələrin
dəyərləndirilərək üzə
çıxarılması;
- arzuolunan gələcək
pedaqoji sistemlərin layihələndirilməsi və doğru
istiqamətlənmiş fəaliyyət.
Qeyd olunan məsələlərə diqqətli
yanaşma və onların keyfiyyətli həlli nəticəsində
təhsil müəssisələrinin və
bütövlükdə təhsil sisteminin obyektiv tələbatları
ödənilər və imkanlar reallaşar. Təhsil müəssisəsinin
inkişafa qabilliyi müvafiq fəaliyyət prosesində mövcud obyektiv problemlərin nə
dərəcədə səmərəli üzə
çıxarılması və həllinə nail olunmasından xeyli
dərəcədə asılıdır. Bununla yanaşı
qeyd etməliyik ki, təhsil müəssisəsinin inkişafyönümlülüyü müəyyən inteqrativ keyfiyyətlərin
nəzərə alınmasını tələb edir. Bu
baxımdan aşağıdakı müddəalara xüsusi əhəmiyyət verilməsi
vacibdir: 1)problemlərə həssaslıq (dəyişikliklərə
zəruri ehtiyac və tələbat); 2)inkişafın
imkanlarını müəyyənləşdirmək və
diqqətdə saxlamaq; 3)tətbiq
etmək, həyata keçirmək gücü, potensialı;
4)təhsil müəssisəsinin
kreativliyi-yaradıcı yanaşma.
Problemlərə həssas yanaşma təhsil müəssisəsinin
xüsusiyyətlərini, zəruri ehtiyaclarını, pedaqoji
sistemin tələbatlarını müəyyənləşdirməyə
və onların əhəmiyyətini qiymətləndirməyə
imkan yaradır. İnkişaf imkanlarının müəyyənləşdirilməsi
təhsil fəaliyyətinin effektivliyinin yüksəldilməsi
və mövcud potensialın düzgün qiymətləndirilməsi
baxımından əhəmiyyətlidir. Təhsil
müəssisəsinin mövcud imkanlarını həyata
keçirmək potensialı dedikdə, ilk növbədə.
resurslardan minimum
səviyyədə istifadə olunmaqla maksimum faydalı nəticələrin
qazanılması nəzərdə tutulur. Təhsil
müəssisəsinin kreativliyi isə elə bir keyfiyyətdir
ki, bu və ya digər mürəkkəb problemin həllinə
yaradıcı yanaşma tələb olunur. Müəyyən
şəraitdə hazır "reseptlər", şablon
qaydalar ciddi təsirli olmadığına görə təhsil
fəaliyyətinin məzmununda inteqrativ keyfiyyətin
üstünlüyünə önəm verilir.
Təcrübə və araşdırmalar göstərir
ki, müasir dövrdə təhsilin keyfiyyətinin
artırılması problemi ilə bərabər innovativ fəaliyyətin
keyfiyyətinin yüksəldilməsi diqqəti xüsusilə
cəlb edir. Əslində innovativ fəaliyyətin keyfiyyətinin
artırılması aktuallıq baxımından daha çox əhəmiyyətlidir.
Çünki təhsilin keyfiyyətinin yüksəldilməsi
birbaşa təhsil fəaliyyətinin innovativliyi ilə
bağlıdır.
Bəzi təhsil
müəssisələrində innovativ fəaliyyətin
ardıcıl,
sistemli olmaması aktual problemlərin həllində
müəyyən çətinliklər yaradır. Ona görə də bu məsələlərə
ciddi diqqət yetirilməsi vacibdir. Təcrübə və
araşdırmaların nəticəsi olaraq innovativ təhsil fəaliyyətinin
təkmilləşdirilməsinin başlıca istiqamətlərini
aşağıdakı şəkildə əsaslandıra bilərik:
- pedaqoji kollektivdə
təhsil fəaliyyəti sahəsində keyfiyyət dəyişikliklərinin dərk olunması zəruriliyinin
formalaşdırılması;
- innovativ fəaliyyət
texnologiyalarının təkmilləşdirilməsi;
- innovativ fəaliyyətin
təşkilati formalarının təkmilləşdirilməsi;
- pedaqoji kollektivlərin məlumatlılıq
(informasiya toplamaq, informasiyalılıq) səviyyəsinin
yüksəldilməsi;
- innovativ fəaliyyət
zamanı motivasiya vasitələrinin təkmilləşdirilməsi;
- innovativ fəaliyyət zamanı keyfiyyətin
qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi;
- təhsil müəssisəsi
rəhbərlərinin, müəllimlərin, ictimaiyyətin
(o cümlədən valideynlərin) innovativ fəaliyyətlə
bağlı səriştəliliklərinin yüksəldilməsi
və bu istiqamətdə əlbir işin genişləndirilməsi.
Elmi-pedaqoji araşdırmalar göstərir ki, təhsilin
keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin
innovativ fəaliyyətinin inkişafı yeni konsepsiyaya əsaslanmaqla
təmin oluna bilər. Bu isə bir neçə konsepsiyanın
sintezi əsasında formalaşmış nəzəri ideyalar
məcmusudur. Həmin nəzəriyyələrdən
biri K.Levinin "donuşluğun yumşalması" (yaxud
"donun əriməsi") konsepsiyasıdır. Bu konsepsiya idarə və müəssisələrdə,
o cümlədən təhsil müəssisələrindəki
iki tərəfin-iki əsas qüvvənin təklifləri əsasında
formalaşmışdır.
Tərəflərdən biri dəyişikliklərin
təşəbbüskarı, digəri isə məhdudlaşdırıcısı
mövqeyində çıxış edir. Hər iki tərəf
müəyyən balans yaratsa da tədricən yeniliyin təşəbbüskarları
öz mövqelərini möhkəmləndirməklə tədricən
öz istəklərinə nail ola bilirlər.
K.Levinin
fikrincə, dəyişikliklər prosesi əsasən
üç mərhələdən ibarətdir: donuşluq, hərəkət
və yumşalma (ərimə). Donuşluq mərhələsində
təşəbbüskar qüvvələr rəhbərlik
qarşısında yeniliklərin həyata keçirilməsi
zəruriliyi ilə bağlı məsələ
qaldırır, həmin məsələlərin mahiyyətinin
kollektiv daxilində dərk olunmasına
çalışır. Hərəkət
mərhələsində yeni qaydalar, məqsədəçatma
texnologiyaları mənimsənilir, fəaliyyətin prosedur
forma və priyomları öyrənilir. Yumşalma
(ərimə) mərhələsində isə nəzərdə
tutulmuş təcrübənin reallaşdırılmasına
istiqamətlənmiş müvafiq tədbirlər həyata
keçirilir. Bu mərhələnin nəticələri
kollektiv üçün faydalı olmalıdır. Belə olan təqdirdə işçilər irəli
sürülmüş təşəbbüsü müdafiə
edir, beləliklə, kollektivin uğurları və
inkişafı üçün əlverişli zəmin
yaranır.
İkinci nəzəriyyə təşkilati inkişaf nəzəriyyəsi
adlanır. Bu nəzəriyyə XX yüzilliyin 60-cı illərində
formalaşmış və daha çox menecment sahəsinə
istiqamətlənmişdi. İnkişaf
konsepsiyasının başlıca xüsusiyyəti müəssisədə
ilk növbədə struktur dəyişikliklərinin
aparılması, işin məzmununa yeniliklərin gətirilməsi
və nəticə etibarilə yaranan problemlərin həllinin
asanlaşdırılması, işin keyfiyyətinin yüksəldilməsidir.
Bu konsepsiyaya görə kollektivdə münasibətlərin
təkmilləşdirilməsi, yeni məzmun
daşıması, davranışa və işin nəticələrinə
xüsusi əhəmiyyət verilməsi vacibdir. Təşkilati inkişaf konsepsiyası müəssisədə
özünüinkişaf mərhələsinə
çatmağa və bu prosesin davamlı olmasına istiqamətlənmişdir.
Özünüinkişaf mərhələsinə
çatan müəssisə qarşısına yeni məqsədlər
qoyur. Beləliklə, kollektiv üzvləri
arasında əməkdaşlıq daha da güclənir, onlar
dəyişiklikləri diqqətlə izləyir və idarəetmədə
fəal iştirak edirlər. Əməkdaşların
bir-birinə inam və etibarının artması, müəyyən
fikir ayrılıqlarının inkişafa mane olmaması,
qarşıya qoyulan məqsəddə, planlaşdırmada, məsələlərin
həllində, idarəetmədə vahid mövqe
nümayiş etdirilməsi bu müəssisənin spesifik
xüsusiyyətləri kimi qeyd oluna bilər.
Bu
konsepsiyanın tərəfdarları təşkilati inkişaf
prosesinin beş
ardıcıl mərhələdən ibarət olduğunu
göstərirlər:
1) müəssisə
üçün yaranmış problemlərin müəyyənləşdirilməsi
və qiymətləndirilməsi; 2) qabaqcadan diaqnozun
qoyulması; 3) birgə fəaliyyətin planlaşdırılması;
4) fəaliyyətin yerinə yetirilməsi; 5)
aparılmış dəyişikliklərin nəticələrinin
qiymətləndirilməsi.
Problemin həlli ilə bağlı yaranmış digər
konsepsiyalardan biri sistemli analiz konsepsiyasıdır. XX yüzillikdə
formalaşmış bu konsepsiya problemlərin sistemli həlli
metodologiyasına əsaslanır. Bu baxımdan, ilk
növbədə, aşağıdakı məsələlərə diqqət yetirilir: 1) problemlərin
müəyyənləşdirilməsi; 2) aktual problemlərin
qiymətləndirilməsi; 3) qiymətləndirmə
kriteriyalarının müəyyən olunması; 4) mövcud sistemin təhlili, problemlərin
həlli imkanlarının
müəyyənləşdirilməsi; 5) müxtəlif həll
variantlarının işlənib hazırlanması; 6) qərarın
həyata keçirilməsi; 7) nəticələrin qiymətləndirilməsi.
Qeyd
olunanları əsas götürərək təhsil müəssisələrində
innovativ sistemin modernləşdirilməsi zamanı aşağıdakı məsələlərin
həlli nəzərdə tutulur: 1)təhsil müəssisələrində
innovativ fəaliyyətlə bağlı mövcud vəziyyətin
öyrənilməsi və təhlili; 2)innovativ fəaliyyətin
modernləşdirilmiş sisteminin layihələndirilməsi;
3)innovativ fəaliyyətin yeni sisteminin tətbiqi ilə
bağlı hazırlıq işlərinin görülməsi;
4)təhsil müəssisələrinin yeni innovativ fəaliyyət
modelinə uyğun təhlil edilməsi; 5)alınmış nəticələrin
(nailiyyətlər və çatışmazlıqlar)
müzakirəsi, çatışmazlıqların səbəblərinin
müəyyənləşdirilməsi; 6)problem
baxımından təhlil üsulları və nəticələrin
korrektə olunması; 7)arzu olunan təhsil sisteminin layihələndirilməsi
və müvafiq təhlillərin aparılması; 8)arzu olunan
yeni təhsil sisteminə keçid strategiyasının işlənib
hazırlanması, ardıcıl olaraq təhlillərin, korrektə
işlərinin aparılması və həyata keçirilməsi.
Bu konsepsiyanın tələblərinə uyğun olaraq
innovativ fəaliyyət sisteminin modernləşdirilməsi
bilavasitə elə innovativ fəaliyyət prosesində
aparılır. Əslində bu da konsepsiyanın
başlıca ideyası kimi qeyd olunmalıdır.
Təcrübə göstərir ki, innovativ fəaliyyətin
sistemli şəkildə həyata keçirilməsi məqsədilə
bu konsepsiyanın tətbiqi əhəmiyyətlidir. Belə ki, bu konsepsiyaya
görə təhsil sisteminin bütövlükdə struktur,
məzmun və idarəetmə məsələlərinə yeni baxış tələb
olunur. İnnovativ fəaliyyət prosesində təhsil
işçiləri ilə bərabər geniş ictimaiyyət,
o cümlədən valideynlərin iştirakı
üçün əlverişli zəmin yaradılır.
Mövcud sistemlə arzu olunan sistem arasında
müqayisələr aparılır, fəaliyyətin hər
bir mərhələsi ayrılıqda diqqətlə nəzərdən
keçirilir, əldə edilmiş nailiyyətlər,
xüsusilə keyfiyyət göstəriciləri təhlil
olunur, nöqsanlı cəhətlər və onların səbəbləri
araşdırılır, konkret nəticələr müəyyənləşdirilir.
Hər bir mərhələdə nəticələrin
korrektə edilməsi, fəaliyyətin intensivləşdirilməsinə
xidmət edən tədbirlərin həyata keçirilməsi
təhsil müəssisələrinin inkişafına, nəticə
etibarilə müasir informasiya cəmiyyətinin, qloballaşan
dünyanın tələblərinə uyğun yetkin şəxsiyyətin
formalaşmasına ciddi təsir göstərir.
Qeyd etmək
lazımdır ki, təhsildəki innovasiyalar intellektual və
inteqrativ fəaliyyət hesab olunan elmi-tədqiqat fəaliyyətilə əsaslı şəkildə
bağlıdır. Elmi-tədqiqat fəaliyyəti sosial-iqtisadi, humanitar və digər
problemlərin həlli məqsədilə yeni biliklərin
qazanılması və təbiqinə istiqamətlənir. Bu fəaliyyət
aşağıdakı istiqamətləri əhatə edir:
- fundamental (nəzəri,
eksperimental) elmi fəaliyyət. Bu fəaliyyət əsas
etibarilə insanın yaranması, formalaşması və
inkişafı haqqında yeni biliklərin əldə
olunmasına istiqamətlənir;
- tətbiqi elmi tədqiqatlar.
Bu fəaliyyət konkret vəzifələrin həlli və
praktik məqsədlərlə bağlı nailiyyətlər
üçün yeni biliklərin tətbiqinə istiqamətlənir;
- elmi tədqiqatların
aparılması nəticəsində əldə olunmuş
baza bilikləri, yaxud praktik təcrübə əsasında eksperimental işləmələr.
Qeyd olunan hər bir istiqamət üzrə aparılan tədqiqatların
nəticələrinin inteqrativ bilik və səriştələrə
çevrilməsi təhsildə innovativ fəaliyyətin
davamlı olmasına zəmin yaradır.
Bu gün Azərbaycan təhsili xeyli inkişaf etmiş,
müasirləşmiş və modernləşdirilmişdir. Lakin
qloballaşma, dünyada baş verən yeniliklər, ölkə
həyatının inkişafı, cəmiyyətdə siyasi,
sosial-iqtisadi, mədəni dəyərlərin daha da zənginləşməsi
innovasiyaların ardıcıl, sistemli, davamlı olaraq tətbiqini
zəruri edir. Təhsilin innovasiyalar əsasında
modernləşdirilməsi və təkmilləşdirmə
işinin mütəmadi olaraq aparılması bu günün əsas
tələblərindən biridir. Bəziləri
belə hesab edirlər ki, təhsilin modernləşdirilməsində
milli ənənələrin öyrənilməsi və tətbiqi
ilə kifayətlənmək lazımdır və bu işdə
xarici təcrübədən istifadə etməyə ehtiyac
yoxdur. Digərləri isə modernləşdirmədə
xarici təcrübəni əsas götürməyi vacib
sayırlar. Əslində modernləşdirmədə
milli və bəşəri dəyərlərin vəhdətdə
götürülməsi, milli ənənələrlə bərabər
qabaqcıl xarici təcrübənin nəzərə
alınması məqsədəuyğundur.
Qeyd etmək lazımdır ki, təhsilin inkişafı
üzrə innovativ fəaliyyət ilk növbədə təhsil
sahəsində dövlət siyasətinin prinsiplərinə,
dövlətin bu məsələ ilə bağlı qəbul
etdiyi qərarlara, proqramlara, strategiyalara əsaslanmalıdır. Bu baxımdan
son illərdə respublikamızda təhsilin inkişafı ilə
bağlı olduqca ciddi, mühüm əhəmiyyət kəsb
edən dövlət sənədləri, qərar və
proqramlar qəbul olunmuşdur. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" həmin qəbildən olan konseptual sənədlərdir.
Araşdırmalar göstərir ki, təhsilin
inkişafı, məzmunun innovasiyalarla zənginləşdirilməsi
nəticə etibarilə ölkənin də inkişafına,
cəmiyyətin ictimai-iqtisadi, mədəni həyatında
köklü dəyişikliklərin, irəliləyişlərin
baş verməsinə gətirib çıxarır. Bu baxımdan Azərbaycan Respublikasının
İnkişaf Konsepsiyasında təhsil məsələlərinə
xüsusi yer ayrılması olduqca təqdirəlayiqdir.
İnnovasiyalara əsaslanan təhsil
texnologiyalarını mənimsəmək yaşayış
şəraitini, rifah halını daha da yüksəltmək, əmək
bazarında rəqabətə davam gətirmək, layiqli yer
tutmaq üçün insanlara geniş imkanlar yaradır. Təhsilalanın bilik və
bacarıqları iqtisadi amilə çevrilməklə yanaşı onun zəngin mənəvi
keyfiyyətlərə, nümunəvi davranışa, mədəniyyətə
malik vətəndaş-şəxsiyyət kimi
formalaşmasında
böyük rol oynayır.
Bu gün ölkəmizdə təhsilin normativ-hüquqi
bazası xeyli təkmilləşdirilmiş, maddi-texniki təminat,
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə
bağlı mühüm əhəmiyyət kəsb edən
geniş tədbirlər həyata keçirilmişdir. Lakin etiraf etməliyik ki, müasir
dövrdə Azərbaycan təhsilinin modernləşdirilməsinə
xidmət edən aşağıdakı problemlərə
xüsusi diqqət yetirilməsi vacibdir:
1) təhsil sisteminin insan kapitalının
inkişafı çağırışlarına cavab verməsi
istiqamətində yeni addımların atılması (insan
kapitalı inkişafının sürətləndirilməsi);
2) ümumi təhsilin keyfiyyət göstəricilərinin
Avropa standartlarına uyğunlaşdırılması.
Bu müddəalar bir-biri ilə sıx
bağlıdır. Bu müddəaların həyata
keçirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsi
və nəticə etibarilə yeni tipli şəxsiyyətin
formalaşmasına, insan kapitalının inkişafına gətirib
çıxarır.
Təcrübə və elmi araşdırmalar göstərir
ki, təhsilin keyfiyyətinin artırılması bir sıra
amillərlə bağlıdır. Aşağıda qeyd etdiyimiz həmin
amillər innovativ fəaliyyət baxımından mühüm
əhəmiyyət kəsb edir:
1) təhsili idarəetmə sisteminin yenidən
qurulması; 2) idarəetmə ilə bağlı insan
resurslarının inkişaf etdirilməsi; 3) müəllim
peşəsinin nüfuzunun yüksəldilməsi.
Araşdırmalar göstərir ki, təhsilin inkişafına xidmət edən innovativ fəaliyyətin daim təkmilləşdirilməsi, dövrün tələbləri, elmi-pedaqoji baxımdan ardıcıl və sistemli olaraq yeniləşdirilməsi zəruridir. Məlumdur ki, innovativ fəaliyyətin özü elə yeniliklərin tətbiqi ilə müşayiət olunan fəaliyyətdir. Lakin bu fəaliyyət prosesində də yeniliklər tətbiq olunarkən elmi-pedaqoji tələblər nəzərə alınmalıdır. Bu baxımdan müvafiq inkişaf proqramlarının hazırlanması və onların fəaliyyət modelləri kimi qəbul edilməsi məqsədəuyğundur.
İntiqam
CƏBRAYILOV,
pedaqogika üzrə elmlər doktoru, professor,
TPİ-nin təhsil nəzəriyyəsi şöbəsinin müdiri
Azərbaycan müəllimi.- 2015.-
18 aprel.- S.9.