"Həsən Mirzəyevin yaradıcılığında

filologiya məsələləri"

 

Təkcə elmi ictimaiyyət deyil, ümumilikdə oxucular üçün maraqlı olacağına şübhə etmədiyim "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri" kitabı işıq üzü görüb. Filologiya üzrə fəlsəfə doktoru Mahirə Hüseynovanın yazdığı monoqrafiya 87 illik ömrünün 65 ilini yaradıcılığa həsr etməklə bərabər, ictimai-siyasi həyatda da iz buraxmış əməkdar elm xadimi, "Şöhrət" ordenli, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyevin  elmi fəaliyyətinin tədqiqinə həsr olunub.

Müəllif monoqrafiyanın əvvəlində mövzunun aktuallığını əsaslandıraraq əsərin yenilikləri, məqsəd və vəzifələri, tədqiqatın mənbə və obyekti, aprobasiya məsələləri, nəzəri və praktik əhəmiyyəti barədə dolğun təəssürat yarada bilir. Bununla bərabər, Mahirə Hüseynovanın Azərbaycan dilçilik elminin yaradıcısı olan müxtəlif nəsillərin, xüsusi ilə 60-cıların elmi axtarışlarına ekskursu da maraqlıdır. O nəsil ki, Xruşşov volyuntarizminin yaratdığı imkanlardan bəhrələnərək elmin, ədəbiyyatın, maarifin, incəsənətin bütün sahələrində milli oyanışın yeni bir erasını başlamaqla bərabər, öz sahələri üzrə elmin inkişafına xidmət etmişlər. Həmin nəslin nümayəndələrindən birisonralar dilçilik, ümumən filologiya elmində dərin izlər buraxacaq Həsən Mirzəyev idi.

Əsərin "Giriş"ində H.Mirzəyevin yaradıcılıq yoluna ümumi nəzər salınır. Sadə feillərin, feili sifətlərin, təsirli və təsirsiz feillərin tədqiqini genişləndirərək onun feilşünas alim kimi tədricən necə tanındığını təqdim edən müəllif, alimin əsərləri haqqında yazılanları, hələ gənc yaşlarında yazdıqlarına verilən qiymətləri də oxucuya çatdırır.

Əsərin "Həsən Mirzəyev Azərbaycan dilçiliyində feilin tədqiqatçısı kimi" adlanan birinci fəslində ilk növbədə feili sifətin tədqiqi sahəsində H.Mirzəyevin rolu araşdırılıb. Dilçilik tariximizdən məlumdur ki, feili sifətlər uzun müddət gah feil, gah da sifət bəhsinə daxil edilib. 1924-cü ildən 1960-cı ilədək feili sifət şəkilçiləri ilə feildən sifət düzəldən şəkilçilər birlikdə öyrənilmişdir. Tədqiqatlar artdıqca şəkilçilər öz yerini tapıb və bu sahədə H.Mirzəyevin də xüsusi xidmətləri olub.

Müəllif H.Mirzəyevin tədqiqlərini araşdıraraq göstərir ki, o  ilk dəfə olaraq feili sifətlərlə feildən düzələn sifətlərin 15 fərqini, feildən düzələn sifətlərdən fərqli olaraq, feli sifətlərin zaman, təsirlik, növ, inkarlıq, tərz və s. kimi xüsusiyyətləri saxladığını təsdiq edə bilib.

M.Hüseynova H.Mirzəyevin Azərbaycan dili feili sifətlərinin türk dilləri feili sifətləri ilə müqayisəli tədqiqinə haqq qazandırır və göstərir ki, "Bunlarsız mövzunun düzgün, elmi dəlillərlə əsaslandırılmış şərhini vermək olmazdı".

Monoqrafiyanın bu hissəsində M.Hüseynova H.Mirzəyevin 1987-ci ildə müdafiə etdiyi mövzunun - "Müasir Azərbaycan dili feillərində təsirlilik-təsirsizlik kateqoriyası" adlı doktorluq dissertasiyasının da geniş təhlilini verir.

Monoqrafiyanın 2-ci fəsli "H.Mirzəyevin tədqiqatlarında müasir Azərbaycan dili və Azərbaycan dilinin qrammatik sistemi ilə bağlı məsələlər" adlanır. Bu fəsildə M.Hüseynova H.Mirzəyevin 1972-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan dilindən ixtisas kursu" kitabını əsas götürməklə alimin dilçilik görüşlərini izah edir. Müəllif doğru qeyd edir ki, o dövrdə hələ Müasir Azərbaycan dili fənninin başqa elmlərlə əlaqəsi ətraflı tədqiq olunmamışdı.  H.Mirzəyev bu əsərində ilk dəfə  fənnin bədii ədəbiyyat, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, məntiq, psixologiya, fiziologiya, fizika və digər elmlərlə əlaqəsini ətraflı şərh etmişdir.

Fəslin ikinci hissəsində H.Mirzəyevin tədqiqatlarında Azərbaycan dilinin qrammatik quruluşu məsələləri  əhatə edilir.

Monoqrafiyanın "H.Mirzəyevin onomalogiyadialektologiya sahəsində araşdırmaları" adlanan üçüncü fəslində onomastik tədqiqatlar sahəsində H.Mirzəyevin xidmətləri əks olunur.

İki bölmədən ibarət olan fəslin əsas hissəsi  H.Mirzəyevin Azərbaycan onomastikasının öyrənilməsi sahəsində xidmətlərinə həsr olunub. M.Hüseynova əvvəlcə Azərbaycan onomastikasının tədqiqi vəziyyətini nəzərdən keçirmiş, sonra H.Mirzəyevin bu sahədə xidmətlərini araşdırmışdır.

Onomastik leksikadan danışarkən tədqiqatçı daha çox H.Mirzəyevin uzun müddət araşdırmalar apararaq yazdığı "Azərbaycan toponimləri və şivə sözləri", "Azərbaycan poeziyasında yaşayan  adlarımız və tariximiz" (1997) kitablarına və alimin böyüklü-kiçikli 125-ə qədər məqaləsinə əsaslanır.

Monoqrafiyadan aydın olur ki, H.Mirzəyev  xüsusilə Dərələyəz toponimlərini aşkara çıxarmaqda çox böyük zəhmət çəkmişdir. Azərbaycanlıların bu yerlərdən son nəfərinə qədər kütləvi deportasiyasından az sonra toponimlərin saxtakar  erməni alimlərinin əli ilə bir anda yox edildiyi faktlarla göstərilir.

Monoqrafiyadan aydın olur ki, H.Mirzəyev aşıq poeziyasında - Qurbanidən bu günə qədərki aşıq şeirində işlənmiş onomastik leksikanı - toponim, etnonim, antroponim, hidronimsairi çox böyük diqqətlə toplayıb araşdırmış, onların hər birinin yaranma yolunu, qrammatik strukturunu, mənşəyini nəzərdən keçirmişdir.

Fəslin sonunda M.Hüseynova H.Mirzəyevin dialektoloji araşdırmalarını nəzərdən keçirir.

M.Hüseynova tədqiq obyektinə aludə olmur, yeri gəldikcə H.Mirzəyev yaradıcılığının ayrı-ayrı məsələlərə münasibətini tənqidi şəkildə nəzərdən keçirir, hər bir məsələ barədə öz mövqeyini əsaslı şəkildə izah etməyə çalışır.

Monoqrafiyanın son fəsli H.Mirzəyevin folklorşünaslıq fəaliyyəti və şeir yaradıcılığına  həsr olunmuşdur.

H.Mirzəyevin Dərələyəz folkloru ilə bağlı gördüyü işlərin miqyası heyrətamizdir: Dərələyəz camaatının dilində işlənən, Dərələyəz əhalisinin qan yaddaşını təşkil edən  holavarlar, sayaçı sözləri, mövsüm və mərasim nəğmələri, miflər, əfsanələr, inamlar, rəvayətlər,sınamalar,and, alqış, yalvarış, qorxu, qarğış, söyüş, atmaca, vəsfi-hal, milli oyun, bayatı, ağı, atalar sözü, məsəl, gülməcə, türkəçara, layla, şivə sözü və sairdən ibarət 767 səhifəlik "Dərələyəz folkloru" adlı kitab fikrimizi təsdiq edə bilər. M.Hüseynova qeyd edilənlərin hər birinin dəqiq sayını da göstərir.

Fəslin sonunda H.Mirzəyevin "Həsən Mirzə" imzası ilə yazdığı şeirlər təhlil edilmiş, onun mövzu dairəsi, əsərlərinin folklor özəllikləri, bədii dilinin üslubi xüsusiyyətləri tədqiq edilmişdir.

Monoqrafiyanın yüksək elmi səviyyədə işlənilməsi onu göstərir ki, müəllifin ardıcıl, yaradıcı yanaşmaları həm də gərgin zəhmətdən keçib. Hər bir məsələdən danışarkən əvvəlcə o sahədə mövcud tədqiqatlar xatırlanır, sonra məsələnin izahına başlanılır- bu isə dəyişməz metodiki yanaşma stili kimi diqqət çəkir. Müəllif araşdırmalarının miqyasını göstərmək üçünsə bircə onu qeyd etmək kifayətdir ki, mövzu üzrə tədqiqat müddətində 225 elmi ədəbiyyatdan istifadə olunmuş, xeyli sayda internet resurslarındakı yazı mənbələrinə müraciət edilmişdir. 

 

Qəzənfər KAZIMOV,

filologiya elmləri doktoru, professor,

Asiya İordaniya Kral Universitetinin fəxri doktoru

 

Azərbaycan müəllimi.- 2015.- 18 aprel.- S.14.