İbtidai təhsil və qiymətləndirmə
İbtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi məsələsi pedaqoji ictimaiyyət qarşısında duran mühüm məsələlərdən biridir. Bu günlərdə Rusiyanın Təhsil İnstitutunun Treninq Mərkəzində təşkil olunmuş vebinar ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi kimi mühüm məsələyə həsr edilib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, tədbirdə seçilmış region kimi Rusiya Federasiyasının Krasnoyarsk vilayətində ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində görülmüş işlərdən və əldə olunmuş təcrübədən danışılıb. Krasnoyarsk vilayəti Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin analitik-metodiki işlər üzrə direktor müavini Lyubov Ryabinskinin məlumatına görə, 2010-cu ildən regionda ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin yaradılması ilə bağlı işlər aparılır. Sistemin yaradılmasında məqsəd federal təhsil standartlarının tələblərinə uyğun olaraq təhsil sahəsində baş verən yeniliklərlə müəllimləri tanış etmək olub. İlk vaxtlarda layihədə onlarla təhsil müəssisəsi iştirak edib, indi isə onların sayı yüzlərlədir.
İlkin mərhələdə ibtidai məktəblərdə təhsilin qiymətləndirilməsini həyata keçirməyə imkan verən qiymətləndirmə alətlərinin yaradılmasına başlanılıb. 2010-2014-cü illərdə I-III siniflərdə ilkin və yekun diaqnostik qiymətləndirmənin sınaqdan keçirilməsi və tətbiqi aparılıb. Tədqiqat gedişində çox yaxşı nəticələr əldə olunub. Layihənin sınağının aparılması və onun seçilmiş məktəblərdə reallaşması yekun nəticələrə təsir edib. Layihə şəhər statuslu məktəblərdə təhsil alan uşaqları əhatə edib. Tədqiqat gedişində məlum olub ki, məktəblilər baza biliklərindən üstün olan bilik nümayiş etdiriblər. Onlardan yalnız üçdə-biri fənlərin mənimsənilməsi zamanı düşünmə qabiliyyəti nümayiş etdirə biliblər. Beləliklə də ibtidai siniflərdə fənlərin tədrisi gedişində bir sıra problemlər qeydə alınıb. Layihənin gələcəkdə daha çox məktəbi əhatə etməsi ilə bu problemlərin sayı da arta bilər. 2014-cü ildə Treninq Mərkəzi ilk dəfə olaraq pilot məktəblərin IV siniflərində yekun diaqnostika aparıb. Ötən ildən 2 il üçün nəzərdə tutulmuş "Təhsilin keyfiyyətinin idarə olunması" (alt-layihə "Dəstəkləyici qiymətləndirmə") layihəsinin reallaşdırılmasına başlanılıb. Hazırda ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi mərhələləri bütün tədris ilini əhatə edir: sentyabr-oktyabr aylarında birincilərin məktəb həyatına adaptasiyası və ümumi inkişafı üzrə, mart-aprel aylarında isə I-III siniflərin riyaziyyat və rus dili üzrə yekun qiymətləndirilməsi aparılır. İbtidai siniflərin məzunları aprel ayında rus dili, riyaziyyat, ətraf mühit fənləri üzrə fərdi nailiyyətlərin qiymətləndirilməsindən keçirlər. İstifadə olunan alətlərin siyahısında göründüyü kimi, Treninq Mərkəzi kifayət qədər geniş spektrə malik qiymətləndirmə vasitələrindən istifadə edir. Bütün bunlar, bir qayda olaraq, müəllimlərin təcrübəsini zənginləşdirir və onlara təhsil mühitinə müxtəlif tərəflərdən baxmağa imkan verir. Sınaq mərhələsində müəllim qiymətləndirmə prosesində istifadə olunan alətlərə adaptasiya olunur, onu maraqla öyrənir. Müəllimlər bu mərhələdə hər hansı məsuliyyət daşımır, görülən işlərin keyfiyyəti ilə əlaqədar və nəyisə dəyişmək barədə hər hansı qərar qəbul etmir. Problemlər o vaxt yaşanır ki, bu cür yoxlama işləri kənardan gəlir və müəllimlərin qənaətinə görə, bunlar mənfi haldır və ona nəzarət etmək məqsədi daşıyır. Bundan əlavə, yeni -yeni diaqnostik metodlar yaradıldığından müəllim onları öyrənməli və onlarla işə uyğunlaşmalıdır. Bütün bunlar müəllimdən vaxt və qüvvə tələb edir. İşlərin uğurla davam etməsi üçün müəllim tam əmin olmalıdır ki, bu cür tədqiqatın nəticələri kimisə cəzalandırmaq yox, ona kömək etmək məqsədi daşıyır.
Tədbirdə bildirilib ki, təhsilin keyfiyyətinin qiymətləndirilməsi sistemi tədqiqat nəticələri üçün imformasiya məhsulunun yaradılmasını tələb edir. Yerli təhsiliidarəetmə orqanları arayış şəklində ilkin diaqnostikanın ümumiləşdirilmiş, eləcə də IV siniflərdə yekun yoxlama işlərinin nəticələrinin təhlilinə dair hesabat əldə edir. Yerli təhsiliidarə orqanları ilkin diaqnostikanın ümumiləşdirilmiş nəticələrini alır. Onlar təhlil edilir və yerli təhsiliidarə orqanlarının öz səviyyəsində həll edə biləcəyi problemlər ayırd olunur. Eyni zamanda IV siniflərdə yekun yoxlama işlərinin nəticələrinə dair məlumatlar hazırlanır.
Məktəb diaqnostikanın nəticələrinə dair ən müxtəlif materialların paketini alır. Diaqnostikanın hər bir növü (başlanğıc, I-III, IV siniflər üçün yekun) ibtidai sinif şagirdlərinin fərdi profilləri və siniflər üçün müxtəlif variantları, onların nailiyyətlərinin dəyişməsini müqayisəli şəkildə göstərir. İnformasiya məhsullarının bu cür geniş spektri bu mərhələdə belə əsaslandırılıb ki, məktəbin özünün gələcəkdə tədris prosesini korrektə edə bilməsi üçün zəruri informasiyaya ehtiyacı var.
Diaqnostikanın yeni formaları ilə necə işləmək mühüm əhəmiyyət kəsb edir. Müəllimlərin ixtisasartırma proqramları da böyük rol oynayır ki, burada onlar təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni metodları öyrənirlər. Son nəticədə təhsil prosesinin bütün iştirakçıları arasında dəqiq əlaqənin qurulması yalnız təhsilin keyfiyyətcə təkmilləşməsinə və inkişafına xidmət göstərəcək.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.-
18 aprel.- S.12.