Azərbaycan Dövlət Mədəniyyət
və
İncəsənət Universiteti
"Mənim
universitetim" layihəsinin budəfəki hədəfi Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetidir
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti
başlanğıcını 1923-cü ildə Azərbaycan
Maarif Komissarlığının qərarı ilə
yaradılan Bakı Teatr Məktəbindən
götürüb. O dövrdə M.F. Axundov
adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan
üçün deyil, Özbəkistan, Türkmənistan,
Dağıstan, Krım və digər regionlar
üçün də aktyor və rejissor kadrları
hazırlayırdı. 1945-ci ildə isə Teatr Məktəbinin
bazasında Teatr İnstitutu yaradıldı. 1953-cü ildə Azərbaycan
Dövlət Teatr İnstitutu Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi və
1954-cü ildə instituta SSRİ xalq artisti Mirzağa
Əliyevin adı verildi. 1968-ci
ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət
İncəsənət İnstitutu adlandırıldı.
1991-ci ildə İncəsənət İnstitutu respublika ali məktəbləri
arasında ilk dəfə olaraq universitet
statusu qazandı. 1993-cü ildən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universiteti kimi fəaliyyət
göstərən bu ali məktəbdə 6 fakültə, 24
kafedra mövcuddur, 19 ixtisas üzrə isə mütəxəssis
hazırlanır. Hazırda universitetdə 2233 tələbə
təhsil alır. Onlardan 28-i xarici ölkə vətəndaşıdır. 2014-2015-ci tədris ilində
ADMİU-ya 586 nəfər bakalavr və magistr qəbul olub.
2014-cü ildə universiteti bitirən 516 nəfər məzundan
48 nəfəri magistr adını qazanıb. Universitetdə
hazırda 133 magistrant, doktorant və dissertant təhsil
alır. ADMİU-da 19 nəfər elmlər
doktoru, 31 professor, 108 nəfər fəlsəfə doktoru, 83
dosent, 17 nəfər xalq artisti,
3 nəfər xalq rəssamı,
27 nəfər əməkdar artist, 18 nəfər əməkdar incəsənət xadimi, 2 nəfər
əməkdar mədəniyyət
işçisi, 3 nəfər əməkdar rəssam, 1 nəfər
əməkdar idman ustası, 2 nəfər əməkdar
jurnalist, 6 nəfər əməkdar müəllim, 1 nəfər
əməkdar elm xadimi
çalışır. Ötən il universitet əməkdaşlarının
xarici jurnallarda 10 məqaləsi
dərc olunub. Ali təhsil ocağına 2 may 2014-cü ildən
etibarən sənətşünaslıq üzrə elmlər
doktoru, professor Fərəh Əliyeva rəhbərlik edir.
Maddi-texniki baza
Universitetin
2 tədris binası var. 2014-cü il yeni dərs ili
üçün hər iki tədris
binası əsaslı təmir olunub, həyəti
abadlaşdırılaraq yaşıllaşdırma işləri
aparılıb.
Bu tədris ilinin əvvəlindən iki yeni kompüter auditoriyası yaradılıb. Auditoriyalar proyektorlarla təchiz olunub.
Yeməkxana yenidən qurularaq tələbələrin istəyi və səsverməsi ilə "Artbufet" adlandırılıb.
Universitetdə "Vernisaj" adlanan kiçik zal əsaslı təmir olunaraq yeni avadanlıqlarla, royal ilə təmin olunub və 2014-2015-ci dərs ilində əksər tədbirlər, konsert və seminarlar, ustad dərsləri, tanınmış rejissor, teatrşünas, kinoşünaslarla görüşlər, yeni film baxışları burada təşkil olunur. Hər iki tədris binasının divarları universitetin müəllim və tələbələrinin rəsm əsərləri ilə bəzədilib.
Universitetdə 2012-ci ildən studiya-pavilyon fəaliyyət
göstərir. Bu il studiya-pavilyon üçün
yeni avadanlıqlar alınıb və burada rejissor, operator
ixtisası üzrə təhsil alan tələbələrin
işləməsi, kurs və diplom işlərinin çəkilişləri
üçün hər bir şərait yaradılıb.
İmtahan sessiyası
Böyütmək
üçün seçin Fakültələrdə imtahan
sessiyası müxtəlif formalarda aparılır. Nəzəri fənlər üçün imtahan
yazılı keçir. Aktyorluq, rejissorluq,
ifaçılıq, rəssamlıq kimi xüsusi qabiliyyət
tələb edən ixtisaslarda bir sıra fənlər üzrə
imtahanlar tamaşa, konsert, baxış formasında
keçirilir. Belə imtahanlar
açıq şəkildə olur və onlarda yalnız
komissiya üzvləri deyil, tələbələr, univesitetin
müəllimləri, valideynlər də sərbəst şəkildə
iştirak edə bilirlər. Bir sıra fənlər
üzrə imtahan biletlərində isə 4 sual nəzəri, 1 sual isə
praktik olur. Yəni, tələbə həmin
suala cavab verərkən fənnə aid
tapşırığı əyani göstərir. İmtahan
sessiyasından əvvəl "İmtahan qərargahı"
və "qaynar xətt" xidməti yaradılır. Şikayəti olan tələbələr apelyasiya
komissiyasına müraciət edə bilər. Onların bütün şikayətləri nəzərə
alınır və obyektiv araşdırılır.
Kitabxana
Universitetin
hər korpusunun öz kitabxanası var. Əsas tədris
binasındakı kitabxana bu il
yaradılıb. Onun fonduna Azərbaycan, rus və
ingilis dillərində 8000-nə qədər kitab daxildir.
Kitabxana gündəlik mətbuatla yanaşı,
incəsənət və mədəniyyət sahəsi üzrə
də bır sıra qəzet və jurnallara abunədir.
Kitabxanada oxu zalı fəaliyyət göstərir ki, burada
kompüterlər quraşdırılaraq internetə
çıxış təmin olunub və tələbələr istədikləri
vaxt dərslə bağlı informasiyaları internet vasitəsilə
əldə edə bilərlər. Oxu zalında monitor
quraşdırılıb və onun vasitəsilə xarici
universitetlərin müəllimləri ilə
"açıq dərs"lər keçirilir. Bundan
başqa, ustad dərsləri və təlimlər də təşkil
olunur.
Digər korpusun kitabxanasında Azərbaycan və rus dillərində
59 min 400 adda kitab saxlanılır. 1525 nəfər oxucu
qeydiyyatdan keçib ki, onlardan da 1213-ü tələbədir.
Kitabxana müxtəlif qəzet və elmi
jurnallara abunədir. Burada 4 kompüter olan
40 nəfərlik oxu zalı fəaliyyət göstərir.
Müxtəlif fakültələrin tələbələrinin
diplom işləri kitabxanaya təqdim olunur. Hər dəfə yeni gələn kitabların
kitabxanada açıq sərgisi keçirilir. 2014-cü ildə 2470 adda kitab alınıb.
Universitetin
müxtəlif kafedralarının nəzdində də
kitabxanalar yaradılıb və həmin kitabxanaların
fondunda latın qrafikası ilə nəşr
olunan bütün kitablar toplanıb. Kinoşünaslıq
kafedrasında dünya və Azərbaycan kino nümunələrindən
ibarət zəngin film fondu da vardır.
Elmi-tədqiqat
işləri
Universitetdə sənətşünaslığın
8 elmi istiqaməti üzrə, ümumilikdə isə 11 istiqamət
üzrə tədqiqatlar
aparılır. Dərslik, dərs vəsaiti, elmi-metodiki
materiallar, elmi tövsiyələr, məcmuələr üzərində
işlənilir. Tədqiqat işi hazırlanarkən
keçirilən elmi konfranslar, seminarlar, müşavirələr və nəşr olunan
elmi məcmuələr
elmi-tədqiqat işi aparan professor-müəllimlərin elmi potensialının inkişafına kömək edir, işlərinin keyfiyyətinə müsbət təsir göstərir.
Universitetin professor-müəllim heyətinin aparmış olduğu araşdırmalar müasir tələblər səviyyəsində qurulur və günün vacib məsələlərini özündə əks etdirir.
2014-cü ildə 20
kafedrada 118 nəfər
professor-müəllim heyəti
tədqiqat işinə cəlb
edilib və 116 adda
elmi-tədqiqat işi planlaşdırılıb. Onlardan 8-i dərslik, 3-ü dərs vəsaiti, 2-si tədris
vəsaiti və 103-ü elmi-tədqiqat işidir. Qeyd edək
ki, 2014-cü ilə
planlaşdırılan 116 elmi-tədqiqat işindən
114-ü təhvil verilib. Bundan başqa, ADMİU-da 2014-cü
ildə 10 dərslik, 10 dərs vəsaiti, 5 metodik vəsait, 61
fənn proqramı, 9 monoqrafiya,
261 məqalə, 31 tezis dərc olunub.
Artıq
14 ildir ki, universitetin "Musiqi sənəti" fakültəsi
"Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi
problemləri"nə həsr olunan beynəlxalq elmi-praktik
konfrans keçirir. Konfrans iştirakçılarının tezisləri
də məcmuə şəklində dərc olunur.
Universitetdə
bu tədris ilindən Magistrantlar Şurası
yaradılmış və onun təşkil etdiyi "Disput
klub" fəaliyyətə
başlamışdır. Klub doktorant, magistrant və gənc tədqiqatçıların
iştirakı ilə elmi tədqiqat işləri, onların məqsəd
və vəzifələri, ortaya qoyulan problem, elmi tədqiqat
işləri ilə bağlı müxtəlif mövzularda seminarlar keçirilir.
"Disput klub"un hər seminarına fəxri
qonaq qismində Ali Attestasiya Komissiyasından, Azərbaycan Milli
Elmlər Akademiyasından elm nümayəndələri dəvət
olunur.
Universitet
Bolonya prosesinə qoşulmuş ali təhsil müəssisələrində tyutorlara ciddi ehtiyac olduğunu
nəzərə alaraq 2014-2015-ci tədris ilində ilk dəfə
tyutor kursları təşkil edib. Təlim keçən 7 tyutor təhsilini müvəffəqiyyətlə
başa vurmuş və universitetdə işlə təmin
olunmuşlar.
Elmi jurnalların nəşri
Universitetdə "Mədəniyyət
dünyası", "Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin elmi əsərləri"
adlı elmi-nəzəri məcmuələr və
"Mədəniyyət: problemlər və perspektivlər"
adlı doktorant və gənc tədqiqatçıların respublika elmi konfransının
materialları nəşr olunur.
Elmi
topluların redaksiya heyətinin tərkibinə yerli və xarici ölkələrin tanınmış elm və incəsənət
xadimləri daxildir.
1996-cı
ildə ADMİU tərəfindən
təsis edilən "Mədəniyyət
dünyası" elmi
jurnalı və 2007-ci ildən
nəşr olunan "Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin elmi əsərləri" "Azərbaycan Respublikasında
dissertasiyaların əsas nəticələrinin dərc
olunması tövsiyə edilən elmi nəşrlərin
siyahısı"na daxil edilib.
Tələbə
Elmi Cəmiyyəti
Tələbələrin elmi-tədqiqat
işi mütəxəssis hazırlığı keyfiyyətinin artırılmasına xidmət
edir və tədris prosesi ilə əlaqəli şəkildə aparılır.
Universitetin bakalavr və magistr pilləsi tələbələrinin,
həmçinin doktorant və dissertantların
müasir metodologiyalara əsaslanan
müxtəlif elmi-tədqiqat işinin formaları
reallaşdırılır.
Tədris
ilində Tələbə Elmi Cəmiyyətinin əsas fəaliyyət
istiqaməti konfrans, seminar və "dəyirmi
masa"ların təşkilindən və respublikanın digər
ali məktəblərində təşkil
olunan elmi tədbirlərdə iştirakdan ibarətdir.
Elmi-tədqiqat
və yaradıcılıq-ifa işinin müxtəlif sahələrinə universitetin
bütün magistr tələbələri və bu sahəyə
həvəs göstərən bakalavr tələbələrin
böyük bir qismi cəlb olunur. Tələbələr
elmi-tədqiqat və yaradıcılıq-ifa işləri ilə
universitet, respublika və beynəlxalq səviyyədə təşkil
olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə
və yaradıcı layihələrdə iştirak edirlər.
Bu tədbirlər sırasına gənc tədqiqatçı
və tələbələrin konfranslarda uğurlu
çıxışlarını, məruzə və tezislərinin
nüfuzlu elmi nəşrlərdə dərc olunmasını,
təhsildə və elmi-yaradıcılıq sahəsində
fərqlənən tələbələrə adlı təqaüdlərin
verilməsini və s. aid etmək mümkündür.
Ötən
ilin noyabr ayında
Rusiya İnformasiya Mədəniyyət Mərkəzində
"Azərbaycan və Rusiyanın mədəni əlaqələri"
mövzusunda elmi-praktik konfrans keçirilib. Dekabr
ayında isə kulturologiya fakültəsi üzrə "Mədəniyyət
sahəsində sosioloji tədqiqatların təşkili" fənni
üzrə tələbə tədqiqatlarının nəticələrinə
dair elmi konfrans təşkil olunub. Bundan başqa, ötən
ilin dekabrında ADMİU-nun
professor - müəllim heyəti, Tələbə Elmi Cəmiyyəti
və "Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı İcması" İctimai
Birliyinin dəstəyi ilə "İşğal olunmuş mədəniyyətimiz"
adlı elmi-nəzəri-praktik konfrans keçirilib. Ötən
il həmçinin Bakı Slavyan Universitetində
keçirilmiş "Müasir tərcüməşünaslığın
və mədəniyyətşünaslığın aktual
problemləri" adlı tələbə elmi-praktik
konfransında ADMİU-nun kulturologiya fakültəsinin tələbələri
iştirak ediblər.
2015-ci
ilin yanvarında İnformasiya Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə
kulturologiya fakültəsinin III kurs tələbələri
Salina Məmmədhüseynova və Ülviyyə Hüseynova
Mərkəzdə "Unudulmaz adlar" başlığı
altında Anton Pavloviç Çexovun anadan olmasının 155 illiyinə
həsr edilmiş ədəbi görüşdə çıxış ediblər.
Fevral ayında isə "MİRAS" Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyi Gənclərin I Beynəlxalq Mədəni İrs və
Turizm Forumunu keçirib. Forumda ADMİU-nun tələbələri
sertifikatlarla təltif olunublar.
ADMİU 26 fevralda - Xocalı soyqırımının
23-cü ildönümünə həsr edilmiş "Unutma. Unutdurma!"
adlı elmi-praktik konfrans keçirib. Universitetimiz 27
fevralda isə Bakı Rusiya İnformasiya və Mədəniyyət
Mərkəzində "Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələri"
mövzusunda elmi-praktik konfrans təşkil edib.
Beynəlxalq əlaqələr
90 illik tarixə malik ADMİU Azərbaycanda
incəsənət təmayüllü universitetlər arasında ilk ali
məktəbdir. Bu
ali təhsil ocağı Avropa İncəsənət
Universitetlər Liqasının (ELİA) üzvüdür. Bundan əlavə, universitet 2008-ci ildən Beynəlxalq
Universitetlər Birliyinin, 2013-cü ildən isə Qafqaz
Universitetlər Birliyinin (KUNİB) üzvü seçilib.
Bu gün
ADMİU ilə 23 xarici ölkənin 55 ali
məktəbi arasında sıx əlaqələr
yaradılmış və onlardan 27-si ilə müqavilə
bağlanılmışdır.
Bu yaxınlarda ADMİU Türkiyənin İzzət
Baysal Universiteti, Gaziantep Universiteti arasında "Mövlanə"
mübadilə proqramına əsasən müqavilə
imzalayıb.
Bu il
universitetin kulturologiya fakültəsinin III kurs
sənətşünaslıq
ixtisasında təhsil alan
Ülviyyə Hüseynova
Azərbaycan və Vyetnam dövlətləri arasında
bağlanmış müqaviləyə əsasən Vyetnamın Hanoy şəhərində
"Azərbaycan və Vyetnam mədəniyyətlərinin
paralelləri" mövzusunda məruzə ilə
çıxış etmiş və uğur qazanmışdır.
Bundan
başqa, ADMİU-nun 10 tələbəsi, xalq rəssamı Xanlar Əhmədov
başda olmaqla Hindistanda "29 th Surajkund İnternational Craft
Mela" Beynəlxalq festivalda Azərbaycanı
təmsil ediblər. Festival 1-15 fevral tarixində Hindistanın Haryana
ştatının Faridabad şəhərində
keçirilib. 15 gün davam edən sərgidə tələbələrimiz
xalça və qobelin nümunələrini nümayiş etdiriblər və
diplomlarla təltif olunublar.
Bu tədris
ilinin uğurlarından biri də ADMİU-nun Bakı Avropa
Liseyi və "Tokyo Cinema" kinostudiyası ilə birgə
"Tokyo-Bakı-Cinema" Beynəlxalq Uşaq Məktəbinin
yaradılması olub. Bu məktəbin əsas məqsədi
uşaqlarda yeni düşüncə tərzini
formalaşdırmaq, kino sənətinə peşəkar
marağın oyadılması, yüksək səviyyədə
gələcək kino kadrlarının yetişdirilməsidir
ki, bu məktəbdə uşaqlara dərslərin ADMİU-nun
kino sahəsində böyük təcrübəsi olan müəllimlər,
eləcə də xarici mütəxəssislər tərəfindən
keçirilməsi nəzərdə tutulub.
"Səda" Tədris Teatrı
1962-ci ildə institutun nəzdində "Səda" Tədris
Teatrı yaradılıb. 1991-ci il fevral
ayının 5-də tədris teatrını yeni ünvana
köçürmək barədə dövlət tərəfindən
sərəncam imzalanıb. Bu gün "Səda"
Tədris Teatrının ikimərtəbəli binası, 200 nəfərlik
tamaşaçı zalı, geniş səhnəsi, müxtəlif
məşq otaqları vardır.
Bu illər
ərzində Tədris Teatrının səhnəsində
M.F.Axundzadənin "Xırs quldurbasan", "Molla
İbrahimxəlil kimyagər", Ə.Haqverdiyevin
"Dağılan tifaq", Ü.Hacıbəylinin "O
olmasın, bu olsun", "Arşın mal alan", C.Cabbarlının
"Od gəlini", "Aydın", "1905-ci ildə",
"Solğun çiçəklər", C.Məmmədquluzadənin
"Ölülər", S.Vurğunun "Vaqif",
S.Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz
xanım yuxudadır", İ.Əfəndiyevin "Mahnı
dağlarda qaldı", "Büllur sarayda", J.B.Molyerin
"Meşşanın zadəganlığı", "Kəndçi
adaxlı", "Mizantrop", V.Şeksprin "Otello",
"On ikinci gecə", N.Dumbadzenin "Unutma, ana" əsərləri,
eləcə də onlarca digər müəlliflərin pyesləri
uğurla tamaşaya qoyulub.
Tədris Teatrının spesifik xüsusiyyəti ondan
ibarətdir ki, o yarandığı gündən indiyədək
sənət laboratoriyası funksiyasını yerinə yetirir. Hər bir sənət
müəllimi il ərzində Tədris
Teatrında diplom tamaşaları hazırlayır. O cümlədən,
tələbələr də I, II, III kurslarda kurs işləri
olan tamaşalar
hazırlasalar da, sonda Tədris Teatrında diplom
tamaşaları ilə çıxış edirlər.
Son illər
ərzində Tədris Teatrı bir çox tamaşalarla
müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq
festivallarda uğurla çıxış edərək,
mükafat və sertifikatlar almış, laureat adına, hətta
incəsənət sferasında ən böyük mükafat
sayılan "Qran-pri" mükafatına layiq
görülmüşlər. Onlardan Cənnət Səlimova və
Fikrət Məlikovun hazırladığı Anton
Pavloviç Çexovun "Üç bacı" (İran
İslam Respublikasının 20-ci Beynəlxalq tələbə
teatr festivalında), Ağakişi Kazımov və Hacı
İsmayılovun hazırladığı İlyas Əfəndiyevin
"Unuda bilmirəm" (Türkiyə Respublikasında
İstanbul Kültür Universitetində keçirilən 2-ci
Uluslararası tələbə festivalı), Vidadi Həsənovun
hazırladığı "Təmas" Gürcüstan
Respublikasında Beynəlxalq Etüd festivalında və "Adi əhvalat" adlı
(Qazaxıstan Respublikası 1-ci
beynəlxalq tələbə festivalında) tamaşaları
misal çəkmək olar.
Tədris Teatrının bir xüsusiyyəti də ondan
ibarətdir ki, burada tez-tez tədbirlər, tələbə
festivalları keçirilir, gənc kinorejissorların,
operatorların hazırladığı, çəkdiyi
işlər nümayiş olunur, diskussiyalar təşkil
edilir. Yaradıcılıq axtarışlarının təkmilləşməsi
prosesi də məhz burada həyata keçirilir.
Tədris Teatrının ənənələrindən
biri də burada mütəmadi olaraq tanınmış sənət
adamlarının yaradıcılıq gecələrinin
keçirilməsidir. Xaricdən gələn sənətkarların
iştirakı ilə tələbələr üçün
ustad dərsləri təşkil edilir. Belə
tədbirlərdə müxtəlif teatr rəhbərləri tələbələrin
diplom tamaşalarına baxıb perspektivli, istedadlı tələbələri
teatrlara cəlb edirlər.
Bundan başqa, teatr müxtəlif tədris
ocaqlarının qonağı olur. Ötən il dekabrın 28-də
Lökbatan qəsəbəsi Ə. Əmirov adına Mədəniyyət
Sarayında "Elm çırağı" İctimai
Birliyinin təşkilatçılığı, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti və "Səda" Tədris Teatrının dəstəyi
ilə Lökbatan qəsəbəsi 39 saylı Kardiorevmatoloji
Uşaq Sanatoriyasında müalicə və tərbiyə alan
uşaqlar, eləcə də Hemofiliyalı Xəstələrin
Respublika Assosiasiyasına üzv olan uşaqlar
üçün bədii-əyləncəli Yeni il şənliyi
təşkil edilib.
ADMİU-nun
"Səda" Tədris Teatrının repertuarında yer
alan, tələbələr tərəfindən yüksək
sənətkarlıqla ifa olunan V.Qoqolun "Evlənmə"
tamaşası Respublika fizika,
riyaziyyat və informatika təmayüllü liseyin,
M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin şagird və tələbələri,
həmçinin 53 nömrəli
tam orta məktəbin şagirdləri üçün
göstərilmişdir.
Martın
5-də isə Bilgəh qəsəbəsi 11 nömrəli
inteqrasiya təlimli internat məktəbinin şagirdləri üçün
tamaşa nümayiş etdirilib. Şagirdlərlə universitet tələbələrinin bayram əhvali-ruhiyyəli
görüşü Azərbaycan
Dövlət "Yuğ" Teatrında keçirilib. Respublikanın əməkdar artisti
Yaqut Paşayevanın rəhbərlik etdiyi III kursun tələbələri
J.B.Molyerin "Skapenin kələyi" tamaşasını təqdim ediblər.
IV kurs tələbələrinin
ifasında N.B.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli"
tamaşası aprelin 21-də Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında nümayiş etdirilib və tamaşadan əvvəl
gənc müəllim, teatrşünas Elçin Cəfərov maraqlı məruzə ilə
çıxış edib.
Ustad dərsləri
2014-2015-ci
dərs ili çərçivəsində
ADMİU-da tədris olunan ixtisasların yeni metodologiyalarla zənginləşdirilməsi
məqsədi ilə "ustad dərsləri" silsiləsinə
start verilibdir.
İlk
ustad dərsini
Londonda yaşayıb
fəaliyyət göstərən caz-vokal ifaçısı
Səbinə Hacıyeva verib.
Bundan başqa, 30 oktyabr-3 noyabr tarixlərində
"Bolonya sisteminin incəsənət ixtisaslarının tədrisində
tətbiqi" mövzusunda universitetin professor-müəllim heyəti və idarəetmə strukturunda
çalışanlar üçün təlim məşğələləri
təşkil olunub.
Məşğələlərdə
universitet rəhbərliyi tərəfindən dəvət edilən,
incəsənət yönümlü mütəxəssis
hazırlığı ilə məşğul olan, ali təhsil sahəsində Bolonya
sisteminin tətbiqi üzrə tanınmış ekspert,
Gürcüstan Dövlət İlia Universitetinin professoru, elmlər
doktoru, İncəsənət
üzrə Tədqiqatlar
İnstitutunun direktoru Levan Xetaquri çıxış edib.
Noyabr ayında da ADMİU-da "Ustad dərsləri"
layihəsi çərçivəsində məşğələlər
keçirilib.
Bu məşğələlərdən birini
Barselona Teatr İnstitutunun teatr nəzəriyyəsi və
tarixi üzrə professoru Boris Daussa-Paster keçirib.
Hindistanda Kerala Kalamandalam Mədəniyyət və İncəsənət
Universitetində elmi tədqiqatlar aparan Boris Daussa ustad dərsini cənubi
Hindistanın ştatı olan Keralada XVII əsrdə yaranan ənənəvi
dramatik-rəqs sənəti Katxakali ilə nəzəri
tanışlığa və bu sənətin praktiki tətbiqinə
ayırmışdır.
ABŞ
Beynəlxalq Teatr İnstitutunun
və Təhsil Komitəsinin vitse-prezidenti və Kolorado
Universitetinin professoru Piter Qoldfarb
müasir aktyorun yetişməsi, yaratdığı
obraz, ona münasibəti, hazırlığı mövzusunda
nəzəri və praktiki məşğələlər
aparıb. Teatr rejissoru, yazıçı və
bəstəkar, "Tumult
İn the Clouds"
teatr şirkətinin bədii
rəhbəri və "Cheek
By Jow" şirkətinin direktor
müavini Patrik Kunen də treninqlərini oyun şəklində apararaq tələbələrlə
kiçik tamaşa
hazırlayaraq maraqlı ustad dərsləri keçiblər.
2014-cü
il noyabr ayının 18-də ADMİU-da
Belarus Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Sosiomədəni fəaliyyətin menecmenti
kafedrasının professoru Yelena Makarovanın iştirakı ilə
"Mədəniyyət müəssisələri əməkdaşlarının
peşəkarlıq meyarları: müasir tələblər və
formalaşmış ənənələr" adlı seminar
keçirilib. Seminarda mütəxəssis
sosial-mədəni sahələrin inkişafında fəaliyyət
mexanizminin yeni texnologiyalarının işlənməsi və
kütlə tərəfindən yeni mədəniyyətin
yüksək mənimsəmə səviyyəsini təmin edən
kulturoloji maarifin effektiv təşkili məsələlərindən
danışılıb.
2014-cü
ilin dekabr ayında ADMİU-nun "Ustad dərsləri"
layihəsi çərçivəsində Gürcüstan
İncəsənət Akademiyasının qrim üzrə
mütəxəssisi, bir çox tanınmış beynəlxalq layihələrin qrim ustası olan
Anuka Murvanidze 4 gün ərzində
nəzəri və praktiki məşğələlər
keçirib.
Xarici
mütəxəssislərlə yanaşı, ADMİU-da 25
ildir ki Türkiyədə yaşayıb fəaliyyət göstərən, Azərbaycan
milli xalq çalğı aləti olan balabanı dünyaya
tanıdan, virtuoz ifaçı Əlixan Səmədov
ifaçılar üçün, Dövlət Pantomim
teatrının aktyoru və rejissoru Ceyhun Dadaşov isə
universitetin aktyor sənəti fakültəsində təhsil
alan tələbələr üçün V.E.Meyerxoldun
"Biomexanika təlimi əsasında aktyor tərbiyəsi"
mövzusunda iki gün ustad dərsləri keçmişlər.
ADMİU-da həmçinin
onlayn ustad dərsləri də keçirilir. Onlayn
vasitəsi ilə Ümumrusiya Dövlət Kinematoqrafiya
Universitetinin professoru Leonid Vasilyeviç Konovalov ilə əlaqə
yaradılaraq qarşılıqlı fikir və təcrübə
mübadiləsi aparılmışdır. Ardıcıl
olaraq bir neçə
həftə keçən onlayn dərslər -
kino-foto işində materiallar, rəngşünaslıq, nəzəri
və təcrübi montaj, kinolent və rəqəmsal
informasiya daşıyıcıları ilə bağlı
konkret mövzular əsasında
proqramlı şəkildə təşkil olunmuşdur. İdman, Kino və Televiziya Filmləri
Beynəlxalq Federasiyasının (FICTS) Avropa
və Asiya üzrə, Türkiyədə İdman
Filmləri festivalının
rəhbəri, 200-dən
artıq idman filminin
rejissoru olan Can Saraçoğlu da onlayn ustad dərsi verərək tələbələrlə idman
filmlərinin çəkiliş prosesi,
düzgün, professional
çəkiliş heyətinin təşkili barədə fikir
mübadiləsi
aparılmışdır.
Xaricdən
universitetə ustad dərsləri və mühazirələrlə
çıxış etmək üçün dəvət
olunmuş mütəxəssislərdən tanınmış
teatrşünas, Almaniyanın Teatr İnstitutu Mərkəzinin direktoru, professor
Yuri Alşitsi də qeyd etmək olar. O, aktyor sənəti,
rejissor sənəti və sənətşünaslıq
fakültələrinin tələbələrinə ustad dərsləri
verərək təlimlər keçirmişdir.
Böyük
Britaniyanın tanınmış muzey eksperti, York şəhərinin
incəsənət departamentinin üzvü və York İncəsənət
Kollecinin direktoru Şirli Kollinin də 2015-ci il
8-12 mart tarixləri arasında ADMİU-da ustad dərsləri
keçirilmişdir. "Ustad dərsləri" layihəsi çərçivəsində muzey mütəxəssisi
"Müasir muzey mütəxəssislərinin
hazırlanması: tədrisdə yeni məzmun və
formalar", "Təhsil və muzey işçilərinin
akkreditasiyası: məqsəd və vəzifələr
(Böyük Britaniya təcrübəsi)"
mövzularında seminarlar, ustad dərsləri, nəzəri məşğələlər
keçirilmişdir.
Tələbə Həmkarlar
İttifaqı Komitəsi (THİK)
Təşkilat
öz tərkibində 6 fakültəni təmsil edən 980 tələbəni
birləşdirir. THİK-də 21 nəfərdən
ibarət daimi idarə heyəti fəaliyyət göstərir.
Komitə
imkansız tələbələrin, eləcə də bir
sıra yarışlarda, bilik müsabiqələrində fərqlənən
tələbələrin gündəlik pulsuz nahar yeməyi ilə
təmin edilməsi, onlara birdəfəlik maddi
yardımların göstərilməsi məsələləri
ilə məşğul olur, bununla da həm tələbələrin
sıxıntılarının aradan qaldırılmasına, həm
də onların psixoloji gərginliklərinin
qarşısının alınmasına xidmət edir.
İmtahanlardan əla qiymətlər alan,
ictimai işlərdə fəal iştirak edən 3 tələbəyə
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin adlı təqaüdləri
verilir. Komitə 2007-ci ildən etibarən Novruz
bayramı və Silahlı Qüvvələr Gününü
mütəmadi olaraq müxtəlif regionlarda yerləşən
hərbi hissələrdə konsert proqramı ilə qeyd edir.
Hər il THİK və idman
kafedrasının birgə təşkilatçılığı
ilə start götürən "Fakültələrarası
futbol çempionatı" keçirilir.
Muzey
Muzeydə müəllim və tələbələrin
yaradıcılıq işlərindən ibarət kolleksiyalar
yer alıb. Rəngkarlıq, qrafika, xalçaçılıq,
zərgərlik, heykəltəraşlıq və keramika
işləri də fondda qorunub saxlanılır. Hazırda muzeyin fondunda 250-yə yaxın eksponat var.
ADMİU-da yeni dərs ilindən (2014-2015) etibarən tələbələrin
işlərindən ibarət sərgilər təşkil
olunur. Bura rəsm əsərləri, fotolar və müxtəlif
əl işlərindən ibarət sərgilər aiddir.
Sərgilər ayrı-ayrı tələbələrin
olmaqla yanaşı, konkret bir kursun da işlərindən ibarət
olur. Sərgilərdə Azərbaycanın
tanınmış rəssamları, incəsənət
nümayəndələri iştirak edir.
Bundan
başqa, universitetin Təsviri sənət kafedrasının
müəllimləri, Azərbaycan Dövlət Rəssamlar
İttifaqının üzvləri Fəxrəddin Qəhrəmanlı,
Tamilla Abdullayeva, Mətin Şərifovun fərdi rəngkarlıq
işlərindən ibarət sərgiləri də təşkil
olunmuşdur.
Tələbə işi
2014-cü
ilin sentyabr ayında Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin kulturologiya fakültəsinin
tələbələri Tural Ağayev və Tərlan
Dadaşzadə Rusiyanın Tomsk şəhərində
keçirilən "Enaktus" beynəxalq liderlik məktəbində
iştirak ediblər. Maraqlı məşğələ,
treninq, mühazirələrlə keçən məktəbdə
Rusiya, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistandan,
İspaniya, Çili, Niderland və Hindistandan nümayəndələr
iştirak edib. Tələbələr bundan əvvəl
də "Enaktus" yarışlarında iştirak edərək
diplom və kuboka layiq görülüblər. Tomsk Universitetində keçirilən liderlik məktəbində
də çox maraqlı və faydalı layihələri ilə
çıxış edən tələbələr hər kəsin
diqqətini cəlb etməyi bacararaq sertifikat alıblar.
Universitetin "Musiqi
sənəti"
fakültəsinin
İnstrumental
ifaçılıq kafedrasının I kurs
tələbəsi Natəvan Dinikayeva
"RENAISSANCE
FESTIVALS"
yaradıcılıq mərkəzinin təşkil etdiyi
"Christmas Lights" ("Milad işıqları") adlanan
XIV Beynəlxalq festivalın çərçivəsində keçirilən müsabiqədə "İnstrumental musiqi"
nominasiyası üzrə qalib olub. Macarıstan, Ukrayna, İsrail, Çin, Belarus, Rusiya və başqa
ölkələrin
nümayəndələrinin
iştirak etdiyi müsabiqə
Macarıstanın
Balatonfüred şəhərində
baş tutub. İfaçının
çıxışı
münsiflər heyəti tərəfindən ifaçılıq texnikası, repertuar
seçimi və
artistizm meyarları üzrə dəyərləndirilib.
Yeni il ərəfəsində Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
"Səda" Tədris Teatrında tələbələrin
ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin
"Leyli və Məcnun" poeması əsasında
hazırlanmış müzikl nümayiş olunub. Layihədə poemanın süjet xəttinin
çağdaş dövrümüzə uyğun olaraq təsvir
olunması diqqət çəkir. Belə
ki, müzikl hip-hop, muğam, meyxana və rep janrlarını
özündə uğurla birləşdirə bilmişdir.
Ötən
ilin dekabrında ilk dəfə olaraq
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət
Universitetində
dünya
dramaturgiyasının
parlaq nümayəndələrindən olan
Uilyam Şekspirin 450 illik
yubileyinə həsr
olunmuş beynəlxalq videofestival keçirilib. Festivalda tanınmış dünya
rejissorları ilə yanaşı, Azərbaycanın novator
teatr rejissoru Vaqif
İbrahimoğlunun
quruluş verdiyi "Otello" tamaşası da nümayiş etdirilib. Dekabr
ayının 14-nə qədər davam edən videofestivalda dünya kino və teatrının
parlaq nümunələri tələbələrə təqdim
edilib.
ADMİU-nun
"Aktyor sənəti ifaçılığının
tarix və nəzəriyyəsi" ixtisası üzrə təhsil alan I kurs magistr tələbəsi Pərvanə Rzayeva ATV kanalında
keçirilən "Aydın səs" qiraətçilər
müsabiqəsinin qalibi olub. Münsiflər heyəti
Azərbaycanın tanınmış incəsənət xadimlərindən
ibarət olan müsabiqəyə 500 nəfər
qatılıb və onlardan 18 nəfəri 5 turda iştirak
edib. Sonda 4 nəfər final mərhələsinə
keçərək birincilik uğrunda mübarizə aparıb. İştirakçılar
əruz, heca vəznlərində, sərbəst şeirdə
qabiliyyətlərini göstərərək, məşhur bədii
əsərlərdən monoloqlar söyləyib, dublyajda
müxtəlif obrazları canlandıraraq aktyorluq məharətlərini
sərgiləyiblər. Universitetin tələbəsi Pərvanə Rzayeva final mərhələsində
münsiflər heyəti tərəfindən 770 balla
qiymətləndirilərək
müsabiqənin qalibi elan olunub.
2014-2015-ci
dərs ilində universitetdə də tələbələr arasında ilk dəfə
olaraq "Bədii qiraət" və "Etüd"
müsabiqəsi keçirilib. Tələbələrin
fəallıqla qatıldığı hər iki müsabiqə
3 turda keçərək qaliblər münsiflər heyəti
tərəfindən müəyyən olunub. Qaliblər
"Səda" Tədris Teatrında keçirilən Qala gecədə
mükafat və diplomlarla təltif edilərək onlara qalibiyyət
gətirən etüd və bədii qiraət nümunələrini nümayiş etdiriblər.
ADMİU-da tələbələrin qrafik işləri və əl
işindən ibarət sərgi
keçirilib ki, sərgidə I Avropa Oyunlarında təmsil
olunacaq idman növləri və Avropa Oyunlarına aid 30-a
yaxın iş sərgilənmiş və bu sərgi Bakıda
fəaliyyət göstərən bir çox qurumlarda, eləcə
də Yasamal Rayon İcra Hakimiyyətində,
orta ixtisas məktəblərində, kolleclərdə, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, "Təfəkkür"
Universiteti, Bakı Ali Neft Məktəbi və başqa təhsil müəssisələrində
nümayiş olunmuşdur.
ADMİU-da yeni dərs
ilindən "Nə? Harada? Nə
zaman?" klubu
da fəaliyyət göstərir. Universitetin iki komandası
2014-cü il oktyabr ayının 18-19-u Azərbaycan
İntellektual Klublar Assosiasiyası tərəfindən
keçirilən "Nə? Harada? Nə
zaman?" yarışında iştirak edən ümumilikdə
52 komandadan ilk
10-luqda yer almışdır. Noyabr ayının 29-30-u isə 6 fakültənin
komandasının iştirakı ilə ADMİU-da fakültələrarası
"Nə? Harada? Nə
zaman?" oyunu keçirilmişdir.
2015-ci il
Gənclər günü ilə bağlı ADMİU-nun "Aktyor sənəti"
fakültəsinin II kurs tələbəsi Xədicə
Novruzova Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən mükafata layiq
görülmüşdür.
İdman
2013-2014-cü
illərdə keçirilən kütləvi idman tədbirlərində
Tələbə Gənclik İdman Cəmiyyətinin təqvim planında göstərilən
17 idman növünün 12-sində
ADMİU-nun tələbələri iştirak ediblər.
Universitetin
müəllimlərdən ibarət idman komandası Təhsil
Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi ali məktəblər
arasında ulu öndər Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş
spartakiadasında 5 idman
növü üzrə iştirak edib.
Bundan
başqa, ADMİU-da ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş fakültələrarası spartakiada
qol güləşi üzrə ADMİU-nun yığma
komandası Texniki Universitetin yığma komandası ilə yoldaşlıq
görüşü keçirib.
2015-ci il
fevralın 20-də tələbələrin idman növlərinə
olan həvəsi və
Bakıda keçirilən müxtəlif idman tədbirlərində
iştirak etmək üçün müraciətləri nəzərə
alınaraq ADMİU-da "Səda" idman klubu
yaradılıb. Klubun müdiri əməkdar məşqçi,
professor Ağayusif Qurmanov təyin olunub.
Klub artıq ali
məktəblər arasında nərd
yarışı təşkil edib.
ADMİU-nun "Səda" idman klubu universitetin Musiqi sənəti fakültəsinin dosenti, respublikanın əməkdar artisti, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının və respublikanın "Nərd" Federasiyasının idarə heyətinin üzvü, dəfələrlə universitetdə keçirilən nərd yarışlarının qalibi Vamiq Məmmədəliyevin mükafatı uğrunda professor-müəllim heyəti arasında açıq birincilik keçirilib. 9 ali məktəbdən 82 professor-müəllimin qatıldığı yarışlarda I yerə Azərbaycan İnşaat və Memarlıq İnstitutunun baş müəllimi Minayə Xəlilova, II yerə ADMİU-nun dosenti, tanınmış aşıq Əhliman Rəhimov (aşıq Əhliman) və III yerə Bakı Slavyan Universitetinin baş müəllimi Şirinbər Əliyev layiq görülüblər. Qaliblər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Klubun təşkil etdiyi bütün yarış və tədbirlər Azərbaycanın tanınmış və qabaqcıl idmançıları, Avropa, dünya çempionlarının da iştirakı ilə keçir.
Universitetdə "İlin müəllimi" müsabiqəsi
keçirilir.
Müsabiqədə müəllimin ümumi fəaliyyəti
və həmin ildə etdiyi hər hansı bir yenilik nəzərə
alınır.
Rüfanə
GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.4-5.