Məmməd Arazla bağlı xatirələr
Tanınmış
şairin həyat yoldaşı Gülxanım Fətəliqızı
ilə söhbət
- Alo, salam, sizi "Azərbaycan müəllimi" qəzetindən
narahat edirəm...
Bu dəfə Azərbaycanın
tanınmış şairi Məmməd Araz ömrünün
gizli səhifələri ilə bağlı həyat
yoldaşı Gülxanım Fətəliqızının
xatirələrini dinləmək istədik. Razılaşdığımız kimi, səhəri
gün qapısını döyürəm. Mehriban bir
xanım qarşılayır məni, qonaq otağına
keçirik. Divarlarda Məmməd Arazın
portretləri var. Sanki şairlə üz-üzə
dayanmışam.
Əyləşirik və söhbətə
başlayırıq.
- Mənim
bu gözəl balam nə istəyir?
- Mərhum
həyat yoldaşınızdan
danışmağınızı istəyirəm, - deyirəm.
Gülümsəyir
və deyir:
- Onun
yaradıcılığının böyük bir hissəsi
mənə düşür. Bir sətri
yazıb atır, çıxıb gedirdi. Şeirlər
tam olmurdu bəzən. Toplamaq, saxlamaq
lazım idi. Onun bəxti onda gətirmişdi ki, mən ədəbiyyatçı
olmuşam.
- Necə
tanış olmusunuz, bəlkə elə
bundan başlayaq?
- Yox,
tanışlıqdan danışmaq istəmirəm.
Susur. Amma sonra fikrini dəyişir. Nəfəsini
dərir və davam edir.
- Mən
qubalı qızıyam. İkiillik Müəllimlər
İnstitutunu qurtarmışdım. Sonra belə qərar
çıxdı ki, kim iki ili bitiribsə
ardını davam etdirməlidir. Anam əvvəl qoymadı məni
oxumağa, dedi gedəcəksən, Bakıda da qalacaqsan. Elə də oldu. Məmmədin
böyük qardaşı və əmisioğlu mən olan
patokda oxuyurdular. Nə bilim, qismətdir, vəssəlam.
- Ora gəlib-gedəndə
görmüşdü sizi?
- Təbii
ki. Amma xüsusi eşq macərası
olmayıb. Mən onu tanımırdım,
amma şeirlərini əzbər bilirdim.
- Sizinlə
tanış olanda Naxçıvandan
qayıdıb gəlmişdi?
- Bir il işləyib kənddə. Mənimlə
oradan qayıdıb gələndən sonra tanış
olmuşdu. Öz kəndlərində həm
coğrafiyadan, həm də kimyadan dərs deyirdi. Halbuki coğrafiya müəllimi idi. Sonra bir müddət Tibb Universitetində estetika
şöbəsi açdılar. İki-üç
dəfə auditoriyaya girdi, sonra atdı və şeir yazmaqla məşğul
oldu.
-
Uşaqlığı ilə bağlı hansı xatirələri
var idi? Necə uşaq olub?
-
Bilirsiniz qızım, bizim uşaqlığımızı
Hitler oğurladı. Uşaqlıq görməmişik.
Dava illəri, aclıq, çatışmazlıqlar... Məmmədin atası xalq düşməni adı
ilə 1945-ci ildə sürgün edilmişdi. Məmmədgil də çətinliklə
dolanırdılar, balaca olanda sürü otarırmış.
Özünün dediyinə görə, nadinc
olub. Onun qabaq dişləri
sınmışdı. Dedim, sənin dişlərin niyə
sınıb? Dedi ki, qayışqapdı oyunu oynayırdıq,
onda sınıb. Ayağının dərisi də
neçə yerdən sümüyünə
yapışmışdı. Dedim, bunlar hardandır? Dedi,
o qədər nadinc idim ki, yorğanı atırdım
başıma həyətimizdəki iti qorxudurdum. Birdən-birə
cumdu üstümə ayaqlarımı parçaladı. İki ay gəzə bilmədim.
-
Atası geri qayıtdı?
-
Atası 10 il sonra geri qayıtdı. Onda artıq onlar böyümüşdü. Məmmədin böyük qardaşı İbrahim o
zaman müəllim işləyirdi.
- Nə
vaxtdan başlayıb yazmağa?
- Məmmədin
kəndi (Nursu) ilə Şahbuz şəhəri arasında
Mahmudoba kəndi var. Orta məktəbi orada bitirib. Məktəbin kitabxanasından Səməd
Vurğunun "İstiqbal təranəsi" kitabını
alır. Deyir,
birinci səhifəni açdım. Gözüm
birdən-birə sataşdı, "yenə səni
gördüm, Dilcan dərəsi" misrasına. Deyir, o misra beynimdə həkk olundu. Mən də belə bir misra yazdım ki, "yenə
səni gördüm Nursu dərəsi". Amma bu şeir alınmadı. Sonra
yazmağa davam etdim.
Onun bir şair kimi yetişməsində anası Cahan
xanımın böyük rolu olub. Anasının
çox qəribə yaddaşı var idi. Aşıq Ələsgərin bu
qalınlığında kitabını (əli ilə
göstərir) əzbər bilirdi. Halbuki
oxuyub-yaza bilmirdi. Məmməd həmişə
deyirdi ki, mənim ilk müəllimim anam olub. Amma təəssüf ki, o vaxt yazılan şeirləri,
demək olar ki, qalmayıb.
-
Özü də xatırlamırdı yazdıqlarını?
- Yox. Xatırlamırdı.
- Araz təxəllüsünü
nə vaxtdan götürmüşdü?
- 1970-ci
illərdə. Araz qırağında doğulmuş adam idi. Həmişə Araz dərdindən danışırdıq. Düzdür, bir müddət
yuxarıdakıların acıqlarına gəldi. Amma Məmməd əhəmiyyət vermədi.
- Dediniz
ki, "Araz" təxəllüsü yuxarıların
xoşuna gəlməmişdi. DTK-nın
qapınızı döydüyü vaxtlar olubmu?
- Xeyli
çətinliklərimiz olub, amma qapımızı döyməyiblər.
Çünki onları qoruyan bir əl var idi.
Bəxtiyarı da (Vahabzadə), Xəlili (Rza
Ulutürk) də, Məmmədi də.
- Kim idi?
- Təbii
ki, bəllidir...
- Ulu
öndər Heydər Əliyev?
- Əlbəttə. Onları müdafiə edirdi. Tutulmağa
qoymurdu. Xəlil Rzanın bir şeiri var
idi ki, Saranı sellər yox, Rusiyayla İranın
uzanmış əlləri apardı. Məmməd
durub deyib ki, Xəlil düz deyir. Biz cənubu
görmək istəyirik, cənuba getmək istəyirik.
İstəyirik ki, torpağımızı geri
qaytaraq. Onda çox adam
düşdü Məmmədin üstünə...
- Bir az da evdəki Məmməd Arazdan
danışaq. Necə xarakterli idi?
-
Yazıçıların iki dənə üzü var
(gülür). O demək deyil ki, ailədə despot olub. Amma zəhmi var idi. Olmaz,
qurtardı. Mən 41 il müəllim
işləmişəm. Amma 10 il işləməyə
qoymadı.
-
Hansı illər idi?
- 1958-ci
ildə bizim toyumuz oldu. Toyumuzdan sonra 10 il
işləmədim. Sentyabr gələndə
davaya çıxırdıq. Mən
işləmək istəyirdim, o qoymurdu. Sonra
şair Əli Kərim rəhmətə getdi.
Gördü ki, Əli Kərimin həyat yoldaşı Elza
xanım iş axtarır. 3 körpəsi
qucağında. Gəldi evə, nə
düşündü bilmirəm. Mənə dedi ki, sənədlərini
hazırla, apardı məni yenidən işə bərpa
etdirdi. İlk dəfə rusdilli məktəbdə Azərbaycan dilini
keçirdim. Oradan rus dilini bilmədiyim
üçün qaçdım.
-
Neçənci ildən bu binada yaşayırsınız?
- 1998-ci
ildən bu binada yaşayırıq.
- Bu ev sizə hədiyyədir?
- 1975-ci
ildə bu bina tikilib. Buradan evləri paylayanda biz
Yasamalda ikiotaqlı evdə yaşayırdıq. Bizə ev vermək məsələsi var idi. Mənim də ürəyim gedirdi dənizi görmək
üçün. Məmməd dedi, arvad
gözünü o binadan çək, bizə oradan ev verən deyillər. Çox qəribədir,
hərdən özüm mat qalıram. Allah bu evi bizə
qismət elədi... Dedilər ki, Heydər
Əliyev qurultay qabağı yazıçıları
çağırır. Mən də Məmmədin
yanında idim. Operatorların arxasında əyləşmişdim.
Gördüm ki, Heydər Əliyev durdu Məmmədi arxadan
qucaqladı, qulağına nəsə dedi. O da başını yellədi. Mən
də fikirləşirəm ki, Heydər Əliyev indi
çıxıb gedəcək, ev məsələsini
deyə bilməyəcəyəm. Bir də gördüm dedi
ki, mənim iki mənzilim var, birini verirəm Bəxtiyara,
birini də Məmməd Araza. Mən də bilmirdim ki,
hansı tərəfdən ev veriblər. Hamı
dağılışdı. Heydər
Əliyev Rəfail Allahverdiyevi, Bəxtiyar müəllimi, Məmmədi
və məni öz otağına dəvət etdi. Dedi
ki, ev filan binadadır. Mən də dedim
ki, biz sizinlə görüşmək istəyirdik,
alınmırdı. Dedi ev
üçün deyildi? Çaşdım.
Dedim, bəli ev üçün, həm də
dərdləşmək üçün. Güldü, dedi
köçün, sonra dərdləşərik.
- Əvvəlki eviniz hansı idi, ilk hansı evə gəlin
gəlmişdiniz?
-
Yarım padval evə. Məni Məmmədə
vermirdilər. Amma xoşlamışdıq bir-birimizi,
dedim, gedirəm, qurtardı getdi. Bir stol,
iki stul, bir divan güclə yerləşən otaq idi. İndi Salatın Əsgərova küçəsidir
ora. Sonra Məmməd ikiillik Moskvaya getdi, Qorki adına Ədəbiyyat İnstitutuna. Mən qayıtdım anamın yanına. Amma ildə bir dəfə bir aylığına
Moskvaya gedirdim. İki il sonra o da, mən
də Bakıya qayıtdıq. Onda böyük
qızım İradə qucağımda idi.
- Ailəniz
niyə onunla evlənməyinizə razı deyildi?
-
Uzağa vermək istəmirdilər. Anam 4
uşağı yetim böyüdüb. Qardaşım
dedi, madam istəyir,
ver.
- Ailəcanlı
idi?
- Ailəcanlı?
Sualıma sualla cavab verir. Birdən-birə deyir ki, sizə bir şeir oxuyum. Təsadüfən əlimə düşüb. İndi görün bu şeiri oxuyub kənd həyatını təsvir edə bilərsiniz, ya yox?
Parisdə bir yuxu
gördüm
Gördüm nənəm
un ələyir
Gördüm
babam çulğalayır qara damı
Bulağa ilk
cığır salıb qar adamı
Boz itimiz
havalanıb zəncir qırıb
Qar üstündə
zəncir izi qırıq-qırıq
Tayamızdan
düşüb qaçıb ana dovşan
Almalıqda yol
itirib bala dovşan
Birinci
sinif uşağı üçün ən gözəl
şeirdir bu. İndi
bu şeir tamdır, tam deyil, mən bilmirəm. O, vəfat edəndən
sonra yenidən arxivi ayırmağa başlamışam. Əlimə bu şeir düşdü.
- Öz xəttidir?
- Yox, mənim
xəttimdir. O son illər yaza bilmirdi ki. Onun xəttini də oxumaq
mümkün deyildi. Bəzi əsərlərini
mən oxuyub ortalığa çıxarmışam. Yaza bilmirdi, əli tutmurdu, bir hərfi yazırdı,
sonra xətt çəkirdi. O hərfə baxıb mən
fikirləşirdim ki, bu söz nə ola
bilər. Bu hərfdən sonra nə gəlsə
nə olar. Saatlarla fikirləşib mən
onun yazılarını bərpa etmişəm.
- Neçə yaşında xəstələnmişdi?
- 1971-ci ildə o artıq xəstə idi.
- Xəstəliyinin
adı nə idi?
-
Parkinson. Əsəbdən olmuşdu.
- Nəyə
əsəbiləşmişdi?
- Sovet hökumətində belə bir qayda var idi, məzuniyyətə çıxan adamı işdən çıxarmaq olmaz. "Provsoyuz" da (Həmkarlar İttifaqı) icazə verməzdi ki, özünün xəbəri olmadan bir adamı işdən çıxarsınlar. Məmməd də onda "Ədəbiyyat" qəzetində baş redaktorun müavini işləyirdi. Nərimanovun heykəli qoyulmamışdan qabaq şəkli qəzetdə gedir. Bu şəkil gedəndə Məmməd Vilnüsdə məzuniyyətdə olur və şəklin getməsindən xəbəri olmur. Bütün təqsirləri yıxırlar Məmmədin üstünə, səbəbsiz, xəbər etmədən işdən çıxarırlar. Məmməd bizi aparıb Yesentukiyə qoyub özü gəlib Tatarıstana ezamiyyətə getməli idi. Gəlib görür ki, işdən çıxarılıb. Bu adam 3 ay əsəbdən yata bilmədi. Sonra başladı sol əli titrəməyə, sağa keçdi, ayağa, dilə... Qızım, onun qəbrini belə qısqananlar olub.
- Xəstəlikdən sonra həyatınız necə oldu?
- Ən gözəl şeirlərini xəstəlik dövründə yazdı. Düzdür, xəstəlik səhhətini əlindən aldı, amma beynini ala bilmədi. Açığı deyim ki, bir həyat yoldaşı kimi bəlkə də mən heç nə etməzdim. Amma mən ədəbiyyatçı kimi yanaşdığıma görə onun bir sətrinin də itməsinə razı deyildim. Hamısını bərpa edirdim, özünə oxuyurdum. O deyəndə ki, bu düzdür, qoyurdum bir kənara. Beləliklə, şeirlərinin hamısını onun redaktəsi ilə bitirmişəm. Amma məqalələrini yox. 200-dən yuxarı məqaləsini kompüterdə yığmışam. 5-6 məqaləsi qalıb. Xəstələndim deyə onları yığa bilmədim. İstəyirəm "Qarabağ simfoniyası" adında kitab çap etdirəm. Onun eyniadlı məqaləsi var. Hissələrə ayıram, "Torpaq, kimdir sahibin?". Ssenariləri var: Xurşidbanu Natəvan, Azərbaycanın landşaft qurşaqları haqqında. Bu ssenariləri də, müsahibələri də, qələm yoldaşları haqqında söhbətləri də toplayıb kitabı dərc etdirəcəyəm.
Yenidən ailədəki Məmməd Arazdan danışmaq istəyirəm.
- Necə
ata idi?
-
Çox gözəl ata idi. Amma feodal fikirli idi.
Çatdı sənə?
(İkimiz
də gülürük)
- Mənə
qarşı da feodal fikirli idi. Bir dəfə istədim
dırnaqlarımı boyayım, bəzənib-düzənim.
Gəldi evə, gördü. Dedi, hara
getmişdin? Dedim, heç yerə. Dedi, bu
saat onların hamısını yu. Bir də
görməyim.
- Övladlarına da icazə vermirdi?
- Çox istəyirdi uşaqlarını. Amma sərbəstlik vermirdi.
- Ondan
incidiyiniz məqamlar olubmu?
- Qızım, bu həyatdır. Əlbəttə, olub. Dava elədiyimiz də olub. Küsülü olduğumuz da.
- Könlünüzü necə alırdı?
- Yox, elə xasiyyətləri yox idi. Üzr istəmirdi, gəl barışaq da deməzdi. Belə şeylərə quru adam idi.
- Ən şad gününüz hansı idi?
-
Böyük nəvəm anadan olanda sevincimizin hədd-hüdudu
yox idi.
- Nəslinizdə
adını daşıyan varmı?
- Yox. Uşaqlar istəmədi. Nəticələrimin də hamısı qızdı.
- Onun ən
yaxın dostu kim idi?
- Biz ailəvi Söhrab Tahirgillə dost olmuşuq. Onun həyat yoldaşı Lida xanımla mənim xasiyyətim tuturdu. Salamımız çox adamla olub. Get-gəl olmayıb.
- Eşitdiyimə görə, adətən şairlər gecələr yazırlar. Məmməd müəllim necə?
- Mən görməmişəm. Bax, Məmmədin yarımçıq misraları çox olub. Qoy o yarımçıq sətirlərin olduğu dəftəri gətirim sənə.
(Gedir dəftəri gətirməyə)
- Bu onun çap olunmamış məqalələridir. Öz xətti ilə. Oxu görüm oxuya bilirsən?
(Oxumağa çalışıram, bir neçə sözdən sonra oxuya bilmirəm).
- Bəs siz necə oxuyurdunuz?
- Mən 41 il müəllim işləmişəm.
Müxtəlif xətlər görmüşəm. Ona görə
xəttini oxuya bilirdim.
- Sizə
təşəkkür etdiyi zamanlar oldumu?
- Mənə təşəkkür etməyib. Amma dostlarına deyib ki, mənim yaradıcılığımı saxlayan Gülxanımdır.
- Xarici ölkələrdə olmusunuz?
- O
özü də demək olar ki, olmayıb. Bir dəfə Fransaya getdi. Sonra
hazırlaşdı ki, harasa getsin, alınmadı. Sonra da xəstələndi. Həmişə
mənə deyirdi ki, səni Orta Asiyaya aparacağam. Apara bilmədi. Amma onun müalicəsi
üçün Almaniyaya getmişdik. Səhər
getdim xəstəxanaya, gördüm ki, dəftərin
qırağında belə bir misra yazıb. "Axır ki, təkliyə öyrətdim səni,
Onsuz da nə vaxtsa öyrədəcəkdim".
- Məmməd
Arazın sevimli yazıçısı kim
idi?
- Ən çox Nizamini, Füzulini oxuyurdu.
- Son
günlərini necə xatırlayırsınız?
- İnana bilmirdim ki, o qəfildən ölə bilər. Dəfələrlə vəziyyəti pisləşirdi. Bir-iki gün keçirdi yaxşılaşırdı. 2004-cü il dekabrın 1-i idi. Nahar eləyirdi, durub qaçdı pəncərəyə. Elə bildim, nəsə boğazında qalıb. Mən də qaçdım yanına, kürəyinə vurdum. Gördüm kişi yıxıldı. Evdə köməkçinin yanında qoyub, həyətə qaçdım, kömək çağırmağa. Həyətdəki polislərə dedim ki, təcili yardım çağırın. Sonra İradəyə zəng etdim ki, tez yetiş, kişi gedir. Uzatdılar bura (otaqdakı həmin yeri göstərir), sonra nəvəm qucağına aldı, pilləkənləri düşürtdü, yolda da keçindi.
- Vəfatından sonra yuxunuza gəldiyi zamanlar olur?
- Yuxuma gəlir, amma məndən heç nə istəmir. Kölgə kimi gəzir, kölgə kimi də çəkilib gedir. Amma tez-tez görmürəm.
Söhbətimiz yekunlaşır, amma birlikdə ailə albomlarını vərəqləyirik. Gülxanım müəllim öz atasının şəklindən başlayaraq bütün ailə albomunu göstərir. Məmməd Arazın hərbi hissədə imza atdığı zaman çəkilən şəkillərini görür. Deyir, qızım, yadımdan çıxdı sənə deyim ki, biz onunla 1995-ci ildə Murovdağa qalxmışıq. Murovdağdan aşağı enəndə bir bulağa Məmməd Araz adı verilib.
Məmmədlə bir yerdə Beyləqanda əsgərlərlə görüşməyə getmişik. Biz gedən səngərlə düşmən arasında 100 metr məsafə olub. Beyləqanda, Hərami düzündə olan səngərə də Məmməd Araz adı veriblər.
İllərin fotoşəkillərə əks olunan xatirələrini izləyə-izləyə müsahibimə təşəkkür edirəm və o da Məmməd Araz haqqında yazdığı iki kitabını mənə hədiyyə edir.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 25 aprel.- S.8.