"Vaxtımın əksər hissəsini
tədqiqat işimə sərf edirəm"
Böyük Britaniyanın London
İmperial Kollecinin
doktorantı Nemət Səfərovla
söhbət
Nemət Səid oğlu Səfərov 1988-ci il yanvarın 12-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakıdakı 111 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 678 bal toplayaraq iqtisadi kibernetika ixtisası üzrə BDU-nun tətbiqi -riyaziyyat və kibernetika fakültəsinə daxil olub. 2009-cu ildə universiteti Prezident təqaüdü
ilə
bitirərək BDU-nun iqtisadi kibernetika ixtisası
üzrə
magistraturasına daxil olub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində
2010-2011-ci illərdə Böyük Britaniyanın London İmperial Kollecinin riyaziyyat fakültəsində
riyaziyyat və
maliyyə
ixtisası üzrə magistr təhsili alıb. Hazırda Dövlət Proqramı
çərçivəsində
London İmperial Kollecinin riyaziyyat fakültəsində tətbiqi riyaziyyat və riyazi fizika istiqaməti üzrə
doktorantura (PhD) pilləsində təhsil alır.
Orta məktəb illərində riyaziyyat,
coğrafiya və
xarici dil üzrə fənn olimpiadalarında iştirak edərək diplomlarla təltif olunmuşam. Riyaziyyat, fizika, tarix və coğrafiya fənlərinə xüsusi
marağım olub. Tədris olunan ingilis və rus dillərindən
əlavə fransız
dili ilə mütəmadi şəkildə
məşğul olmuşam.
Hələ BDU-da təhsil aldığım illərdə
Böyük Britaniyanın
tədris sistemi ilə əlaqədar olan məqalələri
internet vasitəsilə izləyirdim. Şübhəsiz ki, bir Azərbaycan
gənci kimi xaricdə təhsil almaq mənim də arzum idi. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı"nın imzalanması
mənim arzumun reallaşması üçün
çox böyük imkanlar açdı. Digər gənclər kimi mən də Dövlət Proqramında
iştirak etməyə
qərar verdim. Proqramın seçim prosesindən
iki dəfə uğurla keçmiş bir gənc kimi
tam əminliklə deyə
bilərəm ki, Dövlət Proqramı obyektivlik və ədalətlilik prinsipləri
əsasında həyata
keçirilir. Dünyanın
nüfuzlu universitetlərində
təhsil alan
gənclərimizin sayının
ildən-ilə artması
seçim prosesinin müvəffəqiyyətlə keçirildiyinin bariz göstəricisidir. Dünyanın
əksər ölkələrində olduğu
kimi, ölkəmizdə
də təhsil sahəsinə dövlət
qayğısı gündən-günə
artır. Təhsil Nazirliyi tərəfindən
Azərbaycanda təhsilin
keyfiyyətinin yüksəldilməsi
və dünya səviyyəsinə çatdırılması
istiqamətində aparılan
işləri yüksək
qiymətləndirirəm.
"Gördüyüm işlərlə bağlı fakültə
rəhbərliyinə hesabat verirəm"
London İmperial Kolleci daimi olaraq dünyanın
ən reytinqli universitetləri siyahısında ilk 10-luqda yer alır. Məsələn,
ən nüfuzlu reytinq şirkətlərindən
biri olan QS-in (QS Quacquarelli Symonds)
2014-2015-ci il üçün
olan siyahısında
London İmperial Kolleci
dünya üzrə ikinci yerdədir. Tətbiqi riyaziyyat çox geniş bir sahədir və oxuduğum universitetdə onun müxtəlif bölmələri
üzrə
tədqiqatlar aparılır.
Mənim tədqiqat mövzumun iqtisadi mahiyyəti qeyri-müəyyənlik
şəraitində maliyyə və enerji bazarlarında
optimal investisiya strategiyalarıdır. Bu elmi işin riyazi əsası isə qeyri-xətti xüsusi törəməli
inteqral-diferensial tənliklərin
ədədi
üsullarla
həllidir.
Doktorantura pilləsində təhsil çox gərgin keçir. Vaxtımın əksər hissəsini
tədqiqat işimə
sərf edirəm. Hər il fakültə rəhbərliyinə gördüyüm işlərlə bağlı hesabat verirəm, bu isə məndən tədqiqat işimdə daha məsuliyyətli
olmağımı tələb
edir. Bundan əlavə, ali məktəbdə təşkil
olunan müxtəlif seminar və
məşğələlərdə iştirak edirəm. Asudə vaxtım adətən az
olur. Onun da bir hissəsini
idmana, digər hissəsini isə üzvü olduğum müxtəlif tələbə
cəmiyyətlərinin təşkil etdiyi tədbirlərdə
iştiraka
və
dostlarımla qısa görüşlərə sərf etməyə üstünlük
verirəm.
Kitab oxumağa münasibətim
yüksəkdir, lakin təəssüflər olsun
ki,
mütaliə etməyə
hələlik vaxt çatmır. Lakin Böyük
Britaniyanın abunə
olduğum "Economist" və "Financial Times" kimi nüfuzlu qəzet və jurnalları gündəlik
olaraq oxuyuram.
Qeyd edim ki, hazırda
Böyük Britaniyada
təhsil alan
azərbaycanlı tələbələrin
təşkilatlanması prosesi
gedir. Digər universitetlər və
səfirlik tərəfindən
keçirilən tədbirlərdə
fəal şəkildə
iştirak edirəm.
"Tələbələrin
mühazirə və
məşğələlərdə iştirakı icbari
deyil"
Ali məktəbin magistratura pilləsində
hər 4 tələbəyə
bir nəfər akademik məsləhətçi
verilir. Bu məsləhətçi
həmin ixtisas üzrə dərs deyən müəllimlərdən
biri olur. Dərs ili müddətində
tələbənin hər
hansı bir çətinliyi olarsa, ilk
növbədə, öz məsləhətçisinə müraciət etməlidir. Mühazirələr kifayət qədər
interaktiv şəkildə
aparılır. Tələbənin
əlavə sualları
olarsa, müəllimlə
görüş saatı
(appointment) istəyə bilər. Qeyd edim ki, London İmperial Kollecində tələbələrin
mühazirə və məşğələlərdə iştirakı icbari deyil.
Dərs
semestrinin bitməsinə 2-3 həftə qalmış imtahan günləri açıqlanır.
İmtahanlar bir-birinə çox yaxın olur. Hətta bir gündə iki imtahan belə təyin oluna bilər. İmtahanlar çox sərt
qaydalarla tənzimlənir.
Köçürtmə üstündə
tutulan tələbənin bütün
nəticələri ləğv
olunur və o, universitetden xaric edilir. Qeyd edim
ki, imtahanın bitməsi elan olunduqdan sonra yazmaqda davam etmək özü də köçürtmək
kimi qəbul olunur. Nəticələrin qiymətləndirilməsi də kifayət qədər ciddidir. Tələbə suala səhv yolla yanaşıbsa, 0 bal alacaq. İmtahan sessiyası bitən
kimi dərhal yeni semestr başlayır.
"Britaniya təhsilində
ən çox qiymətləndirdiyim
cəhət obyektivlik və
ədalətlilikdir"
Dünyanın ən reytinqli ali məktəblərindən
birində təhsil alan Nemət Səfərov Böyük
Britaniyanın təhsil
sistemi, tələbələrin
elmi tədqiqatlara cəlb olunması məsələlərinə də
toxundu.
- Birləşmiş Krallığın
təhsil sistemində
ən çox qiymətləndirdiyim cəhətlər
obyektivlik və ədalətlilikdir. Bundan əlavə, daha öncə qeyd etdiyim çətin imtahan sistemi qazanılan diplomun gələcək karyera üçün dəyərini
artırır. Təhsil-elm əlaqələri
və tələbələrin
tədqiqatlara cəlb
olunması sualına bir cümlə ilə cavab verməkdə çətinlik
çəkirəm. Bakalavr pilləsində tələbə
təhsil aldığı
ixtisasın fundamental əsaslarını
mənimsəməlidir. Yay tətilində praktiki biliklər və iş təcrübəsi qazanmaq
üçün internaturaların
təşkili
daha faydalı olar. Diplom işi üçün
aparılan tədqiqat
məncə bakalavr pilləsi üçün
kifayətdir. Lakin magistratura
pilləsində tələbələrin
tədqiqatlara cəlb
olunması onlarda elmi araşdırmalara maraq oyadaraq gələcəkdə təhsillərini
doktorantura pilləsində
davam etdirməyə stimullaşdıracaq.
Sonda gələcək
planlarımla bağlı
onu deyə bilərəm ki, ilk növbədə təhsilimi
uğurla başa vurmalıyam. Təhsilimi bitirdikdən sonra
əldə etdiyim bilik və təcrübəni
doğma Azərbaycanımızda
tətbiq etməyi planlaşdırıram.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 25 aprel.- S.7.