"Erasmus Mundus" proqramı çərçivəsində
xaricdə doktorantura təhsili alan
ilk iki azərbaycanlıdan biri
Müsahibimiz
İspaniyanın Santiago de Compostela Universitetində təhsil
almış və hazırda bu universitetdə elmi
işçi kimi çalışan Şəhanə
Hüseynovadır
Şəhanə Hüseynova 8 iyul 1985-ci ildə Babək rayon Kültəpə kəndində anadan olub. 2002 -2006-cı illərdə Naxçıvan Dövlət
Universitetində təbiətşünaslıq fakültəsində
kimya müəllimliyi ixtisası üzrə ali təhsil
alıb. 2006-2008-ci illərdə
həmin ali məktəbdə qeyri-üzvi kimya
ixtisası üzrə magistraturada oxuyub. 2008-ci ildə eyni
ixtisas üzrə Naxçıvan Dövlət Universitetinin
doktoranturasına qəbul olub. Əmək fəaliyyətinə
jurnalist kimi başlayıb, "Naxçıvanın səsi"
radiosunda, "Şərq qapısı" və "Nuh
yurdu" qəzetlərində müxbir işləyib.
2008-2012-ci illərdə NDU-da "Regionun İnkişafı
Problemləri" elmi-tədqiqat
laboratoriyasında elmi işçi olmaqla yanaşı,
universitetin "Gənc Alimlər
Şurası"nın sədr müavini kimi də elmi-ictimai
fəaliyyət göstərib. 2012-ci ildə "Erasmus Mundus"
proqramının maliyyələşdirdiyi "ALRAKIS"
layihəsi üzrə Azərbaycandan 5 bakalavr, 2 magistr və 2
doktorant olmaq üzrə 9 tələbə seçilir. Layihənin
doktorantura üzrə iki nəfər qalibindən biri Şəhanə
Hüseynova olur. 2012-2014-cü illərdə doktorantura təhsilini
İspaniyada Santiago de Compostela (USC) Universitetinin kimya fakültəsində davam etdirən həmyerlimiz
hazırda universitetin kimya fakültəsinin nəzdindəki
nanotexnologiya və maqnetizm laboratoriyasında (NANOMAG) elmi işçi kimi
çalışır və
"Metal klasterlərin sintezi və katalitik xassələrinin
öyrənilməsi" mövzusunda araşdırma
aparır. Türk, ingilis, ispan dillərini öyrənən,
mükəmməl kompüter biliklərinə malik olan
Ş.Hüseynova 8 elmi məqalə, 2 tezis, 120 publisistik məqalənin
müəllifidir.
Azərbaycanda
elmin, təhsilin inikişafı onun ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasında da öz real
inikasını tapmaqdadır. Yüksək ixtisaslı gənc
alim və mütəxəssislər hazırlanması,
onların intellektual səviyyələrinin yüksəldilməsi
üçün
Naxçıvan Dövlət Universitetində də
mühüm işlər görülür. Son iyirmi ildə NDU elmin, təhsilin tərəqqisinə
göstərilən yüksək dövlət
qayğısından bəhrələnərək müasir
tipli bir universitet kimi formalaşıb, ölkənin
qabaqcıl ali məktəblərindən birinə
çevrilib. Dünya elm, təhsil sisteminə uğurla
inteqrasiya edən bu ali məktəbdə son iyirmi ildə
qazanılan əsas uğurlardan biri də tələbə
mobilliyinə nail olmaqdır. Tələbə və
doktorantlarımız dünya təhsil təcrübəsini mənimsəmək
məqsədilə Rusiya, Gürcüstan, Türkiyə,
Rumıniya, Çexiya, İspaniya kimi ölkələrdə
təhsillərini uğurla davam etdirirlər. Həmyerlimiz
Şəhanə Hüseynova isə "Erasmus Mundus"
proqramı çərçivəsində xaricdə
doktorantura təhsili alan ilk iki azərbaycanlıdan biridir.
Sosial
şəbəkə vasitəsilə həmsöhbət
olduğum Şəhanə qeyd
etdi ki, xaricdə doktorantura təhsili almağında ilk
növbədə muxtar respublikada intellektli, istedadlı gəncliyə
hədsiz diqqət və qayğı ilə yanaşan, onlara hər
zaman dəstək olan Ali Məclisin Sədri Vasif Talıbovun,
sonra isə NDU-nun o zamankı rektoru, akademik İsa Həbibbəylinin
əməyi danılmazdır. Çünki sözügedən
layihədə Azərbaycanın çox az universiteti təmsil
olunurdu və həmin təhsil ocaqlarından biri də
sevindirici haldır ki, regionda olmasına baxmayaraq məhz
Naxçıvan Dövlət Universiteti idi.
Doktorantura
təhsilini uğurla başa vuran Şəhanə Hüseynova
apardığı elmi-tədqiqat işi barədə də məlumat
verdi: Nanotexnologiya ilə məşğul olan dunya alimlərinin
son illər ən çox diqqət göstərdiyi sahələrdən
biri də nanohissəciklərin və nanoklasterlərin sintezi,
xassələrinin öyrənilməsi və tətbiqi
sferası məsələləridir. Təəssüflər
olsun ki, nanoklasterlərin öyrənilməsi yeni bir sahə
olduğundan bununla çox az qrup məşğul olur. Bu
qruplardan biri mənim də tərkibində olduğum, NANOMAG
laboratoriyası nəzdində fəaliyyət göstərən
qrupdur. Qrup rəhbəri professor Arturo Lopez Quintelanın rəhbərliyi
ilə mövzumla bağlı araşdırma aparıram.
Mövzunun ən əsas əhəmiyyət kəsb edən tərəflərindən
biri odur ki, sintez olunan klasterlər bu gün kimyanın ən
mühüm tətbiq sahələrindən bir olan kataliz sahəsində
müstəsna yer tutur.
Qeyd edək
ki, Şəhanə Hüseynovanın mövzu ilə
bağlı "Cu-klasterlərinin elektrokimyəvi yolla sintezi
və xassələrinin öyrənilməsi" adlı elmi məqaləsi (kimya elmləri
doktoru, professor Yasin Babayevlə birlikdə) 2013-cü ildə Naxçıvan
Dövlət Universitetinin "Xəbərlər"
jurnalında dərc edilib. Məqalə
Cu-klasterlərinin elektrokimyəvi üsulla sintezi, həmçinin
alınmış klasterlərin xassələrinin öyrənilməsi
məsələlərinə həsr olunub. O, 2009-cu ildə
Bakıda keçirilən gənc alim və tələbələrin
üçüncü beynəlxalq elmi konfransında
iştirak edib. Həmyerlimizin 2014-cü ilin iyun ayında
İspaniyanın Madrid şəhərində keçirilən
4-cü Beynəlxalq Kolloidlər
konfransındakı çıxışı, "Kiçik
ölçülü platin və mis klasterlərinin suda
sintezi və xassələrinin öyrənilməsi"
mövzusundakı tezisi (David Buceta ilə birlikdə, professor
doktor Arturo Lopez Quintelanın rəhbərliyi ilə) kataliz
prosesində müstəsna rol oynayan mis və platin klasterlərinin
sintezinə həsr olduğundan böyük marağa səbəb
olub. Bu barədə də Şəhanə bizə həvəslə
məlumat verdi: Nanoklasterlərin suda sintezinin həyata
keçirilməsi olduqca əhəmiyyətli və diqqət
cəlb edən sahələrdən biri olmaqla yanaşı,
eyni zamanda sintezi ən mürəkkəb mərhələlərindəndir.
Əhəmiyyəti ondan ibarətdir ki, bildiyimiz kimi su
neytral və heç bir zərəri
olmayan bir maddə, insan həyatının mühüm bir
parçası olduğuna görə, suda klasterlərin
sintezi bu klasterlərin tətbiq sahələrini insan orqanizmində müalicəsi müasir dövrümüzdə
mümkünsüz kimi görünən xərçəng xəstəliyindən,
kimyanın ən əhəmiyyətli sahələrindən
olan hidrogen qazının sintezinə qədər genişləndirir.
Buraya kimyanın ayrılmaz və mühüm əhəmiyyətli
sahələrindən olan kataliz proseslərini də daxil etsək,
nanoklasterlərin sintezinin əhəmiyyəti daha aydın
olar.
Həmyerlimizin
Santiago de Compostela Universitetinin NANOMAG laboratoriyasındakı
qrup ilə birgə apardığı araşdırma nəticəsində
ərsəyə gələn "Yüksək
davamlılıq və katalitik aktivlik göstərən metal
klasterlər: nukleativ nəticələr və böyümə
teorisi" adlı məqaləsi isə 2015-ci ilin yanvar ayında
Avropanın məşhur elmi jurnallarından biri olan
"Journal of Colloid and Interface Science" jurnalında nəşr
olunub. Məqalə çox yüksək stabilliyə və
katalitik aktivliyə malik, nanoklasterlə Ag nanohissəciklərinin
sintezi zamanı əldə edilmiş Ag (gümüş)
nanoklasterlərin xarakterik xassələrinin öyrənilməsindən
bəhs edir.
Tezliklə Vətəninə qayıdıb
qazandığı bilikləri sevə-sevə öz
xalqının övladlarına
tədris, Azərbaycan kimya elminin inkişafına xidmət
etmək arzusunda olduğunu bildirən Şəhanə bu
gün elmi-tədqiqat yolu tutan gənc aspirant və
doktorantlarımıza həqiqi bir alim kimi yetişmək
üçün yorulmadan çalışmağı,
mütaliə etməyi, elmə məsuliyyətlə
yanaşmağı tövsiyə edir: Bütün tələbələrə,
elmi-tədqiqat yolunu tutan gənclərimizə bu yolda uğurlar
arzu edirəm. Xaricdə təhsil alan həmvətənlərimiz
unutmasınlar ki, Vətənin gözü onlardadır.
Dövlətimizin bizə göstərdiyi etimadı, bizim təhsilimiz
üçün çəkilən zəhməti ancaq
qayıdıb Vətənə, xalqa fədakarlıqla xidmət
etməklə ödəmək olar.
Mehriban SULTAN,
filologiya üzrə fəlsəfə
doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin və
Naxçıvan Mətbuat
Şurası idarə heyətinin üzvü
Azərbaycan müəllimi.- 2015.- 25
aprel.- S.7.