"Eko Rəsm Gündəliyi - 2014"
beynəlxalq müsabiqəsinin qalibi
Aylinin sevincinin hədd-hüdudu yox idi. Həmin gün o, lap tezdən oyanaraq məktəbə tələsirdi. Çünki sevincini dostları ilə bölüşəcəkdi. Axı o, mötəbər bir müsabiqədə qalib gəlmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onu şəxsən təbrik edərək diplom və hədiyyələr vermişdi...
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycanda məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi - 2014" ("Eco Picture Diary 2014") Beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verilib. İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və "Panasonic" şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilən müsabiqədə 160 nömrəli klassik gimnaziyanın şagirdləri də uğurla iştirak ediblər. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli klassik gimnaziyanın şagirdi Aylin Yəhyazadəni təbrik edərək ona diplom və hədiyyələr təqdim edib. Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr təqdim olunub. "Eko Rəsm Gündəliyi-2014" müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə ediblər.
Tədbirdə müsabiqə ilə bağlı videoçarx da nümayiş olunub.
Azərbaycan müəllimi.- 2015.-
25 aprel.- S.10.