"Ən böyük arzum milli

rəqslərimizi dünyaya tanıtmaqdır"

 

Zəminə Sadıqzadə 1994-cü ildə Bakıda anadan olub.  Bakıdakı 114 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Bakıdakı Xoreoqrafiya Məktəbinə daxil olub.  Xalq artisti Yusif Qasımovdan Azərbaycan  rəqslərinin incəliklərini öyrənən Zəminə oxuduğu müddətdə  Qəmər Almaszadə  adına gənc xoreoqrafların müsabiqəsində uğurlu çıxışlarına görə I dərəcəli diplomla mükafatlandırılıb.  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban  Əliyevanın təşəbbüsü  ilə bir çox  xarici  ölkələrdə, o cümlədən 2008-ci ildə UNESCO-nun xətti ilə Parisdə təşkil olunan  "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsertdə,  Belçikada keçirilən "Saint-Ghislan" festivalında,  Belarusda keçirilən rəqs müsabiqəsində iştirak edərək 26 dövlətin  təmsilçiləri arasından seçilərək "Qran-pri" mükafatına layiq görülüb. Onun adı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2008-ci ildə Azərbaycanın gənc istedadlarının  "Qızıl kitabı"na yazılıb və o,   xüsusi aylıq təqaüdə  layiq görülüb.

Zəminə hazırda  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin II kurs tələbəsidir.  Söhbət zamanı Zəminə  tələbə olduğu üçün özünü xoşbəxt  saydığını bildirdi  və dedi:

- Tələbə olmaq  hər bir insanın  ən ümdə arzularından biridir. Əfsuslar olsun ki, bu arzu hər kəs üçün reallaşmır.  Tələbə adını qazandıqdan sonra  insanda yeni-yeni arzular baş qaldırır. Və beləcə arzular arzulara calanaraq həyat, ömür yolu öz axarına düşür. Unudulmayan xatirələrin  ən çoxu tələbəlik illərinin  xoş yaşantılarıdır, - desəm, səhv etmərəm. Məhz bu illərdə ömrün ən şirin çağlarını yaşayırsan. Mən 2013-cü ildə Bakıdakı Xoreoqrafiya Məktəbini  bitirdikdən sonra  həmin  il  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin aktyorluq fakültəsinin  xoreoqrafiya şöbəsinə qəbul oldum. 2015-ci ildə Hindistanda keçirilən Surajkund Craft MEla festivalında uğurlu çıxışıma görə sertifikatla təltif olundum.  Dəfələrlə müxtəlif ölkələrdə - ABS-ın  paytaxı Vaşinqtonda, Fransada, Sloveniyada, Hollandiyada, Avstraliyada, Türkiyədə, Belarusda,  Rusiyada, Belçikada, Hindistanda keçirilən  beynəlxalq  konsert və festivallarda milli və dünya rəqslərimizi məharətlə ifa edərək  Azərbaycanı layiqincə təmsil etmişəm. Ən böyük arzum  gələcəkdə  milli rəqslərimizi dünyaya tanıtmaq və  xoreoqraf kimi fəaliyyət göstərməkdir.

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.10.