Uşaq ədəbiyyatının

keşiyində dayanan əsgər

 

Füzuli Əsgərli deyəndə mənim ilk ağlıma gələn söz bu oldu: uşaq ədəbiyyatının keşiyində dayanan əsgər. Füzuli müəllimin 70 yaşı tamam olsa da onda uşaq saflığı, uşaq sadəlövhlüyü var. Görünür bütün bunlar onunla əlaqədardır ki, Füzuli müəllim uzun illərdən bəri bütün günü uşaq ədəbiyyatı nümunələrini oxuyur, onlar haqqında məqalələr yazır, dərsliklər, monoqrafiyalar yaradır, uşaq ədəbiyyatından mühazirələr oxuyur, kurs işlərinə, buraxılış işlərinə rəhbərlik edir.  Elə buna görə də onun bütün yazılarına uşaq dünyasının ətri, hərarəti, səmimiyyəti hopub. Elə buna görə də onun yazılarının hər sətrindən bir-birinə bənzəməyən uşaq obrazları boylanır. Bu obrazların yaradıcıları isə o qədər də az deyil...

 Sanni Rodari, Qrimm qardaşları, Hofman, Hauf, Şarl Perro, Jül Vern, Cerard Kiplinq, Mark Tven, Mixail Prişvin, Boris Jitkov, Samuel Marşak, Korney Çukovski, Nikolay Nosov, Aqniya Barto, Sergey Mixalkov, Abbas Səhhət, Abdulla Şaiq, İlyas Tapdıq, Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Məmməd Namaz, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və başqaları bir-birlərindən necə fərqlənirsə, onların balaca qəhrəmanları da eləcə. Füzuli Əsgərli kimdən yazırsa-yazsın, məhz bu məsələləri ön plana gətirməyə, haqqında söhbət açdığı yazıçının yaradıcılıq üslubunu müəyyənləşdirməyə çalışır, təkcə bədii əsərdəki ideya məzmununa yox, sənətkarlıq məsələlərinin şərhinə də xüsusi önəm verir.

Füzuli Əsgərli çox zəhmətkeş alimdir, daim axtarır, arayır, yorulmaq bilmədən yazıb-yaradır, ancaq bir az utancaqdır, təvazökardır. Uşaq ədəbiyyatı ilə bağlı tədbirlərdə həmişə iştirak etsə də, çox zaman danışmır, dinləyir, elə ki tədbir qurtardı, düşür ərki çatan şairlərin, yazıçıların üstünə, gərək onu belə deyəydin, bunu elə deyəydin və sair. Ancaq ən önəmli fakt ondan ibarətdir ki, uzun illərdən bəri ADPU-da uşaq ədəbiyyatından dərs deyən, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlinin müəllimlik fəaliyyəti ilə elmi fəaliyyəti bir-birini tamamlayır.

Müəllifin qələminin məhsulu olan "Sənətkarın uşaq dünyası", "Ədəbi düşüncələr", "Ömrün sözü, sözün ömrü", "Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı", "Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları" və sair kitabları göstərir ki, uşaq ədəbiyyatının yaradıcılıq problemləri daim Füzuli Əsgərlinin diqqət mərkəzindədir. Uşaq ədəbiyyatına sonsuz sevgi onun bütün monoqrafiya və məqalələrinin başlıca leytmotivini təşkil edir. Bu sevgi Füzuli müəllimi daim axtarıb-aramağa, uşaq ədəbiyyatının təəssübkeşi, havadarı kimi çıxış etməyə səsləyir.

Azərbaycan uşaq ədəbiyyatının elə istedadlı nümayəndəsi yoxdur ki, Füzuli Əsgərli onun yaradıcılıq nümunələri haqqında söz söyləməsin. Ən yaxşı cəhətlərdən biri də ondan ibarətdir ki, Füzuli Əsgərli istedadsız yazıçılar haqqında ümumiyyətlə heç nə yazmamağa üstünlük verir ki, bu da onun ədəbi məramı haqqında müəyyən təsəvvür yaradır.

Füzuli Əsgərli görkəmli uşaq yazıçısı, filologiya elmləri doktoru Zahid Xəlil yaradıcılığına daha çox üstünlük verir. Onun Zahid Xəlil yaradıcılığı haqqında bir neçə monoqrafiyası, saysız-hesabsız məqalələri çap olunmuşdur.  "Sənətkarın uşaq dünyası", "Ömrün sözü, sözün ömrü", "Sehrli dünyanın memarı", "Zahid Xəlilin sənət dünyası" və sair kitablarda görkəmli uşaq yazıçısının əsərləri geniş təhlil olunur, onun müxtəlif janrlı yaradıcılıq nümunələri bədii təhlil predmetinə çevrilir.

"Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcümə problemləri" (1950-1980-ci illər) mövzusunda dissertasiya yazıb uğurla müdafiə edən Füzuli Əsgərli təkcə Azərbaycan yox, eyni zamanda dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri haqqında da maraqlı məqalələrin müəllifidir. O, həm yaxşı tərcüməçi, həm də tərcümə işinin nəzəri problemləri ilə məşğul olan bir ədəbiyyatşünasdır. Onun "Bədii tərcümə prinsipləri" (2009) adlı monoqrafiyası göstərir ki, Füzuli müəllim bu məsələ ilə də daim ciddi məşğul olmuşdur. Dünya uşaq ədəbiyyatı haqqında illər boyunca müəllifdə yaranan dolğun təsəvvür Füzuli Əsgərliyə Azərbaycan uşaq ədəbiyyatına da məhz dünya uşaq ədəbiyyatı prizmasından baxmaq, onun məziyyət və nöqsanlarını bu meyarlarla dəyərləndirmək imkanı vermişdir. Eyni zamanda bu nəzəri hazırlıq "Bədii təhlil və ədəbi tənqid" monoqrafiyasının yaranmasına yardımçı olmuşdur.

Füzuli Əsgərli qələminin, səmərəli axtarışlarının bəhrəsi olan "Uşaq ədəbiyyatı" adlı dərslik ali və orta ixtisas məktəblərinin tələbələri üçün nəzərdə tutulmuşdur. Azərbaycan uşaq ədəbiyyatının tədrisində mühüm rol oynayan bu kitab 2007, 2009, 2011 və 2012-ci illərdə nəşr olunub tələbələrin, gələcəyin ibtidai sinif müəllimlərinin istifadəsinə verilmişdir. İldən-ilə bu dəyərli vəsaitini zənginləşdirən müəllif  Azərbaycan və dünya uşaq ədəbiyyatı haqqında iki sanballı kitab çap etdirmişdir. Azərbaycan Respublikası təhsil  nazirinin əmrinə əsasən çap olunan "Azərbaycan uşaq ədəbiyyatı" və "Dünya uşaq ədəbiyyatı" dərs vəsaitlərinin ən əsas məziyyətlərindən biri ondan ibarətdir ki, müəllif təkcə görkəmli uşaq yazıçılarının həyat və yaradıcılığı haqqında oçerklər yazmaqla kifayətlənməmiş, kitaba onların əsərlərindən seçmə nümunələr də daxil etmişdir ki, bu da tələbələrin işini əhəmiyyətli dərəcədə azaltmışdır.

Ömrünün yetmişinci baharını arxada qoyan Füzuli Əsgərli yenə gənclik eşqiylə yazıb-yaradır, tələbələrə uşaq ədəbiyyatının mahiyyətini, məqsəd və vəzifələrini izah etməkdən yorulmur. Müasir Azərbaycan uşaq ədəbiyyatı isə həmişə onun diqqət mərkəzindədir. Bu şərəfli ömür yolunda Füzuli Əsgərliyə cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

 

Rafiq YUSİFOĞLU,

filologiya üzrə elmlər doktoru, professor,

"Göyərçin" uşaq jurnalının baş redaktoru

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.14.