M.Cabbarov: Azərbaycan təhsili müsbət
inkişaf vektorundadır
Təhsil
naziri Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsi
Avqustun
1-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov ANS televiziyasına müsahibə verib. Bir
saat 40 dəqiqə çəkən müsahibənin
kiçik bir hissəsi növbəti gün ANS
televiziyasının "Xəbərçi" proqramında
efirə verilib. Müsahibədə açıqlanan məqamlar
geniş maraq doğurduğundan Təhsil Nazirliyinə müsahibənin
tam mətninin açıqlanması ilə bağlı media mənsublarından
müraciətlər daxil olub. Bunu nəzərə alaraq təhsil
naziri Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsinin
tam mətnini təqdim edirik.
Təhsil
Nazirliyi ANS teleradio şirkətinə maraqlı müsahibəyə
görə öz təşəkkürünü bildirir.
Qeyd edək
ki, müsahibə ANS televiziyasında tam olaraq sentyabrın 14-də
yayımlanacaqdır.
Təhsil
Nazirliyinin mətbuat xidməti
Mirşahin: Mikayıl müəllim,
nazir təyin olunduğunuz vaxtdan 2 ildən bir az artıq vaxt
keçir. Nə demək olar? İslahatlara
başlamısınız, demək olar ki, hansısa mərhələ
arxadadır, haranı bitmiş, haranı bitməmiş hesab
eləmək olar?
M.Cabbarov:
Həqiqətən 2 ildən bir qədər artıq vaxt
keçibdir. Bunu hesabat dövrü adlandırmaq mümkün
olarsa, bu dövr ərzində baş verən ən
böyük hadisə Azərbaycan təhsil sisteminin cəmiyyətimizin
və dövlətimizin digər sahələrlə
bağlantısını əks etdirən, onun dərin təhlilini
həyata keçirən, qarşımızda duran vəzifələri
aydın şəkildə müəyyən edən və həmin
vəzifələrin həyata keçirilməsi
üçün istər təhsil işçiləri tərəfindən,
istər cəmiyyətin digər təbəqələri tərəfindən
"hansı işlər görülməlidir" kimi
mövzuları əhatə edən "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın dövlət başçımız
tərəfindən qəbul edilməsi olub. Çox rəmzi
hal ondan ibarətdir ki, bu, cənab Prezidentin yenidən dövlət
başçısı vəzifəsinə seçiləndən
sonra imzaladığı dövlət strategiyası sahəsində
ilk sənəd olubdur və bununla da təhsil sahəsində
islahatların prioritetliyi müəyyənləşibdir. Bu ilin
yanvarında isə Strategiyanın həyata keçirilməsi
üçün Fəaliyyət Planı imzalanıbdır.
Qarşımızda duran işlər çoxdur, mən
düşünürəm ki, islahatların başa
çatdırılmasından danışmaq çox tezdir.
İslahatlar yenicə başlayıbdır, buna baxmayaraq
qısa müddət ərzində bir sıra konkret
addımlar atılıbdır. İlkin mərhələdə
olan bu proses davam etdiriləcək.
Biz nəyə
nail olmuşuq və nəyin üzərində gələcək
işlərimizi qurmaq niyyətindəyik? Hesab edirəm ki, ilk
növbədə təhsil sisteminə olan, müəyyən
mənada skeptisizm və inamsızlıq aradan
qaldırılıbdır. Təhsil sahəsində həyata
keçirilən bir sıra işlərin nəticələrini
biz artıq görürük, digər işlərin nəticələrini
biz gələcəkdə görəcəyik. Təhsildə
abu-hava dəyişib, ilk növbədə kadr seçimi və
kadrların təhsil sistemi daxilində uğurlu vəzifəyə
nail olması üçün hansı meyarlara malik
olmasının vacibliyi kimi meyarlar aydın şəkildə
müəyyənləşdirilib, seçimdə yalnız
peşəkar nailiyyətlərə, akademik göstəricilərə,
konkret təhsil nəticələrinin
yaxşılaşdırılmasına əsaslanan
meyarların tətbiqi mümkün olub. Bunun bir nümunəsi
olaraq biz Azərbaycan Respublikasında müəllimlərin
işə qəbulu prosesini göstərə bilərik - bu,
tam şəffaf şəkildə keçirilən bir
prosesdir. Bu proses başa çatıb, 20 mindən çox ərizəçi
respublikamızın məktəblərində 3 mindən
çox vakant yerlərə iddiaçı idilər və
imtahan nəticəsində 2200-ə yaxın vakant yer tutulub.
2200-ə yaxın müəllim tam şəffaf və peşəkar
imtahan nəticəsində iş yeri əldə edib [qeyd:
müsahibə avqustun 1-də alınan vaxt müəllimlərin
işə qəbul müsabiqəsinin birinci - test mərhələsinin
nəticələrinə görə vakant yer tutmağa namizədlərin
sayı 2200 nəfər idi, müsabiqənin ikinci mərhələsi
avqustun 4-də tam yekunlaşmış və 1892 nəfərin
işə qəbul olunmasına razılıq verilmişdir].
Cənab
Prezidentin sərəncamına uyğun olaraq Azərbaycan
Respublikasında müəllimlərin əməkhaqqının
qaldırılması ilə bağlı islahatı da
xatırlatmaq istəyirəm. Bunu yalnız hazırda fəaliyyət
göstərən müəllimlərin
firavanlığının artırılmasına deyil, həm
də müəllim peşəsinin imicinin yüksəlməsinə
və onun cəmiyyətdə seçilən peşə edilməsinə
yönəlmiş bir addım kimi dəyərləndirmək
lazımdır. Profilləşmiş məktəblərin,
ixtisaslaşmış məktəblər şəbəkəsinin
yaradılması və genişləndirilməsi, peşə
təhsilində yeni layihələr, ali təhsildə SABAH
qruplarının yaradılması, ali təhsil müəssisələrində
həyata keçirilən bəzi kadr islahatları və s. də
əhəmiyyətli işlərdəndir. Ənənəvi təhsil
sisteminin yığılıb qalan problemləri fonunda
müasir çağırışlara cavab verə bilən vətəndaş,
kadr hazırlaya bilən təhsil sisteminin qurulması prosesi
davam etdirilir və bu işin orta müddətdə, yəni
3-5 il ərzində davam edəcəyi gözləniləndir.
Mirşahin:
Mikayıl müəllim, nazir təyin olunandan hansı sahədə
daha çox problemlərlə üzləşdiniz? Haranı təmizləmək
daha çox vaxt apardı və ya haradan daha tez çıxdınız,
harada daha çox ilişdiniz? İslahatlar axı asan olmur.
M.Cabbarov:
Təhsilin dəyərinin qaldırılması mövzusu, cəmiyyətdə
təhsilə verilən dəyər, cəmiyyətimiz tərəfindən
təhsilin dəyərinin uğurla olan
bağlantılarının aydın şəkildə qəbul
olunması və təhsil sistemi tərəfindən onun
düzgün şəkildə təqdim edilməsi bizim
başlıca vəzifələrimizdən biridir. Mən deməzdim
ki, hansısa bir konkret sahədə işləri başa
çatdırmaq daha asan və tez mümkün olubdur.
Çox ağrılı islahatlara artıq
başlanılıbdır. Onların bəziləri kifayət
qədər irəliləyibdir. Bunun bir misalı kimi ali təhsildə
keyfiyyət və kəmiyyət göstəricilərinin
tarazlaşmasını göstərə bilərik. Siz
bilirsiniz ki, son 20 il ərzində Azərbaycanda ali təhsilə
qəbul olunan məzunların sayı 2 dəfədən
çox artıbdır. Nəzərə alın ki, 20 il
öncə ilə müqayisədə məzunların
ümumi sayı azalıb. Bu demoqrafik səbəblərlə
izah edilir. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə
daha çox tələbə qəbul edirik. Sadə dillə
desək, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində
məktəbi bitirən hər 100 məzundan 15-16-nı, yəni
15-16 faizini ali təhsilə qəbul edirdiksə, 2014-cü ildə
bu göstərici 37%-ə yaxınlaşıb. Yəni cəmiyyət
olaraq biz ali təhsil müəssisələrində tələbələrimizin
sayını artırmışıq. Hazırda ali təhsil
sistemində 160 min tələbə təhsil alır. Lakin sual
yaranır ki, bütün bunlar tələbələrin
akademik keyfiyyətinə və ali təhsil müəssisəsində
həmin tələbənin hazırlıq prosesinə müsbət
təsir göstəribmi? Biz illər ərzində ali təhsil
səviyyəsinə qəbul olunmaq üçün
abituriyentlərə qoyulan tələblərin getdikcə
aşağı salınmasının şahidi olmuşuq. Bu
da, o cümlədən, onunla bağlıdır ki, ali təhsil
müəssisələrinin, oradakı kafedraların fəaliyyətlərinin
mövcudluğu üçün tələbələrin
minimum sayı zəruridir.
Bu ildən
başlayaraq biz çox mühüm qərar qəbul
etmişik. Ali təhsil səviyyəsində qəbulda elan
olunmuş minimal keçid balı aşağı
salınmayıb. Bu il keçid balı 200 elan olunub və bal
qorunub saxlanılır. Səhv etmirəmsə, yalnız kənd
təsərrüfatı ixtisası istisnadır.
Çünki onun üçün hökumətin ayrıca qərarı
var. Minimal balın saxlanması bəzilərinə texniki qərar
kimi görünə bilər. Əslində bu, ali təhsil
sahəsində çox ciddi islahat yönümlü bir qərardır.
Qərarın balaca bir tarixçəsi də var. Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyanın iclasında Təhsil Nazirliyinin ali təhsildə
keyfiyyətin qaldırılması ilə bağlı bu təklifi
müzakirə olunarkən sual
olundu ki, biz ali təhsildə keyfiyyətə fikir vermək
istəyirik, yoxsa kəmiyyətə. Bizim cavabımız odur
ki, keyfiyyətə, çünki bugünkü minimal biliyə,
akademik göstəriciyə malik olmayan şəxsi 1-ci kursa qəbul
etməklə, bizim 4 ildən sonra əmək bazarı
üçün peşəkar mütəxəssis buraxmaq
şansımız kifayət qədər azdır. Ona görə
də keyfiyyətə üstünlük verməliyik.
Çox faydalı müzakirələr oldu. Təhsil Nazirliyinin
bu təklifi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyi, TQDK rəhbərlikləri
tərəfindən də dəstəkləndi, ümumi qərar
ondan ibarət oldu ki, bu il və gələcək illərdə
elan olunmuş ballar, yəni səviyyə
saxlanılacaqdır. Bu il ola bilsin ki, biz ötən illərlə
müqayisədə 3-5 % daha az tələbə qəbul edəcəyik.
Lakin biz əmin olacağıq ki, qəbul etdiyimiz hər bir tələbənin
keyfiyyəti minimum standartlara cavab verir və onların gələcəkdə
yüksək ixtisaslı kadr kimi yetişməsi
üçün biz daha əlverişli zəmin
yaradırıq. Yəni bu məsələdə detalları
açıqlamaqda mənim məqsədim təhsil sahəsində
qəbul olunan bir sıra qərarların öz nəticəsini
bu gün vermədiyini izah etməkdir, nəzərə
alın ki, mənim misalımda bu il qəbul olunan gənclər
əmək bazarına 4 il sonra çıxacaqlar. O toxumlar bu
gün əkilməlidir, düzgün qərarlar bu gün qəbul
olunmalıdır ki, biz onların bəhrəsini orta müddətdə
görə bilək.
Mirşahin:
Mənim ağlıma bir fikir gəlir. Bəlkə heç bu
lazım da deyil. Tutaq ki, 5 il müddətinə ali təhsilə
qəbul olmasın. Əlimizdə olan adamları əvvəl
yerləşdirək. Baxaq görək harada
boşluqlarımız var və bundan sonra lazım biləriksə
5 il, 7 il, 10 il sonra yenidən qəbulu bərpa eləyək.
Bilirsiniz bunu nəyə görə deyirəm? Ona görə
ki, məsələn, mənim əlimdə informasiya var. Biz
araşdırmışıq, bu gün Azərbaycanda tutaq ki,
1800 həkim çatışmır. Amma Tibb Universiteti ildə
1200-ə yaxın belə deyək ki, ixtisaslı həkim
buraxır. 1 il yarımda Azərbaycanın ehtiyatları tam
ödənir. Amma ödənmir axı. Hər il bu qədər
həkim gedir istehsalata, hər il də çatışmayan
yerlər artır və biz bütün bu qəbulları niyə
edirik? Ona görə ki, sizin dediyiniz məntiqlə yanaşsaq
keyfiyyətcə ediriksə mənim dediyimin yeri var, kəmiyyətcə
eləmiriksə yenə mənim dediyimin yeri var. Və
bugünkü söhbətdə gəlin bunu səsləndirək.
M.Cabbarov:
Çox maraqlı sualdır. Bir az öncə dediyim kimi biz
müəllimlərin işə qəbulu prosesini
keçiririk. Bizim respublikanın müxtəlif məktəblərində
3000-dən çox boş müəllim yeri mövcuddur və
həmin yerlərə 20 mindən çox muraciət var.
Onların əlində diplom var, onlar ali və orta ixtisas təhsilli
məzunlardır, lakin biz
keçirilən imtahan nəticəsində cəmi 2200
belə müraciətçinin müəllim adını
daşımaq səviyyəsində biliyinin təsdiqlənməsinin
şahidi oluruq. Yəni biz qalan 17 min, 18 min namizədi neçə
dəfə imtahan etsək də, onların yalnız müəyyən
bir hissəsinin öz üzərində işlədikləri
təqdirdə istədiyimiz keyfiyyəti təmin edə biləcək
müəllim ola biləcəyini görürük. Mənim
fikrimcə, vəziyyətin dondurulması və yeni qanın
iqtisadi və sosial həyata buraxılmaması halında belə,
diplomu olan vətəndaşlarımız çoxdur. Lakin həmin
bu vətəndaşların kadr kimi, yüksək səviyyəli
mütəxəssis kimi iqtisadiyyatda və sosial həyatda rolu
var, yoxsa yoxdur? Düşünürəm ki, bu sualı hər
kəs özü üçün cavablandırmalıdır.
Təhsil müəyyən dövrlərdə hər zaman
sosial lift funksiyasını həyata keçirir, başqa
sözlə, uğur qazanmağın ən şərəfli,
ədalətli yollarından biri təhsil olub. Azərbaycan cəmiyyətində
təhsilə olan hörmət, əvvəllər təhsilli
insanların...
Mirşahin:
Təhsillə, yoxsa diplomla?
M.Cabbarov:
Bu başqa mövzudur. Bunu ayrıca cavablandıracam. Bu gün
biz narahatedici tendensiyaları görürük. Dəyərlərimiz
haqqında danışanda biz müəllim, təhsil, savad,
maarifçi konsepsiyalar...
Mirşahin:
Sosial lift çox maraqlı ifadədir. Və mən hesab edirəm
ki, mövcud vəziyyəti çox yaxşı izah edir.
M.Cabbarov:
Bu nöqteyi-nəzərdən hesab edirəm ki, gələcək
nəsillərə konstitusion
[qeyd:təhsil] hüququnu verməmək və yaxud onların
da öz təhsil haqqını realizə etməyə mənəvi
hüquq verməmək yalnız təhsillə bağlı
olan məsələ deyil, ümumi ictimai ədalətlə
bağlı olan bir məsələdir. Mənim fikrimcə,
burada başqa məqamlar da var. Təhsilə dəyər
verilir, yoxsa təhsilin olduğunu təsdiq edən sənədə,
kağıza? Bu sənəd attestat adlandırıla bilər,
diplom adlandırıla bilər - yoxsa biz buna dəyər
veririk? Və burada mən sizinlə həmfikirəm. Nədə
həmfikirəm? Həmfikir ordayam ki, narahatedici tendensiyalar son
illərdə var, mən düşünürəm ki, insanlar
həmin o təhsili sübut edən sənədin dəyərini
səhv salıblar və bir qrup insan həmin o kağız
parçasına, həmin o sənədə daha çox
üstünlük verir.
Mirşahin:
Çox uzaqdan gəldiniz, Mikayıl müəllim.
Sözün adı belədir: rüşvət veririk ki, təhsil
almayaq. Pul veririk ki, bizə təhsil verməsinlər. Və mən
istəyirəm ki, bizim beynimizdə, nəhayət, belə bir
dəyişiklik baş versin ki, biz pul verək ki, bizə təhsil
versinlər. Növbəti sualımı ona gətirib
çıxarmaq istəyirəm ki, cənab nazir, bizdə nə
vaxt bu təfəkkür tərzi dəyişəcək?
Axı bir qapalı dairə var. Bizə keyfiyyətli kadr
lazımdır. Keyfiyyətli müəllim lazımdır.
Keyfiyyətli müəllimi hazırlayır tutaq ki, ali məktəb.
Ali məktəbdə də bu keyfiyyətli müəllimi
hazırlayan özü keyfiyyətli müəllim
olmalıdır. Amma bu keyfiyyətli müəllim keyfiyyətli
müəllimi hazırlaya bilmir, ona görə ki, onun müəllim
hazırlayacağı adam orta məktəbin partası
arxasından durub gəlib keyfiyyətsiz şagird kimi və bu,
qurtarandan sonra da olacaq keyfiyyətsiz müəllim. Bu keyfiyyətsiz
müəllim gedib bizim üçün keyfiyyətli
abituriyent və keyfiyyətli müəllim
hazırlamalıdır. Bir növ qapalı dairə. Bax bu
qapalı dairədən çıxmağı siz necə
tövsiyə edirsiniz?
M.Cabbarov:
Peşə seçimi mövzusundan başlamalıyıq. Həqiqət
ondan ibarətdir ki, ötən əsrin 80-ci illərindən
başlayaraq sovet məkanında, ümumiyyətlə sosialist
iqtisadiyyatından bazar iqtisadiyyatına keçid edən
dövlətlərdə peşə seçimi, müəllim
kimi təhsilə getmək sahəsində tendensiyaların dəyişməsinin
şahidi olduq. Sosialist iqtisadiyyatında müəllim, mühəndis
və ya həkim işləməyin o qədər də
çox fərqi yox idi. Bəlkə cüzi fərqlər var
idi, maddi nöqteyi-nəzərdən və həmin o fərqlər
də cəmiyyətin verdiyi digər hansısa imtiyazlarla əvəzlənə
bilirdi. Daha çox hörmət, işıq pulunun 50% ödənilməsi,
fəxri adlar və s. Lakin bazar iqtisadiyyatı bərqərar
olunduqca, bu, yalnız Azərbaycanla bağlı məhdud olan
proses deyil, müəllimin, müəllim fəaliyyətinin
peşə seçimi kimi cəlbediciliyi sürətlə
azalmağa başladı. Çünki digər yeni fəaliyyət
növləri ilə müqayisədə müəllimliklə
və təhsillə məşğul olaraq iqtisadi
firavanlıq əldə etmək, sadə dillə desək, zənginləşmək,
ailə dolandırmaq kimi mövzular o qədər də asan
mövzular olmadı və bunun nəticəsində müəllimliyə
gedən tərkib dəyişdi. Sadə dildə desək, əgər
əvvəllər uğurlu məzunun böyük hissəsinin
iddiası müəllim olmaq idisə, son 20 ildə biz
müşahidə edirik ki, bu məzun daha çox
hüquqşünas, iqtisadçı, dövlət məmuru
və s. kimi peşələrə daha çox
üstünlük verməyə başladı. Və peşə
seçiminə "bunların heç biri alınmasa mən
müəllim olmağa da hazıram" fikri ilə
yanaşır. Hərçənd mən vurğulamalıyam
ki, bu heç də 100% hallarda belə olmur. Bizdə ənənələr
var. Mən hər zaman vurğulayıram ki, müəllimlik
bir missiyadır. Müəllimliyə sadə bir peşə
kimi baxmaq səhv olardı. Müəllim bilik
işığını, çırağını
daşıyan insan olmalıdır, o dəyərlərə
inamı olmalıdır ki, onları düzgün ötürə
bilsin. O sadəcə riyaziyyat, vurma cədvəlini, başqa
qaydaları izah etməklə işini məhdudlaşdıra
bilməz. Çünki o, vətəndaş yetişdirir. Amma
qayıtsaq bunun iqtisadi tərəfinə, bəli, biz burada
problem görürük. Siz dediyiniz o qapalı dairənin
böyük bir hissəsi ondan ibarətdir ki, müəllimliyə
gələn, peşə seçimini edən insanların
akademik səviyyəsi aşağı düşməyə
başladı. Bunları nəzərə alaraq biz bu sahədə
bir sıra islahatlar həyata keçirmişik. Bunlardan bəzilərini
mən xatırlatmaq istəyirəm. Birincisi, gənc
istedadların müəllimlik peşəsinə gəlməsi
məqsədi ilə Təhsil Nazirliyi tərəfindən
xüsusi təqaüd təsis olunub. Biz keçən ildən
başlayaraq müəllimliyi ilk peşə kimi
seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə
əlavə hər ay 100 manat təqaüd veririk. İkincisi,
müəllimlərin əməkhaqqının
qaldırılması prosesi və bunun respublikada orta aylıq əməkhaqqı
səviyyəsinə çatdırılması gündəmdədir.
Hətta təhsilin inkişafı üzrə strategiyada konkret
rəqəmlər göstərilib və biz orada qeyd
etmişik ki, müəllimlərin əməkhaqqını
orta aylıq əməkhaqqından 2 dəfə yüksəyə
qaldırmaq niyyətindəyik. Bu, əlbəttə, peşə
seçiminə böyük təsir edəcək, insanlar o qərarları
verərkən biləcək ki, onların yenə də şərəfli,
yüksək maaşlı işləri olacaqdır. Amma biz
bunun ani effektini görməyəcəyik. Çünki o
insanın, o gəncin peşəni seçməsi, təhsili
bitirməsi və müəllim kimi işə başlaması
müəyyən vaxt apara bilər. Qısa müddətdə
nə edə bilərik, bu gün nə edə bilərik? Ali təhsildə
biz SABAH qrupları layihəsinin həyata keçirilməsinə
başlamışıq. Bu layihənin məntiqi çox sadədir.
Ali təhsil müəssisələrimizdən istedadlı gəncləri
biz seçmişik. Onların təhsil mühitindən
başlamış müəllim seçiminə qədər
mərkəzləşdirilmiş qaydada şəffaf təşkil
edirik. Biz istedadlı gəncləri qısa müddət ərzində
əmək bazarına buraxmağı
düşünürük və qısa müddətdə
bunun töhfəsini iqtisadiyyatın hər sahəsində, o
cümlədən təhsildə görmək niyyətindəyik.
İkincisi, işə qəbuldan danışırıqsa, biz
müəllimlər üçün də ixtisasartırma
keçiririk. Bakıda keçirilən sınaq qiymətləndirməsi
bizə imkan yaratdı ki, müəllimləri
ixtisasartırmaya dəvət edəndə onlarda nə
çatışmadığını əvvəlcədən
bilək - kurikulumu ona izah eləmək lazımdır,
metodikanı kifayət qədər bilmir. Məqsədli şəkildə
biz o müəllim üçün treninq keçiririk. Nəticələr
bizə nəyi göstərir? Treninqdən əvvəl və
ixtisasartırma kursu başa çatandan sonra qiymətləndirmə
keçiririk. Nəticələr bizə göstərir ki,
qısa müddət ərzində, yəni təxminən
üç aylıq bir müddətdə ixtisasartırmaya cəlb
olunmuş müəllimin göstəricilərinin təxminən
30%-ə qədər yüksəlməsinə nail oluruq. Amma
ümumilikdə, bu kimi addımları təhsil sistemində
sadəcə vaxt məhdudiyyətini nəzərə alaraq
atmışıq. Biz məktəb idarəedicilərini, ali təhsil
idarəedicilərini, idarəetmə sistemi yaradanların
istedadlarını, yeni qanı bu işə cəlb etmək
üçün addımlar atırıq və gələcəkdə
də bu tədbirləri həyata keçirəcəyik. Və
son məsələ bu suala dair. Mən sizin
sualınızın istiqamətini qəbul edirəm, amma
ümumiləşdirmələri qəbul etməkdə bir az
çətinlik çəkirəm. Çünki biz
ümumiləşdirməməliyik. Hamısının
biliyinin aşağı səviyyədə olması
düzgün fikir deyil. Sistem çox rəngarəngdir - bizim
dünya səviyyəli idarəedicilərimiz var, şagirdlərimiz,
müəllimlərimiz var. Bunun da sübutu yəqin, odur ki,
istənilən beynəlxalq yarışlarda, beynəlxalq
olimpiadalarda bizimkilər yer tuturlar, məsələn, bu il beynəlxalq
[qeyd: fənn] olimpiadalarda Azərbaycan 8 medal alıb. Bu
çox yüksək göstəricidir. Ötən illə
müqayisədə və ya 3-5 illə müqayisədə
xeyli artımdır. Çünki dövlət məktəblərində
müasir metodikaları öyrənirlər, tətbiq edirlər.
Xoş haldır ki, özəl məktəblərdə də
bu müşahidə edilir. Burada vəziyyət siz dediyiniz kimi
ümidsiz deyil həqiqətən. Sadəcə olaraq o
sağlam, potensialı yüksək olan elementləri, şəxsləri,
fərdləri, məktəbləri görmək
lazımdır. Biz məktəblərin reytinqini
aparırıq və bu reytinqi ictimailəşdiririk. Biz istəyirik
valideynlər də övladlarını məktəbə vermək
qərarına gələndə bilsinlər ki, bu məktəbin
akademik göstəriciləri nədir, onun məzunlarının
işə götürülmə reytinqi necədir.
Çünki hər bir abituriyentin hüququ var ki, universitetə
gedəndə onun əmək bazarında iş əldə etmə
faizinin, şansının nə qədər olduğunu bilsin.
Ona görə də burada müxtəlif sistemli addımlar həyata
keçirilir.
Mirşahin:
Aydındır, Mikayıl müəllim. Oturmuşuq burada,
gördüyünüz işlərdən
danışırıq, aparılan islahatlardan
danışırıq və tamaşaçılar məndən
belə bir sualı mütləq gözləyirlər ki,
bütün bu aparılan islahatlar nə verir. Təhsildə
rüşvət yoxdur - cənab nazir, elan eləmək
olarmı bu gün təhsildə rüşvət yoxdur?
M.Cabbarov:
Ümumiyyətlə, mən düşünürəm ki, təhsil
digər başqa sahələr kimi vakuumda deyil və ümumi
ictimai həyatın, cəmiyyətin müxtəlif sahələrinin
tərkib hissəsidir. Biz bilirik ki, Azərbaycanda bu gün
rüşvət və korrupsiya ilə ciddi mübarizə
aparılır. Təhsil sahəsi bu istiqamətdə öndə
gedən və qətiyyətli addımlar atan sistemlərdən
biridir. Atılan addımlardan bir neçəsini deyə bilərəm.
Birincisi, baş verən hallarla mübarizə zamanı cəzalandırmadır.
Son iki il ərzində nazirliyin müvafiq strukturu tərəfindən
görülən işlər nəticəsində onlarla məmur,
məktəb direktoru və təhsil rəsmiləri vəzifəsindən
azad edilib, bir çox işlər üzrə cinayət
işləri açılıb, başa
çatdırılıb. Bəziləri barədə
hökmlər var. Buna dair aidiyyəti qurumlar ictimaiyyəti məlumatlandırır.
Bu proses kampaniya xarakterli deyil, davamlı olacaq. İkinci
mühüm məsələ odur ki, biz fərdi hallarla
mübarizə ilə yanaşı iş görürük ki,
rüşvətin yaranması üçün lazım olan zəmini
aradan qaldıraq. Deyək ki, daha çox hansı istiqamətlərdə
həmin o mənfi pozuntunu biz görürdük? Təlim-tədris
prosesində, məktəblərdə pul
yığımları kimi hallar, 1-ci siniflərə
uşaqların qəbulunda, təhsil hüququnun həyata
keçirilə bilməsinə yaradılan süni maneələr,
müəllimlərin işə qəbulu. Bütün
sadaladığım istiqamətlər üzrə sistemli qərarlar
qəbul eləmişik. Müəllimlərin işə qəbulunu
tam şəkildə mərkəzləşdirmişik. Dediyim
kimi 20 mindən çox adam imtahana girir, tam şəffaf bir
şəkildə imtahan keçirilir. Bunların
videomüşahidəsi həyata keçirilir, proses şəffaflaşır,
nəticədə şikayətlər azalır. Birinci sinfə
qəbul üçün bu ildən başlayaraq elektron sistem
tətbiq etmişik. Valideynlə direktor arasında heç bir
ünsiyyət yoxdur, siz istənilən məktəbi internet
üzərindən seçirsiniz, orada dərhal sizə
göstərilir ki, məktəbdə neçə sinif var və
s. Uşağın sənədini elektron qaydada təqdim
edirsiniz. Bütün bunlarla prosesdə məmurla vətəndaş
ünsiyyətini tam aradan qaldırmışıq.
Məktəblərdə
yığımlar məsələsinə gələk.
Verdiyimiz qərarlardan biri ondan ibarətdir ki, Bakı şəhərində
yerləşən hər bir məktəbi təsərrüfat
işləri üçün lazımi vəsait olan bank
kartı ilə təmin etmişik və məktəbdə
oxuyan şagirdlərin sayına uyğun maliyyə limitləri
vermişik. Bununla, kiçik xərcləri direktorlar
birbaşa özləri həyata keçirirlər. Qeyri-qanuni
vəsait yığımı üçün bəhanə
aradan qaldırılıb. Digər məsələ xaricdə
təhsildir. Dövlət başçımızın təşəbbüsü
ilə qəbul olunan dövlət proqramına uyğun olaraq vətəndaşlarımız
xaricdə təhsil alır. Unikal proqramdır bu. Biz son
üç il ərzində müraciətlərin 4 dəfə
artmasını görürük. Müraciətçilər
görürlər ki, seçim şəffafdır. Müraciətlər
elektron ərizə vasitəsilə qəbul edilir, müsahibə
videomüşahidə olan otaqda aparılır. Heç bir məmurla
ünsiyyət yoxdur. Müsahibə komissiyasında yalnız
bir nəfər Təhsil Nazirliyindəndir. Apelyasiya veriləndə
də müraciətçinin müsahibəsi istənilən
şikayətçi ilə birgə baxılır. Bir
mühüm məsələ var, mən onu deməyə bilmərəm
- korrupsiya əlaməti olan hansı hallarla mübarizə
aparmaq daha çətindir. Burada ictimai məsələlərə
olan diqqətinizi bilərək bu məsələyə sizi cəlb
etmək istəyirəm.
Şərti
olaraq korrupsiya elementləri 3 qrupa bölünür. Birinci qrup
odur ki, orada korrupsiya məcburi deyil, yəni insanlar bunu təşəkkür
olaraq bildirirlər.
Mirşahin:
Yəni hörmət edirlər?
M.Cabbarov:
Mən daha çox nəzəriyyədən
danışıram. Yalnız Azərbaycandan
danışmıram. Qanun yol verməsə də, kimsə əldə
etdiyi xidmətdən o qədər məmnundur ki, təşəkkür
etmək istəyir. 3-cü növ hal - ikinciyə qayıdacam
- vətəndaş baryer qarşısında qalaraq
hüququnu əldə etmək istəyən zaman yaranır. Məsələn,
uşağı məktəbə qoyarkən. Bu pozuntular dərhal
görünür, şikayətlər, siqnallar daxil olur,
araşdırılır. Bu nöqteyi-nəzərdən
onları görmək və aradan qaldırmaq çətin
deyil. İstək varsa, iradə varsa, o olacaqdır. Korrupsiyanın
ən təhlükəlisi və həcminə görə ən
böyüyü 2-ci tipdir. 2-ci tip o münasibətdir ki, burada
həm rüşvət verən, həm rüşvət alan
vəziyyətdən razıdır. Yeganə itirən tərəf,
razı qalmayan tərəf cəmiyyətdir. Bu o haldır ki,
məhz rüşvət verən şikayət etmək istəmir.
Siz dediyiniz misaldakı kimi. Kimsə sənədi, diplomu
almağa layiq deyil, o qiyməti yazan da bilir ki, bu, ona layiq deyil,
bunu almaq istəyən də bilir ki, ona layiq deyil. Bu tip
pozuntuların müəyyənləşdirilməsi, aşkar
olunması vətəndaşın aktiv vətəndaş mövqeyi
olmadan çox çətin və mürəkkəbdir.
Çünki faktiki olaraq burada bu halın görünməsi
fiziki olaraq mümkün deyil. Burada mən
düşünürəm ki, böyük təbliğata
ehtiyac var. Burada aktiv vətəndaş mövqeyi zəruridir.
Təhsil Nazirliyinin qaynar xətti, daxili nəzarət
şöbəsi var, hər ay biz vətəndaşları qəbul
edirik, görüşürük və bu gün Təhsil
Nazirliyinə əlçatmazlıq yoxdur. Təhsil Nazirliyinə
istənilən şikayəti və müraciəti
çatdırmaq mümkündür. Amma bir çox hallarda hətta
absurd hallar baş verir, siqnal haqqında məlumatımız
var və bu belədir, amma aktiv vətəndaş mövqeyi
görmürük.
Mirşahin:
Bir halda ki, vermək istəyən insanlar var, bəlkə
onların bu rüşvət vermək, hörmət eləmək
xüsusiyyətlərindən Azərbaycan təhsilinin
maraqları üçün istifadə edək. Yəni bu
adamlar pul vermək istəyirlərsə qoy versinlər.
Qapalı məktəblərdə necə ki, Britaniyada
özünün forması, qapısı, pəncərəsi,
İsveçrədə özünün forması,
qapısı, pəncərəsi, hətta özünün
diplomu, təqdimetmə mərasimləri olan məktəblər
var. Bizim özümüzdə də xüsusi imtiyazlı məktəblər
var. "Oksford" çox nüfuza malikdir. "XXI əsr"
çox böyük gücə malikdir. Heydər Əliyev
adına lisey çox böyük nüfuza malikdir. Və bu məktəblərə
indi uşaq aparıb qoymaq çox çətindir. Ona görə
ki, orada, əvvəla, növbə var, ikincisi, orada doğrudan
da ciddi seçim var. Bəlkə belə məktəblərin
sayını artıraq. Onda adamların müraciət eləməyə
ünvanları çoxalacaq, bir növ monopoliyalar
yığışdırılacaq. İnsanlar sərbəst
şəkildə biliklərini, bacarıqlarını bazara
çıxaracaqlar. İndi qeyri-qanuni məktəb
toçkaları var ki, piştaxtalar qoyublar, bilmirəm kimlərin
vaxtından bu günə gəlib çatıb, bunlar aradan
çıxacaq. İnsanlar artıq sizin dediyiniz qaydada bilik
almamağa görə yox, bilik almağa görə pul verəcəklər.
M.Cabbarov:
Çox mühüm bir məsələyə toxunmusunuz. Yenə
də məsələnin kökü təhsilin dəyər
kimi qəbul olunmasındadır. Biz təhsili dəyər kimi
qəbul edirik.
Statistika
göstərir ki, Azərbaycanda bu gün 20-dən çox
özəl məktəb var, orada oxuyan şagirdlərimizin
sayı cəmi 6 mindən bir az çoxdur, təxminən 6500
nəfərdir. Bu da respublikada ümumi təhsil alanların
0,5 faizidir. Cəmi yarım faiz şagird özəl məktəblərdə
oxuyur. Bu gün bizdə pullu təhsil yalnız özəl məktəblərdədir.
Və özəl məktəblərin əldə etdiyi
resurslar, başqa sözlə təhsil haqqı dövlət tərəfindən
təhsil üçün verilə bilən resurslardan dəfələrlə
çoxdur. Bu bir reallıqdır. Tək Azərbaycanda deyil,
amma biz indi Azərbaycandan danışırıq. Eyni akademik səviyyəyə
malik olan uşağın yüksək keyfiyyətli məzun
kimi yetişdirilməsində və qlobal iqtisadiyyatda rəqabətli
kadr kimi yetişməsində mövcud resursların, yəni məktəbdə
olan müəllimin səviyyəsi, müəllimin əməkhaqqı,
laboratoriyaların və s. maddi-texniki tərəfin önəmi
var, yoxsa yox - mən başa düşürəm ki, bu əlaqəni
inkar etmək qeyri-mümkündür. Böyük bir realizə
edilməmiş potensial var. Lakin, biz sual verəndə və
düşünəndə ki, bəs nəyə görə
şagirdlərin cəmi 0,5 faizi özəl məktəblərdə
təhsil alır? Özəl məktəblərin
sayının və şəbəkəsinin
artırılması lazımdır, ancaq müəyyən səviyyəyə
qədər. Çünki orada da kritik hədd keçilməməlidir.
Amma bizim mövcud 0,5 faizdən ən azı bir neçə dəfə
arta bilər, artmalıdır. Bu məsələ Təhsil
Nazirliyinin siyasətinin tərkib hissəsidir və biz hətta
bu il üçün hökumətə bununla bağlı təkliflər
hazırlayırıq. Təkliflərdə də əsas hədəf
özəl təhsil müəssisələrinin, özəl
məktəblərin vergi vəziyyətinin sadələşdirilməsi
və yaxşılaşdırılmasıdır, başqa
sözlə, 2 il bundan öncə məktəbəqədər,
yəni uşaq bağçalarına şamil edilən
imtiyazlar kimi bir yanaşmanın tətbiqidir. Burada məqsəd
bu sahəyə sərmayələrin yatırılmasına
marağı artırmaqdır. Çünki özəl məktəb
açmaq o qədər də asan və ucuz bir iş deyil. Və
bir məsələ də çox mühümdür - keyfiyyətə
nəzarət. Yəni özəl məktəbin
mövcudluğu öz-özlüyündə yüksək
keyfiyyətli təhsil demək deyil. Uşaq özəl məktəbə
gedirsə və ildə şərti olaraq 6 min pul ödəyirsə,
bu o demək deyil ki, o mütləq şəkildə dövlət
məktəbinin məzunundan daha yaxşı nəticə
göstərəcək. Bu, yalnız o halda
mümkündür ki, özəl məktəbin tətbiq
etdiyi texnologiyalar, cəlb etdiyi müəllimlər, məzmun
müasir tələblərə cavab versin, bəli, bu halda o
ola bilər və buna görə də tənzimləmə həyata
keçirilməlidir.
Bütün
bunları deyərkən onu da qeyd etməliyik ki, bu gün
dövlət məktəblərinin infrastrukturu və ilk
növbədə kadr potensialı çox güclüdür.
Çünki ənənəvi olaraq biz qəbul etmişik və
hələ də asanlıqla deyə bilmərik ki, ən
yaxşı müəllimlər özəl məktəblərdədir.
Bunun başqa səbəbləri var. Məktəblərin ənənələri
var. Müəllimlik elə bir peşədir ki, müəllimlər
bir qayda olaraq öz məktəblərinə
bağlıdır. Əgər biz uzun müddətdən
danışırıqsa, yenə də vurğulayıram, birmənalı
şəkildə sizin dediklərinizdə həqiqət
çoxdur. Həqiqət də ondan ibarətdir ki, bu əlaqəni
tanıyan və bu qərarı verə bilən vətəndaşlarımızın
qərarları nəticəsində özəl məktəblərimizə
şagirdlərimizin axını artacaqdır. Ümumi nəticədə
də bu, bizə daha çox sayda rəqabətli məzunumuzun,
yüksək biliyə malik olan məzunlarımızın
olmasına xidmət edəcəkdir.
Mirşahin:
Mən Azərbaycanımızın təhsil naziri ilə
söhbət edirəm. Orta təhsilin də böyüyü
sizsiniz, ibtidai təhsilin də, ali təhsilin də
böyüyü sizsiniz. İndi mən sualı çox sadə
dildə vermək istəyirəm. Ali təhsil, yəni Azərbaycanın
təhsil naziri və ali təhsil müəssisələri
arasında subardinasiya münasibətlərini soruşmaq istəyirəm.
Naziri də, rektoru da Prezident təyin edir. Belə olan halda
sizin nazir olaraq hansısa rektor üzərində təsiriniz,
nəzarətiniz nə dərəcədə nəzərəçarpacaq və
ya belə demək
mümkünsə, "nazirə
çarpaçaqdır", yəni Azərbaycanın təhsil
naziri istənilən ali məktəb rektorundan yuxarı vəzifəli
şəxs olaraq özünü necə hiss edir.
M.Cabbarov:
Baxın, Mirşahin müəllim, bu əslində kifayət
qədər sadə çalışan bir mexanizmdir. Ali təhsil
müəssisələri - dünyada da belədir, Azərbaycanda
da belədir - dərin ənənələrə malik
qurumlardır, strukturlardır. Və ali təhsil müəssisəsinə
rəhbərlik etmək bir sıra yüksək keyfiyyətlər,
peşəkar keyfiyyətlər tələb edir. Təbii
olaraq bunun akademik və elmi elementi də var. Azərbaycanın
halında bir çox ali təhsil müəssisələrinin
rəhbərlərinin funksiyaları yalnız ali təhsil
müəssisəsinə rəhbərliklə məhdudlaşmır.
Onların bəzilərinə, məsələn, deyək ki,
sizin bölgədə, seçki dairəsində vətəndaşlarımız,
o cümlədən ali təhsil müəssisələrinin rəhbərləri
olan şəxslərə etimad göstərib və onlar millət
vəkilləri kimi fəaliyyət göstərirlər. Elə
insanlar var ki, onlar həm rektor vəzifəsi
daşıyır, həm aktiv elmi fəaliyyətlə məşğuldur.
Elə insanlar var ki, onlar hətta Azərbaycanın beynəlxalq
siyasətində və digər ümumi və dövlət,
ictimai maraqları olan sahələrdə fəaliyyət
göstərir. Nəyə görə mən bunları
xatırladıram? Ona görə ki, Təhsil Nazirliyi ilə
dövlət ali təhsil müəssisəsinin rektorunun
münasibəti müəyyən mənada o səviyyəyə
uyğun olan bir münasibətlərdir. Bəli, təbii
olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən
ali təhsil müəssisələri Təhsil Nazirliyinə
tabedir. Bu belədir. Həm akademik nöqteyi-nəzərdən,
tədris prosesi və s. Amma təhsil o sahədir və təhsil
o dəyərdir ki, təhsil sahəsində həmin o
münasibəti texniki tabelik kimi qəbul eləmək və
yaxud texniki tabelik gözləmək gözləntisi
olmamalıdır. Burada aparılan diskussiyalar da, verilən qərarlar
da, olunan tənqid də bir məqsəd
daşımalıdır. Bu məqsəd ondan ibarətdir ki,
Azərbaycan təhsilinin keyfiyyətinin artırılması,
müvafiq ali təhsil müəssisəsinin fəaliyyətinin
təkmilləşməsidir və s. Təhsil naziri kimi mən
rektorlarla olan münasibətlərdən şikayətçi
deyiləm. Kiminsə işini biz daha yüksək qiymətləndiririk,
kiminsə işini biz o qədər yüksək qiymətləndirmirik.
Haradasa biz hesab edirik ki, subyektiv səbəblər daha
çoxdur. Onların aradan qaldırılmasında universitet rəhbərliyinin
rolu daha çox olmalıdır. Haradasa biz obyektiv çətinliyi
tanıyırıq. Və ya əksinə,
düşünürük ki, belə obyektiv vəziyyətdə
daha da çətin şərait ola bilərdi.
(Davamı
növbəti nömrəmizdə)
Azərbaycan müəllimi.- 2015.-
8 avqust.- S.2-3.