YUNESKO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş

"Sülh naminə birləşək!" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 

BMT "Sülh naminə əməkdaşlıq - hər kəsin şərəf borcudur" şüarı altında YUNESKO-nun yaranmasının 70 illik yubileyinin keçirilməsinə qərar vermişdir. Yubiley tədbirləri çərçivəsində 21 sentyabr - Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:

 

1. "Sülh naminə əməkdaşlıq - hər kəsin şərəf borcudur" şüarı altında "Sülh naminə birləşək!" mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.

 

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

 

3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

 

4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqə qaliblərinin mükafatlandırılması, seçilmiş işlərin kataloqunun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

 

6. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan malmateriallar  barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

 

7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

 

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

 

9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

7 avqust 2015-ci il

 

 

           

Azərbaycan müəllimi.- 2015.- 15 avqust.- S.3.