"Təhsil-elm-innovasiya" modelinin insan
kapitalının formalaşmasında və cəmiyyətin
davamlı inkişafında rolu
Müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş ölkələrin hamısında davamlı iqtisadi inkişaf insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və ona verilən önəmin əhəmiyyətindən asılı olmuşdur. Təsadüfi deyil ki, BMT XXI əsri "Təhsil əsri" elan etmişdir.
"Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" - müddəasını strateji vəzifə kimi qarşıya qoymuş ümummilli lider Heydər Əliyevin bu fikirlərini "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" fikirləri ilə tamamlayan, təhsili cəmiyyətin ən prioritet sahəsinə çevirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın davamlı inkişafını bilavasitə təhsilin inkişafında görür.
Bu gün uğurla həyata keçirilən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu təhsil işçiləri önündə dövlət qarşısında öz məsuliyyətini dərk edən, öz xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur.
Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir. İnsan cəmiyyətinin inkişaf tarixinə nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olar ki, təbii sərvətlərin bolluğu heç də həmin cəmiyyətin və dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdən ibarətdir. İnsan kapitalının formalaşdırılmasında və təhsilalanlara lazımi kompetensiyaların verilməsində ali təhsilin müstəsna əhəmiyyəti vardır. Ali təhsil cəmiyyətin elə bir sahəsidir ki, o, elmin inkişafını, elmin inkişafı elmi-texniki tərəqqinin və iqtisadiyyatın inkişafını, iqtisadiyyatın inkişafı isə cəmiyyətin sosial problemlərinin həllini təmin edir. Sosial təminatı yüksək olan cəmiyyətlər isə yenidən təhsilin inkişafına şərait yaratmaqla fasiləsiz inkişafa nail olurlar. Bütün bunlar ali təhsilin cəmiyyətdə nə qədər böyük rola malik olduğunu göstərir.
Son onillikdə karbohidrogen ehtiyatlarının ixracı nəticəsində ölkəmizin iqtisadi potensialı sürətlə artsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaqdan, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdan və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdən ibarətdir. Müasir iqtisadi proseslərin dinamikası tələb edir ki, ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçilsin. Bunun üçün isə insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Bu vəzifələrin uğurla həyata keçirilməsində yüksək keyfiyyətli ali təhsilli kadrların hazırlanması zərurəti meydana çıxır.
Digər mühüm amil isə əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şərait yaradılması və əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafını təmin etmək məsələsidir.
Qloballaşan dünyada baş verən prosesləri nəzərə alaraq son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, onun normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.
Görülmüş işlərlə yanaşı, ali təhsil sahəsində hələ də öz həllini gözləyən ciddi problemlər mövcuddur. Respublikada ali təhsilin kütləviliyi sahəsində həm inkişaf etmiş ölkələrlə, həm də bəzi MDB ölkələri ilə müqayisədə hələ də gerilik müşahidə olunur. Bu kimi faktlar ölkəmizdə ali təhsil sisteminin təşkilində kifayət qədər həllini gözləyən problemlərin olduğunu göstərir.
29 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılmasının prioritet istiqamətləri müəyyən edilmişdir. Şəxsə hərtərəfli bilik və bacarıqların verilməsinə nail olmaq üçün təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişafı vəzifəsi qarşıya qoyulmuşdur.
İnkişaf Konsepsiyasında 2020-ci ilədək təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ümumi daxili məhsuldakı payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılması, təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, xüsusən, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatların, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin ali təhsil müəssisələri üçün universitet şəhərciklərinin (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-elm-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartların hazırlanıb tətbiq edilməsi, ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin müasir standartlar səviyyəsinə çatdırılması, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunması, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi gerçəkləşdiriləcəkdir.
Ölkənin İnkişaf Konsepsiyasında nəzərdə tutulan müddəaların reallaşdırılmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Bu strategiyanın həyata keçirilməsi üçün isə Prezidentin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq edilmişdir. Bu sənəddə insan kapitalının formalaşdırılması və biliklər iqtisadiyyatına əsaslanan yeni təhsil sisteminin, mühitinin və mexanizminin yaradılması, təhsilin bütün pillələri və səviyyələri üzrə həyata keçiriləcək lazımi fəaliyyət istiqamətləri əksini tapmışdır. Fəaliyyət Planında təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Bu sənəddə əsas diqqət şəxsiyyətyönümlü, nəticəyə əsaslanan təhsil mühitinin formalaşdırılmasına yönəlmişdir ki, bu da strateji olaraq doğru addımdır. Həmin sənəddə qeyd edildiyi kimi, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə normativ-hüquqi sənədlərin və təhsil standartlarının hazırlanması böyük perspektivlər vəd edir. Bu istiqamətdə hazırda ali təhsil müəssisələrinin, universitetlərin üzərinə böyük tarixi missiya düşür.
Çox təqdirəlayiq haldır ki, son illər ölkəmizdə aparılan siyasət elmin və təhsilin prioritet sahə kimi önə çəkilməsinə hesablanmışdır. Xüsusilə iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində möhtərəm Prezident İlham Əliyevin apardığı təhsil siyasəti ölkəmizin gələcək inkişafına və çiçəklənməsinə hesablanmış strateji siyasət kimi qiymətləndirilir. İstedadlı Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil almaq üçün göndərilməsi və bunun strateji xətt kimi dövlət başçısı tərəfindən daim diqqətdə saxlanılması, təhsil işçilərinin sosial problemlərinin həlli istiqamətində verilən fərman və sərəncamlar dövlətimizin təhsil sahəsinə nə qədər diqqət verdiyinin əyani sübutudur.
Dövlət büdcəsindən təhsilə ayrılan xərclər ildən-ilə artırılır və onun əhəmiyyətli hissəsi yeni məktəblərin tikintisinə, təhsil infrastrukturunun müasirləşdirilməsinə yönəldilir. Həmçinin ölkədə yeni məktəblərin tikintisi, köhnələrinin təmiri və modernləşdirilməsi üçün Heydər Əliyev Fondu və Azərbaycan Prezidentinin Ehtiyat Fondu xəttilə də hər il böyük vəsaitlər ayrılır.
Son illərdə ölkəmizdə ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində ciddi addımlar atılmış, Boloniya prosesinə qoşulmaqla kredit sistemi ilə tədrisin təşkili istiqamətində ciddi irəliləyiş əldə edilmişdir. Aparılan düzgün ali təhsil siyasəti nəticəsində ilk müsbət nəticələr görünməkdədir.
Azərbaycan ölkə daxilində ali təhsil standartlarını təkmilləşdirmək yönündə işlərin görülməsi ilə yanaşı, dövlətimizin başçısı tərəfindən gənclərin xaricdə təhsilinə də ciddi diqqət artırılmaqdadır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq Azərbaycan dövləti tərəfindən gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri məqsədilə ayrıca dövlət proqramı qəbul edilmişdir. Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas hədəfi 2015-ci ilin sonunadək 5000 nəfər gəncin xaricdə təhsilini maliyyələşdirməkdən ibarətdir. Artıq aparıcı xarici ölkə universitetlərində təhsilini başa vuran magistrant və doktorantların bir qismi ölkəmizə qayıdaraq ali təhsil ocaqlarımızda fəaliyyətə başlamışlar.
Lakin əldə edilən ciddi uğurlarla yanaşı, qeyd etmək lazımdır ki, ölkəmizin ali təhsil müəssisələrinin məzunlarının potensialı iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Bu, ondan irəli gəlir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur. Ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.
Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə
inteqrasiyası prosesi labüddür. Bununla yanaşı,
keçmiş stereotiplərdən imtina edilməməsi
yolverilməzdir. Ölkəmizdə təhsil
islahatları milli mənafelər nəzərə alınmaqla
həyata keçirilməlidir. Təlim məsələlərində
(ayrı-ayrı fənlərin tədrisinin plan və
proqramlarında, yeni metodların yaradılmasında)
inkişaf etmiş ölkələrin əldə etdikləri
müsbət təcrübə müəyyən
araşdırmalardan sonra ölkəmizin təhsil sisteminə
tətbiq olunmalıdır. Ali təhsil
müəssisələrində milli özünüdərk və
dövlətçilik prinsiplərinin aşılanması
ön plana çəkilməlidir.
Təhsil və kadr hazırlığı prosesinə, həmçinin
təhsilin məzmununun təkmilləşdirilməsinə
işəgötürənlərin cəlb olunması
çox aşağı səviyyədədir. İşəgötürənlər
kadr hazırlığı prosesində iştirak etmirlər və
hazırlanan kadra dair şərtlər irəli sürmək
imkanına malik deyillər.
İqtisadiyyatın modernləşdirilməsi zamanı ən
ciddi problemlərdən biri də əmək bazarının tələblərinə
uyğun yüksək ixtisaslı kadrların
hazırlanmasının təkmilləşdirilməsindən
ibarətdir.
Bu baxımdan son on illiklərdə ali təhsilin
məzmununda ciddi dəyişikliklərə ehtiyac
yaranmış və bu proses bu gün də davam etməkdədir. Sürətli
elmi-texniki inqilabın baş verdiyi müasir dövrdə
texniki sahədə biliklər, vərdişlər və səriştələr
çox mobil şəkildə dəyişir, bu da öz
növbəsində təhsilalanların və təhsilverənlərin
yüksək kompetensiyalara malik olmalarını diktə edir.
Bu baxımdan ali məktəblərin, o
cümlədən texniki ali məktəblərin
qarşısında ciddi vəzifələr durur. Xüsusilə, sənayeləşmənin daha
böyük vüsət aldığı bir zamanda, yüksək
texnologiyaların yaradılmasına xüsusi maraq göstərildiyi
bir dövrdə Azərbaycanda bu məsələnin həlli
istiqamətində Texniki Universitetin üzərinə
böyük tarixi missiya düşür.
Ölkə
başçısı tərəfindən iqtisadi kapitalın
insan kapitalına çevrilməsi istiqamətində həyata
keçirilən siyasət Azərbaycan Texniki Universitetində
mütəxəssis hazırlığında innovativ
texnologiyaların daşıyıcısı olan, sənaye və
istehsalat sahələrinin problemlərini daha tez mənimsəyən
və həlli yollarını müəyyənləşdirməyə
qadir olan mütəxəssislər hazırlanması məsələsini
qarşımıza məqsəd kimi qoyur. Təsadüfi deyil
ki, AzTU-da təmir-bərpa işlərinin aparılması
üçün cənab Prezident tərəfindən
imzalanmış sərəncamda AzTU-nun mütəxəssis
hazırlığında rolu ayrıca
vurğulanmışdır.
Yüksək ixtisaslı mühəndis kadrların
hazırlığında təhsil, elm və istehsalatın
inteqrasiyasının müstəsna əhəmiyyəti
vardır. Bu
istiqamətdə istehsalat müəssisələrində baza
kafedralarının yaradılması bu inteqrasiyaya kömək
edən ən optimal yol ola bilər.
Təcrübələrin mütəxəssis
hazırlığında mühüm əhəmiyyətə
malik olduğu danılmazdır. Lakin etiraf etməliyik ki, bu proses
zamanı tələbələrin praktik vərdişlər
qazanmasında bir sıra çətinliklər mövcuddur. Hazırda təcrübələrin keçilməsinin
tədris planında sonuncu semestrə planlaşdırıldığını
nəzərə alaraq, bu istiqamətdə işlək mexanizm
yaradılmasına və tələbələrin həmin
dövrdə lazımi praktik vərdişlər qazanması
üçün tədbirlər hazırlanmasına nail
olunmalıdır. Lakin əksər hallarda
müəssisələr kütləvi olaraq tələbələrin
uzun müddətə müəssisələrdə təcrübə
keçmələrinə maraq göstərmirlər. Bu istiqamətdə istehsalat müəssisələrinin
məsuliyyətini artırmaq üçün əlaqədar
təşkilatlar səviyyəsində lazımi
hüquqi-normativ bazanın yaradılmasına ehtiyac duyulur.
Ali məktəblərdə özünümaliyyələşdirmə
mexanizminin tətbiqinə keçilməsi də günün
aktual məsələsi olaraq qalır. Etiraf etməliyik ki, bu
istiqamətdə hələlik lazımi iş vərdişləri
və fəaliyyət mexanizmi zəifdir. Yalnız bu proses Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu ilə məhdudlaşır ki, bu da kifayət etmir. Belə hesab edirik ki, bu istiqamətdə yeni
yanaşmaya ehtiyac vardır. Sənayeləşmənin
gücləndiyi bir dövrdə müxtəlif sənaye,
istehsalat və xidmət sahələrində, məsələn,
metallurgiya və dağ-mədən, elektroenergetika,
maşınqayırma, nəqliyyat, telekommunikasiya sahələrində
layihələr elan etməlidirlər ki, bu da yaxın gələcəkdə
elmi işlərin kommersiyalaşdırılmasına stimul ola bilər.
Dünya
miqyasında yüksək səviyyəli ali
təhsil ölkələrin stabil iqtisadi inkişafını
təmin edən, rəqabətədavamlı məhsulların
istehsalını şərtləndirən amil hesab edilir və
ölkənin davamlı inkişafının hərəkətverici
qüvvəsi sayılır. Ona görə də ali təhsil
müəssisələri, xüsusilə Azərbaycan Texniki
Universiteti yalnız mütəxəssis
hazırlığı ilə kifayətlənməməli,
eyni zamanda elmi-innovativ fəaliyyət göstərən mərkəzlərə
çevrilməli, elm, təhsil, istehsalat və biznes
strukturlarının inteqrasiyasını təmin edən ideya
generatorluğunu öz üzərinə götürməyə
qadir olmalıdır. Bu ideyanın
reallaşması və əmək bazarının tələblərinə
uyğun mütəxəssislər hazırlanması
üçün istehsalat, xidmət sahələri ilə
sıx əlaqədə olmalı və onların problemlərinin
həllini təmin edə bilməliyik.
Bu istiqamətdə aparılan araşdırmalar göstərmişdir
ki, sənaye və istehsalat sahələri ilə əməkdaşlığın
mərkəzində dövlət-biznes strukturları-elmi
kadrlar-tələbələr sxemi durmalıdır və bu
prosesdə əks-əlaqəli əməkdaşlıq təmin
edilməlidir.
Belə qarşılıqlı əlaqə
olmadan nə sənayenin, nə də iqtisadiyyatın digər
sahələrində innovativ inkişaf impulsuna nail olmaq
mümkün deyil. Bu məqsədə
çatmaq üçün vacib olan amillərdən biri
iqtisadi zonaların yaradılmasından ibarətdir. Artıq bu məsələ respublikamızda müxtəlif
istiqamətli sənaye sahələrinin yaradılması yolu
ilə həll edilməkdədir. Sumqayıt Texnologiyalar
Parkı, Balaxanı Parkı, Yüksək Texnologiyalar
Parkı, Sumqayıt Kimya Sənayesi Parkı və s. bu qəbildən
olan müəssisələrdir. Növbəti mərhələlərdən
biri də respublikamızda sənaye klasterlərinin
yaradılması ola bilər ki, artıq bu istiqamətdə
müəyyən hazırlıq işləri
görülür. Hazırda texniki ali məktəblərdə
hazırlanan mühəndis kadrlar həm sənaye
parklarının, həm də sənaye klasterlərinin idarə
olunmasında iştirak edə bilən mütəxəssislər
səviyyəsində olmalıdırlar.
Bu gün
ali təhsil sistemində həlli ilk
növbədə vacib olan işlər də çoxdur.
Xüsusilə, texniki ali məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi, müstəqil
texnoparkların yaradılması xeyli vəsait tələb
etdiyindən, bu istiqamətdə vahid mənbədən idarə
olunan Dövlət Proqramı hazırlanıb həyata
keçirilməlidir. Bu məsələ bir
neçə istiqamətdə həll edilməlidir.
Birincisi, dövlətin dəstəyi ilə, ikincisi, müxtəlif
sənaye sahələrinin həmin istiqamətdə mövcud
olan ali təhsil ocaqlarında maddi-texniki
bazanın yaradılması istiqamətində,
üçüncüsü isə ali məktəb mütəxəssislərinin
dünyada və Azərbaycanda olan təşkilatlarla birgə
qrant layihələrinin yerinə yetirilməsi istiqamətində.
Bu istiqamətlərin hər üçü bir
mənbədən koordinasiya olunmaqla yanaşı, vahid siyasət
şəklində həyata keçirilməlidir.
Hesab edirəm
ki, aşağıda sadaladığım tədbirlərin həyata
keçirilməsi ali təhsil sahəsində
islahatların daha səmərəli nəticə verməsinə
bilavasitə öz müsbət təsirini göstərə
bilər:
- Təhsilin
idarə olunmasının rasionallaşdırılması, maddi-texniki
bazalardan səmərəli istifadə olunması məqsədilə
ali məktəblərin tərkibində,
xüsusilə texniki ali məktəblərin nəzdində
eyni profilli kolleclərin və peşə-ixtisas təhsili məktəblərinin
yaradılması və fəaliyyətinin
stimullaşdırılması tədbirlərinin həyata
keçirilməsi.
- Azərbaycan
sənayesi üçün vacib olan, çətin əmək
şəraitinə malik sahələr üçün mühəndis
kadrların hazırlanması zamanı
stimullaşdırıcı və motivasiyaedici tədbirlərin
nəzərə alınması.
Bu sahələr kimi, qara və əlvan
metallurgiya, müdafiə sənayesi üçün mütəxəssis
hazırlığını, kənd təsərrüfatı
sahələrini misal göstərmək olar. Bu məqsədlə həmin mütəxəssislərin
əsasən dövlət büdcəsindən maliyyələşməklə
hazırlanmasının təmin olunması.
- Kitabxana
fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal resurslardan
istifadə edilməsi məqsədilə müasir elmi ədəbiyyat
və məcmuələrə çıxış
üçün scoups və sciencedirect internet saytlarına
daimi çıxışı olan kitabxana şəbəkəsinin
yaradılması istiqamətində lazımi tədbirlərin
görülməsi.
- Təhsilin
inkişaf fondunun maliyyə resurslarının
formalaşması məqsədilə istehsalat, xidmət və
digər özəl strukturlarla təhsilin inkişafı
fondunun birlikdə lazımi müsabiqə və layihələr
həyata keçirməsi və bu fonda mütəmadi (və
ya illik) maliyyə vəsaitləri köçürmək
üçün qanunvericiliyə lazımi düzəliş
edilməsinin təmin edilməsi.
-
Strategiyada ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi,
ödənişli təhsil üzrə qəbul
planının ləğv olunması göstərilir ki, bu bənd
üzrə gələcəkdə ali və
orta ixtisas məktəblərində ödənişli təhsilin
təşkili işində yeni tədris mexanizmi yaratmaq tələb
olunur.
- Regionlarda ali təhsil müəssisələrinin arasındakı fərqin
olmaması üçün mərkəzi universitetlərdə
formalaşmış mütəxəssislərin, regionlarda
işə cəlb olunması və bunun üçün
lazımi stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi.
-
Xüsusi istedadlı təhsilalanların müəyyənləşdirilməsi
üçün mütəmadi axtarış mexanizmlərinin
tətbiq edilməsi və bununla respublikanın dəyərli
insan kapitalının aşkarlanması, inkişafı və
qorunmasının təmin olunması.
- İstehsalatla bağlı olan müxtəlif istiqamətlər
üzrə sənayenin inkişaf strategiyasına uyğun
elmi-innovativ konsepsiyaların hazırlanması məqsədilə
mütəxəssislər qrupunun təşkil edilməsi və
mühəndis kadrların bu istiqamətə yönləndirilməsinin
təmin edilməsi.
- Təhsil
sahəsində dövlət-biznes partnyorluğu sisteminin
hüquqi bazasının yaradılması.
-
Kafedralarda və laboratoriyalarda ayrı-ayrı istehsalat sahələri
üçün "Consalting" xidmətlərinin təşkili
imkanlarının araşdırılması və bu işə
doktorantların və magistrantların cəlb
olunmasının təmin edilməsi.
- Sənayenin
və istehsalatın problemlərinin həllini özündə
əks etdirən elm tutumlu tədqiqat işlərinə daha
çox diqqət göstərilməsi və bunun kadr
hazırlığında nəzərə alınması.
- Elmi-tədqiqat
işlərinin kommersiyalaşdırılması istiqamətində
lazımi maarifləndirici və öyrədici kursların təşkil
edilməsi üçün tədbirlər planının
hazırlanıb icra edilməsi.
- Sənaye
və istehsalatla daha çox əlaqəli olan ixtisas
kafedralarının innovativ texnologiyaların yaradılması
imkanlarının artırılması üçün
universitetin İKT kafedraları ilə birgə fəaliyyətinin
gücləndirilməsi və bu işə magistrantların cəlb
olunmasının daim diqqət mərkəzində
saxlanılması.
- Sənaye
müəssisələrinin fəaliyyəti haqqında
materialların (bukletlər, disklər, çap materialları)
tələbə və magistrantlara çatdırılması
işinin aktiv olaraq yerinə yetirilməsi.
- İstehsalatda tətbiq edilən müasir texnologiyaların
tədris prosesində öyrədilməsi məqsədilə
işçi tədris proqramlarında daim yeniliklər edilməsinin
təmin edilməsi.
- Elmi,
elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ-hüquqi
bazasının təkmilləşdirilməsi.
- Universitetlərdə "TƏHSİLDƏ VƏ ELMDƏ İNNOVASİYALAR" üzrə müvafiq strukturun yaradılması imkanlarının araşdırılması.
Bütün bunlarla yanaşı, ali məktəblərdə dayanıqlı maliyyələşmə modelinin qurulması ilə bağlı ödənişli təhsil xidmətlərinin dəstəklənməsi üçün təhsil müəssisələrində ayrıca işlək mexanizm yaradılmalıdır. Bununla əlaqədar olaraq ali təhsil ocaqlarında onların fəaliyyət profillərinə uyğun olaraq çevik tədris və digər öyrədici strukturlar təşkil edilməlidir. Bu strukturlar ödənişli əsaslarla Tədris mərkəzləri, Yenidən hazırlanma kursları, Konsaltinq xidmətləri istiqamətində, qısamüddətli ixtisas kursları formasında yaradıla bilərlər. Eyni zamanda, hazırlıqlı bakalavr və magistrlərin əlavə öyrədici kurslara cəlb olunması təşkil edilə bilər.
Təhsilin idarə olunmasının rasionallaşdırılması, maddi-texniki bazalardan səmərəli istifadə olunması məqsədilə ali məktəblərin tərkibində, xüsusilə texniki ali məktəblərin nəzdində eyni profilli kolleclərin və peşə-ixtisas təhsili məktəblərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi çox faydalı olardı.
Təqdirəlayiq haldır ki, Təhsil Nazirliyinin mütəxəssisləri inkişaf etmiş ölkələrin təhsil siyasətini öyrənir, onu milli mənafelər prizmasından araşdıraraq ölkəmizin ali texniki məktəblərində tətbiq etməyə çalışırlar.
Bu gün ölkə başçısı cənab
İlham Əliyev tərəfindən aparılan uğurlu təhsil
siyasətinin bəhrəsi özünü gələcək
nəsillərin həyat səviyyəsində büruzə
verir. Təhsilə qoyulan investisiyalar uzunmüddətli və
strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın
davamlı inkişafı üçün mühüm baza
formalaşdıracaq və öz nəticəsini gələcək
onilliklərdə daha bariz formada göstərməyə
başlayacaqdır.
Sübhan NAMAZOV,
Azərbaycan
Texniki Universitetinin Metallurgiya və metalşünaslıq
kafedrasının müdiri,
texnika elmləri
doktoru, professor
Azərbaycan müəllimi.- 22
avqust.- S.4