"Azərbaycanda orta
məktəb proqramı çox yüksək
səviyyədədir"
Kanadanın Vaterloo Universitetinin Prezidenti təqaüdünə layiq görülmüş azərbaycanlı tələbə ilə söhbət
Səfurə Süleymanova 1995-ci il
avqustun 28-də Bakı
şəhərində anadan
olub. 2002-ci ildə Həzi Aslanov adına 175 nömrəli
tam orta məktəbin 1-ci sinfinə
gedib. 2010-cu
ildə imtahan verərək akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul olub. 2013-cü ildə "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Kanadanın Vaterloo Universitetinə daxil olub. 2014-cü ildə təhsil sahəsində əldə
etdiyi yüksək nailiyyətlərə görə
Vaterloo Universitetinin Prezidenti təqaüdünə
layiq görülüb. Qeyd edək ki, Prezident
təqaüdü qiymətləri
əla olan I kurs tələbələrinə verilir. Ölkəmizi Kanadanın ən yaxşı universitetlərindən
birində əldə etdiyi uğurlarla layiqincə təmsil edən S.Süleymanova ilə söhbətimizə
orta məktəb illərindən başladıq.
"Uşaqlıqdan riyaziyyat fənninə daha çox maraq göstərmişəm"
Orta məktəb illərində
təkcə oxumağa
üstünlük verməmişəm,
eyni zamanda 3 il qimnastika, 1 il milli rəqslə,
2 il rəssamlıqla məşğul
olmuşam. VIII sinifdə
oxuyarkən valideynlərimə
artıq gimnastika ilə məşğul olmaq istəmədiyimi və yalnız təhsilə üstünlük verəcəyimi
dedim.
Oxuduğum hər iki məktəbi əla qiymətlərlə
bitirmişəm. Liseydə
oxuyarkən müxtəlif
müsabiqələrdə, debatlarda, eləcə də təhsil ocağının keçirdiyi
xeyriyyə yarmarkalarında
iştirak etmişəm.
Liseyin təsis etdiyi Şagird Parlamentinin üzvü olmuşam. Təhsildə və İKT-də nail olduğum uğurlara görə diplomlarla təltif olunmuşam. Uşaqlıqdan
riyaziyyat müəllimi
olan bibilərimin şagirdlərə
necə həvəslə
dərs keçdiklərini
izləmişəm və
buna görə də riyaziyyat fənninə daha çox maraq göstərmişəm.
Ancaq liseydə oxuyarkən müəllimim Yelena Viktorovnanın
dərs keçmək
və başa salmaq üslubları məndə coğrafiya fənninə qarşı
da maraq oyatmışdır.
"Seçim prosesi şəffaf və obyektiv keçdi"
Hələ XI sinifdə oxuyarkən bir çox xarici universitetlərin nümayəndələri məktəbimizə
gəlir və bizə universitetləri barədə məlumat verirdilər. Bu zaman mən
də özümü
sınamaq qərarına
gəldim. Ailəm
mənim bu qərarıma tam müsbət
münasibət göstərdi
və bu qısa, maraqlı yolda çox dəstək verdi.
Sənədlərimi toplayaraq
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"nda
iştirak etməyə
qərar verdim. Seçim prosesi şəffaf
və obyektiv keçdi. Xarici ölkədə təhsil alarkən bir fakta əmin
oldum ki, hazırda Azərbaycanda orta məktəb proqramı çox yüksək səviyyədədir.
"Vaterloo Universiteti Kanadanın öndə gedən beş ali
məktəbindən biridir"
Oxuduğum Vaterloo Universiteti
yaşadığım şəhərin
adını daşıyır. Əsası 1957-ci ildə qoyulub. Universitetdə 26 min tələbə təhsil alır. Tələbə şəhərciyi Torontodan 1 saatlıq məsafədə yerləşir.
Vaterloo Universiteti Kanadanın öndə gedən beş ali təhsil müəssisəsindən biridir.
Universitetin riyaziyyat, kompüter
elmləri, coğrafiya
fakültələri dünyada
ilk yüzlükdədir. Kanadanın ən innovativ ali
məktəbi olan Vaterloo Amerikanın ən nüfuzlu universitetləri ilə rəqabət aparır. Universitetdə
bir sıra beynəlxalq proqramlar var ki, bu da əcnəbi tələbələrə ölkənin
ali məktəblərində
təhsil almağa imkan yaradır.
Mən hazırda
riyaziyyat fakültəsində
maliyyənin təhlili
və risklərin idarə edilməsi ixtisası üzrə oxuyuram. Boş vaxtlarımda
isə yeni dillər (Koreya dili, xorvat dili,
fransız dili) öyrənməklə, ya
da öz xobbim ilə məşğul oluram.
Qış tətillərimi əsasən
dostlarımla keçirirəm,
birlikdə Kanadanı
gəzirik, Dünya Azərbaycanlılarının Həmrəylik
Gününü qeyd edirik və s.
Bir azərbaycanlı
tələbə olaraq
Kanadada fəaliyyət
göstərən diasporamızla
sıx əlaqə saxlayırıq. Kanadadakı Azərbaycan
diasporası ilə hər il Xocalı
soyqırımını və
20 Yanvar faciəsini tanıtmaq üçün Ottavadaki Parlamentin qarşısında
yürüş keçiririk.
Bundan başqa, 2014-cü ildə Toronto şəhərinin
Harbour Square Parkında
səfirliyin dəstəyi
ilə Xocalı soyqırımında şəhid
olanların xatirəsinə
ağac əkmişik.
"Universitetdə mühazirələrə
qatılmaq mütləq
deyil"
Kanadanın bir sıra qabaqcıl
ali təhsil
ocaqlarında olduğu
kimi, Vaterloo Universitetində də mühazirələrə qatılmaq
mütləq deyil, hətta bəzi dərsləri onlayn da oxumaq olar.
Dərsə aid olan bütün materialları
universitetin tələbələr
üçün olan
learn (tərcüməsi - öyrənmək)
adlı onlayn portalından əldə etmək olar. İmtahan sessiyası 500 nəfərə
yaxın tələbə
tutan stadionda, ya da auditoriyada
keçirilir. 500 nəfər müxtəlif
fənlər üzrə
sınaqdan keçirilir.
Bütün prosesə nəzarətçilər
və professorlardan başqa müşahidə
kameraları da nəzarət edir.
Kanadanın təhsil sistemində
bir çox yeniliklər vardır. Məsələn, artıq
yuxarı kursda oxuyan tələbə aşağı kursda oxuyan tələbəyə
dərs deyə bilər, ev tapşırığını yoxlaya və ev tapşırığının
yerinə yetirilməsində
kömək edə bilər. Bu tələbələr, adətən,
professorların köməkçiləri
olurlar və tyutorial assistant (köməkçi
tyutor) adlanırlar, hətta gördükləri
işə görə
maaşla təmin edilirlər. Yuxarı kurs tələbəsi deyərkən ikinci kurs tələbəsini də nəzərdə tuturam. Bu köməkçilər universitet tərəfindən
qiymətlərə əsasən
seçilirlər. Məncə, bu
yenilik tələbələrə
həm maddi cəhətdən kömək
edir, həm də onlara iş təcrübəsi qazandırır.
Maraqlı olan başqa bir yenilik isə hər tədris semestrinin sonunda professorlar və dərslər haqqında universitet tərəfindən keçirilən anonim sorğudur. Bu sorğu professorlara öz səhvlərini düzəltməyə imkan verir, universitetin daha da inkişaf etməsində və mühazirələrin daha da maraqlı olmasında kömək edir.
Vaterloo Universitetində tələbələr öz ixtisaslarını 3-cü kursda oxuyarkən seçirlər. 1-ci və 2-ci kurslarda isə fakültənin bütün ixtisaslara lazım olan dərslərini öyrənirlər. Məncə, bu sərbəstlik tələbələrə düzgün ixtisas seçimində çox kömək edir.
"Gənclərimizə ixtisas seçimində çox diqqətli olmalarını məsləhət görürəm"
Xaricdə təhsil gənclərimiz qarşısında geniş üfüqlər açır. Lakin ən vacib məqam odur ki, onlar ölkəmizin inkişafı üçün prioritet sahələri seçsinlər. Gənclərimizin xaricdə təhsil almaq səylərini tam dəstəkləməklə yanaşı onlara ixtisas seçimində çox diqqətli olmalarını məsləhət görürəm, çünkü seçdikləri ixtisas bir növ onların həyatı boyu məşğul olacaqları işdir. Sevdiyin işlə məşğulsansa, həyatda və karyeranda uğur qazana biləcəksən.
Bu yay iş tapmaq üçün bir çox şirkətə CV-mi yolladım, bir neçə müsahibələrə getdim. Nəhayət ki, ilk dəfə təcrübəçi kimi "Holcim Azərbaycan" şirkətində işə başladım.
Müsahibimiz "Təhsildə uğur əldə etməyin sirri nədədir" sualına belə cavab verdi:
- Təhsildə uğur əldə etməyin sirri oxumağa qarşı olan həvəs və istəkdədir. Əgər istək və həvəs yoxdursa, uğur əldə etmək çox çətindir.
Gələcək haqqında planlar
qurmamağa çalışıram.
Hazırda əsas məqsədim təhsilimi uğurla
bitirməkdir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan
müəllimi"
Azərbaycan müəllimi.- 2015.-
22 avqust.- S.3.