Bakı Dövlət
Universitetində beynəlxalq elmi konfrans keçirilib
Böyütmək üçün seçinAvqustun 27-də BDU-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə "Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015" adlı 5-ci Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyindən danışıb.
Sonra çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. O, vurğulayıb ki, elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin "ən yaxşı" şəkildə idarə olunması tələb olunmasın. Rektor, son dövrlərdə hər il ərzində Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihəsinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Akademik Abel Məhərrəmov onu da qeyd edib ki, bu gün Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür və beynəlxalq reytinq cədvəllərində öndə gedir.
Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, Bakıda keçirilən hər bir elmi konfrans ölkəmizin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirilməlidir. BDU-da təşkil edilən bu tədbir çox mühüm məsələyə həsr olunduğuna görə aktualdır. Nazir müavini bildirib ki, 26 ölkədən alimlərin iştirak etdikləri beynəlxalq tədbir bu sahədə dünyada aparılan tədqiqatların inkişafına, elm adamları arasında əlaqələrin genişlənməsinə təkan verəcək. Konfransın Bakıda keçirilməsi həm də Azərbaycan elminin inkişafına və təbliğinə mühüm təsir göstərə bilər.
Firudin Qurbanov ölkəmizdə elm və təhsilin inkişafının daim diqqət mərkəzində olduğunu, son dövrlərdə bu sahədə böyük islahatların aparıldığını, bir sıra mühüm dövlət sənədlərinin qəbul edildiyini diqqətə çatdırıb.
Konfransın beynəlxalq proqram komitəsinin sədri, ukraynalı professor Vladimir Larin, İllinoys Universitetinin professoru Tamer Başar, rusiyalı alim Yuri Yevtuşenko, amerikalı professor Stefen Boyd çıxış ediblər.
Tədbirdə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasova "Universitetin dostu", xarici alimlərdən bir qrupuna "Universitetin fəxri qonağı" mükafatları təqdim olunub.
Daha sonra konfrans işini sessiyalarda davam etdirib. "Nəzarət və
optimallaşdırma", "Qlobal optimallaşdırma",
"Forma optimallaşdırma", "İdentifikasiya və əksinə problemlərdə
optimallaşdırma metodları",
"İntellektual və
qeyri-səlis nəzarət",
"Optimal nəzarətin ədədi
üsulları", "Tətbiqi
proqramlar", "Şəbəkə
və telekommunikasiya sistemləri", "Neft
sənayesi", "İqtisadiyyat",
"Riyazi modelləşdirmə"
mövzularında bölmə
iclaslarında alim və mütəxəssislər
mövzuya dair məruzələrlə çıxış
edib, geniş fikir mübadiləsi aparıblar.
Dünyanın 26 ölkəsindən 277 alimin
qeydiyyatdan keçdiyi
konfransın gedişində
200-ə qədər məruzə
ediləcəyi gözlənilir.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2015.- 29 avqust.- S.2.