“Arzum xarici
ölkələrin birində
təhsilimi davam etdirməkdir”
700 bal toplayan tələbə Firuz
Abduyev ilə söhbət
Firuz Abduyev 1998-ci
ildə Bakı şəhərində
anadan olub. 2015-ci ildə Türkiyə Diyanət Vəqfi
Bakı Türk liseyini
bitirib. Hazırda Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin tələbəsidir.
- Firuz, orta məktəb illərində dərslərini hazırlayarkən evdə sənə kömək edən olurdumu?
- Bəli. Valideynlərimin mənə böyük dəstəyi olub. Atam fizika müəllimidir. IX-X siniflərdə o, mənimlə çox ciddi məşğul olub. Amma XI sinifdə məktəbdə kompleks şəkildə hazırlaşdığıma görə atam mənimlə o qədər də məşğul ola bilmirdi. Əslində buna ehtiyac da yox idi. İmtahanlar yaxınlaşanda isə yenidən birlikdə məşğul olurduq. Çox səylə hazırlaşdığım üçün zəhmətim hədər getmədi.
- İxtisas seçərkən çətinlik çəkmədin ki?
- Əsla yox. Düzdür, XI sinfə qədər bir neçə dəfə öz seçimimi dəyişmişəm. XI sinifdə isə qəti qərar verdim ki, bu ixtisası seçim. Kompüter mühəndisliyi ixtisası mənim ən çox sevdiyim və həvəsim olan sahədir. Müasir kompüter texnologiyalarına yaxşı yiyələnmək o deməkdir ki, sən dünyanın hər bir nöqtəsində işlə təmin oluna bilərsən. Təki gözəl mütəxəssis olasan.
- Yaxşı mütəxəssis olmaq üçün savad vacibdir, bacarıq, yoxsa fitri istedad?
- Hər üçü vacibdir və onlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Bunlara nail olmaq üçünsə çoxlu oxumaq, dərin elmi biliklərə yiyələnmək vacibdir. Bu sahədə fitri istedada malik olmaq isə gələcəkdə ixtiraçı alimlik dərəcəsi almağa zəmin yarada bilər. Çünki bu sahədə fitri istedadı elmi nailiyyət kimi qəbul etmək olar.
- Ümumiyyətlə, texniki sahəyə marağın nə vaxtdan yaranıb?
- Uşaq vaxtından fizika fənninə böyük maraq göstərmişəm. Riyaziyyat bütün elmlərin açarı olduğu kimi, fizika elmi də mühəndisliyin açarıdır. Bütün fənləri yaxşı oxumağımla yanaşı fizika fənni üzrə keçirilən bilik yarışmaşında iştirak etmişəm və həmişə də uğur qazanmışam. XI sinifdən isə ancaq I qrup üzrə hazırlaşıb, nəticədə 700 bal toplamağa müvəffəq olmuşam.
- Sənin üçün həftənin hansı günləri önəmlidir?
- (Bir az gülümsünərək). İstirahət günlərini həmişə səbirsizliklə gözləyirəm. Dostlarım da mənim kimi düşünürlər. Çünki həftənin qalan günləri həddindən artıq gərgin olur.
- Deyirlər ki, dost çətin gündə sınanır. Çətin və kədərli günlərin olubmu?
- Adını söyləmək istəmədiyim bir sinif yoldaşımın yüksək bal toplaya bilmədiyinə görə çox heyfsiləndim. Çünki o da mənim kimi çox ciddi hazırlaşırdı, amma... O ki qaldı çətin günə, onu hələ şükürlər olsun yaşamamışam. Məncə insan ən çətin problemini belə özü həll etməyə çalışmalıdır. Başqasına yük olmağı qətiyyən xoşlamıram.
- Uğur sözünü tez-tez işlədirik, uğur sənin üçün nədir?
- Uğura gedən yolda məqsəd aydın olmalıdır. Onda onu həyata keçirmək də asan olar. Çalışqan olmaq lazımdır ki, uğur qazanasan.
İnsan özünə
güvənməlidir. O, yalnız özünü gördüyü
sahədə uğur qazana bilər. Yüksək nəticə toplayıb
Qafqaz Universitetinə qəbul olmuşamsa, bu mənim uğurumdur.
- Sinif yoldaşlarından ali
məktəblərə qəbul olanlar varmı?
- Bəli, demək olar ki, hamısı
müxtəlif ali məktəblərə
qəbul olunublar. Mənimlə bir sinifdə təhsil alan Nərmin Əliyeva və Teymur İsmixanov 700 bal toplayaraq “ADA” Universitetinə qəbul olunublar.
- İdmanla məşğul
olursanmı?
- Xeyr, olmuram. Düzü, buna heç vaxt da ayıra
bilmirəm. Yəqin ki,
gələcəkdə məşğul
olacağam, çünki
idman sağlamlığın
rəhnidir.
- Hobbin nədir?
- Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram. Musiqi dinləməyi də
çox xoşlayıram.
Klassik musiqiləri, muğamları çox
sevirəm.
- Elə dərs olubmu ki, onu
sadəcə yola vermisən?
- Əlbəttə olub.
Belə hallar daha çox
məktəb illərində
olurdu. İndi də universitetdə
hərdən verilən
tapşırığı eləmədiyim vaxtlar olur. Bu, müəyyən mənada əhvali-ruhiyyə ilə bağlıdır.
İnsanın əhvalı
yaxşı olmayanda,
ümumiyyətlə, süstləşir,
əlini ağdan- qaraya vurmaq istəmir.
- Tələbə dərnəklərinin
üzvüsənmi?
- Qafqaz fizika klubunun
üzvüyəm. İclaslara və
seminarlara gedirəm.
Bu, olduqca vacibdir. Ümumiyyətlə, kollektiv arasında
olmaq insanı düzgün formalaşmağa
yönəldir.
- Qrupunuzda xarici tələbə varmı,
onlarla ünsiyyət qura bilirsənmi?
- Xeyr, yoxdur. Amma ingilis dili kursuna gedirəm. Çalışıram ki,
ingilis dilini mükəmməl öyrənim.
- Universitetinizin mədəni
həyatı özünəməxsusluğu
ilə seçilir, müxtəlif sahələr
üzrə yeni istedadların yetişməsi
üçün işgüzar
şərait yaradılıb.
- Bizim universitetdə tələbələrin
hərtərəfli yetişməsinə xüsusi diqqət yetirilir. İncəsənətin müxtəlif
sahələri üzrə istedadların yetişməsi üçün
münbit şərait yaradılıb. Müasir dövrümüzdə mənəvi-əxlaqi normaların
bütün səviyyələrdə
qorunması burada təmin olunur. Tələbələr tərəfindən əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri
təşkil olunur, yüksək bacarıq və qabiliyyət nümayiş etdirilir.
Arabir mən də belə tədbirlərdə
iştirak edirəm.
- Təhsilini xarici ölkədə
davam etdirmək istərdinmi?
- Bu, tək mənim yox, hər bir
tələbənin arzusudur. Hər kəs kimi mənim
də arzum xarici
ölkələrin birində təhsilimi davam etdirməkdir.
- Prezident təqaüdçüsü Firuz
üçün karyeranın
zirvəsi haradadır?
- Hər kəs çalışdığı sahənin mahir bilicisi olmalıdır. Belə olarsa işinə də yüksək qiymət verilər və karyeran da pillə-pillə öz yerini dəyişər.
İnsanlıqdan yüksək
vəzifə ola bilməz. Mən həmişə o zirvəni
fəth etməyə çalışacağam.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2015.- 5 dekabr.- S.6.