Klassik irsimizidünyaya tanıdan alim

 

 Akif Əmirxan oğlu Bayramovu tanınmış alim, yorulmaz tədqiqatçı, almanşünas, klassik irsimizdən Mirzə Şəfini bizə uzun tədqiqatdan sonra tanıdan kimi 2008-ci ildə onun 70 illiyi münasibətilə keçirilən tədbirdən tanıyıram. Bir ədəbiyyatçı alim, müəllim kimi A.Bayramov çox dəqiq, haqqı-nahaqqa verməyən, bacarıqlı, əsl vətəndaş kimi hamının hörmətini qazanan ziyalıdır. Müəllim həmişə zamanın güzgüsü, dövrün zəkası, qabaqcıl ictimaiyyətçi, fəal təşkilatçıdır. Akif müəllim çox məhsuldar alimdir. Onunla ünsiyyətdə olan hər kəs nitqindən, zəngin biliyindən zövq alır. Çünki bu şəxsdə dərin bilik var. Bu gün Akif müəllim akademik kimi öz bilik və bacarığını gənc nəslə çatdırmaqdan yorulmur. O, bundan zövq alır.

 

Xatırladım ki, Akif Əmirxan oğlu Bayramov 1938-ci il fevral ayının 20-də Gürcüstanın Tbilisi şəhərində qulluqçu ailəsində anadan olub. Orta təhsilini Bakı şəhərində davam etdirib və 1956-cı ildə Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olub və 1961-ci ildə oranı bitirib, doğma kəndi Arxılı kəndində pedaqoji fəaliyyətə başlayıb. Akif Bayramov öz doğma kənd məktəbinin direktoru, Bolnisi rayon Komsomol Komitəsinin birinci katibi, 1966-cı ildə isə “Azərbaycan müəllimi” qəzetində müxbir, Azərbaycan LKGİ MK-da təlimatçı, sonra da daxili işlər orqanlarında fəaliyyət göstərib.

1978-ci ildə elmin daha yüksək zirvəsinə ucalmaq üçün Mirzə Şəfi yaradıcılığından dissertasiya müdafiə etmişdir. 1984-cü ildə Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.

2002-ci ildə Akif müəllimin iki şeir kitabı “Bir sevgi üstündə çağlayır könlüm”, “Könül nəğmələrim” işıq üzü görüb. Daha sonra “Mirzə Şəfi haqqında xatirələr”, 2004-cü ildə isə “Alman dilindən minimum lüğət” tələbələr üçün kitabı nəşr edilib. Bütün bunlarla yanaşı Akif müəllimin həm də “Qaytarılmış məhəbbət” dramı Gəncə Şəhər Dövlət Dram Teatrında tamaşaya qoyulub. Onun tamaşaları “Sevinc”, “Dost məhəbbəti” tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bir sözlə, onun 7 əsəri işıq üzü görüb.

Akif müəllim 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dillər kafedrasının müdiridir. O, həm də müdafiə şuralarının üzvüdür. Əməkdar müəllim, filologiya elmləri doktoru, “Qızıl qələm” mükafatçısıdır.

Akif müəllimin klassik irsimizin inkişafında da xüsusi əməyi var. OnunKlassik irsimizdən”, “Mirzə Şəfi Vazehin ədəbi irsi”, “Nizaminin Almaniyada böyük şöhrəti”, klassik ədəbiyyatı alman dilində, “Mirzə Şəfi haqqında xatirələr” əsəri bu gün ziyalılar tərəfindən stolüstü kitaba çevrilib.

Müəllifin ədəbiyyat tariximizin mübahisəli məsələsinə M.Ş.Vazehalman şairi və tərcüməçi Fridrix Bodenştedt probleminə həsr olunmuşM.Ş.Vazehin ədəbi irsi” monoqrafiyası ilk nəşrindən keçən illərin işığında axtarışlar apararaq elm aləminə məlum olmayan bir sıra mənbələrə müraciət edərək yeni dəlillər üzə çıxarmışdır. Kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi, mütəfəkkir, yaradıcılığı ilə Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm yer tutan M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondu tərəfindən nəşr edilib. Fridrix Bodenştedtin M.Ş.Vazehin Avropada tanınmasında böyük əməyi olduğu da bildirilir. Çünki M.Ş.Vazeh alman şairi və tərcüməçisi F.Bodenştedtin müəllimi olub. O, müəlliminin şeirlərini toplamasaydı, şübhəsiz ki, onun barəsində ətraflı məlumat əldə etmək mümkün olmazdı. Alman şairinin topladığı şeirlər içərisində bizim klassiklərin əsərlərinin olduğunu da ilk dəfə elə Akif Bayram üzə çıxarıb.

Fərəhlə deyə bilərik ki, Akif müəllimin həyatında elmi və bədii yaradıcılığı qoşa bir qanaddır. O, Avropada yaxşı tanınan tədqiqatçı alimdir.

Amerika yazıçısı Bambera Şolin Franses Manuşkinin Moskvada keçirdiyi uşaq ədəbiyyatı üzrə “Ən yaxşı yazarlarsorğu müsabiqəsində azərbaycanlı Akif Bayramın yazdığı hekayəsi sertifikat alıb.

Bunlarla yanaşı Akif müəllim Rusiya PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvüdür. O, kitabında qeyd edir ki, “M.Ş.Vazeh çox təmkinli və sakit adam idi. Çox danışmağı sevməzdi. Həmişə fikrini aydın və qısa deyərdi. Səliqəliyi çox sevərdi. Hətta M.Ş.Vazeh tanınmış xəttat və alim olub. Onun tatarfars alimləri yanında xüsusi hörməti olub”.

Bu kimi dəqiq məlumatları Akif müəllimin kitablarında oxumaq olar. O da qeyd olunur ki, M.Ş.Vazeh hətta Gəncədə yeni açılmış qəza məktəbində müəllim işləyb.

F.Bodenştedt müəllimi M.Ş.Vazehdən Azərbaycan və fars dillərini öyrənirdi və onun köməyilə Qərbi Avropanın bəzi klassiklərinin əsərləri ilə tanış olurdu.

1850-ci ildə Bodenştedt Berlində çap etdirdiyi “Şərqdə min bir gün” kitabında yazmışdı: “Dərs qurtardıqdan sonra Mirzə Şəfini alman şairlərindən HöteŞillerin, ingilis yazıçılarından T. Mor və C. Bayronun əsərləri ilə tanış edərdim. Mirzə onları təfsirsiz başa düşərdi”.

Bu kimi qiymətli tədqiqatları ilə Akif müəllim çox böyük görüb, klassiklərimizi dünyaya tanıdır. Onu da xüsusi olaraq qeyd edək ki, Akif müəllimi M.Ş.Vazehin ədəbi irsində F.Bodenştedtin müəllimi haqqında yazdığı məqalələr, xatirələrdə öz yerini alıb. Bir sözlə, Bodenştedt M.Şəfinin xalq şeiri nümunəsinə çevrilmiş əsərləri ilə Avropada Şərqin poeziya yaradıcılığına yenidən maraq oyatmışdır.

Kitabda xatırlanır ki, keçən əsrin 60-cı illərindən başlayaraq M.Ş.Vazehin şeirləri Rusiyada böyük maraq oyadıb, bir çox şeirləri rus dilinə tərcümə edilib. 1829-1865-ci illərdə ilk dəfə rus şairi M.L.Mixaylov tərcümə edib, daha sonra isə bu işi V.Markov, Ramişev, M.İ.Eyfert davam etdiriblər.

Onu da xatırladaq ki, alman bəstəkarlarından da çoxları M.Ş.Vazehin şeirlərinə musiqi bəstələyibdir. M.Ş.Vazeh 1794-cü ildə Gəncə şəhərində anadan olsa da, 1852-ci ildə Tiflisdə vəfat edib.

M.Ş.Vazehin şeirlərindən, qəzəllərindən kitabda çox nümunələr verilib.

Gözəl alim, mehriban insan, dəyərli ziyalımız, tədqiqatçı Akif Bayramın “M.Ş.Vazehin ədəbi irsi” və BodenştedtinM.Ş.Vazeh haqqında xatirələri” kitabı yüksək zövqlə tərtib olunub, oxucu və ziyalıların ən sevəcəyi kitablar olacağına inanırıq. 

 

Hacı Tofiq SEYİDZADƏ

 

Azərbaycan müəllimi.- 2015.- 5 dekabr.- S.14.