Yeni nəslə yeni
dərs vəsaiti
Kimya-7. Müəlliflər:
İ.Lətifov,
M.Məmmədov, Ş.Məmmədova, A.Rzayeva
“Bakı” nəşriyyatı
- 2015.
Təhsil nazirinin müvafiq əmri ilə dərs vəsaiti kimi təsdiqlənən “Kimya-7” vəsaitinin istifadəyə verilməsi kimya müəllimləri və şagirdlər üçün sözün əsl mənasında əhəmiyyətli hadisə sayıla bilər. Müasir tərtibata malik olan dərs vəsaiti ilk baxışdan xoş təəssürat oyadır. Vəsaitin məzmunu, hazırlanma üslubunun müasirliyi diqqəti cəlb edir.
Vəsaitdəki təlim materiallarının şagirdyönümlülüyü, başadüşülən, rahat qavranılan, sadə və aydın cümlələrlə yazılması xüsusi qeyd edilməlidir.
Biz, kimya müəllimləri, belə bir vəsaitin hazırlanmasını çoxdan gözləyirdik. Qabaqcıl metodist və pedaqoqların fikrinə görə, bəzən orta məktəb dərslikləri həyati bacarıqlara söykənməyən nəzəri materiallarla yüklənmiş olur.
Kurikulum əsasında kimya fənninin tədrisinə ilk dəfə olaraq 7-ci sinifdən başlanmasının əsas məqsədi şagirdlərdə bu fənnə maraq oyatmaq və yuxarı siniflərdə kimyanı daha da dərindən öyrənməyə həvəsləndirməkdir.
Yaradıcı heyətin hazırladığı dərs vəsaitinin məzmunu, həmçinin təlim materiallarındakı təqdimolunma və metodik üslub şagirdin yaş səviyyəsinə uyğun olmaqla yanaşı, ciddi didaktik prinsiplərə əsaslanır.
Mövzularda təqdim edilən nəzəri materiallar illüstrasiya və praktik tapşırıqlarla müşayiət olunur. Hər bir mövzuda kimyanın həyatla əlaqəsi nümayiş etdirilir və şagirdlərin gündəlik həyatında rastlaşdıqları obyekt və hadisələrin elmi-populyar təhlili verilir. Təlim materiallarının asan qavranılması məqsədi ilə çoxsaylı illüstrasiyalardan istifadə edilmişdir. Şagirdlərin praktik bacarıqlarını inkişaf etdirmək məqsədilə əyani təcrübələr, laboratoriya və praktik işlərdən, həmçinin müstəqil yerinə yetirilməsi nəzərdə tutulan layihələrdən geniş istifadə olunur.
7-ci sinif şagirdləri üçün nəzərdə tutulan dərs vəsaiti ümumtəhsil məktəbləri üçün kimya fənn kurikulumunun qarşıya qoyduğu məqsəd və vəzifələri nəzərə almaqla tərtib olunmuşdur. Fənn kurikulumunda nəzərdə tutulan 4 məzmun xəttini və müvafiq məzmun standartlarını tam əhatə edir.
Vəsaitdə alim, pedaqoq və metodistlərdən ibarət müəllif heyəti tərəfindən kimya fənn kurikulumunda müəyyənləşdirilmiş təlim strategiyaları, metod və üsullardan geniş istifadə edilmişdir. Belə ki, kimya təliminin praktik istiqamətinin gücləndirilməsi məqsədilə şagirdlərin yerinə yetirə biləcəkləri sadə təcrübələr, molekul və kristal qəfəslərin üçölçülü modellərinin hazırlanması, kimyəvi reaksiyaların modelləşdirilməsi və kimyəvi tənliklərin tərtib edilməsi, kimyəvi tənliklər və formullar üzrə hesablamaların aparılması kimi fəaliyyət növlərinə aid müxtəlif tapşırıqlar verilmişdir. Belə tapşırıqlar şagirdlərdə əqli fəallıq, tədqiqatçılıq, müstəqillik və təşəbbüskarlıq, praktik vərdişlərin yaranması, nəzəri məlumatların praktikada tətbiq edilməsi kimi bacarıqları formalaşdırır.
Dərs vəsaitində maddə və maddi aləm məzmun xətti üzrə verilən tədris materialı şagirdlərdə maddənin tərkibi və quruluşu haqqında məlumatların düzgün dərk olunmasına, onlar haqqında mülahizələrin irəli sürülməsinə, həmçinin müstəqil araşdırma bacarıqlarının inkişafına imkan yaradır. Məsələn, “Saf maddələr və qarışıqlar” mövzusunun 7-ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğun olaraq aydın, ardıcıl, sistemləşdirilmiş şəkildə verilməsi, qarışıqların ayrılması üsullarının həm də müfəssəl və aydın illüstrasiyalarla təsvir edilməsi şagirdlərdə rast gəldikləri saf maddələri və qarışıqları biri-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə homogen və heterogen qarışıqları ayırmaq vərdişlərini aşılayır.
Bu məzmun xəttinə aid digər təlim materiallarının (hidrogen, oksigen mövzuları və orada verilən praktik fəaliyyətlərdə istifadə edilən turşu, qələvi, xlor və s. maddələrin) öyrənilməsi şagirdlərdə zərərli və zəhərli maddələrlə davranış qaydalarına düzgün əməl edilməsini və digər müvafiq həyati bacarıqları formalaşdırır.
Vəsaitdə şagirdin kimya fənni üzrə əldə etdiyi bilik və bacarıqlar (atomun quruluşu, atom-molekul təlimi, kimyəvi elementlər, onların yer kürəsində və canlı orqanizmdə yayılması, fotosintez, ekzo- və endotermik reaksiyalar və s.) fizika, biologiya və coğrafiya fənləri üzrə əldə etdiyi bilik və bacarıqlarla əlaqələndirilir.
Hər bir mövzunun sonunda təlim materiallarının mənimsənilmə səviyyəsini müəyyən etməyə imkan verən sual və tapşırıqlar Öyrəndiklərinizi yoxlayın blokunda verilmişdir. Bu blokda, həmçinin Ümumiləşdirici tapşırıqlar bloklarında verilmiş sual və tapşırıqlar öz lakonikliyi, ardıcıllığı və elmi dəqiqliyi ilə diqqəti cəlb edir. Çalışmalar, bir qayda olaraq, sadədən mürəkkəbə doğru yerləşdirilmişdir.
Nəzəri materiallarla praktik tapşırıqların növbələşməsi bu məlumatları öyrəndikdən sonra dərhal onların möhkəmləndirilməsinə xidmət edir. Açıq tipli suallar şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün inkişafına yardım edir. Adətən, şagirdlərin çətinlik çəkdikləri məsələ növlərinin həlli üsulları onların yaş səviyyəsinə uyğun olaraq nümunələr əsasında verilmişdir.
Vəsaitdə IV bölmənin ümumi məqsədi şagirdlərə kimyanın əsas anlayış, qanun və nəzəriyyələrini əks etdirən məsələlərin həlli yollarını öyrətmək və bununla da müvafiq nəzəri biliklərin dərindən dərk edilməsinə kömək etməkdir.
Dərs vəsaitinin sonunda terminlər lüğətinin, məsələ həllində istifadə olunan düsturlar, mürəkkəb maddələrin formul və adlarının siyahısının da verilməsi 7-ci sinif şagirdlərinə daim lazım olan məlumatların asanlıqla tapılması və yadda saxlanılmasına xidmət edir.
Vəsait müasir təlim texnologiyalarından istifadə etməklə məzmunun mənimsənilməsinə, tələb olunan məzmun standartlarının reallaşdırılmasına, kimya fənn kurikulumunun məqsəd və vəzifələrinə nail olmaq istiqamətində müəllim və şagirdlərə geniş imkanlar yaradır.
“Kimya-7” dərs vəsaitinin Təhsil Nazirliyinin razılığı ilə Bakı və Sumqayıt şəhər məktəblərinə paylanması respublikamızda kimyanın tədrisinin keyfiyyətinin daha da yüksəldilməsinə marağın gündən-günə artdığını sübut edir. Biz, Bakı şəhərinin bir qrup kimya müəllimi Təhsil Nazirliyi və “Bakı” nəşriyyatına bu əhəmiyyətli təşəbbüsə görə öz minnətdarlığımızı bildiririk və inanırıq ki, belə dərslik və dərs vəsaitləri ənənəvi dərsliklərdən köklü şəkildə fərqlənərək tədrisin yeni keyfiyyət səviyyəsinə yüksəlməsinə zəmin yaradacaqdır.
Fatma MUSTAFAZADƏ,
Bakı şəhəri
20 nömrəli məktəb-liseyin
kimya müəllimi, əməkdar
müəllim,
“Ən
yaxşı müəllim” müsabiqəsinin qalibi,
Atlas MUSTAFAYEVA
Heydər
Əliyev adına liseyin
kimya müəllimi, əməkdar
müəllim
Azərbaycan müəllimi.- 2015.-
19 dekabr.- S.12.