“Təhsildəki
islahatlar
bizə nə vəd
edir?”
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin
son iki ildə atdığı mühüm
addımlar kifayət qədər müsbət nəticələrin əldə
olunmasına gətirib
çıxarıb. Dünyanı iqtisadi
böhran bürüdüyü,
neftin qiymətlərinin
3 dəfəyə yaxın
aşağı düşdüyü
bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi
artımla başa vurur.
Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək
və Azərbaycan iqtisadiyyatının bütün
sahələrindəki uğurları
ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin
bütün imkanları,
dövlət başçısının
möhkəm iradəsi
və buna söykənən tarixi çağırışları var. “Azərbaycanın gələcək
iqtisadi inkişafını
sənaye və kənd təsərrüfatı
təmin edəcək”
deyən Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik
yubileyinə həsr olunmuş mərasimdəki
çıxışını yada salaq. Dövlət başçısı növbəti
mərhələdə qarşımızda
duran əsas fəaliyyət istiqamətlərini
elmi araşdırmalarla
zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə
çağırdı.
Sözsüz, Prezident İlham Əliyevin bu çağırışlarında həm də təhsil işçilərinin
payı var. Azərbaycanın
yeni əsaslara və sahələrə söykənəcək gələcək
iqtisadi inkişafından
danışırıqsa, deməli,
birinci növbədə
təhsilin səviyyəsini
artırmağın yolları
barədə düşünməliyik. Gələcəyin
alimləri indi ali təhsil
ocaqlarında, orta məktəblərdədirlər. Dövlətimiz də məhz
bu reallıqdan çıxış edərək
Azərbaycanda təhsilin
səviyyəsinin yüksəldilməsi
istiqamətində çoxsaylı
tədbirlər həyata
keçirir, bu sahədə davamlı islahatlar aparılmasına
xüsusi maraq göstərilir. Prezident
İlham Əliyevin təhsillə bağlı
çıxışlarına diqqət yetirsək, görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən
qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək!
Bu istiqamətdə son illər ərzində bir çox addımlar atılıb. Elmin, təhsilin inkişafı üçün dövlət
büdcəsində nəzərdə
tutulan vəsaitlərin
ildən-ilə çoxalması,
müəllimlərin əməkhaqlarının,
tələbə, magistr
və aspirantların təqaüdlərinin nəzərəçarpacaq
dərəcədə artırılması,
yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi,
dünya təhsil sisteminə inteqrasiya istiqamətində görülən
işlər və s. məhz yuxarıda qeyd etdiyimiz hədəfə hesablanmış
dövlət qayğısının
bariz nümunələridir.
Son dövrlər təbii sərvətlər ətrafında
dünyada cərəyan
edən hadisələr
göstərir ki, Azərbaycan Prezidentinin hələ 12 il
əvvəl müəyyən
etdiyi yeni inkişaf istiqamətləri
tamamilə doğrudur.
Bu istiqamətlər üzrə arzulanan nəticələrin əldə
olunması üçün
isə şübhəsiz
ki, birinci növbədə təhsilin
səviyyəsi diqqət
mərkəzində olmalıdır.
Bəs hazırda
vəziyyət necədir? Təhsil
sahəsi 2015-ci ili hansı nəticələrlə
başa vurur?..
Prezident
İlham Əliyevin 24
oktyabr 2013-cü ildə
imzaladığı sərəncamla
təsdiq edilmiş “Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”na uyğun
olaraq son iki ildə təhsil sahəsində başlanan
islahatların mahiyyəti,
qısa müddətdə
ölkədə təhsilin
beynəlxalq standartlara
uyğun formalaşdırılmasını
və onun keyfiyyətinin müasir tələblərə cavab
verə biləcək
bir səviyyəyə
yüksəldilməsini nəzərdə
tutur. Təkcə yola saldığımız
il ərzində
ölkə başçısı
təhsil sistemində
aparılan islahatları
sürətləndirmək və təhsilin keyfiyyətini artırmağa
yönəlmiş 10-a qədər
fərman və sərəncam imzalayıb.
Son iki il ərzində aparılan islahatların nəticələri
də kifayət qədər diqqət çəkəndir. Hər kəsə
bəllidir ki, təhsildə ən ciddi məsələlərdən
biri və bəlkə də birincisi yüksək peşə hazırlığı
olan müəllimlərin
seçilməsidir ki,
bu işin də təməli başlanan islahatlarla çox fundamental şəkildə
qoyulub. Bu gün yaxşı müəllim o müəllimdir
ki, o, hər gün öz peşə hazırlığını
artırmağa və
bununla da şagirdlərə və
tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada ən öncül
məsələlərdən biri isə budur
ki, islahatlar belə müəllimin əməyinin lazımınca
dəyərləndirilməsini nəzərdə tutur.
Bu yolda atılan
addımlar və ilkin nəticələr artıq ortadadır. Prezident
İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində
çalışan, bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
dərs yükünün
və əməkhaqqının
artırılması haqqında”
16 yanvar 2015-ci il tarixli sərəncamına
əsasən diaqnostik
qiymətləndirmədən keçən müəllimlərin
həftəlik dərs
yükü norması
1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. İlkin
olaraq 8965 nəfər
müəllimin əməkhaqqı
500-1000 manat, 476 nəfər
müəllimin əməkhaqqı
isə 1000 manatdan yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk mərhələsində
əldə olunan nəticələr kifayət
qədər yüksəkdir.
Bundan sonrakı mərhələdə
yüksək əməkhaqqı
alan müəllim
belə öz peşə hazırlığını
artırmaq hesabına
daha yüksək əməkhaqqı almaq şansına malik olacaqdır. Bu şərait
mövcud müəllim
heyəti arasında ciddi rəqabətin yaranmasına gətirib çıxaracaqdır ki,
bu yarışda da yalnız yüksək bilik və peşə hazırlığına malik
olan müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik
və peşə səviyyəsi aşağı
olan müəllimə
etibar etmək, xəstəni tibbi təhsili “3” qiymətə
“başa vurmuş” həkimə etibar etmək kimidir.
Təhsil sistemində aparılan islahatlar artıq ölkədə müəllim
peşəsinə marağın
kifayət qədər
yüksəlməsinə səbəb
olub. Faktlara nəzər
salaq: Cari ildə müəllimlik ixtisaslarını seçən
abituriyentlərin orta balı artmış,
500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı isə ötən ilə nisbətən 37 faiz çox olmuşdur. Müşahidələrimiz göstərir ki,
müəllim işləmək
istəyənlərin sayı
ildən-ilə artır.
Əgər iki il əvvəl müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə müraciət
edənlərin sayı
17 min nəfər idisə,
cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olmuşdur. Digər tərəfdən, islahatlara
uyğun şəffaf,
obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə
marağın artmasına
bilavasitə təsir etmişdir. Bütün bunların nəticəsidir
ki, cari ildə vakant yerlərin tutulma səviyyəsi 38 faiz artmışdır.
Apardığımız araşdırmalar kənd məktəblərindəki vəziyyətə
də işıq salır. Kənd məktəblərində
işə qəbul olunmuş 1729 nəfər
gənc mütəxəssisə
Nazirlər Kabinetinin qərarına əsasən
həvəsləndirmə tədbirləri
tətbiq edilmişdir
ki, bu da
kənd məktəblərini
seçənlərin ötən
dərs ilinə nisbətən 25 faiz artması deməkdir.
Bu il ali məktəblərə qəbul
imtahanlarının nəticələri
də gələcəyə
ümidlə baxmağa
imkan verir. Ötən illə müqayisədə
kifayət qədər
ciddi keyfiyyət dəyişikliyi müşahidə
olundu. Misal üçün, 700 bal toplamış abituriyentlərin
sayının ötən
illə müqayisədə
iki dəfə artmasını, keçid
ballarının 200-ə yüksəldilməsini
və ayrı-ayrı
bölgələr üzrə
ali məktəblərə
qəbul sayında nəzərəçarpan yüksəlişi
göstərmək olar
ki, bütün bunları da Azərbaycanın təhsil
sahəsində son iki
ildə aparılmış
islahatların nəticəsi
kimi qiymətləndirə
bilərik.
Bu sıraya şagirdlərimizin
beynəlxalq elmi yarışlar və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin getdikcə
artmasını da əlavə etsək, Azərbaycanın gələcəyindən
narahat olmaya bilərik. Təhsil sistemimizdə aparılan
islahatlar yaxın gələcəkdə milli
mənəvi və ümumbəşəri dəyərləri
qoruyan, onları inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan, təşəbbüskar və
yeniliklərə meyilli,
nəzəri və praktiki biliklərə yiyələnmiş, müasir
təfəkkürlü və
rəqabət qabiliyyətli
kadrlar hazırlamağa
imkan verəcəkdir.
Bu isə cəmiyyətin
inkişafını təmin
edən əsas məsələdir...
Fikrət YUSİFOV,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin
sədri, iqtisad elmləri
doktoru, professor
Azərbaycan müəllimi.-
2015.- 19 dekabr.- S.7.