Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“Gənclik” ansamblının yubileyi keçirildi

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) özünün “Gənclik” mahnı və rəqs ansamblının 50 illik yubileyini təntənəli şəkildə qeyd edib. Dekabrın 21-də Dövlət Akademik Milli Dram Teatrında baş tutan konsert proqramında təhsil nazirinin müavini Firudin Qurbanov, universitetin rektoru Mustafa Babanlı, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan milli rəqsinin canlı əfsanəsi Kamil Dadaşov, rəqs sənətinin tanınmış nümayəndələri, xalq artistləri Roza Cəlilova, Təranə Muradova, əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, əməkdar artist Fərhad Hümbətov və digər sənət adamları iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək Azərbaycanın zəngin tarixi mədəni irsə malik olduğunu, bu irsin qorunaraq nəsillərdən-nəsillərə ötürüldüyünü vurğulayıb. O bildirib ki, zəngin mədəniyyəti - folkloru, muğamı, milli rəqs nümunələri olan Azərbaycan var olduqca öz maddi - mənəvi irsini qoruyacaq və inkişaf etdirəcək.  UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlərdən söz açan F.Qurbanov mədəniyyətimizin təbliğ olunmasında əmək sərf edən tələbə gənclərə uğurlar diləyib.

 ATİAHİ Respublika Komitəsinin sədr müavini M.Cəfərzadə yubiley münasibətilə ADNSU-nun əməkdaş və tələbələrini təbrik edib və bu gün milli mədəniyyətimizi dünyada yüksək səviyyədə təbliğ edən ansambla uğurlar diləyib.  O, Azərbaycan Həmkarlar İttifaqı adından ansamblın bədii rəhbəri, əməkdar artist Sənan Hüseynova simvolik hədiyyə təqdim edib.

Digər  çıxış edənlər də “Gənclik” ansamblının gözəl rəqslərinə, istedadlarına bələd olduqlarını, tələbələrin professional rəqqas və rəqqasələrlə rəqabət apara biləcək imkanlara malik olduqlarını qeyd edərək tələbələri xoş sözlərlə təbrik ediblər.

Bakı Xoreoqrafiya Akademiyasının “Azərbaycan qartalları”, Azərbaycan Mahnı və Dövlət Rəqs ansamblları öz ifaları ilə yubilyarları təbrik ediblər. Onların çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Universitetin rektoru M. Babanlı çıxışında “Gənclik” mahnı və rəqs ansamblının böyük bir yol keçdiyini önə çəkib. Ansamblın 1965-ci ildən fəaliyyət göstərdiyini, artıq 1970-ci ildən başlayaraq milli rəqs bölmələri ilə dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış etdiyini vurğulayan rektor, ansamblın Azərbaycanı yüksək səviyyədə tərənnüm etməsindən fəxarətlə danışıb.  

 

Azərbaycan müəllimi.- 2015.- 26 dekabr.- S.4.