Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə

həsr olunmuş tədbir keçirilib

 

Dekabrın 24-də Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı  Cavanşir  Feyziyev, Səbail Rayon İcra Hakmiyyətinin nümayəndəsi Azər Məmmədov, telejurnalist Ələddin Əsədov, paytaxtın bir sıra tanınmış məktəblərinin direktorları, eləcə də məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.

Məktəbin direktoru Ceyran  Kuliyeva tədbirin  əlamətdar bir günə- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad gününə təsadüf etməsindən məmnunluq hissi keçirdiyini bildirərək  ölkə başçısını təhsil işçiləri adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görkəmli şair və ədəbiyyatşünas  Bəxtiyar Vahabzadə haqqında danışan direktor onun çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edilib ki, Bəxtiyar Vahabzadə haqqında danışarkən həmişə gözlərimiz qarşısında poeziya sənətini Məcnun çılğınlığı ilə sevən və bu sevda havasında çox zaman özünü unudan bir sənətkar, ədəbiyyat nəhəngi-şair, dramaturq, alim, publisist, siyasi xadim canlanır.         

“Bircə ondan razıyam ki, özümdən narazıyam” deyən şair bütün türk dünyasında sənətin, şeirin ləl-cəvahiratı, sönməz ulduzu adlandırıldığı halda, özünü sənət dünyasının qırıq telli sazına bənzədir. Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan xalq şairi ictimai xadim, vətəndaş kimi ana dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub. B.Vahabzadənin yaradıcılığının, fəaliyyətinin ətraflı təhlilini aparan Ceyran xanım ölkə başçısı cənab İlham Əliyevin görkəmli şairin 90 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamını sənətkara dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirib. Direktor vurğulayıb ki, xalqımız bu söz ustadının xatirəsini hər zaman əziz tutur. O, “Necə ki, Nizamini, Fizulini Azərbaycan şeirinin günəşi adlandırırlar, bizim üçün Bəxtiyar Vahabzadə də  müasir Azərbaycan poeziyasının günəşidir” - deyib.

Həzin ovqat üzərində köklənən, kövrək duyğularla müşayiət olunan tədbirdə şairin yaradıcılığından bəhs edən videoçarxın nümayişi, şagirdlərin ifasında B.Vahabzadənin müxtəlif mövzularda yazdığı şeirlərin səsləndirilməsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonra söz qonaqlara verilib. Xalq şairi Bəxtiyar Vahabzadənin 12 cildlik külliyatının işıq üzü görməsində əvəzsiz əməyi olan Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək  görkəmli ədiblə bağlı xatirələrini bölüşüb, onun yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən danışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb. Qeyd olunub ki, onun yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik  ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır. İstedadlı və vətənpərvər şair saf  əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.

Təhsil müəssisələrində  Azərbaycanın tanınmış şair və yazıçılarının xatirə gecələrinin təşkilinin vacibliyini diqqətə çatdıran Məhəbbət Vəliyeva belə tədbirlərin böyüməkdə olan gənc nəslin bir vətəndaş, şəxsiyyət kimi formalaşmasında, onların milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunmasının Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu deyən Ələddin Əsədov onun tariximizə, doğma torpağımıza, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərin köklərlə bağlı olduğunu qeyd edib.

Çıxış edənlər tədbirin belə yüksək səviyyədə təşkil edilməsində əməyi olan 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyevaya  və onun rəhbərlik etdiyi müəllim-şagird kollektivinə minnətdarlıqlarını bildiriblər.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2015.- 26 dekabr.- S.6.