Lütfi Zadə qəzetimizə müsahibə
verdi
Azərbaycan
dünya elminə çox görkəmli alim və mütəfəkkirlər
bəxş edib. Onlar dünya elm xəzinəsini öz
qabaqcıl ideyaları, kəşfləri ilə zənginləşdiriblər.
Hazırda Amerikada yaşayan, Kaliforniya Berkli Universitetinin
professoru olan Lütfi Zadə
də dünya
miqyasında tanınan və hörmət edilən nüfuzlu
alimlərdəndir ki, hər bir azərbaycanlı onunla fəxr
edir. Lütfi Zadə və onun müəllifi
olduğu qeyri-səlis məntiq
nəzəriyyəsi və bu nəzəriyyənin elmin
inkişafına verdiyi töhfələr barədə çox yazılır. Elm aləmi çox haqlı olaraq
onu qeyri-səlis məntiqin (Fuzzy Logic) atası hesab
edir. Bu dahi alimin adı dünya elminin nəhəng
simaları - İsaak Nyuton,
Albert Eynşteyn, Ernest
Rezerford, Blez Paskal, Norbert Viner və başqaları ilə
bir sırada çəkilir.
Bu gün dünya elminə
L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur.
Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq
olunur.
Bu gün
dünyanın müxtəlif ölkələrində
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi
ilə bağlı olan 25-ə yaxın elmi jurnal
buraxılır. Bu jurnallarda hər
il qeyri-səlis məntiqə
dair minlərlə məqalə
dərc olunur. Son illərdə ABŞ,
Yaponiya, Avropada qeyri-səlis məntiq
nəzəriyyəsinin istehsalata tətbiqinə əsaslanan
1300-dən çox patent tətbiq edilib. 1966-cı ildən İngiltərə,
Almaniya, Yaponiya və dünyanın bir çox başqa
ölkələrində Lütfi Zadənin
yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət
göstərir. Hazırda
bu nəzəriyyədən iqtisadiyyatda, siyasətdə,
dilçilik, psixologiya, fəlsəfə, sosiologiya, dini məsələlərdə,
münaqişəli problemlərdə
istifadə olunur. Professor
Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu
universitetlərinin fəxri doktoru adına layiq
görülüb. O, həmçinin bir
çox milli akademiyaların üzvüdür. Bu vaxta qədər onun əsərlərinə 36 mindən
çox istinad edilib. 94 yaşlı alim bu gün də tədqiqatlarını
davam etdirir. Bu günlərdə professor üzərində
işlədiyi məqaləni başa vurub və elmi jurnala təqdim
edib.
31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il ərəfəsində biz də zəmanəmizin
ən nüfuzlu azərbaycanlı
alimi ilə əlaqə yaradaraq
qəzetimizə müsahibə verməyini xahiş etdik. Son günlər səhhəti ilə
bağlı tez-tez həkim nəzarətində olan alim
vaxtının azlığına baxmayaraq bizi maraqlandıran bəzi
suallarımıza lakonik cavablar
verdi. Dahi alimlə söhbətimizi
oxucularımıza təqdim edirik.
- Siz Bakıda anadan olmusunuz. İlk müəllimlərinizi, o vaxtkı təhsil mühitini necə xatırlayırsınız?
- Mən 1921-ci il fevralın 4-də Bakıda
anadan olmuşam. Atam müxbir və biznesmen, anam isə tibb elmləri
doktoru idi. O vaxtlar Azərbaycan Sovet
İttifaqının tərkibində idi. 1931-ci ildə, 10 yaşım tamam olanda
valideynlərim Sovet İttifaqında vəziyyətin
ağır olduğunu nəzərə alaraq İrana getməyə qərar
verdilər. Mən onda Bakıdakı 16 nömrəli
məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai
məktəbdə oxuyanda elmə və kəşflərə
marağın daha çox üstünlük təşkil
etdiyi bir mühitin təsiri altında idim. Bu mühit mənim bütün sonrakı həyatımın
intellektual inkişafını formalaşdırdı. Mən hələ
kiçik yaşlarından elmə böyük maraq göstərirdim.
Bakıdakı məktəb illərimlə bağlı çox əziz xatirələrim
var. İlk məktəb illərində
mənə dərs demiş bütün müəllimlərimin
adlarını
xatırlaya bilmirəm.
Lakin mən müəllimlərimin
çox güclü təsiri altında olmuşam.
- Orta məktəbdə
siz daha çox hansı fənlərə maraq göstərir
və hansı sahənin mütəxəssisi olmaq istəyirdiniz?
- O vaxtlar
keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri
çox yüksək qiymətləndirir və onlarla fəxr
edirdilər. Belə bir mühit məni gələcəkdə
alim və mühəndis olmağa həvəsləndirirdi.
1932-ci ildə ailəmiz İrana
köçdü. Tehranda valideynlərim məni
Amerika Missioner Məktəbinə qoydular. Bu
məktəbdə oxuyarkən sovet və Amerika məktəbləri
arasında çox böyük fərq olduğunu
gördüm. Bu məktəbdə ilk dəfə
olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti
haqqında məlumat əldə etdim. Orada
elmin inkişafı üçün yaradılmış şərait
məni hələ məktəb illərindən Amerikaya
çəkirdi. Missioner məktəbində tədris
proqramları ingilis dilində, müəllimlərim isə
Amerikadan idilər. Onlar mənim
üçün örnək, nümunə oldular. Mən Birləşmiş
Ştatları sevdim
və qərara gəldim ki, Amerika mənim
yaşamaq, oxumaq və işləmək istədiyim bir ölkədir. O vaxt bu
mənim ən böyük arzum idi. Missioner məktəbini
başa vurduqdan sonra mən Tehran Universitetinə daxil oldum.
Universitetdə dərs deyən müəllimlərin
əksəriyyəti Fransanın elitar universitetlərindən
idi. Fransız
dili dominantlıq təşkil edirdi. Dərsliklərimizin,
kitablarımızın əksəriyyəti fransız dilində
idi. Universitetdə
qaydalar çox sərt idi.
Artıq 1942-ci
ildə elektrotexnika sahəsində ixtisaslaşmış diplomlu
mütəxəssis idim. Mən elektotexnika sahəsində aspirant təhsili
almaq üçün Massaçusets Texnologiya İnstitutuna müraciət etdim.
- Amerikada
sizi hansı çətinliklər gözləyirdi? Gələcəyin
bir çox məşhur alimləri məhz bu ölkədə
elmin ən yüksək zirvəsini fəth edə biliblər. Amerika həyatına
uyğunlaşmaq çətin olmadı ki...
- Mən
heç bir çətinlik yaşamadım. Çünki İranda Amerika missionerlərinin
rəhbərlik etdikləri orta məktəbdə təhsil
almışdım. Mən ingilis dilini İranda, orta təhsil illərindən öyrənmişdim. Amerikalıların həyat və iş tərzini də onlardan
götürmüşdüm. 1944-cü ilin iyulunda Birləşmiş Ştatlara gəldim. Bu, mənim həyatımda yeni mərhələnin
başlanğıcı, yeni bir dünya idi və mən tezliklə bu dünyanı
sevdim. Massaçusets
Texnologiya İnstitutunda (MTU) dərslərin Tehran Universitetindən
daha asan olması məni çox təəccübləndirdi. MTU-da öyrəndiklərimin
əksəriyyəti mənim üçün yeni idi. Məni Massaçusets Texnologiya
İnstitutunun aspiranturasına qəbul etdilər. Bu ali məktəbin
kurslarında ən yüksək qiymət aldım və fəlsəfə
doktoru kimi elmi fəaliyyət göstərməyimə imkan əldə
etdim.
- Amerikada
necə dəstək qazandınız?
- Mən
elektrotexnika sahəsində ilk magistr dərəcəmi
1946-cı ildə aldım.
MTU-da qalıb fəlsəfə doktoru dərəcəsi
üzrə təhsilimi davam etdirə bilərdim, lakin valideynlərimə
yaxın olmaq üçün Nyu-Yorka köçməyə
qərar verdim. Mənə Nyu-Yorkda Kolumbiya Universitetində
elektrik mühəndisliyi müəllimi kimi işə düzəlmək
xoşbəxtliyi nəsib oldu.
1949-cu ildə Kolumbiya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini aldım. Mənim akademik
karyeramın ilk illəri dünyada kompüter və
informasiya texnologiyalarının yaranması ilə eyni vaxta təsadüf etdi.
Bu, ABŞ və Sovet İttifaqı arasında rəqabətin
xüsusilə kəskinləşdiyi maraqlı bir dövr idi. Kolumbiya Universitetində mənim elmi tədqiqatlarım əsasən sistem nəzəriyyəsi
və informasiya sistemlərinə yönəlmişdi. Bu universitetdə mən 1959-cu ilə qədər
işlədim, daha sonra isə Kaliforniya Universitetinin
elektrotexnika mühəndisliyi
fakültəsinə
müəllim vəzifəsinə qəbul olundum.
Bu dövrdə ehtimal nəzəriyyəsi elmi işlərimdə
mərkəzi yeri tuturdu. Mənim ilk
işim 1949-cu ildə “Tətbiqi fizika” jurnalında dərc olunmuş
“Ehtimal kriteriyaları” adlı məqaləm idi. 1950-ci ildə adıçəkilən
jurnalda “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin
genişlənməsi” adlı ikinci məqaləm nəşr olundu. Mənim universitetin riyazi statistika
şöbəsi və onun rəhbəri Herbert Robbinc, gözəl
riyaziyyatçı və yaxşı dost olan R.E.Bellman ilə
sıx əlaqələrim var idı. Kolumbiyada mən tezliklə elmi karyeramı
inkişaf etdirərək 1958-ci ildə tam professor vəzifəsinə
qədər yüksəldim.
Daha sonra isə, 1959-cu ildən Norbert Vinerin təklifi ilə
(kibernetikanın atası)
Kaliforniyaya köçdüm
və bu günə kimi burada işləyirəm. Qeyri-səlis məntiqlə
yanaşı,
avtomatlar nəzəriyyəsi
ilə də maraqlanırdım. Mən
ABŞ-ın Prinston, Nyu-Cersi ştatlarında elmi ezamiyyətlərdə
olurdum. Prinstonda
aparıcı məntiqşünas və filosoflardan Klini,
Kuayn, Kreisi və
digərləri ilə tanış oldum. Onların seminar və mühazirələri
cəlbedici, həm
də səmərəli təcrübə idi.
Bundan sonra Klini
mənim müəllimim oldu, onun tövsiyəsi ilə
qeyri-səlis məntiqə
dair mühazirələr oxumağa dəvət olundum. 1966-cı ildə Moskvada Beynəlxalq Riyaziyyat Konqresində iştirak edərək
qeyri-səlis məntiq nəzəriyyəsini məşhur rus alimi Kolmoqorovla müzakirə etmək
imkanı qazandım.
- Siz
qeyri-səlis məntiq nəzəriyyəsinin banisisiniz. Lakin bir çoxları hələ də bu nəzəriyyənin
həyatda öz təsdiqini necə tapmasından məlumatsızdır.
Xahiş edirik söyləyəsiniz, bu nəzəriyyə
necə yarandı?
- Bu suala
cavab tapmaq üçün mənin sizə göndərdiyim
“Fuzzy logic - A personal perspective” (“Qeyri-səlis məntiq-şəxsi
perspektiv) məqaləmə
baxa bilərsiniz. Qeyri -səlis məntiq nəzəriyyəsinə
həsr olunmuş məqaləm ilk dəfə 1965-ci ildə
“Information and Control”
jurnalında dərc
olundu. Çox maraqlıdır
ki, ilk vaxtlarda nəzəriyyə
etinasızlıq, şübhə və kinayə ilə
qarşılandı. Nəzəriyyə
barədə müsbət fikirlər olduqca az
idi. Mən qeyri-səlis məntiq nəzəriyyəsinə
dair fikirlərimi özümün ən yaxın dostlarım
olan Herbert Robbins və
Riçard Bellmana izah etdim. Çünki onlar riyaziyyat sahəsində məndən
çox peşəkar idilər.
Lakin onlar öz problemləri ilə məşğul idilər
və məni
təkbaşına buraxdılar.
1964-cü ildə “Qeyri-səlis məntiq” adlı məqaləmi
oxuyub şərh etməsi üçün Riçard Bellmana
göndərdim. Lakin bu dəfə
də məqaləyə baxmaqdan imtina etdilər. Gözəl proqramçı, mənim həmkarım
olan professor Uilyam Kexen bildirirdi ki, “qeyri-səlis nəzəriyyə
yanlış, yanlış və çox zərərlidir”.
İş otağı mənim kabinetimdən bir neçə addım uzaqda
olan Kexen “mən adi bir qeyri-səlis nəzəriyyənin
köməyi ilə həllini tapa biləcək bir problem
görmürəm” deyirdi. Məqaləmin
işıq üzü görməsindən sonra hələ
uzun müddət
bu nəzəriyyənin əleyhinə
çıxanlar var idi. Lakin nəzəriyyənin əleyhinə
olan mənfi
rəylərin mənim elmi
işlərimə hər hansı təsiri yox idi, əmin idim ki, işlərim düzgün
yoldadır və qeyri-səlis məntiq artıq
geniş şəkildə qəbul olunmaqdadır. Buna baxmayaraq mənim
işlərim Yaponiyada alqışlanır və heyranlıqla
qarşılanırdı. Mənfi rəylərlə
yanaşı, mən
tezliklə Yaponiyadan, bu ölkənin
sənaye və beynəlxalq ticarət hökumət palatasından məktub
aldım. Məktubda nəzəriyyənin
maraqla qarşılandığı bildirilir və qeyri-səlis
çoxluğun nümunələrin aşkar edilməsi və
informasiyaların emalı kimi problemlərin həllində əhəmiyyətli
olduğu vurğulanır, adıçəkilən sahələrdə
çoxluq nəzəriyyəsinin
yaxşı perspektiv vəd etdiyi bildirilirdi. Nəhayət, ötən əsrin
70-80-ci illərində
qeyri-səlis məntiq nəzəriyyəsi
artıq Avropada da öz tətbiq sahəsini tapmağa başladı. Xüsusən də Şərqi
Avropa və Sovet
İttifaqında nəzəriyyə
qəbul olundu.
Təhsilimə
görə
riyaziyyatçı olmasam da, mən hər zaman riyaziyyatın üstün olmasına dərindən inanmışam. Ötən əsrin
60-cı illərinin əvvəllərində riyaziyyatın dəqiqliyi
ilə real dünyanın qeyri-dəqiqliyi arasında fərqi
başa düşməyə başladım. Problem
ondadır ki, riyaziyyat
siniflərin dəqiq sərhədlərə malik
olduğunu irəli sürür, real dünyada isə siniflərin
sərhədləri qeyri-səlisdir.
“Qeyri-səlis çoxluq” nəzəriyyəsi
riyaziyyatın əsaslarının genişləndirilməsi
üçün qapılar açır.
- Bir
neçə dəfə ölkəmizdə elmi səfərdə
olmusunuz. Azərbaycanın
elmi potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycanda
elm və texnologiyaların inkişafı üçün
potensial böyükdür. Lakin
texniki universitetlərin
məzunlarının işlə təmin
olunması məsələsində problemlər var. Azərbaycanda sənaye sahəsinin
inkişafına nail olmaq lazımdır ki, gənc
mühəndislər özlərinə iş tapa bilsinlər. Amerikaya ali təhsil almağa gələn
azərbaycanlı tələbələr universitetləri
bitirdikdən sonra
Birləşmiş Ştatlarda qalmağa meyillidirlər. Buna görə də
Azərbaycanda elmi-texniki tədqiqat işləri daha yüksək
səviyyədə aparılmalı, yeni tədqiqat mərkəzləri
yaradılmalıdır.
- Tələbələrimizin
dünyanın aparıcı universitetlərində təhsil
almasına münasibətiniz?
- Müsbət yanaşıram. Xaricdə
təhsil məsələsi Azərbaycan da daxil olmaqla bütün ölkələr
üçün ən aktual məsələdir. Bunu qloballaşan dünyanın
çağırışları tələb edir. Tələbələrin xaricdə təhsil
alması aktualdır. Çünki Azərbaycanın
mühəndis kadrları hazırlayan universitetlərini bitirən
tələbələrin xarici ölkələrin
nüfuzlu ali məktəblərində öz təhsillərini
artırması çox
vacibdir. Tələbələrin
xarici ölkələrdə öz ixtisaslarını təkmilləşdirməsi
və peşəkar
karyeralarını qurması Azərbaycanla yanaşı Rusiya
və digər ölkələr üçün də
xarakterikdir, bu proses hazırda hər yerdə gedir və onun qarşısını
almaq mümkün olmayacaq.
- Azərbaycanın
təhsil sistemində aparılan islahatları necə qiymətləndirirsiniz?
-
Düzdür, mən islahatların detalları ilə tanış deyiləm, lakin hesab edirəm ki, dəyişikliklər
inkişafa aparan mühüm istiqamətdir. Təhsil sahəsi hər
zaman yeniləşməlidir.
Aparılan
müsbət islahatlar çərçivəsində
professorların, müəllimlərin əməkhaqlarının əhəmiyyətli dərəcədə
artırılmasını da çox vacib hesab edirəm.
- Fikrinizcə,
hansı texnologiyalar yaxın on illiklərdə insanların həyatını dəyişəcək?
- Bəşəriyyətin
gələcək inkişafı üçün ən güclü texnologiya
- informasiya-kommunikasiya
texnologiyaları olacaq. Sonrakı illərdə də həyatımızda
bu texnologiyalar həlledici rol oynayacaq. İnformasiya texnologiyaları sahəsində
daha çox işlər görülməlidir.
- Siz 60
ildən artıq bir müddətdir ki, Amerikada elmlə məşğulsunuz.
İşlərinizi davam etdirən yetirmələriniz
varmı?
- Əlbəttə. Bəli, çoxlu tələbələrim
var. Onlar qeyri-səlis məntiq nəzəriyyəsi
sahəsində çalışır və öz
axtarışları, elmi tədqiqatlarını
davam etdirirlər. Tələbələrimin
bu sahədə elmi nəticələri də var.
- Sonda
oxucularımız adından Sizi qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə təbrik edir və
möhkəm cansağlığı və elmı fəaliyyətinizdə
uğurlar arzulayırıq. Oxucularımıza
arzularınız?
- Mən də Azərbaycan
xalqını, bütün oxucularınızı Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
münasibətilə təbrik edirəm. Xalqıma ən xoş arzularımı
çatdırıram.
Müsahibənin hazırlanmasında göstərdiyi dəstəyə
görə professorun köməkçisi, Berkli Universitetinin məzunu
Səbinə Şahbazzadəyə minnətdarlığımızı
bildiririk.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2015.- 26 dekabr.- S.9.