Məktəb
psixoloqları öz vəzifə
funksiyalarını necə yerinə yetirirlər?
Məktəbin tədris və tərbiyə
müəssisəsi olduğunu və vətəndaş
yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil
prosesində nə qədər əhəmiyyətli rol
oynadığını və onların üzərinə
çox çətin, məsuliyyətli iş
düşdüyünü deyə bilərik. Nəzərə
çatdıraq ki, əvvəllər bu sahəyə maraq bir
o qədər olmasa da, son illər
istər təhsil ocaqlarında, istərsə də digər
yerlərdə psixoloji işin təşkilinə xüsusi
diqqət yetirilir. Bu baxımdan məsələni "Azərbaycan
müəllimi" qəzeti də daim diqqətdə
saxlayır, müxtəlif vaxtlarda peşəkar
psixoloqların rəy və təklif yönlü
yazıları qəzetimizdə dərc olunur.
Bəs görəsən, orta məktəblərimizdə
çalışan psixoloqlar
öz vəzifə funksiyalarını necə
yerinə yetirirlər? Şagirdlərə yetərincə psixoloji
xidmət göstərə
bilirlərmi?
Suallarımıza cavab tapmaq
məqsədilə
paytaxtda yerləşən bir
sıra orta məktəblərdə
olduq, psixoloqlarla söhbətləşdik.
Şəhla
Həmzəyeva,
285 nömrəli tam orta məktəbin psixoloqu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
pedaqogika və psixologiya fakültəsini bitirmişəm. Daha
çox uşaqlarla şəxsi-profilaktik söhbətlər
edirəm. Vaxtaşırı psixoloji testlər keçirirəm.
Bu gün VII sinifdə qız-oğlan münasibətləri
mövzusunda şagirdlərə geniş məlumat vermişəm.
Görülən işlərlə bağlı qeydiyyat
jurnallarımız var. Çətin tərbiyə olunan
uşaqlarla bağlı zəruri məlumatlar və siniflərdə
müxtəlif mövzularda apardığım söhbətlər
bu jurnalda qeyd olunur. Bizdə psixoloq sözü hələ də
tam mənası ilə dərk edilmir. Bəzi valideynlər
uşaqlarının psixoloqa müraciət etməsini qəbul
etmirlər. Düşünürəm ki, bu işdə bizə
valideynlər daha çox kömək etməlidir.
Yeganə
Vəliyeva,
213 nömrəli məktəb-liseyin psixoloqu
1997-ci ildə Bakı Dövlət
Universitetinin psixologiya fakültəsini bitirmişəm.
İşlərimi illik və aylıq iş planı əsasında
qururam. Əsasən 4 istiqamətdə-
profilaktika, konsultativ, diaqnostika və korreksiya işi
aparıram. Məktəbimizdə 700 nəfərə yaxın
şagird oxuyur. Onların hər birinə demək olar ki,
yaxından bələdəm. Uğursuz ailələrdən
olan uşaqların xüsusi qeydiyyatını aparıram.
Onlarla daha sıx-sıx görüşür, psixoloji
yardımlar edirəm. Səmimi olaraq demək istəyirəm
ki, məktəbimizdə dəcəl uşaqlar var. Amma demək
olar ki, çətin tərbiyə olunan uşaq yoxdur.
Şagirdlərlə yanaşı, məktəbin müəllimləri
və valideynlər ilə də geniş əlaqələrimiz
var. Bundan başqa, yeri gəldikdə müəllimlərə
də psixoloji yardımlar göstərirəm.
Düşünürəm ki, bu da çox vacib amildir. Axı
müəllim də insandır. Onun da problemləri var. Problemi
olan müəllim təbii ki, keyfiyyətli dərs deyə bilməz.
Bu baxımdan pedaqoji kollektiv də daim nəzarətimizdədir.
Profilaktik söhbətlərə xüsusi yer ayırıram.
Uşaqların keçid dövründə onlarla daha həssas
davranmaq lazımdır. Bu baxımdan istər qızlarla, istərsə
də oğlanlarla xüsusi profilaktik söhbətlərimiz
olur. Şagirdlərə peşə və ixtisas seçimində
yaxından kömək edirəm. Bəzən şagirdlər
peşə seçimi zamanı valideynlərin təzyiqinə
məruz qalır. Belə olduqda həm şagird, həm də
valideynlə söhbət edir, məsələnin həlli
yollarını tapırıq.
Həqiqət
Ələkbərova,
129 nömrəli tam orta məktəbin psixoloqu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
pedaqogika və psixologiya fakültəsini bitirmişəm.
Bundan başqa, BPKİYİ-dən psixologiya üzrə
birillik yenidənhazırlıq kursu keçmişəm. Məktəbimizdə
psixologiya ilə bağlı müxtəlif treninq və tədbirlər
keçirilir. Bu tədbirlər zamanı rayonumuzun
psixoloqları ilə müxtəlif mövzularda müzakirələr
aparırıq. Düşünürəm ki, psixoloq məktəbdə
həm çətin, həm də məsuliyyətli
işdir. Məktəbimizdə
"Psixoloq" adında divar qəzeti buraxırıq. Bu qəzet
vasitəsilə şagirdlər arasında maarifləndirmə
işini təşkil edirik. Sinif saatları zamanı
şagirdlərlə profilaktik söhbətlər edirəm.
Çətin tərbiyə olunan şagirdlər xüsusi nəzarətdədir.
Bundan başqa, I siniflərə uşaqlar yeni gələrkən
onlara xüsusi yardım göstəririk. Çünki
uşaqların bəziləri məktəbə
bağçadan gəlmir ki, bu da
birincilərin adaptasiya dövrünü çətinliklə
keçirməsinə səbəb olur. Bu baxımdan sinif rəhbərləri
ilə işimizi daha sıx şəkildə qururuq. Bundan
başqa, məktəbə yeni təyin olunan müəllimlərə
də xüsusi psixoloji yardımlar göstərirəm. Məktəbimizdə
psixoloq üçün xüsusi otaq var. Söhbətləri
bu otaqda aparıram. Şagirdlərin psixoloji durumunu öyrənmək
üçün xüsusi testlərimiz də mövcuddur. Bu
teslər vasitəsilə şagirdin durumu müəyyənləşir
və lazımi zaman keçdikdən sonra yenidən test
olunaraq hər hansı bir irəliləmə və ya geriləmə
olduğu müəyyən olunur. Bütün bunlar qeydiyyat
jurnallarında öz əksini tapır.
Araşdırmalarımızdan məlum oldu ki,
orta məktəblərimizdə psixoloji işin təşkili əvvəlki
illərlə müqayisədə daha yüksəkdir.
Psixoloqlarımız Təhsil Nazirliyi tərəfindən
keçirilən müxtəli treninq və məşğələlərdə
iştirak etməklə öz peşəkarlıq səviyyələrini
artırırlar. Lakin psixoloji işin təşkili ilə
bağlı bir çox problemlər də mövcuddur.
Müşahidələrimiz göstərdi ki, 1000 nəfərdən çox
müəllim-şagird kollektivi olan məktəblərdə cəmi
1 nəfər psixoloqun olması səmərəlilik
baxımdan yetərli deyil.
Məktəb
psixoloqlarının başlıca vəzifələri
* Məktəb psixoloqlarının
başlıca vəzifələri psixoprofilaktik və
psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə
qarşılaşan, inkişafı və
davranışında çatışmazlığı olan
uşaqların üzə çıxarılması məqsədi
ilə şagirdlərin intellektual və şəxsi emosional
inkişafının fərdi-psixoloji xüsusiyyətlərini
öyrənmək, siniflərdə və qruplarda
sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb
psixoloqu uşaqların məktəbə psixoloji cəhətdən
hazırlığını diaqnostika edərək, onların
birinci sinfə qəbul edilməsində iştirak edir. O,
şagirdlərin yaş və inkişaf səviyyələrini
müəyyənləşdirərək onları ibtidai təhsil
pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə
və peşə məktəblərinə keçərkən
psixoloji müayinə etməli, müəllim, valideyn və
ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını
işləyib hazırlamalıdır. Psixodiaqnostik iş
zamanı psixoloq psixi cəhətdən inkişaf edən
uşaqları, effektiv-emosional pozuntulara və pis
davranışa meyilli olan uşaqları, habelə ümumi və
xüsusi istedadlı uşaqları üzə
çıxarmalıdır. Alkoqolizmin, narkomaniyanın, cəmiyyətə
zidd davranış formalarının qarşısını
almaq üçün yeniyetmələrlə, onların
valideynləri və müəllimləri ilə profilaktik
iş aparmalıdır.
* Uşaqların təlim-tərbiyəsi
problemləri ilə bağlı məktəbin müdiriyyətinə,
müəllimlərinə, valideynlərə və tərbiyəçilərə
məsləhətlər verir; təlim, inkişaf, həyatda
öz yerini tutmaq problemləri, həmyaşıdları ilə
qarşılıqlı münasibətləri,
özünütərbiyə məsələləri ilə
bağlı uşaqlara məsləhətlər verir. Pedaqoji
şuranın iclaslarında, metodbirləşmələrdə,
ümumməktəb və valideyn yığıncaqlarında
iştirak edir.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.1; 4.